adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
66783 | 2012-11-20 10:11
(Hörmətli oxucular! İki həftəlik proyektimizə ara veririk. Əməkdaşımız, sevimli yazarımız Oqtay Salamovun vaxtsız dünyasını dəyişməsi nədəniylə olan bir şeydir bu.

Unudulmaz Oqtay Salamov haqqında birinci yazımızı sizə təqdim edirik)

Məncə yazar üçün ən çətin və yaşanmaz məqamlardan biri nə zamansa yazdığın yazıdan zaman şəkilçilərini dəyişməkdi. Sevimli Oqtay Salamov haqqında düşünə-düşünə İskəndər Palanın yazar Nəriman Əbdülrəhmanlının çevirisində oxuduğum "BİZİM YUNUS" romanını bir qırağa qoyuram və yadıma tələsik düşən "MƏNCƏ YAZAR ÜÇÜN ƏN ÇƏTİN VƏ YAŞANMAZ MƏQAMLARDAN BİRİ NƏ ZAMANSA YAZDIĞIN YAZIDAN ZAMAN ŞƏKİLÇİLƏRİNİ DƏYİŞMƏKDİ" sözlərini yazmağa çalışıram.

Həqiqətən heç inanmazdım ki, bu tezliklə mən Oqtay Salamov haqqında bir zamanlar yazdığım yazıda zaman şəkilçilərini bu qədər tez dəyişməyə məcbur olacağam. Amma zaman amansızdır deyirlər, bəlkə də elədi. Ha bu gün, ha sabah telefon açıb hal-əhval tutaram deyib, müsəlmançılıqla keyf eləydim zamanlar, sən demə yazar Oqtay Salamov çətin günlərini yaşayırmış və böyük ümidim də o idi ki, "ƏDALƏT" qəzetinin hər nömrəsində onun imzasını görüb sevinirdim ki,yazmağa davam edir. (OQTAY müəllim uzun sürən xəstəlikdən sonra evində yaşamağa məcbur idi və sağ olsun "ƏDALƏT" qəzetinin sahibi və baş redaktoru onun üçün şərait yaratmışdı ki, yazılara davam etsin). Və mən onun bütün yazılarına diqqətliydim, mütləq göz atırdım yazılarına. (Yazının bu yerində iş yoldaşım Nəriman içəri girir və "ƏDALƏT" qəzetinin yeni sayını gətrir. Qəzet mənə gəlir, amma məndən çox iş yoldaşlarım qəzeti oxuyurlar və Nəriman tələsik deyir: yaxşı şeylər var, Elşad Abdullayevin işində məşhur yazarlardan birinin adı çəkilir yazıblar və bir də deyir ki, bir nazirimiz Amerikada nə bilim neçə milyona ev alıb. Əlavə edir: milyon bunlar üçün qəpikdir, aman Allahım.

Bunları sonra oxuyaram.

Oqtay Salamov çox incə qələmə sahibdi və son dərəcə sarkazmla, ima ilə yazan bir yazar idi və hər yazısında mütləq bir yeni detal yaşamaqdadı. Və həmin detallardan biri üstündə yazdığım yazıdan, şairlər demişkən İLHAM alıb kədərlənmişdim və aşağıdakı yazını yazmışdım.

YAZAR OQTAY SALAMOVUN SƏSSİZ ÜSYANLARINDAN BİRİ

(bu həm də bir çoxlarının üsyanıdır)

Çox hörmətli millət vəkili, yazar və sözü keçən bir dövlət adamı, "Ədalət"qəzetinin təsisçisi Aqil Abbas yazır: JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ ÖDƏMƏK ÜÇÜN! Dostlar, Azərbaycanın görkəmli bir jurnalisti ölümlə çarpışır. Onu ölümün əlindən hətta Tanrı da deyil, yalnız və yalnız Tanrıya çevirdiyimiz PUL xilas edə bilər.

O pul da onda yoxdur. Və dünən eşitdim ki, evini satlığa qoyub. Bəli, Azərbaycanın görkəmli jurnalisti ölümdən qurtulmaq üçün evini satır. Bu müqəddəs Ramazan ayında... arxasını yaza bilmədim".

Və bu həyəcanın üstündən, mənim həqiqətən çox hörmət etdiyim yazar və millət vəkili Elmira xanım Axundovanın insafsız etirazına (yəni, jurnalist niyə bahalı xəstəxanaya gedir ki...) yenə də "ƏDALƏT" qəzeti özünün birinci səhifəsində bir açıqlama ilə çıxış etməyə məcbur olub. Açıqlamada deyilir: "Bakı xəbər" qəzetində millət vəkili Elmira Axundova bu məsələylə bağlı belə bir tövsiyə edir ki, jurnalist baha başa gələn Klinik Xəstəxanaya deyil, dövlət tibb müəssisələrində pulsuz müalicə olunmağa üstünlük verməli idi.

