adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

RƏSUL RZA iLƏ üZ-üZƏ və RƏSUL RZA HAQQINDA - 3

TOFİQ ABDİN
22199 | 2010-05-01 04:33
Qısa bir açıqlama :
   
   
   
   ...Altmış altıncı ildir. Pasportumdakı doğum günü qeydiyyatını doğru sansaq, iyirmi beş yaşım var. Bu iyirmi beş yaşın on yeddisini Bakıdan çox uzaq bir kənddə keçirmişəm: orta məktəbdə oxumuşam, çilingağac oynamışam... pambıq yığmışam və məktəbimizdə keçirilən bədii gecələrdə şeir söyləmişəm.
   
   ...Bütün bunları ona görə təkidlə yazıram ki, başqa cür də ola bilərdi. Ancaq ona sevinirəm ki, gec də olsa dünyada çox şeylərin olduğunu gördüm. Eşitdim, öyrəndim. Və gec də olsa (bəlkə də heç gec olmayıb) mən həqiqi, bədii Ədəbiyyatın nə olduğunu anlaya bildim.
   
   Anlaya bildim ki, Nazim Hikmət var, Fet olub, Tutçev olub, Pasternak olub, Erenburq olub...
   
   Bir də Rəsul Rza var! Və xatırlaya bilmirəm ki, ilk dəfə Rəsul Rzanın hansı şeiri məni sehirləyib (sehrsiz təqlid çətindir). Və mən bu şairin yaradıcılığına üz tutmuşam. Uzun və qısa Bakı gecələrində, gözəl Bakının gözəl və qəşəng imarətlərində yox, səliqəsiz tikilmiş "naxalastoy" deyilən (türkcəsi belədi: gecəqondu) komalarda İŞIQLI günlər ümidiylə işığı tez-tez sönən əyri-üyrü evlərdə bu şairin şeirlərini oxumuşam, oxumaq bir yana, öyrənmişəm, sonra Bakı çayxanalarında bu şair üçün dava-dalaşlı mübahisələrə girmişəm.
   
   Udmuşam.
   
   Uduzmuşam.
   
   Nə olaydı qayıda biləydim o günlərə.
   
   Altmışıncı illərə.
   
   Ancaq təəssüflənməyə dəyməz.
   
   Əlli dörd yaşlı CAVAN bir şairin şeirləri haqqında İYİRMİ BEŞ yaşlı kəndçi balasının (belə deyək) düşüncələri, yaxşı ki, sonralar işıq üzü görür.
   
   Bunun üçün mən bu günkü ədəbi mühitimizin yaxşı, mərd kişilərinə və yaradıcılığına minnətdaram.
   
   GƏLƏCƏYİN BÖYÜK ŞAİRİ
   
   
   
   Və yaxud novruz güllərinin ömrü əlimizdə deyil.
   
   Ədəbi mühitimizə nəzər saldıqda, ədəbi mühitimizlə maraqlanan adamların söhbətlərini dinlədikdə həqiqi mənada adamın gözləri dörd olur. Ədəbiyyatda səsi olmayan, dərnəklərdə məşğul olan cavanlardan tutmuş, ta ki, yaşlı yaradıcılarımızadək heç kəs Rəsul Rzanın böyük şair oluduğunu inkar etmir.
   
   Doğrudur hamı deyir : R.Rza gözəl şairdir. Lakin ondan öyrənməyə gələndə çoxları etiraz eləyir. Hələ heç kəs deyə bilmir ki, Rəsul Rzadan nəyi öyrənmək olar və necə öyrənmək olar? Niyə görə o çox böyük şairdir? Deyə bilmirlər, ya da demək istəmirlər. Lakin elə düşünməyin ki, biz bunu isbat etməyə çalışacağıq. Bizə qalsa ondan öyrənirik.
   
   Nəyi?
   
   Yazılardakı hər şeyi! Hər cəhəti! Özü də sevə-sevə öyrənirik...
   
   Rəsul Rza bizim təsəvvürümüz, bizim düşüncəmiz, dünyagörüşümüz üçün son illərdə doğulmuş şairdir. Rəsul Rza öz ətrafında söz-söhbət yaratmağıyla üzərinə çox böyük məsuliyyət götürmüş oldu. Bu məsuliyyət nədir? Məncə, yeni yaranan ədəbiyyatın və onu yaradacaq gəncliyin hərtərəfli inkişafı üçün yol açmaqdır. Rəsul Rzanın son illərdəki yaradıcılığı heç bilirsinizmi nəyi xatırladır? BUZQIRAN GƏMİNİ. Doğrudur, buna dodaq büzənlər də olar. Əlbəttə, biz istehza ilə dolu olan bu şansı başa düşürük. Bu bizə Rəsul Rzanın çox gözəl, çox mənalı, vaxtında yazılmış şeirini xatırladır.
   
   
   
   Dəliyə bax, dəliyə
   
   Baharlanıb, çöl-bayır.
   
   Dəliyə bax, dəliyə
   
   Xalq gülür, o ağlayır...
   
   
   
   ...Aydın həqiqətdi ki, gənclik öyrənməliydi. Ancaq kimdən öyrənməliydi? Hər kəs öz istədiyi şairdən. Bu da aydındı. Çoxları üçün öyrənə biləcək adam var idi. Lakin çoxu üçün yox. Bəs elə isə bu "yoxluğu" kim doldurmalı idi? Bunu bir nəfər eləməliydi. Kim olur-olsun!
   
   O bizdən irəlidə olmalı idi, xalqın ardınca yox, onun qarşısıyla getməliydi.
   
   Bəli, biz Rəsul Rzadan öyrənirik. Rəsul Rza irəlidə dediyimiz kimi, ədəbiyyatda buzqıran gəmi rolunu oynadı.Bəzən qalın buzların dərinliyindən çox şeyləri görmək olmur.Buz örtüyü, əlbəttə, çox qalın olduqda. Rəsul Rza bizimlə həyat arasındakı buz örtüyünü qırdı və həyata açıq gözlə baxmağı bəxş etdi. Diqqətlə baxıb gördük ki, ilahi, nələr varmış, nələr! Öz-özümüzə nifrət elədik. Bu uzun illəri, alma boyda gözlərimiz ola-ola, kor kimi qaldığımız üçün, özümüzə nifrət elədik.
   
   Rəsul Rza açıq gözlərin korluğunu sağaltdı. Aydın həqiqətdir ki, indi kor gözləri sağaldırlar. Lakin faciəlidir ki, açıq gözlərin korluğundan çoxumuzun xəbəri yoxdur...
   
   Gənclik bu şairin "kəşf etdiyi notlar"ın səsi altında nəsihətçilikdən, hay-küydən, çığır-bağırdan, boğazdan yuxarı tərifdən uzaqlaşdı. Hər şeydən əvəl Rəsul Rza həm öz yaradıcılığını, həm də gəncliyini yaradıcılığını qəflət yuxusundan ayıltdı.
   
   Onun şeirlərinin ən gözəl cəhətlərindən biri danışıq dilinə yaxın olmasıdır. Onları danışıq dilindən ayırmaq çətindir. Rəsul Rza yaradıcılığında dəfələrlə eşitdiyimiz ifadələrə yox, tamamilə yenilərinə rast gəlirik. Daha elə bir şey qalmayıb ki, İliç lampalarını ona bənzətməsinlər. Lakin Rəsul Rza görün onları nəyə bənzədir.
   
   
   
   Dənizin gecəsinə bənzəmir
   
   sahil gecələri.
   
   Sahildə qatar-qatar düzülüb
   
   günəş nəğməsinin hecaları.
   
   
   
   Qəti surətdə inanmaq lazımdı ki, Rəsul Rzanın yaradıcılığandan öyrənən hər bir adam itirmir, əsla itirmir, əksinə, qazanır: savad, yeni düşüncə, yeni duyğu, yeni insan.
   
   Dövrü mətbuatdan oxuyanda ki, şairimizin səsi uzaqlardan gəlir, sevinirik. Bəzən hər hansı bir qəzetimiz yazanda ki, Kanada, Çili və s. ölkələrdə azəri şairi Rəsul Rzanın şeirlər kitabı çap olunub, əlbəttə, buna da sevinirsən. Və həmin günün səhərisi görürsən ki, bir nəfər özündən müştəbeh qələminin ucunu yontayıb həmin şeirləri tənqid edir. Özü də necə tənqid? Soruşan gərək, a balam, niyə başqalarını özünüzə güldürürsünüz? Axı ayıbdır.
   
   İndi fəxr etdiyimiz adamları barmaqla saymaq olar. Biz bu adamları sevə-sevə öyrənməliyik, dinləməliyik, oxumalıyıq. Özümüzü tərbiyə etməyi bacarmalıyıq. Halbuki arxaikliyimizlə özlərinə dərs veririk.
   
   Adətən Rəsul Rzanı və o cümlədən ondan öyrənən gəncləri bəzən guya ənənəni davam etdirilməsi üstündə günahlandırırlar. Lakin başa düşmək olmur ki, bunlar hansı ənənədən danışırlar. Hansı ənənənin tərəfdaşlarıdırlar? Rəsul Rza və onun şeirlərindən öyrənən gənclər məhz bizim şeirimizin ən gözəl ənənələrini davam etdirirlər. Əlbəttə, bu, davam etdirməkdi, ənənəçilik deyil. Mən dəfələrlə eşitmişəm, Rəsul Rza etiraf edir ki, Sabirdən daha çox öyrənir.Əlbəttə, Rəsul Rza satirik şair deyil. Lakin biz onun Sabirdən öyrəndiyini və necə öyrəndiyini çox yaxşı başa düşürük. Sabir kimi şeir yazmaq, onun şeir formasından istifadə etmək ənənəni davam etdirmək deyil, daha dəqiq desək, ənənəçilikdir. Digərinin yolunu gözü yumulu getmək ənənə deyildir. Biz ənənəni bu gün borş yeməklə pozmuruq, darbalaq şalvar geyməklə pozmuruq. Buna görə də bu gün Rəsul Rza sərbəst vəzində şeir yazırsa, bu o demək deyil ki, onun şeirləri azəri şeirinin ənənələrinə yaddır.
   
   Biz Rəsul Rza şeirinin ənənəni davam etirməsini onun vəznində deyil, şeirlərinin siqlətində, ritmində, mənalarında, fikirlərin genişliyində, hadisələrə münasibətiylə yanaşılmasında axtarmalıyıq. Ənənə Rəsul Rza şeirinin misralarında gizlənir, epitetlərində gizlənir. Əgər Rəsul Rza azəri şeirini və poeziyasını bugünkü oxucuların səviyyəsinə qaldırırsa, deməli, bu poeziya dünənki:
   
   
   
   Məzlumların göz yaşı
   
   dərya olacaqmış
   
   Dəryaları, ümmanları
   
   neylərdin, İlahi.
   
   
   
   poeziyasının doğma balasıdır. Qanı onun qanındandır. Görümcə ata öz oğluna oxşamaya bilər. Bu böyük həqiqəti inkar eləmək olmaz. Lakin bu o demək deyil ki, oğul atasının familiyasını daşımır. Rəsul Rza şeiri Füzuli, Sabir şeirindən forma cəhətdən fərqlənirsə də, tutum, dəyər mənalarına görə onların davamıdır. Elə buna görə də Rəsul Rza şeirlərində ənənə axtararkən həmin şeirlərin mənasına enməliyik.
   
   Rəsul Rza müəyyən hadisələrə və obyektlərə yanaşarkən heç də onlar haqqında öz hökmünü vermir. Bütünlüklə o yanaşdığı obyektin fövqündə dayanır və ona adi adam və sənətkar gözləriylə yanaşır. Məsələn, biz indi onun iki şeirini misal gətirəcəyik. Doğrudur, bu şeirlər o qədər də seçilən deyil, hər halda onlar haqqında danışmağa dəyər. Bunlardan biri "Susuzluq" adlanır. Artıq yuxarıda dediyimiz kimi, burda müəllif yandım, of yandım, su, su - deyə qışqırmır. Məhz bu misralar dodaqların cadar-cadar olduğunu söyləyir.
   
   Şeirə müraciət edək:
   
   
   
   Ağ hörümçək toru sallanıb
   
   havadan
   
   Bulud qara, yer qara, tor ağ,
   
   Yarpaqlar titrəşir, pıçıldaşır
   
   Yağış yağ, yağ.
   
   
   
   Mənə elə gəlir ki, hər şey aydındı. Digər bir şeir "Vaxt" haqqındadır. Yuxarıdakı şeir üçün dediklərimizi buna da aid edə bilərik. Burada da müəllif ah-vay etmir ki, zaman gedir, yaman gedir, tutun saxlayın zamanı. Yox. Bu şeirdə hər şey çox dəqiq ölçülüb, müxtəlif ömürlərin yolu bir vərəq üzərində səpələnmişdir.
   
   İlkin gördüm onu
   
   saçlar nə saç!
   
   Gözlər nə göz!
   
   Dodaqlar nə dodaq!
   
   İnsan şəklinə girmiş
   
   alovlu bir qadın ehtirası
   
   Dantenin, Beatriçası,
   
   Tisiyanın Venerası,
   
   Füzulinin Leylası
   
   ...Rast gəldim
   
   Saçlara,
   
   gözlərə,
   
   dodaqlara baxdım.
   
   hey, hey
   
   hanı o bir qüvvət,
   
   hanı
   
   Canlandıra yenidən
   
   Beatriçanı,
   
   Veneranı,
   
   Leylanı.
   
   
   
   Bəli, məhz bizim poeziyamız belə bir həqiqət üçün borcludur.
   
   Rəsul Rzanın bütün şeirləri, hətta ən zəif şeiri belə danışmaq üçün imkan verir. Poeziya da onun üçün yaranır ki, onun haqqında danışasan, mübahisə edəsən, onu alqışlayasan, inkar edəsən!
   
   Dünən uzaqlarda hardasa bir insan öldürdülər. Ölümünü üzünə oxudular. O isə sakit-sakit uzaqlara baxdı. Onun ölümünə səbəb olan nə idisə, ona həmin uzaqlardan əl elədi. Və təəssüfləndi: "Mən səni belə düşünməzdim. Səni gözləyirdim, lakin sən çox tez böyüdün və yox oldun. Nə etmək olar, sən hardasa olduğunu kiməsə bildirdin, bildirdin ki, sən də var imişsən".
   
   Mən Rəsul Rzanın "Novruz gülü" şeirin oxuyarkən, aşağıdakı sətirləri düşünməyə başladım. Bu şeir mənə o saat Xosrov Ruzbehi xatırlatdı. Halbuki mən Xosrov Ruzbeh haqqında çox şeirlər oxusam da onu xatırlaya bilmirdim. Ruzbeh mənim üçün bir Novruz gülü ömrünü yaşadı. Gəlin şeirə diqqət edək. Xosrov Ruzbeh hamımızın yadındadır:
   
   
   
   Ot quzu qırpımı.
   
   Novruz gülü səpələnib hər yana
   
   Yaşıl məxmər üstünə tökülmüş
   
   mirvari dənələri kimi
   
   Elə bil ağ buluddan
   
   damla-damla tökülüb
   
   hər yandan novruz gülü.
   
   Bəlkə də sabah
   
   Bir şaxta yandıracaq onu
   
   O xəbər verdi
   
   Baharın yaxın olduğunu.
   
   
   
   Şaxta məhv etdi gülü. Nə edək axı, bu Novruz güllərinin ömrü bizim əlimizdə deyil. Nə edək axı!
   
   
   
   Deyəsən, dan yeri qızarır...
   
   Bir azdan səhər açılacaq...

TƏQVİM / ARXİV