DƏRDİN DƏ ÖZ DƏRDİ VARMIŞ

VAQİF YUSİFLİ
73030 | 2014-02-22 06:13
O, əslən Qubadlıdandır. İndi Sumqayıtda yaşayır. Ona "qaçqın", "köçkün" demirəm və demərəm. Ümumiyyətlə, bu kəlmələri yığışdırmaq lazımdır. Onları dilə gətirəndə dil də elə bil yazıqlaşır, fağırlaşır.
Ədalət Nicat 1988-1993-cü illərdə Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edib, qanı axıb torpağa, şəhid olan igidlərimizin son dəfə Vətən göylərinə baxdığını görüb.
İçindəki dərdləri, harayları iyirmi ildir ki, şeirə çevirir. Şeir onun üçün dərdlərini ovutmaq, nisgillərini ünvanına çatdırmaq, qələbəyə, sabaha inamını qorumaq üçün lazımdır.
Ədalətin "Gəl axtar məni" və "Dərdin də öz dərdi var" adlı iki kitabı ilə tanış oldum. Birinci kitabda gözəl şair Məmməd Namazın ön sözü var və mən Məmməd müəllimin Ədalət Nicata ünvanladığı bu sözlərə heç cür biganə qala bilmərəm: "Ədalət Nicat qələmi ilə ağ vərəqləri qaraladıqca onların üzünü ağardır. Mənə elə gəlir ki, şeir yazılanda vərəqlər sevinir, çiçəkləyir. Bir şair ömrünün ilhamlı anlarını özündə yaşatdıqca vərəqlər də müqəddəsləşir". Əslində, bu sözlər təkcə Ədalət Nicata yox, həm də qəlbini, ruhunu şeirə tapşıranların hamısına aiddir.
Gözəl sözlərdir. Ağsaqqal Məmməd Namazın bu xoş sözləri qarasaqqal Ədalət Nicat üçün qüvvət ola gərək, həmişə əlinə qələm alanda fikirləşsin ki, o, ağ vərəqləri qaraladıqca onların üzünü ağarda biləcək şeirlər yaratsın.
Öncə Ədalətin ən gözəl şeirlərindən biri olan "Qubadlı"ya üz tuturam. Doğulduğun, bir zamanlar bulaqlarından su içdiyin, dağlarında seyrə çıxdığın, çəmənindən çiçək üzdüyün, amma indi həsrətini çəkdiyin bir məkan..arzulayırsan ki, gedib çəmənində çiçək qoxlayasan..amma gedə bilmirsən.

İlahi, bu nə gün, bu nə saatdı,
Mən gecədən tutqun, gecə rahatdı,
Azmış yuxularım çox narahatdı,
Elə hey yurd gəzir gözüm, Qubadlı.

Ürək ha deyil bu-olub dərd daşı,
Ölüncə içində elə dərd daşı,
O yurd bağışlamaz biztək yurddaşı,
Hansı üznən deyim-bizim Qubadlı.

Haqqın, hamımızın yükdü boynunda,
Biz ki uduzmuşuq böyük oyunda,
Ölüb qalmadıqsa ana qoynunda,
Demək günahkaram özüm, Qubadlı.

Məni öz arzumla qoşa asdırın,
Qorxmuram tonqaldan-ütün, qarsıdın,
Siz Allah, öləndə elə basdırın,
Sənə tərəf olsun üzüm, Qubadlı.

Ədalətin şeirlərindəki bu həsrət, bu haray içdən gəlir. Şeirimizdə artıq yaşlaşan bu həsrətin, bu qubarın səbəbləri məlumdur:Vətən doğulduğun o torpaqdan başlanır-Laçından, Qubadlıcan, Kəlbəcərdən, Zəngilandan-oralar işğal altındadır. İyirmi ildən artıqdır bu həsrətin yaşı. Ona görə də ürəyi sözlə dolu olan Ədalət Nicat və eləcə də Laçınlı, Kəlbəcərli, Qubadlılı şairlərin də səbri tükənir.
Ədalət Nicatın şeirlərini həyəcansız oxumaq olmur. O, təkcə şəhid olan döyüşçü yoldaşlarından, torpaqlarını, evini-eşiyini qoyub gələn yurddaşlarından yazmır, həm də şəhid çiçəkləri, bulaqları, çölləri də unutmur:

Mən səni tək qoyub gəldim,
Yurdda sən qaldın, çiçəyim.
Gələndə qoxlayammadım,
Kövrəlib doldun, çiçəyim.

Gülləyə vermədim sinə,
Layiq dost olmadım sənə,
Məndən yurda, yurddan mənə,
Son ümid oldun, çiçəyim.

Yola saldın neçə ili,
Ağlayardın olsa dilin,
Toxunanda düşmən əli,
Saçını yoldun, çiçəyim.

Ya yurdumu almalıydım,
Ya səninlə qalmalıydım,
Yerinə mən olmalıydım,
Sən şəhid oldun, çiçəyim.

Ədalət Nicatın qoşmaları, gəraylıları dərdlərin, nisgillərin bəyanıdır. Bu gün torpaqlarımızın iyirmi faizi işğal altındadırsa, dərdlənməmək mümkün deyil. İnsan öz doğulduğu torpağa həsrətlə boylanırsa, "Vətəndə Vətənsiz olmaq" kimi böyük bir dərdə ürcah olursa, onun şeirlərində də bu ahlar, amanlar göyərib boy atacaq. Ədalət deyir ki: "Kiçik komam olsun doğma yurdumda, Qürbətdə yaqutu, ləli neylərəm?"-biz dərhal klassik aşıq qoşmalarından gələn o həzin qürbət misralarını xatırlayırıq. Əlbəttə, klassik aşıq poeziyasından, xalq şeirindən gələn notlar Ədalət Nicatın şeirlərində yeni biçimdə, yeni ahəngdə üzə çıxır. Hiss olunur ki, Ədalət xalq şeirinə yaxşı bələddir.
Bu günün qəribi, qürbətçisi Vətəndən Vətənə boylanan Ədalətlərdi. Onlar üçün böyük Vətənin itirilmiş torpaqları göz dağıdır və bu itkiylə heç cür razılaşmırlar. Çünki: "Bağ-bağat yerinə, çiçək yerinə, Şəhid məzarları əkilir, Vətən..Ədalət Nicatam, sinəmə hər gün, Çalın-çarpaz dağlar çəkilir, Vətən". Ədalətin "MƏN" obrazı həsrətli insanların, Vətəndən Vətənə boylananların ümumiləşdirilmiş obrazıdır:

Ruh uçmur göylərə günəş batmamış,
Xəyal çıxmaz yola aləm yatmamış,
Çığırda-çığırda vaxtı çatmamış,
Açmamış qönçətək dərilən mənəm.

Yersizdi namərdə demək əl saxla,
İgidlik də getdi qılıncla, oxla,
Əgər inanmırsan gəl, özün yoxla,
Sınmış kaman kimi gərilən mənəm.
Nankor xəbər tutmaz el naləsindən,
Vətən hünər gözlər öz balasından,
Əgər bir daş düşsə Qız qalasından,
O daşın yerinə hörülən mənəm.

"Vətən hünər gözlər öz balasından"- fikrimcə, Ədalət Nicatın şeirlərində bundan sonra bu motiv aparıcı olacaq. Çünki doğma torpaqları yad edib küskünləşməkdənsə, döyüş, qələbə haqda düşünməlisən. Şairin bir vəzifəsi də elə budur: imkan verməmək ki, ruh işğal olunsun. Əgər ruhumuz işğal olunsa, yəni məğlubiyyətlə barışmalı olsaq, o zaman itirilmiş, işğal olunmuş torpaqlarımızı necə ala bilərik? Ədalətin Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevə həsr etdiyi "Zəngəzur pələngi" epik poeması bu mənada onun küskün şeirləri ilə təzaddadır. Əslində, küskün şeirlər də təbii hisslərdən doğur, qələbəyə inam, igidliyin tərənnümü olan şeirlər də ..Amma küskünlüyün sonu yoxdur.
"Zəngəzur pələngi" poemasında Əlyar Əliyevin doğuluşundan ölümünə qədər keçdiyi yolu gözlərimiz qarşısında canlanır. Bizə məlum olur ki, Əlyar Əliyevi qəhrəmanlığa səfərbər edən amillər illər boyu onun xasiyyətində, xarakterində boy atırmış, ucalırmış. Müharibə başlananda Əlyar da özünümüdafiə dəstələrindən birini yaradır, dəstəsi kiçik olsa da, düşməni əzirdilər, tezliklə onun igidliyinin sorağı bütün Azərbaycana yayılır. Amma alınmaz qala olan Şuşanın işğalı Əlyara ağır zərbə olur:

