adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ONLARIN DüNƏNi: Vaqif Səmədoğlu

TOFİQ ABDİN
25180 | 2010-06-05 01:40
Adlar dəyişdirilir.Yeni adlar verilir.
   
   Evlər uçulur.Yerində yeni evlər tikilir.
   
   Və bir çox tarixi məkanlar belə "uf" deyilmədən düşüncə eroziyasına uğrayaraq aradan çıxır.
   
   Yaşadağım illər ərzində bu qədər dəyişikliyin heç zaman şahidi olmamışdım. Əski adların yox çıxması bir çox xatirələrin,bir çox maddi və mənəvi yaraların yaranmasına nədən olur. Bu qorxunu lap əvvlədən görürmüş kimi uzun illər öncə ( 1989) şair Vaqif Səmədoğlu ilə bir söhbətim yeni kitabı hazırlayarkən yenidən düşüncəmizdə peyda oldu. İndinin Millət Vəkili və gözəl şair Vaqif Səmədoğlu hər bir dəyişiklikdə acı bir xatirənin boy verdiyini və yoxa çıxdığını hələ çox-çox illlər öncədən görürmüş kimi rahatsızlıqla dilə gətirmişdi. Mən bu fikirlərə yenidən baxdığımda həqiqətən bir az da təəccübləndim. Təccübləndim ona görə ki, hələ o zaman çox böyük narahatlıqla deyilən həmin fikirlər bu gün daha ağır və dərin yaralar açmaqdadı. Nəydi bunlar?
   
   - Vaqif, bu günündə səni əzən bir şey varmı?
   
   - Var.
   
   - Məsələn nə?
   
   - İlk növbədə məni əzir, bayaq dediyim, o milli tənhalıq. Bu milli tənhalıq hissindən hər şey doğur də.
   
   - Bir yaradıcı, bir şair, bir dramaturq, bir ziyalı kimi ölkəmizdə gedən bu dəyişikliklər, yenidənqurma barədə düşüncələriniz, fikirləriniz. Necə baxırsan bizim mətbuatın, bizim ziyalıların aşkarlıq dövründəki yaradıcılığına, düşüncələrinə, fikirlərinə?
   
   Bu toxunduğun məsələ mənim üçün çox vacib bir şeydi. Çox vacib. Öz fikirlərimi deyirəm və imkan olsa istifadə eləsəniz pis olmaz. Əlbəttə, mənim fikirlərim, şübhəsiz, heç kəs üçün qanun deyil, bir halda ki, fikir azadlığı, demokratiyadı və mən də ömrüm boyu bildiyin kimi elə demokratiyanın həsrətində olmuşam. Bu yenidənqurmanın əsas mübarizə hədəfləri var ha, xüsusilə bunu Moskva mətbuatı aparır, bunda mən çox faciəli, şəxsən özüm üçün çox dəhşətli tərəflər görürəm. Yəni eyni ilə inqilabın, Oktyabr inqilabının ilk illərinin temperamentini görürəm. Yəni, on yeddi, on səkkiz, on doqquz, iyirminci illərdə Rusiyada hər şeyi dağıtmaq, yerində təzə şey qurmaq. Otuzuncu illərg dağıtmaq, yeni şey qurmaq. Bax, bu indi də var. Bu yaxında mən bir yerə yazı vermişdim, sən deyən elə böyük də yazı deyildi, altı-yeddi səhifəlikdi, elə bir ciddi şey də yoxdu, mənə dedilər ki, bu antiperestroiçni yazıdı. Adi komik bir yazı idi. Mən bax bu ANTİPERESTROİÇNİ sözündən qorxurdum! Və düşündüm ki, mən yenə də qalacağam.Elə bir dövr gələr ki, mən yazı apara bilmərəm ora-bura. Ondan sonra yenə də bir yazı verdim, o yazıdan da elə şeylər tapdılar ki, ancaq birinci dəfədə olduğu kimi yoxg
   
    Bax, Avropa şəhərlərində, bir meydanda IV Henrixin heykəlidi, iki yüz addım getməmiş, Tofiq, tutaq ki, başqa meydanda V Henrixin heykəlidi. Tarixdən bilinir ki, bu V Henrix IV Henrixin düşməni olub, onu öldürüb, tutaq ki, zəhərləyib. Yəni şəhər, ölkə öz tarixinin şahididir. Avropa şəhəriynən gedirsən, Parisnən, Romaynan, görürsən ki, bu Roma öz tarixini özündə saxlayıb. Paris Fransanın tarixini özündə qoruyub. Moskva Rusiya tarixini saxlamayıb. Yer üzündə ən abstrakt şəhərlər varsa, o da Sovet İttifaqının şəhərləridir. Məsələn, Bakıda Rusiya imperiyasının simvolları mənə mane olmazdı. O iki başla qartal şəhər Dumasının, indiki Bakı Sovetinin başında olub. Qoy olsun. Stalini heykəlini uçurmazdım Bakıda. Sabah nəvəm, Allah qoysa olanda, tarix kitablarında Stalinin adı olacaq, o məndən soruşacaq: kimdi bu Stalin, kimdi? Və Stalinin cəlladlığından, o müdhiş dövründən tarix kitabında oxuyanda nağıl kimi oxuyacaq. Həmin uşaq üçün böyüyəndə Stalin dövrü eynilə Neron dövrü kimi görünəcək. Abstrakt, nə vaxtsa olmuş, bizdən uzaq, bizdən iraq, bir qara dövr kimi o başa düşüləcək. Ancaq mənim nəvəm bəzi şeyləri oxuyub, Stalinin böyük, nəhəng heykəlinin yanından keçsəydi onda bunu o, öz tarixi kimi qəbul eləyərdi və daha konkret qorxardı.Və bütün bunları nəzərə alıb deyə bilmirəm ki, bu demokratiyanın axırı necə olacaq? Çox acınacaqlı faktlarla qarşılaşırıq. Nəsə, mənə elə gəlir ki, yenə düz yol deyil. Əvvəla, demokratiya mətbuatdan başlamır, "Oqonyok" jurnalından, "Literaturnaya qazeta"dan başlamır...
   
   -... Nədən başlayır?
   
   - Bazardan! Ancaq bazardan başlayır... sonra Demokratiya mətbuatda möhkəmlənir. Hələ ki, bazar bu şəkildədi, dükanlarda heç nə yoxdu, bu demokratiyanı bir göz qırpımında yox eləmək olar. Sonra bu demokratiyada baş verən ədalətsizliklər, dəhşətli, mənim şəxsən ağlıma, vicdanıma sığmayan, necə deyim, gecə tənhalığı var ey, özümüz başlayırıq fikirləşməyə, özümüz öz üstümüzdə ağlayırıq ey, öz meyidimizin üstündə ağı deyirik, son dövrdə mənim başa düşmədiyim, məni dəhşətə gətirən ədalətsizliklər baş verir. Məsələn, bax, perestroyka deyirik, bu perestroykanı çiynində, əsəbləri hesabına, qanları bahasına hazırlayanların əksəriyyəti qalıb bu saat qıraqda. Bu saat onlara da ad qoyublar: antiperestroiçnıyı silı. Hər dəfə Valentin Rasputin haqqında, Viktor Astafyev haqqında onlara qarşı yazılmış, məsələn, "Oqonyok"da, "Moskovski novosti"də material oxuyanda mən nəsə perestroyka dediyimizin səmimiyyətinə inanmıram. Başa düşürsən? Bu perestroykanın ruporları var, məsələn, bu akademik Saxarov, altmışıncı illərin axırında, sənə açıq deyim, o adam üçün, Saxarov uğrunda elə mənim dəqiqələrim, anlarım olub ki, lazım gəlsəydi, canımdan da keçərdim. Ancaq son vaxtlar mən gördüm ki, bu da bir fiqurmuş! Bəlkə özü-özlüyündə ondan da təmiz olub altmışıncı illərdə tanıdığım və yandığım Saxarov və onun arxasında, ətrafında duran adamlar demokratiya uğrunda mübarizə aparmırlar. Hakimiyyət uğrunda mübarizə aparırlar. Və Korotiçə mənim böyük hörmətim var, son fəaliyyəti "Oqonyok" jurnalının baş redaktoru kimi, ancaq sənin də yadındadı, mənim də yadımdadı o durğunluq dediyimiz o dəhşətli dövr, o dövrdə, Ukrayna ədəbiyyatı və mədəniyyəti günlərində başda Korotiç idi. İnanıram mən: o, səmimi dəyişib. Ancaq Rasputinin Yazıçı olmasına mən daha çox inanıram. Çünki oxumuşam mən Rasputini.
   
   - Bizdə də bu var axı, Vaqif. Bizim ədəbiyyatda da bu müsibətin şahidi az olmuruq. Bizdə də durğunluq dövründə Al bayraqlara şeir yazanlar, indi də irəlidədi, indi də mükafat alır, indi də dövlətin gözündədi. Onda Al bayraqlara həsr olunmuş şeirlərə mükafat alırdılar, indi də tərcümələrə görə mükafat alırlar. Mən bu adamların səmimiliyinə inana bilmirəm və bu şairlərə imkan verənlərə də nifrət eləyirəm.
   
   - Bizdə müəyyən mənada var.
   
   - Mənə qulaq as. Bizdə daha pisdi. O adamlar ki, durğunluq dövründə də ədəbiyyata, mətbuata başçılıq eləyirdilər, indi yerlərini dəyişib yenə də ədəbiyyat məsələlərini həll eləyirlər. Buna necə baxırsan?
   
   - Bir məsələ var. Azərbaycan, mən buna Azərbaycan fenomeni adını vermişəm, sovet dövründə, sovet ədəbiyyatında ayrı bir yer tutub.
   
   - Nə mənada?..
   
   - O mənada ki, Azərbaycanda elə əsərlər çap olunub ki, heç Pribaltikada da belə olmayıb.
   
   - Bu dediklərinlə razıyam. Ancaq söhbət xidmətdən gedir, yəni durğunluq dövründə də bu adamlar o dövrdə neçə-neçə əsərlərə qol çəkiblər, başqaları qalıb qıraqda.
   
   - Bax, mən sənə bir şey deyim. Anarın Yazıçıların İttifaqının birinci katibi olması üçün mən əlimi qaradan ağa vurmamışam. Ancaq nəzir demişəm. Sonradan, bu yenidənqurma dövründə gördüm ki, Yazıçılar İttifaqı İnstitutu Anardan yüz dəfə qüvvətlidi. Anardan min dəfə bicdi. Anarın özünün düşünmədiyi, ağlına sığışdırmadığı dərəcədə ikiüzlü bir...
   
   - Kollektivdi...
   
   - Yox. İnstitutdu. Çünki bunu Anardan qüvvətli adam fikirləşib. İosif Vissarionoviç Stalin. Anar kordinal iş görə bilməz. Anar iclas aparır və əlindən gələn yaxşılıqlar eləyir. Sənə, mənə... Bu da az iş deyil belə bir şəraitdə.
   
   - Onda xahiş edirəm bu sualıma cavab ver.
   
   - Buyur.
   
   - Axı sən də başqa cür ola bilərsən.
   
   - Yox! Əvvəla tale elə gətirməyib. Mən göydən düşməmişəm. Yazıçılar İttifaqının iclaslarında bir-iki dəfə olmuşam. Görürəm ki, iştirak eləyə bilmirəm. İstəyirəm, mən də istəyirəm, məsələn, tutaq ki, nə təhər deyim, Mərkəzi Komitəyə məni də çağırsınlar, mənim də fikrimi dinləsinlər. Onu da bilirəm ki, Mərkəzi Komitə düz eləyir məni çağırmır. Görünür, orada da bilirlər ki, mən gəlib nə deyəcəyəm. Mən kompromisə getmirəm. Mənim uşaqlıq dostum hal-hazırda Yazıçılar İttifaqının birinci katibidi və Yer üzündə ən çox sevdiyim insanlardan biridir. Məsələ bundadı ki, mən kompromisə getmirəm, mənim kompromisə getməməyimə yerim var. Və beləcə yaşamağa davam edirəm.Haracan?Bunu bir Allah bilir...

TƏQVİM / ARXİV