adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

RƏSUL RZA iLƏ üZ-üZƏ və RƏSUL RZA HAQQINDA

TOFİQ ABDİN
19135 | 2010-04-17 00:57
Əmək kitabçasındakı dəqiq məlumata əsasən 1967-ci ildi.
   
   Mən Komvol kombinatından usta köməkçisi işindən ayrılmışam və işsizəm.
   
   O zamanın ən dəbdə olan ziyalısı və şairi Rəsul Rzanın şeirlərini oxuyub Nazim Hikmətə keçirəm, Nazimdən təzədən qayıdıram Rəsul Rzaya...
   
   Və bunların heç biri ilə şəxsi tanışlığım da yoxdu.
   
   Nazimi Hikmət heç ələ düşməz. O heç.
   
   Amma Rəsul Rza ilə bir şəhərdə yaşayırıq və mən hər gün onların evlərinin qarşısından keçib İncəsənət İnstitutuna gedirəm və oradan geri qaydıram.
   
   Rəsul Rza indi adını daşıdığı və o zamanın Korqanov küçəsində Kitab pasajının üstündə yaşayırmış. Bunu təxmini bilirdim. Amma daha dəqiqini sonralar bildim. Bir dəfə təsadüfən unudulmaz İsa İsmayılzadə ilə onun evinə getmişdik. Vallah yuxu kimi xatırlayıram o gedişi. Və daha hansı gedişlər olub bilmirəm.Amma elə cəmi-cümlətanı o gediş olub yəqin ki. Dəqiq olmasa da ilğın kimi gözlərimin önündən keçir. Ədəbi camiədə əsil mübarizə var. Əsil ədəbi mübarizə. Mən şəxsən bu mübarizənin içində olmasam da, kənardan bəzi şeyləri görürəm. Təkrar edirəm: o vaxta qədər mənim Rəsul Rza və Anar adında yazar cəmiəsinin insanları ilə heç bir görüşüm olmayıb.Rəsul Rza ilə heç üzü-üzə də gəlməmişəm. Heç bir məclisində olmamışam. Amma Anarı bu illərdən çox öncə görmüşəm,fəhmən onun Anar olduğunu bilmişəm və bu təsadüfü görüş barədə mən yazmışam.
   
   Ədəbi camiədə ədəbi mübarizə gedir. Danmayaq Rəsul Rzaçılar və hecaçılar deyə bir iç bölgüsü var. Boşuna deyil ki, daha sonralar mən "Gəlin tanış olaq,Tofiq Abdinəm" şeirində aşağıdakıları yazacam :
   
   
   
   Şairlik sevdası vardı başımda,
   
   bilmirdim dünyanın Nazimi varmış.
   
   Hardan biləydim ki, bu yol başında
   
   insan öz-özünə bədbəxt olarmış -
   
   Bəzən qoymadılar danışam, dinəm,
   
   Gəlin tanış olaq, Tofiq Abdinəm
   
   
   
   Bəzən qaraladım tale yazanı,
   
   özüm gedirdimsə bəxtin nə işi.
   
   Sevdim şairlikdə Rəsul Rzanı,
   
   sən demə başqaymış dövrün gərdişi -
   
   İnanın, inanın peşman deyiləm,
   
   Gəlin tanış olaq, Tofiq Abdinəm!
   
   
   
   Hətta belə olduğu bir təqdirdə, yenə də mənim Rəsul Rza ilə heç bir görüşüm yox, ta ki, əmək kitabçasındakı tarixin doğumuna qədər :
   
   yəni 1967-ci ilin fevral ayını qədər.
   
   Mən o zamanın çox dəbdə olan ədəbi dərnəklərinə gedirəm və həmin dərnəklərə təzə-təzə hələ isinişmişəm.Bir neçə nəfərlə yaxın münasibətim var: onlardan birincisi İsa İsmayılzadədi ki, mənim sonrakı taleyimdə onun rolu danılmazdır.
   
   Yeri gəlmişkən, indi bizim yabançılaşmış "dostlarımız" var, sorğularında həmişə yekə-yekə yazıçıların adını çəkirlər ki, biz onlardan öyrənmişik.Amma illər öncəsi üz-üzə olanda deyirdilər ki, bəs sizdən öyrənmişik.İndi unudulub o günlər.
   
   Unutduqları kimi də unudulacaqlar.
   
   Dərnəklərə gedib-gəlirəm və həmin dərnəkdəki məşğələlərin birində İsa mənə yaxınlışar....
   
   Uzun bir hikayət bu... Bunu mən bir çox yazımda anlatmışam.
   
   Bu arayışlar ona görədi ki,heç nə göydən düşmə olmasın.İndi çox insan cənublu olur, çox insan Ərdəbilli...
   
   Bu arayışlar ona görədi ki, mən Rəsul Rzayla necə üz-üzə dayandım, qarşı-qarışıya durdum.
   
   Dediyim kimi həmən o komvol kombinatından ayrıldığım günlərdə mən Rəsul Rzanı şeirlərini oxuyur və İnstitutda təhsilimə davam edirəm. Heç bir art niyyət güdmədən Rəsul Rzanın şeirlərini oxuyub bir məqalə yazıram.Təxminən özüm üçün.Çap kimi bir şey ağlıma gəlmir hələ.Bir gün onu İsaya verirəm. İsa bəyənir.Bunu Rəsul Rzaya deyir və Rəsul müəllim məqaləni istəyir.
   
   Demək İsa yazını aparıb verir Rəsul Rzaya. Rəsul müəllim çox gənc bir adamın yazısını oxuyur, güman ki, nisbətən bəyənir və yenə güman ki, bəyənməyə bilməzdi,çünki o zaman Rəsul Rza haqqında belə yazılar yazmaq üçün cəsarət tələb eləyirdi. Çünki qəti bir mübarizə gedirdi irəlidə dediyim kimi və üstəlik də həmin dövrdə bütün yazılanların bir art niyyəti mütləq güdülürdü.
   
   Yazı məncə ( məncə deyirəm, ona görə ki, mən Rəsul Rza haqqında bir neçə dəfə yazmışam) Rəsul Rzanın DÖZÜM kitabı haqqında idi və orda bir önəmli məsələ vardı:
   
   Nədən Rəsul Rza məhz indi kitabının adını DÖZÜM qoyub?
   
   Bu məsələ ətrafında gəzişmələr idi.
   
   Tam sərbəst.
   
   Azad və heyranlıqla yazılan bir yazı.
   
   Belinski havasında yazılın bir yazı.
   
   ...Mən komvol kobinatından işdən çıxmışam.İşsizəm və İsa İsmayılzadə ilə yaxınlığımız davam edir. Bir gün İsa mənə deyir: gəl səni aparım Rəsul müəllimin yanına.İnstitutda oxuyursan. Özü də teatrşünaslıq fakültəsində. Bəlkə ensiklopediyada kiçik bir iş tapıldı.
   
   Aha...burda qısa bir fasilə.Çünki hər şey burdan başlanır.
   
   Rəsul Rza ilə üz-üzə dayanmaq da, bax buradan başlanacaq və ondan sonra onunla olan bir neçə görüş üçün də məhz ensiklopediya ilk pillə olaraq keçəcək.
   
   İsa məni Rəsul Rzanın Baş Redaktoru olduğu ensiklopediyaya gətirir.
   
   Sütül bir gənc, lap sütül bir gənc. Amma öz qabağından yeməyən, heç kimsəni də aldırmayan bir gəncəm.
   
   Rəsul müəllim bizi qəbul edir.
   
   İsa İsmayılzadə mənə heç bir şey deməyib.Daha doğrusu məni təlimatlandırmayıb.Yəni mən özümü necə aparmalıyam. Güman ki, o elə bilir ki,mən bütün etik qaydaları bilirəm. Amma nə etik bazlıqdır, qardaşım.
   
   Və özü də harda? Ən orjinal bir şairin qəbulunda.Ən orjianl təfəkkürə malik bir gözəl ziyalının önündə. Mənə elə gəlirdi ki,o şeirləri yazan yaradıcının qarşısında heç bir sıxıntı olmaz.
   
   İçəri giririk. İsa stulu çəkib oturur.Güman ki, İsa oranın işçisi olduğu üçün güman ki, belə eləməliyidi,- deyə düşünürəm.
   
   Mən mıxlanıb ayaq üstə qalmışam.
   
   Görüşürlər.İsa nəsə mızıldanır.Mən əllərimi arxamda cütləyib "smirno" vəziyyətində dayanmışam.
   
   Stop! Burada bir tale həll olunur, yoldaşlar!!!!!! Heç içinizi çəkməyin.Həqiqətən bir tale həll olunur.Özü də şəhərdə heç kəsi olmayan bir gəncin taleyi həll olunur.
   
   İsa təzədən tanışlıq verir.Məqaləmini adını çəkir,Rəsul müəllim bir şeylər deyir və harda oxuduğumu biləndən sonra, güman ki o institutda oxumağım da onda bir simpatiya yaradır.Sonradan biləcəyəm ki,Rəsul müəllimin ən yaxın qohumlarından biri elə mənimlə birgə oxuyur.Eyni fakültədə oxuyuruq.Fikrət Ağazadə.Gözəl bir oğlan.Çox insan bir gənc.Gələcəkdə Azərbaycan televiziyasının ən bacarıqlı işçilərindən biri.
   
   Rəsul müəllim : bax, ay bala,İsa da bilir.Mənim o şöbəmdə bir redaktor işçim var,o da oranı bitirib.Demaqoqun biridi.Elə demaqoqdu ki, hətta məndən dostum Cəfər Cəfərova yazır.Onu mən işdən çıxara bilmərəm.
   
   "Bax ha, sən demə Rəsul müəllim mənim haqqımda daha böyük fikirdə imiş. Nədən ki, o adam redaktor işləyirdi,mənəsə kiçik bir iş lazımdı".
   
   Və mən çox sakit baxıram. Hələ də ayaq üstəyəm.
   
   Nədənsə iş çətinə düşür.Rəsul məüllim əllərim arxamda şəkşək dayanamağı sanki indi görür və :
   
   "A bala, əllərini qoymusan arxana, bir normal dayansana".
   
   İsa pörtür.
   
   Vay dədəm vay... Özümü itirirəm. Nə deyəcəyimi də bilmirəm.
   
   "İş işdən keçib"- düşünürəm və yenə də Rəsul Rzanın orjinal şeirlərinə arxalanıb:
   
   "Vallah Rəsul müəllim, bir neçə gün öncə Yazıçılar İttifaqında ULDUZ jurnalına işə götürmək istəyirdilər.Sədrin qəbulundaydıq. Əllərim də cibimdə.Sədr dedi: a bala, əllərini cimindən çıxarsana.
   
   Mən o çıxan ordan çıxdım.İndi bəs mən əllərimi neyləyim?"
   
   Rəsul Rzanın reaksiyasını tam xatırlamıram.Deyəsən gülümsündü və İsaya dedi: bunu incəsənət şöbəsinə yazdırın.
   
   
   
   ***
   
   Və beləliklə
   
   Əmək kitabçasından çıxarış :
   
   
   
   7.16.02.1967.Azərbaysan sovet Ensiklopediyasında korrektor, kiçik redaktor
   
   8.16.11.1968. Öz xahişi ilə azad edilir
   
   9.6.11.1968. "Qobustan" jurnalında redaksiya müdiri
   
   Ensiklopediyada çalışdığım günlərdə böyük şairlə üz-üzə məqamlar çox azdı.Birincisi ona görə ki,işim icabı mənim onunla görşüm vəya üz-üzə gəlməm qeyri-mümkün idi. Mən Vaqif Səmədoğlunun başçılıq elədiyi İncəsənt redaksiyasında idim və Rəsul Rza da ən aşağısı redaksiya müdirləri ilə görüşürdü bəzi məsələlərdə.
   
   Amma, hərdən-bir dəhlizdə rastlaşa bilərdik və belə uğursuz rastlaşmalardan biri həqiqətən də oldu.
   
   Mən buna uğursuz rastlaşma da deyə bilmərəm. Çünki insan xarakterini açmaq üçün sadəcə onunla aylarla-illərlə yan-yana olmaq bir o qədər vacib deyil. O anlamda Rəsul Rzanın məqamında sərt olduğunu dəfələrlə eşitmişdim. Və düşünmürdüm ki, bunun şahidi də ola bilərəm.
   