Ulama, boz qurd, bir dayan,
Qalx ayağa, İbrahim xan,
Əldən gedir yurdun, oyan,
Yaman düşüb cara, Şuşa!

Su yerinə el dərd içir,
Ürəklərdən nələr keçir,
Yığışıban hamı köçür,
Ürəyində yara-Şuşa!
Dağıldı nizamın, pərin,
Gözlədin oğul təpərin,
Eşitcək acı xəbərin,
Qəlbim oldu para, Şuşa!

Şuşanın dalınca Laçın işğal olundu. Laçın işğal olunandan sonra Qubadlı üç tərəfdən düşmənlərin hücumuna məruz qaldı. Əlyar tabor komandiri olmağına baxmayaraq, əsgərlərlə çiyin-çiyinə keşik çəkirdi.Laçını işğaldan azad etmək üçün döyüş əməliyyatı hazırlandı, bu əməliyyatlarda Əlyar da iştirak edirdi. Və döyüşlərin birində Əlyar həlak oldu. Onun ölümündən doğan kədəri Ədalət Nicat çox təsirli misralarla oxucuya çatdırır: "Gəl ömür yolun varaqla, Tabut bürünüb bayraqla, Öz ömrünü bu torpaqla, Tən yarıya böldü gedən".
Arzu edərdik ki, Ədalət Nicatın bu ruhda şeirlərinin, poemaların sayı çox olsun. O, çoxumuzdan fərqli olaraq müharibəni öz gözləriylə görüb, bu hissləri, duyğuları poeziya diliylə bəyan etmək lazımdır.
Əlbəttə, Ədalət Nicatın şeirlərində əsas mövzu Vətənpərvərlikdir-yurd həsrətidir, amma o, şairdir və həyatın, gerçəkliyin hər mətləbi onun şeirlərində öz əksini tapır. Təbii ki, şeirlərinin səviyyəsi eyni dərəcədə göz oxşamır, orta səviyyəliləri də var, yaxşılarla, hətta ortabablarla müqayisədə zəifləri də gözə dəyir, amma Ədalət nə yazırsa, təbii və səmimi səslənir. Həm də ənənəvi mövzuda yazdığı şeirlərində çalışır ki, təzə söz deyə bilsin. Məsələn, DÜNYA rədifli bir şeirində buna nail ola bilir:

Fərman sənin, meydan sənin,
Meydanını sula, dünya.
Tutar qatır, tutmaz ayran,
Sən çömçəni bula, dünya.

Nə sonu var, nə əzəli,
İşin gülməli, məzəli,
Xoşbəxt olmalı gözəli,
Döndərmisən dula, dünya.

Gerçək saydın yalanları,
Mələk etdin ilanları,
Şaha layiq olanları
Çevirmisən qula, dünya.

Bu qeydlərimi buradaca bitirə bilərdim. Amma Ədalətin dünyadan vaxtsız, küskün köçən gözəl şairmiz Şaiq Vəliyə həsr elədiyi bir şeiri də xatırlamaq istəyirəm. Ədalət o şeirdə deyir ki: "Ən gözəl şeir gülünü Söz bağında əkdi Şaiq. Eşq ilə dolu içini Misra-misra sökdü Şaiq. Möhtəşəm uca sözündən, Söz qalası tikdi Şaiq". Arzum budur ki, belə bir söz qalasını da Ədalət Nicat ucaltsın.

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV