adalet.az header logo
  • Bakı 20°C

BiR YORUM

TOFİQ ABDİN
24896 | 2010-03-06 04:51
İnsan yaranışdan bu yana birini o birindən ayırmaq üçün bir şeylər düşünmüş və buna görə də Ad və bəlkə də bir az sonralar isə Soyad deyə bir bəlirləyici sözlər meydana gəlmişdir. Bir çox millətlər və xalqlarda bu Ad və Soyad həqiqətən böyük bir anlam kəsb elədiyindən hər zaman araşdırmaya tuş gəlmişdir və nəsil-nəcabət belə bu Ad və Soyad üstündə varlığını saxlamışdır. Heç də boş deyil ki, Türkiyə kimi bir dövlətdə Ad və Soyad haqqında xüsusi bir Qanun var və bunu da xatırladaq ki, elə bizim Milli Məclisimizdə də bu barədə geniş müzakirələr keçirildi.
   
   Və mən də Ad və Soyad ( BAŞLICA OLARAQ ADIM VƏ SOYADIM) bərədə dərin düşündüm. Bu Ad və Soyadımın hardan gəldiyi və nə məna anlatdığı məni xeyli məşğul etdi. Ona görə də bizim günlərdə bu işin aktuallığını nəzərə alıb düşüncələrimi yazmış oldum.
   
   Keçənlərdə necə oldusa gecənin dərin qaranlığınıda bir dərənin, bir çuxurun dibindəymişəm kimi yatmadığım saatlarda, bu Adım və Soyadım haqqında düşünməyə başladım. Başqa bir dərdim yoxmuş kimi, bu Adımın və Soyadımını hardan gəldiyi və nə məna daşıdığını araşdırmağa başladım. Bu araşdırmanın bir səbəbi də bu Soyadımın (əvvəllərdə biz buna FAMİLYA deyərdik) çox nadir, türklər demiş çox nadidə bir soyad olması idi. Hətta bu gözəl məmləkətimdə və ona bitişik Cənubi Azərbaycanda belə xüsusiylə bu Soyad, bu FAMİLYA o qədər nadir və o qədər nadidədir ki, harda bu familyada bir adam görsəm vəya oxusam mütləq bir əqrabalıq və qohumluq axtarmaq kimi bir "xəstəliyə" də düçar olmuşdum. Bu familiyaya rast gələn kimi telefon açardım o adama və məlum olanda ki, mən bu gözəl məmləkətin tamam başqa br şəhərindənəm və bu familyanı daşıyan adam isə... ey vah, tamam başqa bir yerdən, bizim rayondan tamam uzaq bir yerdən, həmən fikrimdən vaz keçirdim və düşünürdüm: hardandı məndə o baxt, mən o adamla qohum olaydım.
   
   Və buna mən o zaman daha çox təəssüflənirdim ki, həmən Soyadı daşıyan adam bir vəzifə adamı olurdu: məsələn Mərkəzi Komitə adamı və başqa bir samballı sahənin adamı olurdu. Amma aradabir də düşünürdüm: bəlkə elə mənim nəslim daha çox əsli nəcəbatlidir, nəinki o adamın nəsli. Bəlkə də əsrlər qabaq mənim nəslim daha şöhrətli olub, nəinki bu adamın nəsli...
   
   Bu nadir, bu nadidə coyad ABDİN (İstanbul türkcəsində ABİDİN, İstanbul türkcəsini deməyimin də bir anlamı var, bir azdan izah edəcəm) bəlkə də bu familyanı daşıyan başqa adamlar üçün bir elə məna və anlam kəsb eləmir və üstəlik də düşünə bilərlər: bu nə sayıqlamadır.Nə qədər işlər var görüləsi, bu adam da oturub-durub bu Abdin sözünü çək-çeviri eləyir. Başqa bir mövzu tapmadımı bu adam?
   
   Xeyr, yoldaşlar! Mən bu familya acısını o qədər çəkmişəm ki, hətda 70-ci illərdə "Atama məktublar" adlı bir poemamda aşağıdakıları yazmışdım::
   
   
   
   Burada insanlar sanki bir səfil
   
   Burada insanlar bir heçdir Atam
   
   Burada insanlar özləri deyil
   
   Burda familyalar hökm edir Atam
   
   
   
   Allaha and olsun ki,bu bir az neo-epik misraları o zaman, yazıldığı zaman çap eləmək (təbii bu sətirlər çox-çox sonralar çap olundu) cəsarət istəyirdi. Həqiqətən o zaman familyalar çox böyük işlər görürdü və elə bu hər zaman belə olub məncə.Və bu Soyad məsələsi ayaq açıb yeridi bütün məmləkətdə... Belə olduğu bir zamanda nədən mən bu Soyadımın hardan gəldiyini araşdırmayaydım və özümə bir arxa axtarmaq haqqında düşünməyəydim...
   
   Bu nadidə,bu nadir Soyadla bağlı başqa bir çox hadisələr də gəlirdi başıma ki, bütün bunlar məni bu Soyadımın hardan gəlib, hara getdiyni araşdırmağa sövq eləməkdəydi.
   
   Baxıram ki, bir gözəl nazirlikdə bir Abdinov familyalı bir insan var və bu insan bir zaman hələ mən İstanbuldaykən daha gözəl bir vəzifədəydi və bir gün necə oldusa bu şəxs İstanbul Baş Konsulluğuna telefon açar və həyat yoldaşım, o zaman İstanbulda Baş konsulluqdan işdən çıxarılmışdı və telefonçu işləyirdi və o zaman onu işdən çıxaran adam da demişdi ki, bəs sizi bura Xalq Cəbhəsi (ay tövbə, əgər belə bir şey vardısa, mən heç zaman heç bir partiyanın üzvü olmamışam, qismət də olmayıb, həyat yoldaşımın nə həddi vardı ki, mənsiz bir partiyaya üzv olaydı, bu sadəcə taleyin bir vaqeəsi idi) göndərib və... qərib bir ölkə, mən işsiz, həyat yoldaşım da işdən çıxarılıb, iki uşaq oxuyur Türkiyənin bizdən uzaq şəhərlərində... Neysə... o yuxarı təşkilatda işləyən şəxs durub-durub deyir ki,bəs xanım əfəndi sizin də familyanız Abdinovdur, mənim də familyam Abdinov, bəlkə bizim bir qohumuluğumuz var. Adam Naxçıvandan, həyat yoldaşım mənim familyamı daşıyır, mən də Salyandan... Çox uzaq bir əlaqə... Amma,adam çox mədəni olar... Güman ki, zarafat sayar bunu...
   
   Ən dəhşətli təsadüf hələ sonradan üzə çıxacaq: bəs bu Bakıdakı adamın adı Əhməd familyası Abdinov.Mənim də bir əmim oğlu var, Əhməd Abdinov adında və mən həmən düşünərəm: soyad eyni, ad eyni, nədən bizim bir qohumluğumuz olmasın. Bəlkə uzaq bir qohumluq da ola bilər: bir zamanlar öz pətəyindən qopan arılar kimi insanlar azmı burdan ora, ordan bura göç etmişlər, özü də türk olasan və bu köçə meyilli olasan və bəlkə elə biz də bax o nəsillərdən biriyik: bir qardaş qalıb buralara, bir qardaş köçüb gedib Naxçıvana, birisi Muğanda, birisi Naxçıvanda məskunlaşaraq beləcə soyadı yaşatmaq üçün doğulan uşaqlarına illər, əsrlər öncə itirdikləri qohumalarının adını qoyublar. Belə işlər ola bilir təbii...
   
   Bir zamanlar Türkiyədə yaşadığım illərdə, gecənin dərin qaranlığında, bu Soyad məsələsnin üstünə bu qədər inamla getmək məni rahat buraxmadığından mən düşünməyə başladım: Aman Allahım, mən ağlımımı itirmişəm, mən dəlimi oldum?
   
   Xeyir, heç də belə deyil.Bu təbii bir şeydir.Bu Soyad məsələsi o qədər təbii bir şeydir ki,baxın Türkiyə kimi bir cumhuriyətdə Ana Yasa da bu barədə bir məddə də var və özü də bunu Böyük Atatürk özü öz əli ilə yazdırmış və həyata da keçrmiş. Kimliyindən asılı olmayraq Türkiyədə yaşayan hər kəs türlü-türlü soyad götürə bilər: və bəlkə elə buna gör də bu günkü Türkiyədə türk soyadlı erməni, yunan, kürd, gürcü, fransız, ingilis və hətta rus belə peyda olmuşdur.Beləcə mozaik bir toplum əmələ gəlmişdir.
   
   Və bugünkü Türkiyə elə hardasa bu mozaikliyin ağırısını çəkmirmi?
   
   Amma mən əslində belə düşünürəm: bu iş o gözəl məmləkətin öz işidir və öz yazarlarının işidir və mən nahaq bu ölkənin demokrat bir ölkə olmasından istifadə elyib, belə şeyləri düşünürəm. Mən öz Soyadımın cazibəsindən qırağa çıxmamalıyam və insafən elə öz Soyadımın cazibəsində mən belə şeyləri düşünməyə başladım.və həqiqətən Türkiyədə elə gözəl, elə cəzbedici və elə sehirləyci soyadlar var ki, adam heyran olmaya bilmir: və işə bax ki, mən bu soyadların təsirinə qapılıb, hətda soyadımı dəyişmək iştahına belə düşdüm.
   
   Baxın, insafən nə gözəl, nə anlamlı soyadlardır. Məsələn: özcan, türkmən, özqan, türkqan, türksevər, cantürk...
   
   Türksevər... Cantürk...
   
   Cantürk!!! Aman Allahım, hardan gəldi ağlıma bu Cantürk soyadı?
   
   Bəli düşdü yadıma: Türkiyədə bu soyadda birisi vardı. Öldürdülər və bütün qəzetlər də bu ölümü günlərlə yazdı, ən kiçik qəzətdən tutmuş ta "Hürriyyət", "Milliyət" qəzetinə kimi... hamısı yazdı onun öldürülməsini. Bəlkə mən bir qədər sadəlövh adamam, bu soyd məsələsinin üstündə bu qədər əlləşirəm, yox Türkiyədə belə deyil, Türkiyədə məsələn, kürd dilində məktəb istənəndə, deyək ki, bir İşçi partiyası bunu istəyəndə, milliyətçilərin başını kəsəsən bunu istəməzlər və beləliklə, bir uzun mübahisə düşər ortaya və hətda buna Avropa belə qarışar... Sözüm bunda deyil, bu Cantürk deyilən birisi öldürüləndə məlum oldu ki, bu adam Türkiyədə qazandığı milyonlarla dolları, Türk parasını yox ha, dolları verirmiş PKK-ya ki, bəs sən türk uşaqlarını öldür, uzaq kəndlərdəki türk əskərlərini öldür,o kəndlərdə dərs deyən türk müəllimlərini öldür! Və bu adam öldürüləndə məlum oldu ki, bəs bu gözəl və son dərəcə anlamlı bir soyadın sahibi nə işlə məşğulmuş. Soyada bax canım: Cantürk.
   
   
   
   (Davam edəcək)
   
   
   
   Qısa bir not: Orfoqrafik lüğətlərdə Soyad:- oğul və qızlara atadan, qadınlara ərdən verilən, hər kəsin öz adıyla birlikdə istifadə elədiyi adı. (bax: Kemal Dəmiray. Türkcə Temel sözlük.İnkilar kitab evi. 1990)
   
   

TƏQVİM / ARXİV