   Bir dəfə və enkislopediyada sonuncu dəfə mən Rəsul müəllimin yenidən qarşısında "peyda oldum". Sözün əsil mənasında peyda oldum.
   
   
   
   ***
   
   Burada cavanlığın da bir günahı var. Rəsul müəllim çox nadir hallarda otağından çıxardı. Və o nadir halların biri mənim başımda "çatladı". Yaxşı mənada çatladı. O məqam olmasaydı indi heç bu sətirləri də yaza bilməzdim və düşünürəm ki, nə yaxşı ki, olub.
   
   Ensiklopediyanın dəhlizində bir qızla şirin-şirin söhbət edirəm.Qızın arxası divara, mən isə arxası gedib-gələnlərə bir məqamdı.Nə barədəsə danışırıq. Güman ki, içində sevgi motivləri,ünsiyyəti də var. Maniken kimi nərmənazik bir qızdı. Bir şeylər anladıram və bu vaxtı Rəsul müəllim otağından çıxır. Baxıram ki, bizə tərəf gəlir. Hansısa redaksiya gedəcək. Həqiqətən yavaş-yavaş,bizə gözaltı baxa-baxa yanımızdan keçir gedir. Mən söhbət etməkdə davam edirəm. Və indi başa düşürəm ki, insan nə qədər azad və sərbəst olmalıdı ki, o boyda şairin qarşısında bu dərəcədə yanlışlığa yol versin. Heç ağıla alınası deyil.
   
   Mən söhbətimə davam edirəm. Rəsul müəllim gedib hansısa redaksiyaya dəyir və qayıdır ki, bəs mən həyasızcasına yenə də qızla söhbətimi davam etdirirəm.
   
   Və birdən Rəsul müəllim bizim tuşumuza çatanda ayaq saxlayır.Bunu görürəm.Düzü içimdən bir sızıltı keçir, amma özümü o yerə qoymuram.
   
   Rəsul müəllim bizə yaxınlaşır və qız həmən uzaqlaşır.Rəsul müəllim mənə:
   
   -A bala,sən burda işləyirsən.
   
   Bu işə başladığım gündən çox sonralar olur.Yadından çıxmış oluram
   
   -Bəli,-deyirəm.
   
   Rəsul müəllim:
   
   -A bala, sən nə həyasız uşaqsan.Görmürsənmi mən gəlirəm.
   
   İş işdən keçib. Geri çəkilməyə yer yox və bir də yenə Rəsul müəllimin cəsarətli şeirləri və azad yaradıcılığı gəlib düşür yadıma. Güman eləyirəm ki, Rəsul müəllim mənim bu elədiklərimə çox adi bir şey kimi baxar.
   
   Olmur. Və mən geri çəkilmədən.
   
   -Rəsul müəllim, siz məni artıq gördünüz. Qaçsaydım bu bir az qoxaqlıq olardı.
   
   -Hansı redaksiyada işləyirsən?
   
   -Vaqif Səmədoğlunun redaksiyasında.
   
   Çevrilir. Ləngərli yerişi ilə İncəsənət redaksiyasının qapısına doğru gedir.Qapını açır.
   
   -Vaqif gəlməyib?- soruşur.
   
   İçəridən kimsə:
   
   -Xeyir,-deyir.
   
   -Elə şöbə müdirinin belə də işçisi olar- deyir. Gələndə məni görsün.
   
   Çəkilib sakitcə gedir.
   
   Mən içəri keçirəm...
   
   Görüşdülərmi, görüşmədilərmi bilmirəm.
   
   
   
   Bir müddət sonra mən bu tarixlərdə
   
   8.16.11.1968. Öz xahişi ilə azad edilir
   
   9.6.11.1968. "Qobustan" jurnalında redaksiya müdiri
   
   İş yerimi dəyişirəm.
   
   
   
   Və daha bir görüş var ki, mən "Qobustan" toplusunun 40 illyi ilə bağlı yazımda anlatmışam.Ancaq Rəsul müəllimlə olan duyğularımın bir yerə toplanması baxımıdan onu da eynən bu yazı silsiləsinə daxil etməyi düşündüm.
   
   (DAVAM EDƏCƏK)

TƏQVİM / ARXİV