adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ONLARIN DüNƏNi: RƏŞiD BEHBUDOV

TOFİQ ABDİN
25379 | 2010-06-12 03:25
Nə qədər inadkar və inkaredici olsaq da, danmaq olmaz ki, bizim bu günümüz ONLARIN DÜNƏNİNdən başlayıb.Onlar : sənətimizin və ədəbiyyatımızın dünəni.
   
   Dünən onlar kim idi,hardaydılar və nələr yaşayırdılar?
   
   Yeni ədəbi nəsl üçün ibratamiz və bir qədər də kədərli olan O DÜNƏN və O DÜNƏNİN insanlarının keçdiyi yol, bu gün üçün son dərəcə kərəkli və daha qabarıq görünməkdədi.Bu rubrikamızda ilk yazımız şair Vaqif Səmədoğlu ilə ötən həftə oldu.Bu gün isə...
   
   Başlığa baxın.
   
   Bir neçə gün öncə, yəni iyunun 9-da bu böyük sənətkarın vəfat etdiyi gün idi.Həmin gün Mahnı Teatrında sənətkarın anma günü oldu.
   
    Eynən bu rubrikada daha kimlər olacaq.İzləməyə dəyər.
   
   Şayət yazımızın başlığına diqqət etsəniz, bir şey o saat diqqəti çəkir : mən Rəşid Behbudovun adının qarşısında onun heç bir titulunu yazmamışam. Sadəcə Rəşid Behbudov yazmışam.
   
   Məncə nədəni bəlli və yazının sonunda bu nədən açıqlanacaq.
   
   Ümumiyyətlə, Rəşid Behbudov haqqında yazanlar həmişə bir çətinliklə üz-üzə qalırdı.Bu ona görə deyil ki, jurnalistlərin, musiqişünasların və yazarların yazmağa sözü yox idi, fikirləri tükənmişdi. Əksinə Rəşid Behbudov haqqında deyiləcək, söyləniləcək, yazılacaq sözün və fikrin bolluğundan çətinliklər ortaya çıxırdı. Bu bəlkə də bir də ona görə idi ki, onun sənəti artıq püxtələşmiş bir yüksəkliyə çatmışdı, insanların onun sənəti haqqında tutarlı söz, fikir tapmaq imkanı azalmışdı.
   
   Onun sənəti öyrədici idi.
   
   Onun oxuduğu mahnılar, onun ifaçılığı yaradıcılıqda mərhələ idi. Müqayisə obyekti idi.
   
   Mən dəfələrlə onun konsertlərində olmuşdum, onun Mahnı teatrının hazırladığı proqrama, o proqramda göstərilən mahnılara baxmışdım.
   
   Fikir verirsinizmi, MAHNILARA QULAQ ASMIŞDIM DEMİRƏM, BAXMIŞDIM DEYİRƏM. Ona görə ki, həqiqətən o mahnılar o zaman yalnız dinləmək üçün deyildi və həm də baxılmaq üçün idi. Baxın, burda O ZAMAN deyilişinə ayrıca fikir vermək lazımdı. Bunu izah etməyə çalışacağıq. Rəşid Behbudovun o mahnıları məhz oxumaq üçün deyildi və həm də baxılmaq üçün idi. Görüm üçün idi. Məhz MAHNINI GÖRMƏK və GÖSTƏRMƏK fikri o zaman bəlkə də bir çoxlarına qəribə gəlirdi, amma məhz bu görüm məsələsi o zaman mənə son dərəcə maraqlı gəlməklə, həm də OXUNAN bir mahnının görümsəlliyi tamam başqa bir anı mənə xatırlatdı.
   
   Sovet dövründə keçirilən bayramlardan biri də 8 mart bayramı idi və həmin bayram günündə Rəşid Behbudov bir dəstə, belə deyək, ahıl, gənc qadınların qarşısında televiziyada göstərilən bir verilişdə Cahangir Cahangirovun ANA mahnısını oxuyurdu.
   
   Rəşid Behbudov oxuyurdu.
   
   Ona qulaq asırdılar, onu dinləyirdilər.
   
   Rəşid Behbudovun ANA mahnısını dinləyən yaşlı, ağbirçək anaların gözlərinin yaşını görəndə, onun səsinin sehrində sanki bir yas yerində yanıqlı bir səslə bir ağı eşidilərmiş kimi göz yaşlarını saxlaya bilməyib ağlayanda artıq bu mahnı belə mahnılıqdan çıxardı, onu yüksək sənət əsəri səviyyəsinə qaldırardı. Görsəllik məhz bu anda daha qabarıq irəli çıxırdı.
   
   Bu hər hansı film üçün çəkiliş deyildi, burada rejissorun "ağlayın" komandası yox idi, operatorun "çəkirəm" əmri yox idi. Və ağlayanların da bəlkə o anda ekranda göründüklərindən də xəbəri yox idi. Bu sadəcə Rəşid sənətinin gücü və sehrinin bir təntənəsi idi.
   
   Bu danılmaz bir həqiqət idi.
   
   Sənətin, musiqinin, səsin yaratdığı bir həqiqət.
   
   Bu həqiqətin carçısı isə Rəşid Behbudov idi.
   
   Uzun lap, uzun illər öncə bir ara Rəşid Behbudov sanki yoxa çıxmışdı. Onun səsini belə eşitmək olmurdu. Sanki radio işçilərinə belə tapşırmışdı ki, mənim mahnılarımı səsləndirməyin. Rəşid Behbudov əməlli-başlı susmuşdu.
   
   Onun nə elədiyindən məncə heç kəsin xəbəri yox idi. Və sonradan məlum olacaq ki, Rəşid Behbudov daha böyük uğurlara imza atmaq üçün gecə-gündüz çalışır və hətta özünə qəsd edərək çalışır.
   
   Qəribəsi bu idi ki, o zaman qəzetlərdə onun haqqında heç bir şey yazmırdılar. Yazmırdılar deyəndə ki, heç kəsin sorğusuna cavab vermirdi. Sonradan müşahibələrin birində deyəcəkdi ki, mən irəlicədən danışmağı xoşlamıram.
   
   Və bu susqunluğun ardınca Bakının küçələrində yaraşıqlı bir afişanın asıldığını gördük və Bakının reklam-afişa qıtlığının içində bu yaraşıqlı və bu görümlü reklam-afişa həmən diqqəti çəkirdi. Bu reklam-afişada Dağüstü parkda Bakının fonunda çəkilmiş əlində təsbeh, başında buxara papaq Rəşid Behbudov qollarını geniş açaraq sanki Azərbaycanı qucaqlamaq istəyirdi. Və təşbeh üçün deyək ki, sanki bütün dünyanı Azərbaycana dəvət edərək, öz konsertinə baxmağa çağırırdı.
   
   Bu görümlü, baxımlı reklam-afişa neçə illər susmuş Rəşid Behbudovun əziyyətli saatlarının dəvətnaməsi idi.
   
   Təbii ki, hamı maraqlandı, ilk öncə sənət adamları, musiqişünaslar.
   
   Gəldilər.
   
   Gördülər.
   
   Eşitdilər.
   
   Və açığını deyək ki, heyran oldular. Mətbuatda tərif dolu yazılar görünməyə başladı. Rəşid Behbudovun təşəbbüsü bəyənildi. Hətta qəzetlərdə belə başlıqlara da rast gəlmək mümkün idi: "Rəşid Behbudov və onun MAHNI TEATRI".
   
   Birinci, bu cür deyimləri o zamanın mətbuatında görmək zor bir iş idi. İkincisi bu sözlərin arxasında biz REJİSSOR, İFAÇI, TƏRTİBATÇI, HARDASA BƏSTƏKAR Rəşid Behbudovu görürdük. Bu ifadələrin hamısı sadə bir cümlədə birləşirdi: OXUYUR RƏŞİD BEHBUDOV.
   
   İndi baxın, o zaman Sovet məkanında öz adına, ideya məzmununa və məqsədinə görə nadir hadisə olan MAHNI TEATRI sonradan böyük bir mübahisələrə səbəb olan ortam yaratdı. Onun tərəfində duranların sayı çox olsa da, bəyənməyənlər, dodaq büzənlər və qəbul etməyənlər də oldu. Əsil musiqisevərlər, sənətə ciddi münasibətdə olanların arzusunu Rəşid Behbudov həyata keçirmişdi. Biz çoxdandı belə bir kollektivin arzusunda idik.
   
   MAHNI VƏ ONUN ÜZƏRİNDƏ REJİSSOR İŞİ.
   
   Bu indi bizə çox asan gəlir və əlində bir kamera oranı çək, buranı çək adını da qoy: "mən klip çəkirəm". Bu yaradıcılıq deyil. Bizim musiqi sənətimizdə indiki klip axınının ən gözəllərini Rəşid Behbudov yaradırdı Mahnı Teatrında. Və onlarda üstəlik də bir TEATRALLIQ vardı. Bu gün sənətimizin nisbətən cılızlığını görməsəydim, güman ki, bu sətirləri yazmaq məsuliyyətli iş idi.
   
   Bu təzə xəbər deyil ki, hər bir mahnının öz ifadə tərzi var. Onu oxumaqla bərabər, həm də göstərmək də mümkündü. O zaman bu çox az sənətçiyə nəsib olurdu və Rəşid Behbudovun Mahnı teatrına qədər bu yox dərəcəsində idi. Rəşid Behbudov Mahnı teatrını yaradarkən məhz oxuduqlarını göstərmək niyyətində idi. Mahnını yaşamaq yollarını, ifadə eləmək şərtlərini qarşısına məqsəd qoymuşdu.
   
   Mahnı oxunarkən onun özündən doğan ideyanı göstərmək Cahangir Cahangirovun başqa bir mahnısında ALAGÖZ və çox cəsarətlə oxuduğu türk mahnılarında öz ifadəsini tapmışdı.
   
   Təbii ki, Rəşid bir müğənni kimi bunun bir çox yolları olduğunu bilirdi və mahnının ritminə, məzmununa uyğun xeroqrafik ünsürlərdən, vokal-xeroqrafik səhnələrdən istifadə edərək mahnını o qədər görümlü edirdi ki, bəzən öz zamanının, dövrünün içindən çıxırdın.
   
   Rəşid Behbudov Mahnı teatrının sənət üçün, xalqımızın tanınması üçün, el havalarımızın, xalq mahnılarımızın tanınması üçün çox gərəkli olduğunu bilirdi və zaman çərçivəsindən çıxaraq daha irəlilərə götürürdü. Burada bir təəssüf, bir mazi, nostalji olduğunu kənara qoysaq, yenə də bizim dediyimiz sözlərdə çox böyük bir həqiqətin varlığı şəksizdir.
   
   Əgər Avropa musiqi məktəbinin çalarlarını görmək istəyirdinizsə, yenə də Mahnı teatrına üz tutmaq lazım idi.
   
   Əgər Şərqin ulu zəngulələrini, boğazların necə cəh-cəh vurduqlarını eşitmək istəyirdinizsə, yenə də Mahnı teatrına getmək gərəkirdi.
   
   Əgər opera sənətində Şərq musiqisi ilə Qərb opera musiqisinin sintezini eşitmək vacib idisə, yenə də Rəşid Behbudovun teatrına getmək gərəkirdi.
   
    Rəşid Behbudov üçün heç nə köhnə deyildi. Öz keçmişinə sadiqlik göstərmək üçün bu ariyaya qəsdən müraciət etmiş və böyük bir qələbə qazanmışdı. Özünü ifadə eləmək kimi baxmışdı həmin ariyaya. Keçmişlə bu günün bağlılığı, sintezi bir simvolika idi, Əsgərin ariyası bu simvolikanın başlanğıcı.
   
   Rəşid Behbudovun klassik operadakı işlərini xatırlasaq, bu o qədər də çox deyil. Amma təkcə "Sevil"i yada salaq. Rəşid Behbudov Balaşın ariyasını o zaman oxumağa başladı ki, hələ bizim tamaşaçıların ürəyi muğamat və xalq mahnıları üstündə köklənmişdi, el havalarının sehri onları öz təsirində saxlamaqdaydı. Muğam, xalq mahnıları, klassik musiqi təmasında yaranan "SEVİL"i birdən-birə dinləmək bir tərbiyə işi idi. "Sevil" kimi Avropa və Şərq musiqi məktəbinin gözəl bəhrəsi olan bir əsər meydana gəldi və Rəşid Behbudovun Balaşını görənlər, onun ifasını eşidənlər gördülər hər şey bu torpağındı.
   
   Nədənsə mənə həmişə elə gəlir ki, Rəşid Behbudov dedikdə yada bizim xalq mahnıları düşür, bayatılar düşür. Qəribəsi budu ki, bu adda, bu soyadda bir qədimlik, bir ululuq, köhnəlik olmasa da bu adın, bu soyadın anımı mənə xalq oxumalarını xatırladır. Rəşid Behbudovu bir ifaçı kimi xalq mahnılarsız təsəvvür etmək çətindi. Müsahibələrinin birində müğənni deyib: "Mən səhnəyə el nəğmələri ilə gəlmişəm. Azərbaycan xalqının toyunun, şənliyinin bəzəyi olan, yorğunluğu çıxaran, işini avand eləyən mahnılarla. Sonra həmin mahnılarla birgə dünyanı dolaşmışam. Haralarda olmuşamsa, orda Azərbaycan mahnılarının əks-sədasını qoyub gəlmişəm. Göy qurşağı kimi rəngarəng xallara malik bu nəğmələrlə dünyanı fəth etməyin mümkün olduğunu bilmişəm".
   
   Bu ifadə, bu deyim artıq el sənətinin, el nəğmələrinin gücünü duyan bir sənətkarın sözləridi.
   
   Çox tutarlı, yerində deyilmiş bir ifadədi.
   
   Rəşid Behbudov xalq nəğmələrini oxuyanda belə onlara yeni baxımdan yanaşdı.
   
   O tara güvəndi.Ancaq ondan bərk-bərk yapışmadı.
   
   O qavala güvəndi.Ancaq onu qulağının dibinə tutmaqla, əlində oynatmaqla kifayətlənmədi.
   
   O sazı bəyəndi.Ancaq onu çiyninə aşırıb obaları dolaşmadı.
   
   Bunların hamısında yeni bir məna gördü, yeni çalar tapdı. Elə bir qənaətə gəldi ki, hər kiçik el nəğməsi kiçik bir tamaşa ola bilər. Həmin bu nəğmə-tamaşalar vahid süjet ətrafında birləşib bir səhnə əsəri yaradar, tamaşaçını arxasınca aparar.
   
   Rəşid Behbudov elə arxalandı.Ancaq onun ətəyindən tutmadı.
   
   Hər şey göz qabağındadı.
   
    Rəşid Behbudov haqqında yazanların hamısı onun dünya şöhrəti qazandığını, səs çatmayan, ün yetməyən ölkələrdə qastrol səfərində olduğunu, oralarda Azərbaycan ölkəsini təmsil etdiyini qeyd ediblər. Ancaq Rəşid Behbudov həmin ölkələrdə təkcə Azərbaycan mahnılarını təmsil etməyib. Deyərdim ki, o, Azərbaycanın sənət səfiri kimi həmin torpaqların qonağı olub.
   
   Onun sənət səfərlərinin coğrafi böyüklüyünü sadalamaq çətindir. "Azərbaycan" kəlməsi onun dilindən düşməyib. Müğənni söyləyir ki, Çili xalqının ağır günlərində öz mahnıları ilə onlara necə əl tutub.
   
   Çili torpağının ən dəhşətli günlərində Çilidə çevriliş vaxtı kommunist Rəşid Behbudov qorxmadan, çəkinmədən konsertlər verib. Buna ürək lazımdır. Sənətkar cəsarəti, insanlıq dəyanəti lazımdır. Biz bunların hamısını bu böyük el sənətkarının yaradıcılığında, həyatında görmüşük, görürük, görəcəyik.
   
   Gəlin, araşdırmağa çalışaq. Nə üçün Rəşid Behbudov bu qədər sevilir:
   
   Gözəl səsi olduğuna görəmi?
   
   Bu bir!
   
   Orijinal, yeni ifa üslubu olduğuna görəmi?
   
   Bu iki!
   
   Səhnə mədəniyyətinə görəmi?
   
   Bu üç!
   
   Zəngin və rəngarəng repertuarına görəmi?
   
   Bu da dörd!
   
   Bu sayı artırmaq da olar.
   
   Nədi, axı nədi Rəşidi sevdirən? Qocanı da, cavanı da sehirləyən, ələ alan, vurğun eləyən nədi? Rəşid sənətinin nəyidi?

TƏQVİM / ARXİV