adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ONLARIN DüNƏNi: ABBAS ABDULLA - 2

TOFİQ ABDİN
18395 | 2010-08-21 05:15
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.
   
   Bu gün proektimizin davamı olaraq şair və tərcüməçi Abbas Abdullanın DÜNƏNKİ KİMLİYİNDƏN söz açmaq istərdik.
   
   Eynən bu rubrikada daha kimlər olacaq. İzləməyə dəyər.
   
   TOFİQ ABDİN: - Dədə, bunun dəqiq deyirəm ki, bizim nəsil arasında, səni tanıyandan bəri ən az xəyanəti mən səndə görmüşəm. Və bu da məni təəccübləndirir ki, bəs hardan bizim bu tay-tuşlarımız deyir ki, Abbas qeyri-səmimi adamdı. Deyək ki, lap bir oxucu var, özü də şeir yazandı, o deyir ki, Abbas çox qeyri-səmimi adamdı. Hardan yarana bilir bu fikir?
   
   HACALOĞLU: - Boyuna boz ip ölçüm, oğul, əgər məndə xəyanət görübsənsə... Bircə xəyanətimi isbat eləsən, özümü öldürərəm. Hərə öz arşını ilə ölçür, mən həmişə demişəm: ƏN BÖYÜK XƏYANƏT İNSANIN ÖZÜNÜN ÖZÜNƏ XƏYANƏTİDİ. İnsanın özünə xəyanəti nədi? Məsələn, mən Abbasın sən Tofiq Abdindən acığı gəlib, ancan səni görəndə boynuna sarılıb öpmüşəm, dünyada səndən yaxşı adam yoxdu, demişəm, başa düşürsənmi, artıq bu mənim özümə xəyanətimdi. Deməli, mənim içimdə bir Tofiq yaşayır, dilimdə başqa Tofiq. Əgər mən bu xəyanəti eləyə bilsəm, başqa xəyanətləri də eləyə bilərəmg Bu da var ki, bəzən sən öpüşmək istəmədiyin adamlar səninlə öpüşür. Bir dəfə Xəlir Rzaya dedim ki, ustad, fikir vermişəm, sən zəhlən gedən adamlarla da öpüşürsən. Qadasın aldığım Xəlil nə desə yaxşıdı: dedi, canım, onlarla öpüşmürəm, fürsətdən istifadə edib üzlərinə tüpürürəm. Mənim olub-qalanım elə səmimiyyətimdi. Özgə nəyim var kig Şeytana lənət. Bir şeyi xatırladım. Göycə boşalandan sonra Borçalını boşalmaq təhlükəsi yarandı. Mən buna qarşı durdum. Tarixdə analoji hadisə baş verib. 1944-cü ildə bizləri Mesxet-Cavaxetdən, 46-49-cu illərdə Göycədən, Dağ Borçalısından, Zəngəzurdan, 50-52-ci illərdə isə Aran Borçalısından sürgün ediblər. Stalinin ölümü bu sürgünü dayandırdı...
   
   Bütün bunları bildiyimə görə, bu ağrıları içimdə daşıdığıma görə əndişə içində borçalıları yurdu tərk etməməyə çağırdım. Bəzi yurda dönüklər Borçalıdan çıxsa da, çox şükürlər ki, borçalılar hər cür əzaba qatlaşıb, yurdu tərk etmədilər. Cəhənnəmə gedən yoldaşını çox istər. Bəzi köçgünlər mənim haqqımda şayiə yaydılar ki, Abbas Abdulla öz qohumlarını köçürür, amma başqalarına mane olur. Təbii, dönüklər arasında mənim qohumlarım, içlərində əqidələrinə hörmət etdiklərim də var, etmədiklərim də...
   
   TOFİQ ABDİN: - Abbas, burda mən sənin sözünü kəsirəm, fikrini yadında saxla, sonra davam eləyərsən. Belə deyək də, ola bilsin, bəzən sən elə adamlarla oturub-durursan ki, məhz bu adamlar sənin haqqında qeyri-səmimi düşünməyə əsas verir. Misal üçün, mən bunu misal xatirinə deyirəm, deyək ki, sən şair Rafiq Zəka ilə çox yaxınsan və elə yaxınsan ki, hətta onunla birlikdə Türkiyəyə də səfər eləmisən və bu da, açığını deyək ki, səni tanıyanlar və Rəfiqi tanıyanlar arasında qəribə bir fikrin yaranmasına gətirib çıxarıb. Söhbət bundan gedir ki, ola bilsin, Rəfiq səndən daha yapışıqlı, daha münasib, daha səmimi adamdı, bunu deyə bilmərəm. Ancaq mən səni daha ötkəm, daha sözü duru, sözü möhkəm adam kimi tanıyıram.
   
