adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BiR YORUM

TOFİQ ABDİN
27371 | 2010-03-13 00:41
İnsan yaranışdan bu yana birini o birindən ayırmaq üçün bir şeylər düşünmüş və buna görə də Ad və bəlkə də bir az sonralar isə Soyad deyə bir bəlirləyici sözlər meydana gəlmişdir. Bir çox millətlər və xalqlarda bu Ad və Soyad həqiqətən böyük bir anlam kəsb elədiyindən hər zaman araşdırmaya tuş gəlmişdir və nəsil-nəcabət belə bu Ad və Soyad üstündə varlığını saxlamışdır. Heç də boş deyil ki, Türkiyə kimi bir dövlətdə Ad və Soyad haqqında xüsusi bir Qanun var və bunu da xatırladaq ki, elə bizim Milli Məclisimizdə də bu barədə geniş müzakirələr keçirildi.
   
   Və mən də Ad və Soyad ( BAŞLICA OLARAQ ADIM VƏ SOYADIM) barədə dərin düşündüm. Bu Ad və Soyadımın hardan gəldiyi və nə məna anlatdığı məni xeyli məşğul etdi. Ona görə də bizim günlərdə bu işin aktuallığını nəzərə alıb düşüncələrimi yazmış oldum.
   
   ...Və hətta ÖZTÜRK adında bir polis vardı, mənim də yaxşı tanıdığım və bir gün mən heç bir məna vermədən ondan soruşdum: əfəndim, nədən bu gözəl soyadların hamısı, məsələn Cantürk, məsələn Öztürk... bütün bu gözəl soyadları daşıyanlar, bu türklərə DÜŞMƏN, QƏNİM kəsilirlər, hə nədən?
   
   Gördüm sözüm adamın xətrinə toxundu, amma, vallah mən heç də pis niyyətlə demirdim: baxın ÖZTÜRK soyadlı bir adam məhz PKK yanlısı olaraq öldürülürsə, o zaman mən daha nə cür fikirləşə bilərdim ki...
   
   Aman Allahım, bu Soyad məsələsi məni haralara apardı. Türkiyə dediyimiz kimi demokratik bir ölkə. Hansı soyadı istəyirlər seçə bilərlər... seç və yaşa. (amma insafla yaşa, türklüyə layiq yaşa...)
   
   Və baxıram ki, mənim də Soyadım vallah pis deyil: Abdin, türklər demiş :Abidin.
   
   Baxın mənim Soyadım nadir bir soyad olmaqla həm də çox gözəl mənası da varmış: AB-su deməkdir. DİN-din deməkdir. Demək DİN SUYU imiş mənim soyadımın açıqlaması. Təbii ki, bu mənə görə belədi. Başqa birisi başqa bir yorum verə bilər.
   
    Məsələn, çox hörmət etdiyim yazar dostum Seyfəddin Hüseynli tamam başqa bir yorum verdi mənim soyadım haqqında. Sən demə, ABİD sözünün sonluğundakı "in" lər şəkilçisidir. Yəni Abdinlər.Olsun.Bu yorum da fəna deyil.
   
   Əslində mənim soyadım ABDİN deyil, SƏMƏD olmalıdır və o zamankı Sovet qanunları əsasında mən gərək atamın atasının familyası ilə getməliymişəm: bu da olur Səməd. Bəs o zaman necə olub ki, mən Abdin olmuşam?
   
   Rəhmətlik nənəm, yəni atamın anası elə hey deyərdi: bu Abdin deyilən kişi bizim bir qohumumuz olmuş və buna görə də bu gün bu Abdin soyadını daşımaq heç də mənim üçün bir "şərəf" işi deyil. İndinin özündə də mən bilmirəm ki, bu Abdin deyilən adam bizim nəsildə necə bir adam olmuş və bu adamın adını bu qədər əzizləşdirmək və bu qədər əzizləmək bizim boynumuzun borcumu ya yox.Heç bilmirəm də bu adam önəmli və ya sayılan bir kişi olub, ya olmayıb. Bəzən bu böyük rol oynamasa da, amma bunu etiraf etməyə borcluyam ki, mən bilməliyəm: bu Abdin kimdir bu nəsildə və nədən mən onun adını bu qədər müqəddəsləşdirməliyəm.
   
   Və Türkiyədə yaşadığım illərdə mən belə bir imza ilə uzun zaman çıxış elədim:Tofiq Abdin Məhərrəmoğlu (türkcəsi: Tevfik Abidin Muharremoqlu). Doğrudur, bu imza uzun olsa da Türkiyədə bu üç boyutlu imzalar dəbdədir. Onu da deyim ki, bir yazar tanışım vardı Yavuz Selim Demiray adında, o həmişə Abidin bəy deyirdi və bu da mənə ləzzət eləyirdi. Və sonra da əlavə eləyirdi: bu da bizim azərbaycanlı yazar arkadaşımız Abidin beydir. Və bir ara düşündüm ki, bəlkə yazılarıma Abidin Muharremoqlu deyə imza atım. Amma bu çox-çox qabaqlardan tanıdığım rəssam Abidinin Dinonun bir az kommunist olması məsələsi məni qorxutdu və düşündüm ki, onunla da bir qohumluğumu tapıb, dərdimin üstünə bir dərd gətirərəm və olan-qalan abrım da əlimdən gedər və üstəlik də çıxararlar məni İstanbuldan ki, bir bu komunistimiz əksik imiş. Hətta mən özüm də bir ara bu Abidin Dinoyla bir qohumluq əlaqəsi tampaq beynimdən keçdi.Və bir sıra versiyalar da uydurdum, amma sonra düşündüm: bu lap ağ oldu Tofiq Abdin hara, Abidin Dino hara?
   
   Olmadı bu vallah, olmadı, belə bir ciddi məsələdə belə zarafatlar olmaz. Qayıdaq mövzumuza.
   
   Bəli, sovet hüquq qaydalarına görə mənim əsl familiyam Səməd olmalıdır, çünki mənim ata babam Səməd kişidir. Yəni atamın atasının adı Səməddir.
   
   Deməli, mənim imzam ən azından belə olmalıdır: TOFİQ SƏMƏD MƏHƏRRƏMOĞLU...
   
   Bu anlamda mən dədəm Səməd kişinin familiyasının nə olduğunu hələ ki, bilmirəm və indi düşünürəm ki, nənəm sağ olan çağlarda nədən mən bunu ondan soruşmadım, indi belə-belə şeylərlə məşğul olub, oxucuları da, özümü də yoruram. Amma bu ən böyük ədalətsizlikdir ki, mənim atamın atasının adı heç yanda keçmir və bunu bağışlamaq da çox zor bir işdir. Və nədən bu nəslə qohum olan bir adamın adı bu nəsildə bu qədər geniş tanınmalıdır və əsil haqqı olan qıraqda qalmalıdır.
   
   Nədir bu ağrı, nədir bu acı, hardan peyda olmuş bu ağılalmaz düşüncələr: məlumunuz olsun ki, ağır günlər həmişə adamı dediqoduçu eləyər və mən də Türkiyədə yaşadığım o ağrılı illərdə belə bir düşüncə altında əzilməyə başladım və bunu yazını yazmağı borc bildim bir ara...
   
   Ah bu ABDİN Soyadı...Ah bu ABDİN Soyadı...
   
   Bu ABDİN mənim kimi olub, Ya Rəbb!
   
   ...Adım da bildiyiniz kimi Tofiqdir. Bu adın da mənə necə verildiyini mən əvvəllər bilmirdim, bir az böyüdüm və məsələ mənə də aydın oldu. Rəhmətlik atam bir gün dedi: qardaşım Dədəş (yəni mənim əmim) 2-ci dünya müharibəsinə getdikdən sonra mən doğulmuşam. Əmim o müharibədə Krım savaşındaykən olub bu və əmimin bir komandiri varmış, Tofiq adında. Yazıb ki, əgər mən sağ-salamat gələnə qədər qardaşımın oğlan uşağı olsa ona ad qoysanız,adını Tofiq qoyun. O komandirin haralı olduğunu da təbii ki, mən bilmirəm və mən də o komandirin adını üstümdə gəzdirirəm.
   
    Bu bir az həqiqətə oxşayır, çünki atamın savadı-zadı olmayıb ki, mənə indi bizim tanıdığımız məsələn, türk şairi Tofiq Fikrətin adını versin və yaxud yenə də başqa bir türk şairi olan və gözəl ney çaldığı üçün də Neyzentəxəllüsünü alan Tofiq Neyzenin adını qoysun. Və beləcə elmə və savada böyük hörməti olmasına baxmayaraq, özü savadsız olduğundan təbii, mənim adımı elə mənə dəxli olmayan bir komandirin adından alınması daha çox həqiqətə uyğundur.
   
    İndi Tevfik Fikret və Teyfik Neyzen kimi böyük türk şairlərinin tanıdıqdan sonra bu adımla daha çox fəxr edirəm. Məsələ bundadı ki, Türkiyədə yaşadığım illərdə gördüm ki, bəs mənim adım orda iki cür yazılır: bəzən Tevfik yazırlar, bəzən Teyfik.Tənbəllik eləmədim bunun da ardınca düşdüm və bir çox mənbələrə baxdım, bir çox lüğətləri daradım və baxdım ki, həqiqətən bu türk qrammatikasının başına oyun açırlar.Türk dilində bəzən elə qərib şeylərə rast gəlirdim ki,əslində onların dil tərzinə bəlkə də daha uyğundur, amma bu gediş-gəlişdən sonra və bu orta Asiya türkləri, bizlərlə qaynayıb qarışandan sonra türk dilində olan bəzi kəlmələrin dəyişilməsi məsələsi ortaya çıxmalıdır: məsələn, mən bir dəfə İstanbulun məhşur Taksim meydanı yaxınlığında bir şirkətin qarşısında vurulan bir reklam bildiricisini gördüm, baxdım ki, eynən belə yazılıb: Özəl kişiyə basım evi. İndi qardaşım, bu "Özəl kişiyə basım evi" sözünün İstanbul türkcəsində bəlkə də elə bir qəbahəti yox, amma indi yüzlərlə başqa türk hər gün bu Taksimə gəlir və ola bilər birisi mənim kimi, söz sərrafı olar, baxar, görər bunu və düşünər: bu nədir, qardaşım? Yenə də deyirəm: çağdaş Türk qrammatikasına görə burda bir ayıb yox,İstanbul türkcəsində bu bir deyiliş, özü də normal deyiliş...
   
   Əslində mən bu İstabul türkcəsinin də yuxarı-aşağı nə olduğunu uzun zaman götür qoy etdim və baxdım ki, "Ortadoğu" qəzetinin yazarı yazır ki,bizdən qıraqlarda yaşayan türklər İstanbul türkcəsini Dövlət dili olaraq qəbul eləsələr daha yaxşıdır. Və üstəlik də sonra ortaq bayatılardan nümunələr verir. məsələn: Türkmən mənəm türkmən mən...
   
   "Ben" yazmır ha "Mən" yazır...Bax bu ayrı bir şey və heç də inad etmirik ki, BEN sözü yad bir sözdür.
   
   Və beləcə baxıb görürüm ki, bəs mənim adım Türkcədə iki cür yazılır: Tevfik və ya Teyfik. Baxıram türk sözlüyünə: əvvəlcə bu TEVFİK sözünün etimolojisini arayıram və görürəm ki, Tevfik- Ərəb sözüdür və anlamı da Allahın yardımına yetişmək deməkdir. (bax: Kemal Dəmiray.Türkcə Temel Sözlük.İnkilar yayın evi.1990).
   
   Sonra bu Teyfik sözünü axtarıram və baxıram ki, Teyfik deyə bir söz yox türk sözlüyündə.Bəs o zaman nədən bunu belə yazırlar? Və sonra düşünürəm: anlamsız və mənasız da ad olarımı? Təbii ki, olmaz! Bəs onda nədən bu gözəl türkcəni pozurlar və heç kəs cınqırını çıxarmır...
   
   Mənim adım TOFİQ. Heç şübhəsiz TEVFİK və TEYFİK sözlərinin azəriləşmiş bir deyilişidir ki, bunun mənasını axtaranda gərək FARS və ƏRƏB sözlüyünə baxasan.
   
   Beləcə gecənin dərin qaranlığında bu yazını yazmaq da mənə qismət oldu dostlar -TOFİQ ABDİN MƏHƏRRƏMOĞLUNA...
   
   
   
   Qısa bir not: Orfoqrafik lüğətlərdə Soyad:- oğul və qızlara atadan, qadınlara ərdən verilən, hər kəsin öz adıyla birlikdə istifadə elədiyi adı. (bax: Kemal Dəmiray. Türkcə Temel sözlük.İnkilar kitab evi. 1990)
   
   

TƏQVİM / ARXİV