adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

SORAğI GƏLMƏYƏNLƏR: ZÖHRAB ƏMiRXANLI - 2

TOFİQ ABDİN
26062 | 2010-05-28 04:42
Əgər belə demək mümkünsə, yeni nəsil Azərbaycan jurnalistikasının vəya publisistikasının çox tanınmış sıra nəfərlərindən biri də Zöhrab Əmirxanov olub və onun məhz bu yeni nəsil arasında seçilən yazar olmasına güvən verən bir çox insan var ki, onlar həqiqətən bir zamanlar belə bir adda və soyadda bir yazarın olduğunu məmnuniyyətlə xatırlayırlar.Təbii ki, bizim bu keçmiş zamanda yazmağımız heç kəsin ağlına başqa bir fikir gətirməsin.Adam sağ və salamatdı, uşaqlarının yanındadı və yenə də Bakıda olur, bir zamanlar Moskvada yaşayıb.Təbii ki, bütün bunalara biz söhbət əsnasında toxunacayıq.
   
   Bunu açıq deyək ki, bir vaxtların çox qalmaqal və çox riskli yazarıyla görüşmək bir başa "Ulduz" dərgisinin baş redaktoru Elçin Hüseynbəylinin təşəbbüsü idi və bu o zamanlar idi ki,mən də orada çalışırdım.Amma bir türlü bu baş tutmurdu.Bəzi texkniki səbəblər üzündən bu məsələ bir az uzandı və məhz yenə də Elçinin inadı sonucu biz çox ağır bir gün ərəfəsində, jurnalist Elmar Hüseyinovun vəftının yeddinci günündə Zöhrab Əmirxanovla bir dostumuzun o zamanlar QUŞ DAMI adlandırdığı Yazarlar Birliyinin üçüncü qatındakı "Ulduz" dərgisinin Baş redaktor otağında görüşdük.
   
   Dedimiz kimi bu proeyekti də, yəni SORAĞI GƏLMƏYƏNLƏR proyketini də elə Elçinin özü düşünüb tapmışdı, biz sadəcə bir icraçıydıq bu işdə.Ona görə də Zöhrabla bu söhbəti bir neçə nəfərin diaoloqu kimi də dəyərləndirmək olar. Və buna görə də ilk sorğumuz məhz bu proektin adındakı sualla oldu.
   
   - Zöhrab -Azərbaycanda bir mühit var: dostlar birləşib bir qezət buraxır və mən də bu dudkaya getmişəm və sonra məlum olur ki, sən yaxşı oğlan deyilmişsən.Amma necə yaxşı oğlan deyilsən ki,evindəki son beş yüz dolları da apar ver qəzetdə kiminsə yediyi pulun əvəzinə və uşaqların,ailən də qalsın quru yerdə.
   
    - Zöhrab, bu məlum ki, sən qəzetçiliyə çox gənc və bəlkə də sənin həvəsin olmayan bir yerdə başlamısan,o zamandan sənin içində bir qırıqlıq əmələ gəlib və sənin bir neçə yazının adını çəkdilər. Bu yazılardan məlum olur ki,çoxu bu sənətlə bağlı yazanlar olub və "Azadlıq" qəzetində də buraxdığın o qəzet humanitar istiqamətdə olan bir qəzet olub.Bəlkə sən bu illər ərzində yanlışlığa yol vermisən, bəlkə sən parçalanmamalıydın. Məsələn, mən Tofiq Abdin hər zaman sənətdən və ədəbiyyatdan yazdım. Çətinlik çəkdim, zor oldu, amma sənətdən yazdım. Pambıqdan, əmək qəhrəmanlarından, kartofdan yox. Amma sən deyəsən çox şaxələnmisən.Bəlkə bu da bir rol oynayıb sənin bu jurnalistikadan rəncidə olmağında?
   
    - Zöhrab: Başa düşdüm nə deyirsiniz.Konkret olaraq "Bakı" qəzetində işlədiyim o üçü ili Allah ömrümə yazmasın.Nələr çəkdim orda.O zaman şöbə müdirinə tabe idik. Sən yalnız şöbə müdiriylə görüşüb içini tökə bilərdin və ondan yuxarıya yol yox idi.Şöbə müdiri Şamil Abdullayev vardı. Gedirdim yazını yazırdım, məsələn səkkiz qranka, alır qarşısına yazını eləyirdi üç qranka və yazının da atasını yandıdırdı qoyurdu ortaya və baş redaktor da təbii ki, mənim imzam gedən yerdə onun yazısını oxuyurdu. Və sonra da bir başa özündən yuxarılara deyirdi: yarıtmır də. Və bir dəfə Şamil Şahməmədov mənə dedi ki,bir həftə yazılar səndən gəlib keçəcək və sən cavabdehsən.Dedim çalışaram.Şamil müəllimin təsəvvüründə bir yekəxana Zöhrab yaratmışdılar və mən yazılarımı hazırladım. Dəhşət ordan başladı ki,məndən soruşdu : yazıları özün yazırsan.Adama bir tərs şillə vursalar daha yaxşı olar, vallah.Yaxşı sən Şamil Abdullayev olanda niyə belə yazılar yazmırsan? Dedim, vallah mən elə bu cür işləyirəm,amma yazılar sizə başqa cür verilir.
   
   - Yaxşı deyəsən dediniz ki, həyat yoldaşınız da jurnalistdi və siz bu sənətdən ayrılanda evdə nə düşündülər, bu addımınızı necə qarşıladılar?
   
   - Zöhrab: Deyim ki, çox sevindilər.Mənim yazı üslubum və yazı vaxtım çox tərs bir zaman çərçivəsində olurdu.İki otaqlı evimiz vardı, mən mütləq gözləmliydim ki, uşaqlar yatsın.Çünki siqaret çəkmək olmaz.Əslində ağırayaq qadının yükündən xilas olması bundan daha rahatdı. Və hətda mən ən kiçik informasiyanı belə məsuliyyətlə yazmışam.Mənim redaktəmin qiyməti yoxdu.Onlar bu zülümləri görəndən sonra ki, gecələri yatmıram, səhər də doqquzda işə gedirəm, dedilər ki,yaxşı eləyirsən,belə jurnalistika bizə lazım deyil, belə çörək pulu qazanmaq bizə lazım deyil. Belə çörəyi yeməzlər.
   
    - Elçin Hüseyinbəyli yenə də deyir: axı sual yenə də cavabsız qaldı.
   
    - Mən belə başa düşürəm ki, adam jurnalistikadan gözlədiyini ala bilməyib. Daha nə desin adam.Sən jurnalistikadan gözlədiyini ala bilməmisən. Almalıydın, təbii. Sənə çox mane olublar, sənin xarakterin tamam ayrı cür və bütün bu detalar da öz işini görüb.Redaktor əlinə düşməmisən.Mühit olmayıb.Sən "Bakı" qəzetinə gedəndə məhv olmusan.Təbii, ağır şeydi.Amma...
   
   -Elçin bir daha soruşur : sən indi jurnalistikanı necə görürsən?
   
   Yenə də o nazlı-tozlu qız məsələsini ortaya atır.
   
   Zöhrab: Təbii ki, jurnalistika təkcə Azərbaycan mətbuatından ibarət deyil.Moskvaya gedirsən, oradakı abi-havanı görürsən və orda çıxan qəzet... okeanının içində boğulmamaq üçün yol axtarırsan.Maraqlı burasıdı ki,orada adam yazmaq haqqında fikirləşmir, oxumaq haqqında fikirləşir, içini doldurmaq üçün oxumaq haqqında fikirləşir.Nə qədər gözəl yazılar, nə qədər gözəl qəzetlər çıxır.Azərbaycan mətbuatında o şeylər yoxdu.Bizim mətbuatımızda bir az meyar itib və dünən əlinə qələm alan birisi bir ənnik-kirşan çəkir və redaktor da onun əlinə bir maqnitafon verir, get, bala, get işə başla.Hərəyə bir vəsiqə verilir və sən redaktorsan deyilir,qəzetçisən, jurnalistsən deyilir.O gözəl qız indi çındırı çıxmış bir qarı kimidi mənim üçün.
   
   - Elçin Hüseyinbəyli xatırladır ki, sən demə Zöhrab nə vaxtlarsa şeir yazıb və onun dediyinə görə o şeirlər heç də pis olmayıb və Zöhrab təbii ki,bu məsələni ağartmaq istəmir və bir həvəs olaraq yazılan bir şeir kimi bunun üstündən keçmək istəyir.Amma Elçin inad eləyir və hətda o şeiri Nüsrət Kəsəmənlinin bir şerinin təsiri ilə yazdığını da əlavə edir:Nüsrətin "Açılma sabah, açılma" şerinin təsiri ilə yazıldığını vurğulayır və Zöhrab yazmışmış ki, sabahın nə günahı var.Biz o şeri çap edərik, o şerin səndə əl yazısı dururmu,biz onu Retro rubrikamızda verə bilərik, sənin əl yazın durur?
   
   Əslində Elçin bu sualı belə qoymaqla Zöhrabdan daha ciddi bir ədəbiyyat məsələsini də soruşur.Daha ciddi ədəbiyyat,daha ciddi yaradıcılıq onu daha çox düşündürür.
   
   -Zöhrab: Mən çox səliqəsiz adamam, sən indi mənə desən ki sənin yazılarından birini yenidən çap edək, vallah, o yazını tapmaq mənim üçün müşkül bir iş olar. Mən çox pinti və səliqəsiz adamam.
   
   - Elçin:İnad etmə, söhbət o dövrün populyar bir şerindən gedir və bu da o dövrü xarakterizə etmək üçün bir detaldır. Mən indi bilmək istəyirəm ki, Zöhrabın ədəbiyyata və ədəbi yaradıcılığa münasibəti bir həvəs idimi, yoxsa başqa cür.
   
   - Zöhrab: O şeir ötəri bir həvəs idi.Vəssalam.Təxminən üç, dörd il davam etmiş ötəri bir həvəs.
   
   - Tofiq: Sən bir ali məktəbə müəllim olaraq çağırsalar, inşallah çağırmazlar, gedərsənmi?
   
   -Zöhrab: Yox, getmərəm.Mən pinti bir şeyəm, pinti bir yazaram. Bir şey deyim, Şirməmməd müəllim bir dəfə sinfə girdi, Molla Nəsrəddinin 90 illiyi idi və ordan bir şey oxumağa başladı və dedi : deyib e... Onun bir şakəri vardı, oxuyurdu bir şeyi, sonra deyirdi: deyib e... Mən dözmədim, dedim : nə deyib e, Şirməməd müəllim, bax ha...dedi,- Şirməməd müəllim,mən davam etdim: yox, Şirməməd müəllim, kişi 90 il öncə deyib, indi bir əsrə yaxın vaxt keçir, nə dəyişib o dediklərindən.Bu millət bir əsrdi yarım addım qabağa getməyib.Faciə qarşısındadı.Mən həmişə Allaha yalvarıram ki, məni bu Azərbaycan adlı xarabadan qırağa buraxma, amma gedib Moskvanı gəzəndən sonra Azərbaycan bir kanalizasiya borusu kimi gəlir insana.Burda acından ölmərəm, bir tikə çörək taparam, yox... burda yaşamaq olmur.Burda küçəyə çıxıb rahat gəzmək olmur.Baxırsan, ağzı qara birisi qadın bilmir, uşaq bilmir, dəhşətli bir söyüş söyür və mən dəli oluram.
   
   - Bəlkə sən çox irəli getmisən...
   
   -Zöhrab: Baxın, mənə dəli deməyin,amma mən həmişə bu cəmiyyətdən qabaqda olduğumu hiss eləmişəm.Mən çox istərdim bir dağın çobanı olum, qoyunumu otarım, tövləmi təmizləyim,amma tale başqa yerə apardı məni. Mən də bu cəmiyyətin adamları kimi yaşamaq istəyirəm.Bir şeyin yazılmasını çox istərdim, bir az öncə qəzet məsələsi danışdım.Mən o qəzeti buraxmaq üçün qardaşlarımın 6 min dollarını göyə sovurdum, halbu ki o pulla mən kiçik bir dükan açardım,nə bilim bir şeylər eləyərdim və yaşaya da bilərdim.Təbii ki,bir çox məqamlarda düşünümək olar ki, qəzet işi alver eləmək işindən asandır, amma burada bir ata uşağı üçün bir şey eləyə bilmirsə bu faciədir.Bu da var, Allah heç kimə mənim Moskvada yaşadıqlarımı göstərməsin.Ehtiyac adamı qabağına qatır.Sən gedib Moskavaya çıxırsan, oturub arvad donu satırsan satırsan,eh nə bilim daha nələr...
   
   -Elçin : Bax, hər halda Azərbaycan imicini dünyaya tanıtmaq istəyən vicdanlı,namuslu adlar da var.Niyə onlar bir iş görə bilmirlər? Niyə onlar əzab içində yaşayırlar? Onlar sağlam, güclü bir millət istəyirlər.Bu bir faktdır ki, ədəbi publisistika ilə məşğul olan insanlar, milli mənəvi dəyərləri qiymətləndirən inasanlar hər zaman ehtiyac içinə düşürlər.
   
   -Zöhrab: Ən böyük faciə odur ki,sən hansı duyğularla, hansı düşüncələrlə işə başlayırsan,amma nə alınır.Gedib düşürsün bataqlığın ortasına və burdan çıxmaq imkanı yoxdur.İnanın ki, o boyda Moskva bazarında bir normal,sağlam düşüncəli adam tapa bilmirsən ki, onunla oturub dərdləşəsən, fikirlərini bölüşəsən. Rəqabət Azərbaycan insanlarının öz aralarındadır. Deyirlər: daha iki meyit gəldi, daha üç meyit gəldi.Bunları eləyənlər hamısı özümüzkülərdir.Kim daha çox qazanacaq davası gedir.Heç kim Azərbaycanın düşməni- zadı deyil.Bax,Elçin, Mahir bir şeyi düzgün vurğuladı, yəni profesinallar geri çəkilməyə məcbur olanda, kimsə gəlib onların yerini doldurmalıdı.İndi gözəl profisonal yazar olan Hikmət Sabiroğlu bədbəxt oğlu bədbəxt nə etsin, hara getsin?Onun kimi bir jurnalist qalıb havada və biz bir çox şeylərin qabağını ala bilmədiyimiz kimi bunun da qabağını ala bilmədik.
   
   -Zöhrab, görüşümüzün sonuna yaxınlaşırıq və bu yazını oxuyan elə bir adam ola bilərmi ki, desin: axı, bu Zöhrab Əmirxanlı kimdi ki, onun haqqında bu qədər danışırlar və yazırlar.Elə adamlar ola bilərmi?
   
   -Zöhrab: Mənim çəkim, boyum balaca, amma mən jurnalistikada çox böyük adamam.Kim nə deyir, desin.
   
   -Sən alın yazısına inanırsan?
   
   -Zöhrab: Yox, inanmıram.
   
   -Bəs o zaman sən bu uğursuzuluqlarını nədə görürsən?
   
   -Zöhrab: Tofiq müəllim, bilirsiz, nə təhərdi, mütləq bir bacarığın olmalıdı,zamanə adamı olmalısan, adamlarla yola getmək lazımdı.Baxın, bir "Şans" qəzeti yaratdıq və ora mən özümün şərtlərimlə ən yaxış jurnalistləri topladım : Azər Hüseyinbala, Qulu Ağsəs, Laura xanım Cəbrayıllı, Qurban Yaquboğlu, Sədi Əfəndi... Qəzeti buraxmağa başladıq, şərt də bu: adamlara 200-250 dollar maaş verəcəyik.Və razılaşdılar, maaş günü gələndə çıxarıb 5-6 şirvan pul verdilər.Dedilər : sonra olacaq.Olmadı.İndi necə işləmək olar. Ən tərbiyəsizlik odu ki,bu işləyənlərin pulu ilə gedib iyrənc şeylərlə məşğul olurdular. Mir Şahin bir gün dedi: sən hələ də sadəlövh olaraq qalmısan.
   
   
   
   ***
   
   Bioqrafyasından: Şamaxıda doğulmuşam, 46 yaşım var. Şamaxı Pedoqoji Texnikumunu qurtarmışam, üç il müəllim işləmişəm, 82-ci ildə Bakı Dövlət Unversitetinə girib 87-ci ildə jurnalistika fakültəsini bitirmişəm və ilk dəfə "Bakı" qəzetində işləmişəm, sonra "Respublika" qəzetində, "Səhər" qəzetində, "Millət" qəzetində işləmişəm, "Hürriyət"in Baş redatkoru olmuşam, ordan gəlmişəm "Azadlıq"a, 4 il "Azadlıq"da işləmişəm, sonra "Müxalifət" qəzetində çalışmışam, sonra gedib Mokvada "Üçüncü Azərbaycan" qəzetini buraxmışam, qayıdıb "Millət" qəzetində üç ay Baş redaktor olmuşam. Həyat yoldaşım jurnalistdi,beş il bir yerdə oxumuşuq, iki qızım bir oğlum var, Allah sizinkiləri saxlasın.Bir qızım Dövlət Unversitetində, bir qızım Əzim Əzimzadə adına Rəssamlıq texnikumunun dizayner fakultəsində oxuyur. Oğlum Mətin də balaca kişidir.

TƏQVİM / ARXİV