adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DƏMİRÇİOĞLUNUN SÖZÜNÜN SEHRİNDƏ

MƏMMƏD DƏMİRÇİOĞLU
55769 | 2014-02-22 06:18
Xeyli vaxtdır yazı-pozudan aralanıb mehrimi molbertə salmışam. Dünyaya rəssam kimi doğulduğumu bilsəm də poeziya məni öz ağuşuna alıb "Səhra gülləriə"nə qədər gətirib çıxardı, 30 ilə yaxın zaman ərzində molbertə yaxın düşmədim. İndi isə molbertdən ayrıla bilmirəm. Ötən zaman ərzində xeyli portret işləri işləməyimə baxmayaraq, əsil yaradıcılıq yoluna keçid ala bilmirdim. Nəhayət yaşın ağsaqqal çağında rəssamlıq ömrümə qayıtdım, akvarellə rənglər dünyama səyahətə başladım və qismət olsa elə bu il pərəstişkarlarımla fərdi sərgimdə görüşmək umidi ilə yaşayıram.
İsladılmış akvarel kağızına yumşaq tüklü firçanı çəkib, yayılan rənglərin cezvindəydim ki, telefonum zəng çaldı. Gənc yazar Əntiqə Səməndər məni söhbətə dəvət edərək müsahibə almaq istəyini bildirib vaxtı, məkanı təyin etməyimi xahiş etdi. Qələminin və ruhunun bahar fəslini yaşayan bu istedadlı gənc xanımla həmsöhbət olmaqdan boyun qaçırmayıb razılaşdım...
Dəmirçioğlunun sözünə qonaq olduq.
Söz güldürür,söz ağladır,söz dindirir,söz susdurur,söz düşündürür,söz danışdırır.Sözün sehri əvəzolunmaz bir qüvvədir. İnsan sözün sehrində cilovlananda öz ruhunun səsi ilə baş-başa qalır.Bu gün sözün sehrinə düşən şair-rəssam Məmməd Dəmirçioğlu özünü ruhunun səsi ilə baş-başa buraxmadı, bizi də sözdən və fırçadan xariqələr yaradan könlünün sehrinə qonaq etdi.İlk sualımı əsaslı səbəbdən belə ünvanladım;
-Oxucuların "Məmmədi"ilə daxilinizdəki "Məmmədin" fərqi nədir?
-Oxucu bir şairin şeirini oxuyursa, bəyənirsə bu şairin böyük xoşbəxtliyidir. Şairi şair edən onun oxucularıdır.Şairin ruhunu sevən varsa,şeirini sevən varsa demək o şairdir.Əsl şairlik bundan başalyır.Şairin vəsiqəsi onun şeiri və oxucularıdır. Hər bir şairin şeirlərinin içindən bir ana xətt keçir.Bu həmin poetik ana xətt şairin özüdür.Oxucuların "Məmmədi"isə Məmməd Dəmirçioğlunun şeirləri və onun şeirlərindəki ana xətdir.
-Bəs Məmməd Dəmirçoğlunun ana xətti nədir?
-Məni adətən sufi şairi kimi tanıdılar böyük tənqidçilər.Yazılar yazdılar bu haqda. Ünlü söz sərraflarından biri olan Rüstəm Kamal mənim ruhuma və şeirlərimə yansımış sufi nəfəsini xalqın yaddaşından, dilin ləhcəsindən, Nəqşibəndi təriqətinin 33 şeyxi olan Hacı Mahmud əfəndi müridlərinin yahularından mayalandığını, Filalogiya elimləi doktoru Vaqif Yusifli bu yolun Yunis İmrə, Pir sultan Abdal, Qaracoğlan yolunun davamı olan təsəvvüf yolunun davamı, AMA-nın müxbir üzvu, filosof Səlahəddin Xəlilov isə bu nəfəsin Əbu Türxandan, Mövlanə Cəlaləddin Rumidən, İbni Ərəbidən deyil, qara sazdan, folklordan, bayatıdan bəhrələndiyini qeyd edirlər. Əslində hörmətli alimlərimizin hamısının fikriylə razılaşıram və etiraf edirəm ki, damarlarıma, ruhuma hopmuş yahular İncə Dərəsinin nur mayası olan Şeyx Hacı Mahmud Əfəndi müridlərinin oxuduqları ilahi nəğmələrin ritmindən ibarətdir:

Mənə gələn nə səsdi,
Off, Yahu-Yahu derlər.
Ovçu nişangahında,
Mələyir ahu derlər....

Bu səsləri eşidən kəs ruh adamı ola bilər. Ruh adamı olan insan isə yer üzünə düşən kimi ya orda qəribsəyir,ya da darıxır.Çünki şair haqq carçısıdır,şair haqq axtarır, haqqa qovuşmağa tələsir.Axtardığı isə bu dünyada yoxdur.Bütün ömrü boyu axtarır və ona çata bilmir.
-Səhrada gül bitirə bilirsiniz sözlə,bəs insafsızın qəlbində sözlə insaf bitirə bilərsiniz?
-Bu səhra gülləri şeirinə hər kəs müxtəlif fikirlər söylədi.Müxtəlif yanaşmalar oldu.Amma mən bunu sırf indiki cəmiyyətimizdən yazmışam. Sanki indiki cəmiyətimizin çox hissəsi səhraya bənzəyir və bu səhrada da güllər var.Akif Səməd,Məmməd İlqar,Adil Mirseyid...məgər bu kimi şəxsiyyətlər səhra gülləri deyilmi?Bir də mənim bütün şeirlərim səhra gülləridir desəm bəlkə də yerinə düşər.Mən öz şeirlərimi səhrada, qumların üstündə göz yaşlarımla suvarıb bitirmişəm.
Məncə şairin şeirləri fərdilikdən çıxıb ictimailəşməlidir, dünyalaşmalıdı bəşəriləşməlidi.O dərd sevilir ki,həmin dərd ictimai dərd olur, hamını incidən ağrı olur.Yəni şeir bəşəri olmalıdır.Əsl şair odur ki,o ən dərdli ürəkdə belə gül bitirməyi bacarır.O zaman həmin şairə şair demək olar.
-Ustad,qəzəbinizdən şeir yazmısınız?
-Bəli,yazmışam."Vətənə qimqımı"şeirimi qəzəbdən yazmışam.

Hər yanda qərib quşlara,
Dünyanın hər yanı vətən.
Bir yuvalıq yerin varsa,
Mənim yuvam hanı vətən?...

dedikdə mən özümü yox, Adil Mirseyidi, Murad Köhnəqalanı, Şaiq Vəlini və digər vətənində yuvası olmayan şairlərimizi nəzərdə tutmuşam.
Amma qəzəblə yazılan şeiri günah hesab edirəm. Çünki şeir sevgidən doğulur.
-Mənim fikrimcə əslində siz o zaman həqiqəti yazmısınız.Çünki insan qəzəbli olanda həqiqəti söyləməyə daha çox qadir olur. Məmməd Dəmirçioğlu üçün söz nədir?
-SÖZ Tanrınin min bir adlarından biri və birincisidir. Söz salamdan başlayır. Salam olsun Tanrının uca adına.

Salam sözlərin sözüdür,
Salam sözlərin gözüdür,
Salam Tanrının özüdür,
Salam umanlara salam.

Yəni söz Tanrının özüdür.Tanrı dünyanı sözdən yaradıb.İlk söz insanın Tanrı deməsidir.
-Sözün sehrinə düşmək sizə nələri bəxş edib və nələri öyrədib?
-Sözün sehri ən böyük sehrdir.Yəni ən qanmayan insanı sözlə qandırmaq mümkündür.Sözün sehrinə düşə bilən insan içindəki qəzəbi və nifrəti boğa bilər.Ən qəddar hökm belə söz sehrinin qarşısında acizdir.Şair öz oxucusunu məhz sözün sehri ilə heyrətləndirməlidir.Əgər söz oxucunu heyrətləndirmirsə,demək həmin şeir mükəmməl şeir deyil.Sözün sehri poeziyada daha çox görünür.
-"Rəsmi görüş-səmimi söhbət"bu anlamı necə qəbul edirsiniz?
-Təbii ki,bunu birmənalı və müsbət qarşılamaq olmaz.Belə ki, kitab təqdimatlari filan bəzi tədbirlər keçriləndə o,rəsmi görüş kimi qələmə verilir.Amma orda gedən söhbətlərin hamısı səmimi sohbətlər olmur.Bu hallar ən çox müasir tənqidimizdə özünü göstərir.İndiki bəzi tənqidçilərimiz bəzən ən zəif şeirə elə möhtəşəm rəy bildirirlər, təəssüflənməyə bilmirsən. Sözə xəyanət olmamalıdır. Bir salam, bir loxma yemək xatirinə yalançı təriflər çox ziyanlıdı. Belə olduqda yamanla yaxşıya fərq olmur .Bu halda isə heç bir səmimiyyətdən söhbət gedə bilməz.Mənə elə gəlir ki,indi tənqidçilərdən çox tərifçilər var.
-İçinizdəki sönməyən bir gənclik eşqi var,bunun sirri nədədir?
- Mənə elə gəlir ki,yaradıcı insanlar qocalmırlar.Onlar fiziki cəhətdən qocala bilərlər.Amma yaradıcı insanlar ruhən heç vaxt qocala bilməzlər.Mənim ruhumda olan o sevgilər,o eşq 17-18 yaşlarımdakı sevgimdən bir zərrə də olsun nə azalmayıb,nə də qocalmayıb.İnsanın daxilində əbədi bir hiss var.O da sevgi hissidir.
-Sizcə hər kəs düşündüyünü yazır?
- Hamı düşündüyünü yazır.Kim necə düşünür və ya kim necə düşünə bilir,artıq o insanın beyni ilə ruhunun əlaqəsindən aslıdır.Elə insnalar var ki,şeir yaza bilmir özünü məcbur edib şeir yazmaq istəyir və bununla o,öz ruhunu və sözü zorlamış olur. Əllaməliklə, professinal bilgiləriylə qeyri səmimi pafosçuluqla məşğul olanlar da az deyil. Ancaq əsl şair,əsl yazıçı tam səmimiyyətiylə özünü yazır.Əslində insanın əil mexanik alətdir. Yaradıcı insanın yazdıqları isə onun ruhunun, könlünün məhsuludu. Kim nə boydadı, yaradıcılığı da o boydadı. Öz boyundan yuxarı çıxa bilən insan təsəvvur etmirəm. Boyundan aşağı düşənlər isə çoxdur.

...Düşmənim içimdə, yıxa bilmirəm,
Doludu gözlərim, sıxa bilmirəm.
Boyumdan yuxarı çıxa bilmirəm,
Boyumdan aşağı endirmə məni...

-Ümumiyyətlə şairlər cəmiyyətin eyiblərini açıq formada görən yeganə məxluqdur,rəssamlar isə hamıdan qapalı formada görürlər cəmiyyəti. Siz bir ruhunuza iki tərs mütənasibliyi necə yerləşdirmisiniz?
-Mənim evimdə iki malbert var. Yüngül və yığcam molbertdə akvarel işləri işləyirəm. İçəri daxil olan kimi onların hər ikisi də mənə baxırlar ki,görək hansına tərəf yan alacam. Bir tərəfdə isə yazı masam məni səsləyir.Mən isə iki dünya arasında qalmış kimi könlümün səsini dinləyirəm.Amma mənim üçün hər ikisi möhtəşəm bir sahədir,poeziya da,rəssamlıq da. İndi isə uzun illərdi uzaq döşdüyüm molbertlərimə daha çox meyl edirəm. Tanrı yar olsa bu il dostlarımı fərdi sərgimə dəvət etmək niyətindəyəm.
-Birdən siz malbertlə yox,sizə məzlumluqla baxan komputerinizlə dostlaşdınız...O zaman malbert inciməz sizdən?
-İnciyər,əlbəttə inciyər.Əslində mən poeziyaya meyl etməklə rəssamlığa xəyanət etmiş sayılıram. Çünki əsl sənətim rəssamdır.Poeziya isə könlümün üz tutduğu məkandı.Mən düşünürdüm ki,bu dünyaya rəssam kimi gəlmişəm və ömrümü də rəssam kimi yaşayacam.Ancaq poeziya məni rəssamlıqdan oğurladı bir müddət. "Səhra gülləri" nə qədər yol gəldim. İndi isə "Dürna duası" adlı yeni şeirlər və iki cildlik "Göy Hücrə kitablarımı çapa hazırlayıram. Eyni zamanda dediyim kimi fərdi sərgiyə də hazırlaşıram. Mən iki hissədən ibarətəm.Bəzən itiririk bir-birimizi, tapa bilmirik.

