adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AĞLIMIZIN TƏCÜMANI - DİLİMİZ...

FƏRİDƏ RƏHİMLİ
241830 | 2014-02-22 06:21
Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür.
Beynəlxalq Ana Dili Günü UNESKO-nun 1999-cu il 21 noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd olunur.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
"Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!" Heydər Əliyev.

"Bəzən dil sıyrılmış qılınca bənzər. Sərvaxt ol, başını bədənindən üzər".

Xəqani Şirvani.

Dil gülünc etməsin deyə insanı,
İnsan ağzı olmuş dilin zindanı.

Xəqani Şirvani
"Ana dili hər bir xalqın, millətin varlığıdır. Dil millətin özünü isbatı, həyat tərzi, mədəni irsidir. Bunu qərinələr, tarix sübut edir. Bu mənada tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, ana dilimiz özünəməxsusluğunu qoruyub saxlamışdır...
Azərbaycan dili dünyanın ən şirin, ən mükəmməl, ən zəngin, ən poetik dillərindən biridir. Onun saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq, milli sərvətimizin keşiyində ayıq-sayıq dayanmaq hər bir vətəndaşın müqəddəs borcu, gündəlik vəzifəsidir".( Şəbnəm Babaşova)
Dil - ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistemdir.
O yalnız ünsiyyət vasitəsi deyil. Dil dünya fəlsəfəsidir. Dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil, ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.
Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunurlar: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili.
Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Yer üzündə əhalinin 80%-i 7000 dildən yalnız 80 dili bilir. Qalan dillərdə əhalinin 20%-i danışır. Nəzərə almaq lazımdır ki, 3,5 min dil əhalinin 0,2%-nə aiddir.
"İnsan dilinin altında gizlidir" (Hz. Məhəmməd).
"Düşüncə dildən, dil düşüncədən doğur" (Platon).
Dil aynadır, bizi özümüzə göstərmək üçün. Dil süzgəcdir, bizi məkrdən, riyadan "süzmək" üçün. Dil körpüdür, ürəkdən ürəyə körpü salmaq üçün. Dil baltadır, yalanı, uydurmanı kökündən kəsmək üçün...
Dil tərəzidir, ağırı yüngüldən ayırır. Dil ölçüdür, köhnəni təzədən ayırır. Dil qapıdır, yaxşının da, pisin də üzünə birdən açılır. Dil divardır, əyrinin də, düzün də üzünə birdən "çəkilir"...
Dil qalxandır, bizi söz zərbələrindən qoruyur. Dil qılıncdır, bizi "göz zərbələrindən" qoruyur. Dil oxdur, öz hədəfinə həmişə birinci çatır. Dil daşdır, öz yerini həmişə birinci tapır...
Dil qələmdir, yazılmayanları yazmaq üçün. Dil kitabdır, oxunmayanları oxumaq üçün. Dil tarixdir, hər səhifəsi bir "olumdan" xəbər verir. Dil tarixdir, hər səhifəsi bir "ölümdən" xəbər verir...
Dil "beyindir", bəzən bir insanın yükünü daşıyır. Dil "ağıldır", bəzən bir dünyanın yükünü daşıyır. Bəzən bir zamandır dil, "zamansızlıqdan" keçib gəlir. Bəzən bir məkandır dil, "məkansızlıqdan" keçib gəlir...
Dil sevgidir, bizi sevgisizlikdən qoruyur. Dil şəfqətdir, bizi şəfqətsizlikdən qoruyur. Dil işıqdır, daş bağlamış vicdanlara işıq salır. Dil işıqdır, daş bağlamış ürəklərə işıq salır...
Dil dənizdir, hər ləpəsində bir ümidin sirrini saxlayır. Dil dənizdir, hər dalğasında bir inamın sirrini saxlayır. Dil dünəndir, dünəndən bu günə körpü salır. Dil sabahdır, sabahdan bu günə körpü salır..
Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə - insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. İnsan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz. Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.
Peyğəmbərimizin dil haqqında söylədikləri:
Gözəllik dildədir. Dilin gözəlliyi (insan üçün) sərmayədir. Adam səhəri açanda bütün bədən üzvləri dilin qarşısında baş əyərək (xahişlə, yalvarışla) deyərlər: Bizim haqqımızda ilahi təqvaya riayət et. Çünki biz səndən asılıyıq. Çünki sən düz olsan, biz də düzük, əyri olsan, biz də əyri olarıq. Dil insanı ölçmək üçün vasitədir. İnsanın düşüncəsi onun dili, ağlı və dinidir. Söz danışın ki, tanınasınız. Çünki insan öz dilinin altında gizlənib.
Hz. Əli: Dilin, sənin ağlının tərcümanıdır. Allahın Peyğəmbəri buyurmuşdur: "Hər bir bəndənin ürəyi düzəlməmiş imanı düzəlməz. Onun dili düzəlməmiş isə ürəyi düzəlməz. Ağıl sahibinin dili onun ürəyinin arxasında, axmağın ürəyi isə onun dilinin önündədir.
İmam Baqir (ə): "Doğrudan da bu dil hər yaxşılıq və pisliyin açarıdır. Buna görə də möminin öz qızıl-gümüşünün (kisəsinin) ağzını bağladığı kimi dilinə də möhür vurması daha layiqlidir.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmisdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 36 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV