adalet.az header logo
  • Bakı 18°C

DANüZü YUXULARI-2

TOFİQ ABDİN
26530 | 2010-02-20 02:06
Və inanın ki, heç bir şey artırmıram.Bu yuxunun öncəsi bunlar olmuş: "525-ci qəzet"in səhifələrində ustad şair Rəsul Rzanın haqqında olan yazıları oxumuşam.Məlum fikirlər olsa da,qəzetin yaradıcıları ilə müzakirə də etmişik.Və mən təbii ki, qəzetdə gedən bu fikirlər arasında öz imzamı axtarmaq niyyətində olsam da, bunun olmayacağını qəti surətdə bildiyimdən heç üstünü də vurmuram. Həmin səhifəni hazırlayan Anar müəllimin heç borcu da deyil ki, mənim də fikirlərim o böyük insanlarla birgə versin, amma baxıram ki, məndən çox az tanınan bir xanım əfəndinin fikirləri burada yer alıb.Və yenə də heç düşünmədən bu yazını hazırlayan insana haqq qazandırıram.Çünki mənim də əlimdə imkan var. Mən də RƏSUL RZA HAQQINDA YAZDIĞIM MƏQALƏLƏRİ VƏYA GÜLRUX ƏLİBƏYOVANIN NADİR KİTABINA DAXİL OLAN "RƏNGLƏR" HAQQINDA FİKİRLƏRİMİ YAZIMIN İÇİNƏ ALIB ÇAP ETDİRMƏK İMKANIM VAR.O fikirləri ki, hələ çox, çooooox çooooooooox illər öncə RƏSUL RZA bu şeirlər üçün divara sıxışdırılanda bu şeirləri müdafiə edən gənc qələm olaraq nə Rəsul Rzanı şəxsən tanıyırdım, nə də Anarı. Və düşünün ki, həmin şeirləri müdafiə edən daha kimlər vardı : rus şairi İLYA SELVİNSKİ, dünyaca ünlü şair İRJE TAUFER. Hər halda Gülrux xanım Əlibəyovanın kitabında var bunlar.Düşünürəm: neyləmək olar,bura bizim Azərbaycandır,bizim məmləkətmizdir, olanımız budur.
   
   Və həmin gün başqa bir şey olduğunu xatırlamıram, olmayıb da...
   
   Bütün bunlardan sonra o gündüzün gecəsinin Danüzü mən,bir YUXU görürəm.Dəhşətli bir YUXU görürəm.Və nə zamandı ki,bir fikir məni rahat buraxmır.O da ibrət olsun ondan ki, fikirləşirəm, mən bir də bu dünyaya gəlsəydim bu təfəkkürümlə və bu düşüncəmlə, yalnız və yalnız ÖZ YUXULARAMI yazmaqla məşğul olardım.Amma kişi kimi, bütün iyrəncliyi və bütün təmizliyi ilə öz yuxularımı yazıb bu dünyadan çox rahat ( bu bir az həqiqət deyil, dünyadan "çox rahat" köçmək sadəcə bir deyimdir) köçərdim.Mən bilmirəm, dünyada bu işlə məşğul olan başqa bir yazan-pozan olub olmayıb,amma mən çox istərdim ki, bunu həyata keçirim.Bu məni son illərdə ÖLÜM qədər məşğul edən bir şeydi.
   
   Və mən dəhşətli bir yuxu görürəm və bu yuxunu təfsilatı ilə yazmaq istəyirəm...
   
   Aman Allahım!!! Bu yuxunu təfsilatı ilə anlatmaq bu yazını yazdığım zaman da mənə ağır gəlir, mən qəhərlənirəm və inanın ki, bu YUXUNUN mənə nə dərəcədə dəxli olub-olmadığını da bilirəm və...
   
   ...görürəm ki, həbsxana kimi bir yerdəyəm,ya da nəsə buna bənzər bir yerdir,bəlkə yoxsul bir xəstəxanadır və burada hündür bir çarpayı var. Mən bu çarpayının önündəyəm və çarpayıdan bir az aralıda bir qadın da var: yaşlı və çox səliqəsiz geyinmiş bir qarıdır.Bu qarı yaxınlığındakı zibillikdən yığdığı bəzi para şeyləri o çarpayıda çox halsız yatan və bütün aydınılığı ilə gördüyüm üzü gözü tüklü bir adama uzadır.Bu zibillikdən yığılan şeyləri yemək üçün uzatdığı adam mənə tanışdı,elə tanışdı ki, mən bu qədər aydın yuxunu heç zaman görməmişəm və bu çarpayıda yatan adam mənim bir o qədər də ünsiyyətdə olmadığım, yalnız çox hörmət etdiyim və yalnız bir kərə yaradıcılıq əməkdaşılığı elədiyim və yalnız bir kərə o tamaşadan sonra, evimə kollektiv dəvət eləyib, qonaqlıq verdiyim, unudulumaz rejissor VƏLİ BABAYEVDİR.
   
   O VƏLİ BABAYEV ki, bir zamanlar mən "Qobustan" toplusunda işləyəndə Anar müəllim mənə tapşırdı ki,bəs o maraqlı rejissordur, onun haqqında yazı yazdırın və mən təbii ki, özüm yazmasam da, o yazını yazdırdım və sonradan mən özüm də onu izləməyə başladım.
   
   O Vəli Babayev ki, Naxçıvan Cavid Poyeziya teatrında tamaşa qoyulan, bir az sonra haqqında oxuyacağınız böyük şairimiz Rəsul Rzanın şeirlərindən kompozisiya olaraq yaratdığım "BİR GÜN DƏ İNSAN ÖMRÜDÜR" poetik-tamaşada rejissorluq etmişdi və hələ o zaman teatrşünas Cəlil Vəzirov onun haqqında "Ədəbiyat və incəsənət" qəzetində yazmışdı: "Tamaşanın quruluşçu rejissoru Azərbaycan SSR əməkdar artisti Vəli Babayev müəllifdən gələn,günün aktual və son dərəcə müasir səslənən problemlərini ön plana çəkmiş və maraqlı bir tamaşa hazırlamışdır. Rejissor tamaşaçı nəzərini mənalı bir istiqamətə-sosial ədalət prinsiplərinin sözdə yox,məhz əməldə təzahür problemlərinə yönəltmişdir. Rejissor poetik teatrın tələblərindən və imkanlarından ustalıqla istifadə edərək faciəni törədən səbəbləri ön planda səciyyələndirir.Qeyd etmək lazımdır ki,rejissor-rəssam dueti tamaşada məzmunlu bir harmoniya yaradır ( qeyd edək ki,Vəli Babayev bu tamaşada həm də rəssamdır)...
   
   O Vəli Babayev ki, "Kommunist" qəzetində ( 6 yanvar 1988-ci il) Fəsahət Hüseynov yazırdı: " Hər bir vətəndaşın cəmiyyət qarşısında məsuliyyət hissi,mənəvi təmizlik və xeyirxah mövqeyi əsərin ana xəttini təşkil edir.Quruluşçu rejissor,Azərbaycan SSR əməkdar artisti Vəli Babayev ( o həm də quruluşçu rəssam idi) əsərin səhnə həllində məhz bu problemlərin açılmasına çalışmış və məqsədinə nail olmuşdur.O tamaşada poetik teatrın tələb və imkanlarına düzgün riayət etməklə müəllifin fəlsəfi qayəsini tutarlı rejissor təsirilə açmışdır."
   
   O Vəli Babayev ki...
   
   mən görürəm ki... Vəli Babayev çox halsız uzanıb çarpayıda və qadın əlindəki çirkli yeməkləri ona verməyə çalışır və mən qadını qabaqlayıb ciblərimi axtarıram və cibimdən pul çıxarıb qadına verirəm ki,başqa bir şeylər alsın.
   
   Bunları çox aydın xatırlayıram və bu yazını da məhz həmən yuxunun tam səhəri yazmışam.
   
   Və qadın məndən pulu götürmür və mən bir də baxırım ki, burada bir adam da var.Və inanın, Allah xatirinə, inanın! Bu adam da kim olsa yaxşıdı: gözəl rejissor HÜSEYNAĞA ATAKİŞİYEV!
   
   Bu nə işdi - düşünürəm. Mən ağalaya-ağlaya Hüseynağa bəyə deyirəm: aman, Hüseynağa müəllim, bu adam (yəni Vəli Babayev) bu günə düşməməliydi... bu adam bu günə layiq deyil. İnanın, lap beləcə deyirəm və bütün bu müddəti mən hönkür-hönkür ağlayıram...
   
   Mənə inanmanızı istərdim...
   
   Mənə inanmanızı istərdim...
   
   Mənə inanmanızı istərdim...(bu təkrar deyil, təkrirdir, saxlanılmasını istərdim).
   
   Ağalaya-ağlaya bunları deyirəm. Və qadın artıq yoxa çıxıb. Hüseynağa müəllim tam anlamadığım bir şeylər deyir, amma onu başa düşürəm ki, dəhşətli peşimandı və o da son dərəcə dəhşətli dərəcədə mağmun görünür...
   
   Və mən hələ də ağlayıram...
   
   ...Və nəhayət ayılıram.Görürəm ki, kipriklərim yaşdır, gözlərimin içi yaşla doludur.Doğrudu yaş yanaqlarımı islatmasa da, gözlərmin içi yaşla doludur və mən ağlamışam...
   
   Baxın, mən bir çox məqamı bir az öncə izah elədim və mən bu vaxtsız itirdiyimiz gözəl rejissorla, gözəl ziyalı Vəli Babayevlə bir neçə dəfə qarşılaşsam da, bir çoxu kimi onunla yaxından təmasda olmamışam.Mənim Naxçıvan Poyeziya Teatrı üçün unudulmaz və böyük şairimiz Rəsul Rzanın şeirlərindən toxunulmuş "BİR GÜN DƏ İNSAN ÖMRÜDÜR" poetik səhnə əsərimə o rejissorluq eləmişdi (və indicə onun o işi haqqında bir neçə nümunə verdim) amma, mən o zaman da bu Vəli Babayaev adında bir sənətçi ilə, deyim ki, Cəlil Vəzirov kimi yaxınlığ eləməmişəm. Yani, bu nə sirr, bu nə möcüzə, Aman Allahım? Mən nədən Rəsul Rza haqqında danışılan bir söhbətdən sonra məhz o böyük şairi yox, məhz Vəli Babayevi yuxuda görməliyəm və nədən məhz o halda görməliyəm ki, ağlamalıyam. Nədən?
   
   Vəli Babayev bizim unudulmaz rejissorluq məktəbimizin unudulmaz bir nümayəndəsi idi ki, Bakıdan ayrılıb Naxçıvana getdi və Naxçıvanda da bir çox tamaşalara və Naxçıvan teatrı tarixinə imza atdı və təbii, o Naxçıvana getməməliydi və Bakıda yaşamalıydı və Bakıda mübarizə etməliydi, amma o yolu ona kim seçmişdi, mən deyə bilmərəm.
   
   Bəlkə Bakı artıq onun üçün ölmüşdü?
   
   Vəya bəlkə Bakıdan o intiqamını beləcə almaq istəmişdi.
   
   Bütün bunları mən indi də bilmirəm, amma Bakı teatr camiəsi onu itirməklə bir çox şeyi itirmişdi, çünki o bir rejissorluq məktəbi görmüşdü və bu rejissorluq məktəbini də görmək üçün onun haqqı vardı : O İSTEDADLI VƏ ALLAH VERGİSİNƏ SAHİB BİR YARADICI idi...
   
   Təbii, mən portret yazmıram,amma onun kim olduğu barədə bir neçə stata ehtiyac duyurdum ki,onu da yazımın irəlidəki bölümündə oxudunuz,bu ona layiqdir.Və burada mən bir şeyin altını özəlliklə cızmaq istərdim: Aman Allahım, bu nə möcüzə? Nədən Vəli Babayev və Hüseynağa Atakişiyev mənim yuxuma girməlidi?
   
   Və nədən məhz elə bir ağrıyla girməliydilər ki, mən ağalamalıydım...
   
   Bunu mənə anladacaq bir kimsə varmı?
   
   Bir varlıq varmı?
   
   Mən bilirəm: onların qarşısında heç bir suç sahibi deyiləm və mən onlarla dediyim kimi bir o qədər də yaxın ünsiyyətdə olan insan olmamışam...
   
   O zaman bunun adı nə olsun? Nədir bu...
   
   Not: Yazar həmkarım, çox hörmətli Oqtay Salamovun Millerin Yuxu yorumlarına dayanaraq yazdığına görə Yuxuda ölənləri görmək - Şadlıq deməkdir. Ölənlərlə danışmaq - İşdə xöşbəxtlik deməkdir.
   
   Keşkə belə olsaydı.

TƏQVİM / ARXİV