Könül nazı çəkəmmirəm,
Öz-özümdən gen gəzirəm.
Hərəmiz bir diyardayıq,
Mən itmişəm, mən gəzirəm.
-Gənc yazarlardan elə yazar varmı ki,siz onlara yalnız şəxsiyyət kimi hörmət edirsiniz?Yəni ədəbi aləmdə onu qəbul etmirsiniz.
-Bilirsiniz,mənim gənc yazarlarla elə də yaxından dostluq-tanışlıq əlaqəm yoxdu.Ancaq bu dövrümüzdə sosial şəbəkələrdə mən bir neçə istedadlı gəncləri tanıdım. Ümid verən gəncləri görəndə isə çox sevinirəm və inanıram ki, əsil poeziya nümunələri indən belə yazılacaq. Sevinc Yunuslu, Elçin Aslangil, Ruslan Dost Əli və adlarını çəkmədiyim bir çox gənc yazarların uğurlu söz çələngləri bu fikri söyləməyə imkan verir. Qəbul etmədiklərim barədə isə danışmağa ehtiyac yoxdu. Mənimçün ya şair var, ya da yoxdu. Olmayanları necə qəbul edə bilərəm?
-Sizin özünüzün bəyəndiyiniz və o şeirdə "siz" olan bir şeiriniz varmı?
-Əslində mən hər şeirimi yazıb bitirəndə düşünürəm ki,bu mənim ən yaxşı şeirim olacaq.Amma görürəm ki,yox,mən istədiyimi hələ də yazmamışam.

Qələm əldə, söz dodaqda kiliddi,
Mən istəyən yazılmır ki, yazılmır.
Yazdıqlarım yazılıbdı min ildi,
Mən istəyən yazılmır ki, yazılmır.

Mənə elə gəlir ki,şair o yerdə tükənir ki,o,özünün möhtəşəm şeir yazdığına əmin olur.Bax o zaman həmin şairin ruhundakı söz eşqi tükənir.
-Son zamanlar yoxluğun mənzərələrini yazırsınız. Yox olanın mənzərəsini necə görürsünüz?
Bu yeni fikir deyil. Tarixən, zaman-zaman haqqa qovuşmaq eşqiylə yanan övliyalar yoxluğun varlığını, varlığın yoxluğunu vəsf ediblər. Bunları anlamaq üçün çox bəsit sayıla biləcək bir misal gətirmək olar. Insan o zaman sağ və canlıdır ki, onun gözlə görünməsi mümükün olmayan ruhu var. Ruh hər bir canlıda var. Biz cansız saydığımız daş parçasının belə ruhu var.

Dindir qara daşı,
Susdur məni bir az.
Dinsin qara daşda,
Yatan arzu, muraz.

Ruh bədəndən çıxarsa canlı olanlar cansız əşyaya çevrilər, çürüyüb torpağa qarışar. Quruyan ağacı da suyu soğulan bulağı da bu qismə aid etmək olar.
Gözə görünməz ruh isə gözə görünməz Uca yaradanın işığının zərrələridir. İstənilən məntiqlə bu belədi. Gözlə görünən materiyadı, cansız cisimdi, rəngdi, işıqdı, kölgədi. Əsil canlı olanlar isə gözə görünmür. Onları yalnız bəsirət gözü ilə görmək olur. Bu göz isə hər kəsdə olmur.
Ümumiyyətlə məndə Allaha sevgi bütün sevgilərin başında dayanır.Mənim aləmimdə hər şey Tanrıdan başlayır və hər şey Tanrıda bitir.

Bizə işıqlar gəlir,
Bizdən o yana yoxdan.
Əyan olan nə varsa,
Gəlir bəyana yoxdan...

Və ya:

...Sən hardasan, mən harda?
Yoxu axtarma varda.
Mən yoxam oralarda,
Ol bu aləmdə gəl gəz...

-Mən hər müsahibimdən hər zaman nəyisə öyrənirəm.Elə bu gün də Məmməd Dəmirçioğludan nələrisə öyrəndim.Yəqin ki,cümlənin quruluşunda fərqə vardınız.Bəs siz necə...bu görüşdən bir pay ala bildinizmi?
- Bu görüşdən mənə düşən ən böyük pay bir ümid oldu.Mən buna əmin oldum ki,gələcəyimiz gözəl əllərdədir.Mənim bu gün qazandığım isə yeni bir qələm sahibi və yeni ruh sahibi oldu.Mən buna çox sevindim.
ƏNTİQƏ SƏMƏNDƏR

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV