adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

"YEDDiNCi QATdakı Yaradıcılar

TOFİQ ABDİN
25126 | 2010-05-15 01:54
Yazar Laura xanım Cəbrayıllının kitabının təqdimatı çoxdan olub.(Yeri gəlmişkən təqdimatı Yazarlar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid aparsa da, kitabın tanıtımı tamam ayrı bir məkanda gercəkləşdi).Bu kitab haqqında cağdaş tənqidimizin öncüllərindən biri Cavanşir Yusifli də gözəl bir məqalə yazdı. O Cəvanşir Yusifli ki, hər kəsin haqqında yazmır və şəxsən mənim haqqımda bir kəlmə də olsun yazısını oxumamışam.Bu sıradan onun qələminə tuş gələn yazar insanını mən bir növ xöşbəxt hesab eləyirəm.Bunu elə belə demirəm.Həqiqətən bu belədi.Anlatmaq istəsəm uzun bir hikayətidi.Doğrudur bu yaşımda və bu halimdə haqqında yazı yazılmaq üçün sino gedən bir insan olmasam da, Cəvanşir kimi bir qələm sahibinin yazısına düşmək çox zor bir işdi.
   
   Laura xanımın da kitabı nə zamandı ki,masamın üstündə idi.Yavaş-yavaş oxuyurdum.Yalan danışa bilmərəm ki,bir nəfəsə oxudum. Bir şeylər girdi araya mən bu kitabı oxuduğum günlərdə. Havalar bir az pis keçdi,özümü bir az narahat hiss elədim.( Vah dədəm, vah, deyəsən...). Oxduqca gördüm ki,bu insanlar hamısı mənə tanışdı.Bəziləri artıq yoxdu.Bu yoxluq da mənim içimi ovurdu.Bəzən də yüksək qan təzyiqi mane olurdu ki, bu kitabı daha tez oxuyub qurtarım.Vəziyyət get-gedə yaxşılaşdı və mən Laura xanımın publisistika ədəbiyatımızın ən gözəl kitablardan biri kimi sevdiyim yazılar toplusu, içimin rahatlanması üçün xeyli kömək etdi və hətta bu sətirləri yazdığım anda da həyacan məndən əl çəkmir.Oxuduqca gördüm ki,Laura xanımın qəhrəmanlarından bəzilərinin itgisi mənim ovqatıma bir az da olsa işıq salmaqla, düşüncəmdəki sıxıntılardan xilas eləyir.Bu xanım əfəndinin qələminə rast gələn insanlar bizim torpağımızın dəyərli insanları və ən başlıca da budu ki,qələm sahibinin kiminlə söhbət etdiyini bilsən belə,bəzən caydırıcı məqamlar olsa da.Yəni bu böyük bir kitabda bəzən kiminsə xoşuna gəlməyən məqamların olması da bu kitabın dəyərini artırmağa xidmət edir.
   
   Xanım əfəndi Yazardı.Mən onu kiminləsə də müqayisə etmək istəməzdim.Çünki bizim publisistikamızda yazar qadınlarımız var və publisistika ilə məşğul olan çox az sayda yazar qadınımız var ki, onların qələmi çağdaşlıq üstündə köklənmişdir və əsil ədədbi nümunələr kimi diqqəti çəkir.Laura xanım Cəbrayıllının da yazdıqları bu sıradandı.Bu orjinal yazarın orjinallığına toxunmamaq üçün mən də tamam arı bir yol tutum. Kitabın məsul redaktoru şair Qulu Ağsəsdən və Laura xanımı tanıyan daha iki yazarımızdan Laura xanım və kitabı haqqında soruşdum.Davamı aşağıda.
   
   -Belə eləyək Qulu Ağsəs. Sənin bir fikrin mənə heç rahatlıq vermir. Bu kitabın təqdimatında sən bir şey dedin. Dedin ki, bu kitab haqqında yazılmasını istərdim və ya deyəsən dedin: bu kitab haqqında yazılmağa layiq kitabdı. Nədən bu fikirdəsən?
   
   - Nə dediyim yadımdadı, dedim ki, bu kitab haqda məmnuniyyətlə yazardım, əgər müəllif Laura Cəbrayıllı olmasaydı. Çünki əminiydim ki, tədbirə gələnlərin çoxu ürəyindən keçənləri kompüterə köçürməyəcək, qələmə almayacaq, danışıb dağılacaqlar. Mənsə bəlli səbəbdən susacam. Yox, tənbəllik öz yerində, mentalitet məsələsi. Odur ki, nikahdan əvvələ qayıdıb deyirəm: "Yeddinci qat" müəllifin zəhmət və ləyaqətlə adladığı mərhələdi. Mən, bu kitaba çəkilən zəhmət və əziyyəti öz gözləriylə görən adam kimi, tam arxayınlıqla deyirəm. Əslində "Yeddinci qat" da kitab çap eləmək niyyəti yoxdu, yazı yazmaq azarı var. Şairlər də belədi: kimi şeir kitabə yazır, kimi şeir. Axırı ikisi də kitab olur, düzdü, amma mən ikincilərin tərəfindəyəm! Şeir (yazı) yazanların.
   
   -Kitabın bir redaktoru var və bir də üstəlik sən məsul redaktorsan. İndiki məqamda redaktor deyilən bir şəxs artıq get-gedə aradan çıxır və belə bir məqamda sən konkret olaraq redaktor kimi bu kitabda hansı işlə məşğul olmusan. Adətən redaktorlar naşı adamlar və yazı işindən uzaq insanlar üçündü. Mən belə düşünürəm.
   
   - Kitabın redaktoru, dostum Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini, həm də "Avrasiya Press" nəşriyyatının rəhbəri olduğundan onu redaktəylə məşğul eləmək onsuz da mümkünsüz bir şeydi. Mənim məsul redaktorluğumsa ortada yeyib, qıraqda gəzməyə oxşayır. Hərçənd bacardığımı elədim: bir neçə gün evə tez gəldim, çox hay-küy salmadım, Alsunu həyətə apardım ki, Laura rahat işləyə bilsin. Hələ evə çörək almağımı demirəm!
   
   -Pubisistikanın bir çox sahəsi var və bu kitabda da əsasən sənətə və yaradıcılara aid yazılar topalanmışdır. Eləsə, bu kitabı publisistikanın hansı janrı hesab edirsən?
   
   - "Yeddinci qat" insan haqqında yazılmış kitabdı. İnsan hansı janrdadı, görəsən? Məsələn, Xudu Məmmədov, yaxud Vidadi Məmmədov? Bilmirəm! Bu kitabda janr axtarmaq vaxt itkisi olardı. Birdən heç tapmadın?! Amma başqa şeylər var. Məsələn, bu kitabı oxuyandan sonra arxayın ola bilərsən ki, bir gün səndən də heç vaxt görmədiyin qələm adamı nəsə yazacaq.
   
   -Mən bu kitabı oxuduqda inan ki, sənin aksentini bəzən hiss eləmişəm. Bu kitabın yazarıyla Sizin yaxın bir adam olduğunuzu bilmədən də, redaktor olduğunuz üçün sizin təsiriniz duyulmaqdadı. İstəsən, misallar deyə bilərəm. Və yazarın özünün yazdıqlarından elə çıxır ki, onun qələm tutmasında şair Vaqif Cəbrayılzadənin az köməyi olmayıb. Bu kitaba redaktorluq edəndə bu meylləri hiss etmisənmi?
   
   - Ruhi yaxınlığı dana bilmərəm, aksentlərimizsə tamam ayrıdır. Biz - bir evdə yazan iki adamıq! Nida! Vaqif Bayatlı isə onu radioya işə götürüb, ona öz balası kimi baxıb. Qələm tutmağa gəlincə, onu ancaq adam özü tutur.
   
   -Publisist yazar üçün bütün keyfiyyətlər bu kitabın müəllifi xanım əfəndidə var və sənətin müxtəlif sahələrinin insanları ilə söhbətlərdə onun geniş erudusiyası hiss olunur. Bu erudisiyanın hardan qaynaqlandığını izah etmək mümkünmü?
   
    - Orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmək üçün indi bilmirəm, əvvəllər gücə-gündüz oxumalıydın. Üstəlik, erkən radiojurnalistika fəaliyyəti, ədəbi mühitlə yaxınlıq, son illərsə internetlə gündəlik təmas. Fikrimcə, mənbə açıqlandı.
   
   -Belə gözəl kitabların kitablar okeanında üzüb sahilə çıxması var, mən buna tam əminəm. Amma belə kitablırın dəyəri verilməyəndə, insan bir az rəncidə olur. Nə eləmək olar ki, bu okeanda görünmək imkanın çox olsun?
   
   - Okeanda görünmək üçün mütləq gəmi kapitanı olmalısan. Yoxsa, balina da olsan, xeyri yoxdu. Bir də, hava da görünmür, amma onun varlığını dana bilməzlər ki!..
   
   -Məsul redaktor kimi Laura xanımın kitabındakı yazı adlarında sənin bir başa ad qoymaq imkanın olubmu? Çünki bəzi adlar çox poetik və çox diqqəti çəkəndir və mən də ad məsələsinə çox fikir verən bir insanam. Məsələn, Laura xanımın kitabındakı bəzi adara baxaq: "Şimali Azərbaycanın cənubu", yazar Yaşarla müsahibənin adı : " Mən hekayələrimi yəhudi kimi yazıram". Və ya "Vaqif Bayatlı Odər : 1994-1998" və sairə.
   
   - Yox, olmayıb, heç Lauranın sözünə toxunmaq olmur, o ki qaldı başlıq! Bir də deyirəm: biz ailədə bir, yazıda iki adamıq.
   
   
   
   Daha iki yazar nə dedi:
   
   
   
   Etibar Cəbrayıloğlu: (Qəzetimizin yazarı)
   
   
   
   -Dəyərli dostumuz Tofiq abi telefon açanda "Yeddinci qat"da idim. Laura xanım "Yeddinci qat" adlı ilk kitabını Qulu Ağsəslə mənə göndərəndən onun bu sovqatı əlimdən düşmür. Demək olar ki, hər gün varaqlayıram. Sabir Əhmədlini, Elçini, Anarı, Vaqif Bayatlı Odəri, Kamil Vəli Nərimanoğlunu, Flora Kərimovanı, Rafiq Əliyevi, Həsən Turabovu, Rasim Balayevi, Yaşarı, Mehdi Bəyazidi, Aqıq Mahmud Ələsgəroğlunu, Məmməd Nazimoğlunu, Zöhrab Əmirxanlını, Mənsum İbrahimovu... bir daha, daha yaxından tanıyıram.
   
   Ən çox redaksiya dəyişən qəzetçilər arasında yarış keçirilsəydi, mən bəlkə də ən ön sıraları tutardım. Nə yaxşı ki, o redaksiyaların arasında "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetləri də oldu. Laura xanımla da həmin redaksiyalarda birgə çalışdım. Elə jurnalistlər var ki, nə vaxtsa onunla bir redaksiyada çalışdığını gizlətmək istəyirsən. Laura Cəbrayıllı imzası olan elə bir jurnalistdi ki, bir zamanlar onun redaktoru olduğunu fəxrlə deməyə dəyər. "Yeddinci qat"da mənim çox kiçik də olsa əməyim keçən bir neçə yazıya rast gəldim. Necə deyim ki, sevinmədim...
   
   Qəzetçi olaraq fikrim bundan ibarətdi ki, bu gün Laura Cəbrayıllı kimi dəyərli mədəniyyət yazarlarına ciddi ehtiyac var. Dəyərli mədəniyyət xadimlərinin özünə ehtiyac olduğu kimi. Hər halda jurnalistika yenə bir adım öndədi. Jurnalistika Laura Cəbrayıllını çoxdan tapıb. Ədəbiyyat isə onu hələ də axtarır.
   
   Laura özünün qələmi, qələminin ucunda sözü olan iş yoldaşı kimi də, dostum Qulu Ağsəsin xanımı kimi də mənim üçün həmişə dəyərli olub. Amma bir məsələ mənim özümçün maraqlıdı. Bir neçə il öncə Laura xanımla yenidən bir redaksiyada çalışmaq fürsətimiz yaranıb. Namizədliyim müzakirə olunan məqamda nədənsə Laura xanım mənimlə birgə çalışmaq istəmədiyini bildirib.
   
   Nə isə, belə şeylər məni "Yeddinci qat"dan ayıra bilməz.
   
   Bizi "Yeddinci qat"a aparana uğurlar!
   
   
   
   Zöhrab Əmirxanlı (Publisist)
   
   
   
   -Deyirlər, Allah bəndəsini xəlq eləyib yer üzünə göndərəndə onun alnına missiyasını da yazır. Görünür, Tanrı Laura xanımı yaradanda bekar imiş ki, onun zərif çiyinlərinə ən ağır, eyni zamanda ən şərəfli yükü - insanları duymaq, sevmək və onlara müsbət enerji paylamaq yükünü qoyub. Laura daxili aləminin bütün zənginliyi, ürəyinin böyük tutumu ilə gözəldi! "Hələ dünyanın axırı deyil" qənaətinə gəlmək üçün onunla lap qısa, ötəri söhbət də bəs eləyir...
   
    Lauranı qardaş bacısını, ata qız övladını nə qədər istəyirsə, elə o qədər istəyirəm!.. Allah şahiddir ki, uzun illərdən sonra Alsusu dünyaya gələndə də, "Yeddinci qat"ı kitab eləyib ərsəyə gətirəndə də ən çox sevinənlərdən olmuşam.
   
    "Yeddinci qat"da cəmlənən yazıların əksərini müxtəlif vaxtlarda və müxtəlif nəşrlərdə oxumuşdum. Amma bu yazıları toplu şəklində görməkdən və birnəfəsə oxumaqdan tamam ayrı ləzzət aldım. Lauranın söz seçiminə, fikir, düşüncə rəvanlığına, usta deyimlərinə heyran oldum. Ən əsası isə məni bütün yazılarında qırmızı xətlə keçən SƏMİMİYYƏT kövrəltdi.
   
    Nə yazıq ki, ömür çox qısadı və səd heyf ki, Lauranı da çox sevdiyi nakam dostlar - Hüseyn Əfəndi, Məmməd Nazimoğlu, Adil Qaçayoğlu... daha bizimlə deyillər. Laura xanım bu taleyikəm qardaşları barədəki qısa və lakonik yazılarında ağısını əsl bacı kimi deyib. Oxuyursan və ürəyin qana dönür...
   
    ... Əfsus ki, bu xarabada kitab oxuyanların sayı barmaqla sayılası qədər azdı. Yenə də min əfsus ki, elə bu səbəbdən "Yeddinci qat" kimi kitabların tirajı az olur. Yoxsa, gör, nə qədər nadanı adam eləyib adam sırasına qoşmaq, neçə köntöyü, nadürüstü rəndələyib, cilalayıb Allahın normal bəndəsi məqamına qaldırmaq olardı.
   
    Dostumuz Əlisəmid düz deyir, Lauranın kitabı adamı uzaqdan çağırır ki, götür məni oxu. Sənin kitabın duyanlar üçündür, Laura xanım!
   
    Tanrının nəzərləri üstündən əskik olmasın!
   
    Belə böyük və işıqlı ürəyinə görə var ol!

TƏQVİM / ARXİV