adalet.az header logo
  • Bakı 20°C

DANüZü YUXULARI-3

TOFİQ ABDİN
27598 | 2010-02-27 02:29
Yenə də bilgisayarın arxasına keçirəm. Və "bu mənim son yazım olacaq", -deyirəm özüm-özümə. Əslində bir-iki gün qabaq yazılarım çap olunan qəzetin baş redaktoruna da demişdim bunları.O da gülərək: biz hamımız beləyik, -dedi.
   
   "Bu yazı işi də bir xəstəlikdir. Əstəğfürüllah heroin, nəşə kimi bir şeydi, bu yazı işi... "
   
   Bu son sözləri mən dedim ona. Bu dəfə də güldü. Hiss elədim ki, ürəkdən güldü telefonun o biri ucunda.
   
   Buna görə də bəzən yuxuda da yazı yazıram. Növbəti bir yazı uzun illər qabaq itirdiyim bir dost kimi yuxuma girir, onunla baş-başa oluram....
   
   
   
   ***
   
   ... görürəm ki, qızım mənə bir dəvətnamə vermək istəyir.Mən də dəvətnaməni almaq üçün ha əlimi uzadıram, ha uzadıram... ala bilmirəm ki,ala bilmirəm. Və nəhayət bir təhər alıram dəvətnaməni.
   
   Baxıram. Yazılarım çap olunan qəzetdən gəlib...
   
   ... bu adamla, bu dəvətnaməni göndərən adamla, yazılarım çap olunan qəzetin sahibiylə heç tanış deyiləm. Yəni şəxsən tanış deyiləm. Mənə yaxın bir ölkənin Başkonsulluğunda bir kərə görmüşəm üzünü. Yaxşı bir insan olduğunu və gözəl bir şəxs olduğunu söyləmişdilər mənə. Mən heç insan tanıyan deyiləm. Adamlarda elə hey yaxşı tərəfləri görməyə çalışan bir insanam. Bu adamın da yaxşı olduğunun, pis olduğunun fərqinə belə varmadım. Çünki mənim yazılarımı çap eləyənlər tamam başqa adamlar idi. Baxmayaraq ki, bu adam qəzətin sahibi idi, türklər demişkən Patronu idi...
   
   Bəli, mənim yazılarımı çap eləyən başqa adamlar idi. Heç onlar da mənim üzümü görməmişdilər.
   
   Yazılarım xoşlarına gəlirdi, gəlmirdi bilmirəm. Amma çap eləyirdilər. Doğrudur,bir-iki adam vardı ki, məni görmüşdü. Onlar da texniki işlərdə çalışan adamlar idilər.
   
   Mən də bu adamları tanımasam da,onların yazılarını həmişə oxyurdum. Sevirdim bu adamları. Güzaranları mənim kimi çox çətin olsa da, bu məsləyin insanlarını çox sevirəm.
   
   "Pis-yaxşı tarix yaradırlar"-düşünürəm. Ölümlə burun-buruna yaşayırlar. Qazandıqları maaş az olsa da, uşaqlarının yanında başları aşağı olsa da,bəzən...
   
   Bütün bunlara baxmayaraq işləyirlər bu məsləkdə....
   
   Dəvətnaməyə baxdım. Məni, bəli məni, şəxsən məni qəzetdəki yazarlarla və işçilərlə görüşə dəvət eləyirdilər.
   
   Öz-özümə düşündüm: üç ildir yazılarım qəzetdə çap olunur. Niyə indi məni xatırladılar? Niyə şəxsən mənimlə maraqlandılar? Mən kiməm ki... O böyüklükdə adamlar mənimlə görüşmək istəyirlər?
   
   Düşündüm ki, cümləyi-aləm bilir, mən bu ölkədə yabançıyam. Qonağam. Yabançı bir yazaram. Qəzetçiyəm. Mənim məmləkətim müstəqilliyə yeni-yeni qovuşur. Çox qan tökülüb məmləkətimdə. .
   
   Mənim doğulduğum məmləkət bütün türk cumhuriyətlərindən ən yaxın və ən qohum olan bir ölkədir bu ölkəylə, bu məmləkətlə. Dil, mədəniyət, adət-ənənə, eh nə bilim daha nələrdə biz çox yaxınıq bir-birimizə və ət-dırnaq kimi bir şeyik.
   
   Və bir də düşündüm: bəlkə yeni bilgilər almaq istəyirlər, özümlə daha yaxından və şəxsən tanış olmaq istəyirlər. Buna görə eləyirlər bunu.
   
   Düşünürəm.... düşünürəm... düşünürəm...
   
   Və bir də görürəm ki, toplantı salonundayam...
   
   ... Və salona keçirəm. Qəzetin sahibi, bir neçə yazar və mən keçirik yuxarı başa. Otururuq yuxarı başda. Başqa yoldaşlar da məni çox mehriban və isti bir baxışla seyr eləyirlər salondan. Hamısı da gülərüz, hamısı da çox mehriban...
   
   Bir an düşünürəm: bəlkə də,mənə görə belə mehribandılar və gülərüzdürlər. Necə olursa-olsun mən yabançıyam.
   
   Əcnəbiyəm.
   
   Əcnəbi yazaram.
   
   Bütün bunları düşünə-düşünə bir ay qabaq bir qəzetdə çıxan bir araşdırma yadıma düşür və orada bir sual vardı. Beləydi bu sual:
   
   "Küçədəki türk insanı nədən belə qaraqabaq və düşkündü?"
   
   Bu sual həmən ağlıma gəldi. Və mənimlə görüşməyə gələn yazarların və qəzet işçilərinin belə gülərüz və mehriban olduqları bir az bir təhər gəldi mənə.
   
   Amma,nə olsun. Bu bir təhər ortama heç bir səbəb yox. Bunlar ağıllı insanlardı, cəmiyəti idarə edirlər hardasa, insanları və dövləti istədikləri zaman tənqid eləyirlər və tərifləyirlər. Niyə belə görünməməlidilər ki... ?
   
   Mən bu görüşə çox böyük bir məmnunluqla və böyük bir sevincilə gəlmişəm. Belə də olmalıdı, -düşünürəm. Heç Ana vətənimdə mənə belə dəvətnamə gəlməyib. Gəlmədi...Məni bu qədər saymadılar. Amma, burada röyalarımın məmləkətində mənə bu intelektual hörməti eləyirlər. Və heç şübhəsiz,düşünürəm ki, məni tərifləyəcəklər. Daha nə cür ola bilər ki?. . Qonaq çağırıb, görüş eləyib,əcnəbi bir yazarı söyməyəcəklər ki...
   
   pisləməycəklər ki...
   
   heç görünməmiş bir şey olar bu...Yabancı bir yazarı dəvət eləyəsən,sonra da söyəsən, tənqid eləyəsən.
   
   Əslində mənim yazılarım da buna əsas vermir...
   
   Suallar yağmur kimi yağacaq;-düşünürəm. Mən də çox sakit, çox məmnun və çox möhtərəm cavablar verəcəm. Cavablarım etkili olduğu zaman məni alqışlayacaqlar...
   
   Vah... vah...
   
   Mənim ən qorxduğum və ən pis şey budu bax... eyni səviyyədə insanların biri-birini alqışlaması. Gəncliyimdən heç sevmədim bunu. Gördüm ki, sevim...
   
   Allahım, - düşünürəm, - bu alqışlar olmasa nə gözəl olar.
   
   Amma, yox mən qonağam və yabançı bir yazaram. Onlar mənə hörmət eləmək məcburiyyətindədirlər.
   
   Alqışlamaq məcburiyyətindədirlər.
   
   Olsun, canım. Bunu bu qədər şişirməyə nə hacət. Bu bəlkə də bir insanlıq borcudu. Onlardan biri mənim məmləkətimə gedib beləcə görüşdə olsa, heç şübhəsiz, alqışlanacaqlar. Layiq olduqları üçün alqışlanacaqlar. Bunu bu qədər ürəyə salmağa nə gərək. Dəvət edirlərsə,deməli bütün şərtlərə əməl olunmalıdır.
   
   Nə istərlərsə eləsinlər, -düşünürəm. Sağ olsunlar. Mənə olan bu hörmətin heç əvəzi yoxdur. Belə bir milliyətçi qəzetdə çap olunmaq və qonaq çağırılmaq hər kişinin işi deyil....
   
   ... Dəvətnamənin bir o üzünə baxıram, bir bu üzünə baxıram. İnana bilmirəm ki, inana bilmirəm.
   
   Ağlım bir şey kəsmir.
   
   Düşünürəm: nə olsun ki, yazıdır yazıram. Mənim kimiləri çox. Düşünürəm: mənim heç bir işim yox, vəzifəm yox...
   
   Millət vəkili deyiləm...
   
   Nazir deyiləm...
   
   Heç parti başkanı da deyiləm...
   
   Heç bir yetkim yox...
   
   O yox... bu yox...
   
   Xeyir, amma, bir şey var: mən yabançı yazaram. Əcnəbi yazaram.
   
   Bəli, mənim üstünlüyüm budur.
   
   Qəzetin yazarları mənim bir əcnəbi yazar olaraq çox şeylərimi bilmirlər. Bəzi yazılarımda mən öz şəxsi həyatımı anlatsam da,çox zaman gözdən qaçmış olabilər bu anlar. Bu qəzetin insanları bütün işini-gücünü buraxıb mənim yazılarımın hamısını oxuyan deyillər ki... Heç öz yazılarını belə oxumurlar. Sağ olsunlar, məni şəxsən görüşə dəvət eləyiblər.
   
   Heç şübhəsiz, şəklimi çəkəcəklər və bir xəbər də yazacaqlar: Ünlü yazar arkadaşımız türk kökənli azeri yazarı Tevfik Abidin Muharremoğlu dün qazetəmizin konuğu oldu. Oldukca sıcak və şakalı-makalı geçen bu görüşte yazar soruları yanıtladı, yeni yazılarıyla okurları tanış etti ve memleketi üstüne konuştu. Okurların yoğun talebiyle yeni şiirlerini okudu.
   
   Heç şübhəsiz,belə bir xəbər çap eləyəcəkdilər. Təkrar eləyirəm: belə bir dəvətin özü mənə çox böyük bir hörmətdi, sayqıdı, müqayisə olunmayan bir yanaşmadı və hətda heç gözləmədiyim bir şeydi.
   
   Ədəbiyatın, şerin, sənətin, musiqinin bir zamanlar öncülü olan dünyaya Fizuli, Nizami, Xəyyam, Neçip Fazıl, Adsız kimi insanlar verən bir məmləkətdə, indi sənəti və ədəbiyatı çox bədbaxt bir vəziyyətdə olan ölkədə, mənə olan bu hörmət məni xöşbəxt etməyə bilməz. Bunu anlamayan gərək nankor olsun.
   
   Və mən də bunu çox gözəl anlayıram...
   
   Düşünürəm: heç şübhəsiz,bu qəzetdə çalışan yazarlardan biri məni təqdim edəcək, biri tanış eləyəcək məni buradakı adamlarla. Amma düşünürəm yenə də: kim eləyəcək bunu?Kim məni tanıyır ki, təqdim eləsin. Bu hörmət etdiyim yazarlardan heç biri məni bu üç ildə bir dəfə də olsun görmədi ki... bunu eləsinlər. O zaman mən özüm-özümü təqdim eləməliyəm. Özüm- özümü tanıtmalıyam. Çətin olsa da,obyektiv olmasa da bunu eləməliyəm. Olmasa,bu ağrılarımın nə dəyəri var ki... bu yazılarımın nə dəyəri var ki...
   
   Amma, yenə də düşünürəm. Bu tanışlıq olmasa da olar. Bir şeylər soruşarlar, mən də cavab verərəm və beləcə də çox canlı, çox təbii bir görüş alınar. Belə daha gözəldir.
   
   ... Dəvətnaməyə bir də baxıram: yox. Vallah, bu bir yanlışlıq olmalı. Bəlkə birisi məni dolayır. Zarafat eləyirlər mənimlə. Yox, canım mənim kimim var ki, elə yaxın adam yox ki, mənimlə belə bir zarafat eləsin. Mən bu ölkədə elə bir adam tanımıram ki, mənə zarafat edəcək qədər yaxın olsun.
   
   Yox, bu bir zarafat və dolamaq, ələ salmaq kimi bir şey deyil. Hardan ağlıma gəldi bu zarafat və dolamaq. Yox, baxıram dəvətnaməyə və bədənimi soyuq tər basır. Bu soyuq tər get-gedə istiləşir və mən sanki od tutub yanıram.
   
   Nəfəsim tıxanır. Ağlıma soxulan bu "dolamaq", "bu zarafat" məsələsi məni təngənəfəs eləyir. Düşünürəm: bu işin sonuna varmaq üçün,ən yaxşısı qəzetə telefon açım. Soruşum,varmı belə bir şey. Amma,olmasa nə eləyərəm. Biyabır olaram onların yanında... Ayıb olar mənə...
   
   Qəzetə zəng eləmək üçün qantər içində qalxıram və yavaş-yavaş telefona yaxınlaşıram.
   
   Nömrəni yığıram. Gözləyirəm. Kimsə cavab vermir. Saata baxıram. "Saat.... Niyə kimsə cavab vermir, Allahım!Demək yalanmış bu. Demək mənimlə oyun oynayırlar bu qərib məmləkətdə... Demək məni dolayırlar. "
   
   Bir dəfə də nömrəni yığıram... Gözləyirəm... Səs-səda yox. Yenə də kimsə cavab vermir.
   
   Və birdən görürəm ki, kimsə mənə tərəf gəlir. Ayaq səsləri get-gedə yaxınlaşır mənə və bu ayaq səsləri get-gedə sıxlaşır. Üstümə tökülür bu ayaq səsləri... Mən qan-tər içindəyəm. Ayaq səsləri yaxınlaşır.
   
   -Ata, -deyə məni səsləyirlər.
   
   Qızımın səsidi bu.
   
   -Nə var qızım, mənə dəvətnaməmi gətirdin?
   
   -Qalx, ata, qalx, vaxt keçir... Nə dəvətnamə?..
   
   ...Mən qan-tər içindəyəm. Uzaqdan, çoooooooox... çoooooooooox uzaqdan azan səsi uçalır. Səs ucaldıqca... ucalır...
   
   "Yarəb, şükürlər olsun sənə, -deyirəm. Nədən bu gözəl röyadan oyandım?"
   
   Son illərdə qürbətdə gördüyüm ən gözəl röya idi bu...
   
   
   
   Not: Türk yuxu yorumları
   
   mənbələrinə əsasən
   
   
   
   Royada bir yerə dəvət aldığınızı görmək, yaxşı olmayan bəzi hadisələrlə qarşılaşacaqsınız deməkdir. Belə yuxular üzüləcəyinizin də işarətidir.
   
   Röyada dəvət almaq, nəzərə alınmayan əlavə xərclərin olacağını da bildirir.

TƏQVİM / ARXİV