   HACALOĞLU: - Anladım, Rəfiq Zəka...
   
   TOFİQ ABDİN: - Abi, Rəfiqi misal üçün deyirəm...
   
   HACALOĞLU: - Olsun, olsun, amma bəri başdan deyim ki, bu çox abdal fikirdir. Birgə səfərin məsələyə nə dəxli var. Məndən əvvəl deyək ki, İsa İsmayılzadə Rəfiqlə Macarıstanda turist səfərində olub, Vaqif Səmədoğlu Moskvada onunla bir oteldə, bir otaqda qalıb. Bunu onların özlərindən eşitmişəm. Nə olsun? Doxsanıncı ilin fevral ayında Türkiyəyə birlikdə getdik. "Türk-2000" vəqfinin qurultayına. Və orda bir nəfər də mənə yaxınlaşıb, sənin dediklərinə yaxın bir fikir söylədi. Mən çıxdım tribunaya, dedim ki, əfəndilər, Rəfiq bəyi mən nə çox, nə az, otuz ildi ki, TÜRKÜN VƏ TÜRKLÜYÜN TƏBLİĞÇİSİ KİMİ tanıyıram. Məni də Rəfiq Zəka ilə arkadaş yapan onun çətin vaxtlarda kəndi-kəndisinə türküm deməsi olub. Bu adam türklüyü ilə iftixar eləyib, bu adam türk varlığını yüksək tutub və hətta Allah eləməsin, o, özü bu hərəkəti qeyri-səmimi eləsə də, mən buna inanmışam. Əsası odu ki, Rəfiq bəy bizim türklüyümüzü dərk etməyimizə çalışıb. Başa düşürsənmi? Qafalarda türk təəssübü oyadıb. Başa düşürsənmi? Bunu orda dedim. Bu bir tərəfi. İkinci tərəf: mən hələ görməmişəm ki, Rəfiq haqda boş-boğazlıq (?) bəlkə (haqsızlıq - T.A.) eləyənlərdən biri bütün bunları onun üzünə desin. Amma yeri düşəndə mən ona çox şey deyirəm. Rəfiqin çox gözəl yoldaşlığı var, gərək olsa bir yox, bir neçə dəfə onunla səfərə çıxmağa müntəzirəm. Hər kəs öz əməlinə CAVABDEHDİR. Dinimiz də belə deyir, qanunlarımız da, insani münasibətlərimiz də...
   
   Mənə deyirsən ki, müxtəlif xarakterli adamlarla oturub-durmuşam, birgə redaksiyada işləmişik, məndən yaşca böyükdürlər və o var ki, özümdən yaşca kiçik Akif Hüseynovla redaksiyada yola getməmişəm. Dedim bu barədə. Yusif Səmədoğlu ilə də, Əkrəmlə də, Anarla da, Vaqif Səmədoğluyla da oturub-durmuşuq: səfər yoldaşı olmuşuq. Başa düşə bilmirəm, bu nə abdal söhbətdir. Hansınız bu adamlarla oturub-durmamısınız?
   
   TOFİQ ABDİN: - Hansınız deyəndə... gəl belə danışaq da...
   
   HACALOĞLU: - Yox... yox...
   
   TOFİQ ABDİN: - Yox, bir aman ver də. Sual verirsən, mən sənə deyim də... Mən o adamların bəziləriylə oturub-durmamışam. Onlarla çörək də yeməmişəm. Sadəcə, buna imkan olmayıb, imkan olsaydı, necə olardı, bunu mən bilmirəm. Özü də söhbət ƏQİDƏCƏ yola getməkdədir. Söhbət ƏQİDƏDƏN gedir. ƏQİDƏ yolunda barışdan gedir. Bunu nəzərə al.
   
   HACALOĞLU: - Mən bu adamların çoxunun evinin qapısını tanımıram, onların evinə gedib-gəlməmişəm. Bu adamlardan əqidələrinə hörmət etdiklərim də var, etmədiklərim də. Amma sən də, dostların da onlarla birgə olublar.
   
   TOFİQ ABDİN: - Mən olmamışam, olmamışam... imkan olmayıb... Bəxt gətirməyib.
   
   HACALOĞLU: - Sən... sən... olmamısan... İsa İsmayılzadə olub... Ələkbər Salahzadə olub... Bu ədəbi mühitdi, ağlını başına yığ, bir də deyirəm, hərə öz əməlinə cavabdehdi. Süleyman Rüstəmə şeir həsr eləyən Mikayıl Müşfiq hardan biləydi ki, həmkarı ondan donos yazacaq. Əllinci illərin axırında, altmışıncı illərin əvvəllərində Rəsul Rza uğrunda ƏN ÇOX MÜBARİZƏ APARAN GƏNCLƏRDƏN olmuşam. Bu tərəfdən də Osman Sarıvəlli haqqında məqalə yazmışam. İndi güman ki, sən belə deməyə bilməzsən ki, BU ADAM SƏMİMİ ADAM deyil. Mənsə buna çox adi baxıram. Ona görə ki, Osman Sarıvəllinin "Ömrün keçən günləri", bilmirəm, adını düzmü dedim, kitabı mənim çox xoşuma gəlmişdi, mən də məqalə yazmışam. İndi belə deyənlər çox olacaq ki, bu nə təhər adamdı, bu yandan Rəsul Rzanı tərifləyir, o yandan da Rəsul Rzanı ÇOX AMANSIZ TƏNQİD EDƏN Osman Sarıvəlli haqqında məqalə yazır. Belə deyirlər də... Osman Sarıvəlli haqqında məqalə yazır. Belə deyirlər də...
   
   TOFİQ ABDİN: - Deyirlər yox, DEYİRƏM.
   
   HACALOĞLU: - Və düz demirsən... Nədi bu..? Bu insanda mütləq dərəcədə yaxşılıq axtarmaq, ya pislik axtarmaq özü səfeh bir şeydi. MUTLƏQ YAXŞI, MÜTLƏQ PİS demək səfeh şeydi. Yadımdadı, Məmməd Rahim o zaman gənc poeziya nümayəndələri haqqında bir yazı yazmışdı, mənim haqqımda da təxminən beş-altı səhifə vardı, mən onu ixtisar elədim, "Ulduz" jurnalında işləyənlər bilirlər bunu. Soruşdular, niyə razı deyilsən? Dedim, MƏMMƏD RAHİMİN MƏNİ TƏRİFLƏMƏSİNİ TƏHQİR HESAB EDİRƏM. Görünür, bu da mənim gənclik MAKSİMALİSTLİYİMDƏN irəli gəlib. Osman Sarıvəlli məni tərifləsəydi, yəqin ki, başqa cür olardı. Burada Osman Sarıvəllinin böyük şairliyi ilə yanaşı, ailə və yaxınlığının da təsiri var. Siz modernizmdən danışırsınız. Osman Sarıvəllidə elə şeylər vardı ki, modernizm əsl nümunələri idi: MAKSİM TANK TƏKƏRLƏRİYLƏ TORPAĞIN DÖŞÜNƏ SƏRBƏST ŞEİR YAZIRDI. DÖYDÜ YAĞIŞ MƏNİ, DÖYDÜ QAR MƏNİ, MİNSƏM BİR QARIŞQA APARAR MƏNİ. AĞ GÜN ÇƏKDİ SAĞ ƏLİNİ BAŞIMA, AĞ SAÇLARIM QARALMAĞA BAŞLADI. HAYLI-KÜYLÜ TƏKƏRLƏR, YANI CÜYLÜ TƏKƏRLƏR BABAMIN DƏRDİNİ YAZDI YOLLARA". Daha nə bilim, nələr. Misraları, ola bilər, olduğu kimi demədim. Böyük şairimizin ruhundan üzr istəyirəm. Siz də deyirsiz, bu necə adamdı, Rəsulu sevir, Osmandan yazır. Bu SIRF ŞƏXSİ ŞEYLƏRDİ. Tutaq ki, Mazanov familli bir nəfər üçün mən SƏMİMİ deyiləm. Nə olsun? Bəs onun özü necə adamdır? Mən adamlar tanıyıram, haqqında cürbəcür şayiələr var: haqqımdaolmayan şayiələri uyduran adamların özü ən azı yaxşı adamlar deyil. Mən ki,özüm-özümü tanıyıram və bilirəm ki, bu sifətlər məndə yoxdur. Yəni, başa düş, mən öz içimdə özümə hesabat verən adamam. Əliyə, Məmmədvəliyə hesabat vermək istəmirəm.
   
   TOFİQ ABDİN: - Sən şübhəsiz, bilirsən də Çingiz Aytmatov böyük sənətkardı, türk dünyasının ən ünlü adamıdı və onu da bilirsən, ruslar çox sadə bir yolla onu İttifaqdan, gözəl vəzifələrdən uzaqlaşdırıb, göndərdilər uzaq bir Lüksenburqa səfir. Və neçə vaxtdı, Çingiz Aytmatovun səsin-zadın eşitmirik. Sən də aradabir zarafatla dedin ki, elə səfir getmək sürgünə getmək kimi bir şeydi. Deyəsən Əbülfəz bəyə də zarafatla demisən bunu. İndi belə bir şey soruşum səndən: sən bu KONSUL getməyi ömrünün itirilən illəri hesab eləyirsən, yoxsa gözəl çağları?
   
   HACALOĞLU: - Bütün sənin sualların elədi ki, HAMISININ İKİBAŞLI CAVABI VAR. Mən sənə onu dedim ki, mənim doğulub böyüdüyüm yer Türkiyədən yuxarı-aşağı yüz əlli-yüz altmış kilometr aralıdı. Dilim söz tutandan, ayağım yer tutandan, qulağım söz eşidəndən ANAMDAN "TÜRK" sözünü eşitmişəm. Mən atasız böyümüşəm, anam həmişə mənə atamın Türkiyə səfərləri barədə danışıb: belə gəldi, belə getdi. Türkiyədən belə bir çavuş gəlmişdi bizə... Mən bu söhbətləri eşitmişəm və mənim üçün Araz deyilən sərhəd olmayıb. Araz deyilən həsrəti ilk dəfə 1962-ci ildə Naxçıvana gedəndə bütün varlığım ilə yaşamışam. Dostum Rafiqin motosiklində Naxçıvandan Qaraçux kəndinə getmişəm, Araza baxıb ağlamışam. İndi Qaraçux suyun altında qalıb... Bizim üçün sərhəd olub Qars. Bizim üzümüz o tərəfə olub: Məsələn, bizim bir Qaraxaç yaylağımız olub, indi Ermənistanın sınırı içində qalıb, ordan Türkiyəyə tərəf baxıb ağlamışıq. Mən sənə bir şey bir deyim ki, bir neçə il qabaq böyük bacım Fatma yoldaşını məcbur eləyib ki, məni apar Arpa çayının qırağına, ordan Türkiyəyə baxmaq istəyirəm. Baxıb-baxıb, doyunca ağlayıb, ürəyi gedib. Bizim ailədə TÜRKİYƏ HƏSRƏTİ heç nəylə ölçülən deyil. Bayatılar eşidirdik. Türkiyə qeydlərimdə yazmışam:
   
   
   
   Qarsa yaz,
   
   Bura gündü, Qars ayaz.
   
   Qələm, qurbanın olum,
   
   Qismətimi Qarsa yaz.
   
   
   
   Qulağımız bunu eşidib ki, qismətimi Qarsa yaz. Nəzərə al ki, Bakı ilə bizim kəndin arası, deyək ki, altı yüz kilometrdi, Qarsla yüz altmış kilometr, hava yolu götürsək, cəmisi otuz-qırx kilometrlik yoldu. On beş-iyirmi dəqiqəlik uçaq yoludu. Mən həmişə Türkiyə havasını udmuşam, qarslıların udduğu havanı. Görünür, ona görə də Türkiyəni sevirəm. Mən həmişə demişəm ki, mənim ƏN BÖYÜK BƏDBƏXTÇİLİYİM TÜRKİYƏ VƏTƏNDAŞI OLMAMAQDI. Mən anadan olmamışdan bir neçə ay əvvəl Gürcüstandan Türkiyəyə bir dəstə adam keçib, anam atama deyib, sən də get, ancaq atam getməyib, ona görə ki, deyib, nəslimiz böyük nəsildi, mən getsəm, soyumuzu, familimizi Sibirə sürəcəklər. Qalım, qoy məni tutsunlar, nəslim yaşasın... Doğrudan da elə oldu. Mən doğulmamış onu həbs etdilər. Nəslimiz qaldı, o getdi. Deməli, atam Türkiyəyə gedə bilərdi, mən anamın qarnında gedə bilərdim və olardım Türkiyə vətəndaşı. Deməli, bu gün bizim üçün böyük bir problem olan: mən kiməm? sualı məni düşündürməzdi. Ömrümüzün çoxunu biz mübahisədə keçiririk. BİZ KİMİK? Türkük, ləzgiyik, müsəlmanıq? Kimik? Azərbaycanlıyıq? Heç olmazsa, bu boş suala vaxtım və ömrüm getməzdi. Mən, qəribədi, belə düşünürdüm ki, bircə dəfə Türkiyəni görüm, sonra ölüm, bir dəfə də görmüşəm, sonra üç dəfə də görmüşəm. İndi fikirləşirəm ki, yüz dəfə görsəm də ölmək istəmirəm. Və Türkiyədə mən özümü qərib hiss eləmirəm. Baş konsul təyin olunan günə qədər Türkiyədə bir neçə dəfə olmuşam, heç vaxt özümü qərib hiss eləməmişəm. Hətta, olardı, təxminən yetmiş dörd-yetmiş beşinci illər, arvadıma dedim ki, "sən razılıq ver, mən gedim Moskvaya, icazə alım, gedək Türkiyədə yaşayaq".

TƏQVİM / ARXİV