Elmira xanım siz inanırsınız ki, dövlət tibb müəssisələrində müalicə pulsuzdur?! İkincisi (sizin üçün bir arayış verək. Oqtay Salamov Klinik Xəstəxanaya öz xoşu ilə getməyib. Ondan əvvəl üç dövlət müəssisəsində təcili yardım maşınlarında gəzdirlib, amma qəbul etməyiblər və göndəriblər ora. Məcburiyyət qarşısında gedib. Çox istərdik ki, bir millət vəkili kimi maraqlanasınız ki, niyə dövlət tibb xəstəxanaları onu qəbul etməyib?

DİQQƏT!!!!!! DİQQƏT!!!!!! DİQQƏT!!!!!!

Bizim hər birimizi bu müsibət gözləyir!!!!!! Bu cür olmasa da, buna bənzər müsibətlər qapımızın ağzındadır.

Kimdir axı bu OQTAY SALAMOV!!!!!!!!!!!!!!!!

"Ədalət" qəzetinin yazarlarını sürəkli, mütəmadi izləyirəm. Çünki özüm də bu qəzetə yazılar yazıram və "Ədalət" qəzeti həqiqətən də xalq qəzetidir. Buradakı yazarlarla mütəmadi görüşlərim olmasa da, aradabir yazımı səhifəyə yerləşdirəndə onlarla rastlaşıram və onların yazılaranı izlədiyim üçün bəzi xoşuma gələn məqamları özlərinə deyirəm.

Könülləri xoş olsun deyə yox, onlar artıq professional yazarlardır və hər yazını da öz istədikləri kimi yazmırlar, yəni hər bir yazı xoşa gəlsin deyə yazılmır, bunu eləmək də çox çətindir. Gündəlik yazı yazıb "amerika kəşf eləmək" mümkünsüz bir şey. Bunu mən bir neçə dəfə demişəm və hər bir oxucu da öz yazarından həmişə yaxşı yazı gözləməyə çalışır, amma yaxşı yazılar da hər zaman yazılmır. Yaxşını, pisi ayırmaq indi daha müşkül bir iş olduğundan, bunun ucunu alıb ucuzluğa getməyək. Təbii ki, sovet terminalogiyası ilə desək ürəkdən tikan çıxardan yazılar da olur.

Başdan ayağa kimi olmasa da, hər bir yazının içində ürək sərinlədən bir şeylərin olduğunu mən hər zaman hiss etmişəm və yazar da mümkün olduqca məhz o fikrini çatdırmaq üçün yazını yazır. Kim onu başa düşür, kim başa düşmür, bunu artıq buraxırıq oxucunun hesabına.

Və mən çox sevdiyim bir misalı hər zaman yada salıram; məşhur yazıçı İlya Erenburq bir nəşriyyata bir roman verir, təxminən 400-500 səhifəlik bir roman və nəşriyyat o romanın redaktəsini verir yenicə gəlmiş cavan bir redaktora.

Gənc redaktor romanı oxuyur və kiçik redaktədən sonra sevinə-sevinə İlya Erenburqu nəzakətlə nəşriyyata çağırır və romana baxmağını istəyir. Erenburq romana baxır, orada iki sözün dəyişildiyini görür və sakitcə romanı qoltuğuna vurub gedəndə, gənc redaktor təlaşla:

İLYA QRİQORYEVİÇ BƏS ROMANI HARA APARIRSINIZ?

Erenburq yenə də çox nəzakətlə: mən romanımın burada çap olunmasına etiraz edirəm.

Redaktor daş atıb başını tutur və yalvarır ki, bəs mən işə təzə gəlmişəm, baş redaktor məni işdən qovacaq. Axı bir səbəb olmalıdır.

"Səbəb, oğlum, - deyir Erenburq. Sizə bir misal çəkim: öküzün nə olduğunu bilirsiniz və bilirsiniz ki, bəzən öküzü axtalayırlar. Baxın, öküz axtalanmadan öküzdür, o axtalanandan sonra onda öküzlük qalırmı? Sən də mənim bu romanımda olan iki ən mühüm sözümü çıxarıb atmısan. Ona görə də romanımı geri götürürəm".

Təbii, bunun olub-olmadığını dəqiq bilmirəm. Amma sovet ədəbiyyatında belə bir hadisənin olduğunu mən rus mətbuatından oxumuşdum və ibrətamiz bir olay kimi hafizəmdə ilişib qalıb.

Düşünürəm ki, redaktə çox incə və zövqə bağlı bir işdir, bunu gərək yazarın özü kimi hiss edəsən.

Bir müddət öncələr növbəti yazı olaraq yazar Oqtay Salamovun bir yazısını səhərin gözü açılmadan "ƏDALƏT"in internet saytında oxuyuram və bütün bu yazdıqlarım məni rahatsız etməyə başlayır və bu fikirlərimi Oqtayın ünvanına ismarlamaq üçün keçirəm bilgisayarın arxasına. Oqtay Salamovun yazısı demək olar ki, məişət mövzusunda bir yazı, bəlkə də məişət deyil, ağrılı-acılı bir cəmiyyət haqqında bir yazı.

YAZAR OQTAY SALAMOVUN YAZILARDAN ALINTILAR

"HALAL HALAL OLACAQMI?"

2012-10-16 00:45:11

Ötən həftə bir rəsmi açıqlama oldu ki, bəs Azərbaycanda "Allahu Əkbər" deməyən sahibkara "Halal" standartı verilməyəcək.

Ədalət qəzeti. Tarix 16.10. 2012.

Ötən həftə bir rəsmi açıqlama oldu ki, bəs Azərbaycanda "Allahu Əkbər" deməyən sahibkara "Halal" standartı verilməyəcək.

Dinimizin, şəriətimizin başlanğıcından bəri dediyi fikri nəhayət ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də dedi: "Dövlət Komitəsi: "Heyvanı "Bismillah, Allahu Əkbər!" deməklə kəsməyə başlamaq lazımdır". Amin!

Çox istərdim ki, şou-biznesdə olan fonoqram heç olmasa burada tətdiq olmasın, ən azından bir molla tutub maaşını versin ki, qəssab bu kəlmələri deyə bilmirsə, barı molla desin.

Dünyanın harasında müsəlman yaşayırsa, orada "Halal" standartlarının nə olduğunu bilirlər. Deyəsən bizimkilərin də müsəlman olduqlarını nəhayət ki, qəbul etdilər. Amma çox çətin. Nə qədər ki, bizim vətəndaşın bünovrəsi qoyulanda "Bismillah" deyilmirsə, onun süfrəsinə qoyulanı yeyəndən sonra "Ələhimdüillah"ı ürəklə deyə bilməyəcəyik...

Ədalət qəzeti.

Tarix 13.10.2012

"FANTASTİKA: YALTAQLIĞI QANUNLA QADAĞAN EDƏK!"

Yazıya şəkil axtaranda "Nizami Cəfərov: Yaltaqlıq insanın təbiətidir..." başlıqlı yazıya rast gəldim. Sən demə, başqa vaxtlarda başqa deputatlar da yaltaqlıq haqda fikirlərini bölüşüblərmiş.

Bir neçə sitatı təqdim edirəm:

Yaltaqlıq və rüşvətxorluğun himn, bayraq və gerb kimi Azərbaycanın atributu olduğunu deyən Fazil Mustafanın sözlərinə görə, bu ikisindən hansısa birini sıradan çıxartsaq dövlətimiz üçün ciddi zərbə ola bilər: "İnsanlar bir-birindən asılı olduğundan yaltaqlanmağa məcbur olurlar. Təsəvvür edin ki, yaltaqlanmayan bir məmurun günü səviyyəsiz müdir qarşısında qaradır".

Millət vəkili İlyas İsmayılov yaltaqlığı Azərbaycan cəmiyyəti üçün böyük bəla sayır: "Bunu heç cür qadağan etmək olmaz. Sadəcə burada tərbiyəvi işlər aparmaq lazımdır. İnsanlar məmura yaltaqlanmasınlar, cəsarətli olsunlar".

Nizami Cəfərov: "sovet dövründə yaltaqlıq var idi. Amma yenə yaltaqlıq olsaydı, yaxşı olardı: "Halbuki bu gün cəmiyyətdə elə aqressiv münasibətlər var ki, heç kim heç kimi tanımır. Hər halda bu ümumbəşəri hadisədir. Saymazyanalıq da var, yaltaqlıq da var. Bunlar bir-birilərini tamamlayır..."

İqbal Ağazadə artıq bunun Azərbaycanda yaşam tərzinə çevrildiyini söylədi. Onun fikrincə, yaltaqlığı aradan qaldırmaq üçün ilk növbədə yaşam tərzi dəyişməli, hakimiyyətin münasibətləri dəyişməlidir. Yalnız bundan sonra bu söz aradan qalxacaq: "Bunu heç bir qanunla, qadağa ilə aradan qaldırmaq olmaz. Axı yaltaqlananda heç kim demir ki, yaltaqlanıram. Hamı deyir ki, onun haqqında həqiqəti deyirəm".

(HƏR İKİ HİSSƏ DAVAM EDƏCƏK)

Tofiq [email protected]
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV