adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

XOŞ və HüZNLü TƏSADüFLƏR

TOFİQ ABDİN
25540 | 2010-01-30 02:35
Bəli, Əli kişinin oğlu İbrahim!
   
   Daha doğrusu, doxtor İbrahim!
   
   Səni itirdiymiz gündən nə az, nə çox
   
   BİR İL keçdi!
   
   Etiraf edim ki, bu BİR İL ərzində heç yadımdan çıxmadın.
   
   
   
   Və indi düşünürəm ki...
   
   Mən səni bir neçə aspektdən sevirdim.
   
   Bunlardan bəzilərini sadalayım...
   
   
   
   Məndən çox gənc idin, amma səni itirəndə məndən yaşlı görünürdün. Bu sən deyən dünanın heyrətli gəlişmələrindən deyil, amma mənim bir vaxtlar sənin qarşında uşaq kimi ağlamağım təbii ki, möcüzə olmasa da, çox yandırıcı bir şey idi.
   
   
   
   Bax, mənim səni sevməyimin ən ulu səbəblərindən biri və başlıcası məhz mənim sənin qarşında uşaq kimi ağlamağım idi və indi də bilmirəm niyə məhz sənin evində, sənin qarşında ağlayırdım. Sənin mənim başımda olan ağır məqamla heç bir əlaqən yox idi, amma mən nədən məhz Azər Abdullanın yox vəya Azər Abdullanın başqa qohumalarının qarşısında yox,məhz sənin evində, sənin qarşında ağlayırdım ? Gör neçə illərdi bunu unuda bilmirəm. Bu o günlər idi ki, atam Məhərrəm kişi çox ağır... çox ağır... bir xəstəlikdən əlac tapmayacaq deyə Bakıdan kəndə aparılmışdı. Və mən bilirdim ki, o son günlərini yaşayır. O son günləri mən çox vaxt kəndə gedir və yenidən iş yerimə - "Qobustan" toplusuna qayıdırdım. Qayıdan kimi də sən məni qarşılayırdın çox vaxt və həmin günlərin ən acısında sən mənə təsəlli verə-verə nə edəcəyini bilmədən maddım-maddım üzümə baxır və mənim göz yaşlarımın,hıçqırıqlarımın durmayacağını görüb təsəlli vermək üçün danışmamağın ən gözəl yol olduğunu görüb susurdun.
   
   Susurdun və içinin ağrıları gözlərindən oxunurdu.
   
   O zaman sən Tibb İnstitununun tələbəsi idin.Mən isə artıq dediyim kimi "Qobustan" toplusunda xeyli zamandı çılışırdım və artıq tanınmış birisi idim o zamanın təbirincə desək.Amma ağlamağın məhşurluğa və populyarlığa dəxli yox idi,Əli oğlu İbrihim vəya doxtor İbrahim!
   
   
   
   Güman edirəm ki, mən səni bax o günlərdən, o acı günlərdən ta itirdiyim günə qədər sevdim.Səninlə tez-tez görüşməsək də, səni sevirdim və indi də bu sevgi içimdə arada bir baş qaldırır.
   
   Sənin itirdiyimiz artıq bir ildi.Bu bir ildə vallah heç yadımdan çıxmadın.Və həmişə də ağrılarla səni xatırladım,burada da əlacsız olduğumu görüb məğlub yaşamağa davam etdim.
   
   Və ən indi az da olsa başa düşürəm ki,bax o çətin günlərdə sənin qarşında ağlamağım,sənin susmağın bəlkə də ən böyük yardım idi mənə.Ağlamasaydım, necə olardı, bilmirəm?
   
   
   
   Daha sonra bir səbəb də var, düşünürəm : sən mənim itgin düşümüş əmimin adını daşıyırdın,çox gənc və hətta gözləri o zamanın, yəni müharibə illərinin traxoması ola-ola kiminsə yerinə davaya göndərilən və itgin düşən əmim İbrahimin adını daşıyırdın. İlahi, sən bir təsadüfə bax: sən doğulmuşdun Ermənistan Respublikasının Mehri rayonunun Vartanizor kəndində,
   
   Mənim əmim doğulmuşdu, Ərdəbildə,köçüb gəlmişdilər,Cəlilabada,ordan da Salyana.Amma Salyana gəlmək İbrahim əmimə qismət olmamışdı. Güman ki, Cəlilabaddan davaya getmişdi və qayıtmamışdı.O əmim ki,illər sonrası mən onun haqqında bir şeirimdə yazmışdım
   
   
   
   Müharibə itgini əmim İbrahim Səmədoğluya
   
   
   
    Salam əvəzi:
   
   Dünən anam yadıma düşdü.
   
    ağladım.
   
   Görüb gözyaşımı
   
   kövrəlməməkçün
   
    Gözlərimi bağladım.
   
   
   
   ***
   
   Biz də onlar kimi adamlar idik,
   
   uzun bir məftil
   
   adamlardan ayırdı bizi.
   
   Olduq əsir
   
   Onları adı ilə çağırırdılar,
   
   bizi nömrələrlə.
   
   Nömrələndik:
   
   təzə şəhərin binalarıtək,
   
   yeni alınmış maşınlartək,
   
   Onlar saqqalsız gəzirdilər,
   
   biz saqqallı.
   
   Üstümüz,başımız ölüm qoxuyurdu.
   
   ölüm qorxusu
   
   "İnternasional" oxuyurdu.
   
   Bir balaca kişiliyimizə
   
   şübhə yarandı özümüzdə,
   
   Əsirliyimizə səbəb olanlara
   
   nifrət var idi gözümüzdə.
   
   Azadlığımıza bənzəyirdi
   
   bizə verilən çörək.
   
   Vətənsizləşirdi get-gedə ürək.
   
   Vətənsizləşirdi, neyləyək.
   
   Yaşamaq ümidi
   
   fəsil dolusu deyildi,
   
   il dolusu deyildi,
   
    gün dolusu idi,
   
   dəqiqələr dolusu idi
   
   əsirlikdə yaşamaq.
   
   Bir yerə toplaşanda
   
   topa-topa ölüm idik.
   
   Neyləyək, bizi bezdirmişdi
   
   özümüzdə ölüm daşımaq.
   
   Bəziləri qorxusunda əsir düşdü.!
   
   Bəziləri elə-belə.
   
   Amma hamımız olduq əsir.
   
   Düşərgə rəhbərləri yaxşı bilirdi
   
   qəlbimizdə müharibə,
   
   onların ölümü gəzir.
   
   Bizə elə gəlirdi əsirlikdə
   
   bir ictimai quruluş var:
   
   quldarlıq cəmiyyətində yaşayır
   
   əsir alınanlar.
   
   İstər sosializm olsun,
   
   İstər kommunizm.
   
   
   
   ***
   
   İmza əvəzi:
   
   Sizin tərəflərdə
   
   müharibə çoxdan qurtarıb,
   
   Bizim tərəflərdə sizi görmək
   
   ümidilə müharibəyədək
   
   Siz, bizə əlvida deməyin,
   
   Biz də sizə əlvida demədik.
   
   
   
   Bəli, Əlioğlu İbrahim! Bu hələ harasıdı.Tale mənə ya əzab
   
   vermək üçün, ya da sevmək üçünmü bilmirəm,yenidən sənin və əmimin adıyla məni üz-üzə gətirdi.Vallah, bu o qədər xoş və bəlkə də acı bir təsadüf ki, bunun adını qoymaq çox zor.Bax ha...nə qədər illər sonra sənin adınla qarşılaşanda diksinmişdim, indi oğlum öz oğlunun adını İBRAHİM qoydu. Məndən heç soruşmadan və mənə heç nə demədən.Bu təsadüfün adını mən heç cür qoya bilmirəm.Və mən bir şeyi də etiraf edim: təkrar edirəm, nəvəmin adının İbrahim olmasında mənim heç bir imtiyazım olmayıb və hətta təsadüfü qoyulan bu adın məhz mənim əmimin xatirəsinə İbrahim adı qoyulub deyə bir iddiam da yox, amma uşağın adı İBRAHİM və əmimin də adı İBRAHİM!!!!!
   
   Necə olmuş bu, mən bilmirəm və heç soruşmaq da istəmirəm.
   
   Və dah sonrası sən mənim gəncliymin bir parçası idin.Özü də ən çox uzun sürən illərin bir parçası.Yuxarıda bir balaca bunu anlatdım,qonşuluq anlamında. 3-cü Alatava deyilən bir bir səmtdə sənin xalan oğlu yazar Azər Abdullanın köməkliyi ilə aldığım bir ev, sənin də atanın sənə aldığı evlə çox yaxındı, lap yaxındı.Biz demək olar ki,hər gün görüşürdük. Ta uzun illər belə oldu,Əli oğlu İbrahim! Sən mənim o illərimin ən canlı şahidi idin.Nə mən bir məhşur adam odum ki,birisi sənə yanaşıb, mənim haqqımda bir şeylər soruşsun səndən, nə də mən bu vaxta qədər o illər və o evdən yazdığım yazılarda sənin adını çəkdim.Halbu ki,sən və sənin ailən o illərdə mənə ən yaxın insanlar idi.
   
   Yox, sən bu dünyadan elə belə getmədin.Bunu mən bir il qabaq Sumqayıtda vəfatın münasibətiyilə keçirilən vida mərasimində gördüm.İstər 60 yaşlı o şəhərin rəsmi insanları,istərsə də sənin min əzabla ərsəyə gətirdiyin xəstəxananın personalları nə gündəydi bir bilsən.Həqiqətən sənə olan bu sevgi və bu hörmət şəxsən məni heyrətləndirirdi.Və vida anlarında olan çıxışlarda da bunu açıq-aydın görmək mümkündü.
   
   Bu adamlar nədən səni bu qədər sevirdilər,Əli oğlu İbrahim?
   
   Nədən,doxtor İbrahim?
   
   Nədən, ay əmimin adını daşıyan İbrahim?!
   
   Nədən, hələ nə qədər yaşayacağamsa, ən azından nəvəmə görə adını hər zaman anacağım Əli oğlu İbrahim?!
   
   Əli oğlu İbrahim KİM idi?!
   
   1952-ci ilin mart ayının 21-də Mehri rayonunda dünyaya göz açmışdı.1975-ci ildə Azərbaycan Dövlət Tibb İnsititunun müalicə-profilaktika fakültəsini bitirmişdi.İlk tibb fəaliyyətinə Təcili Yardım Stansiyasında başlamışdı.Sonra Sumqayıt 1 nömrəli şəhər xəstəxasında sahə həkimi,şöbə müdiri çalışmışdı.Məhz bu dövrlərdə istedadlı və bacarıqlı həkim,tələbkar təşkilatçı kimi kollektivin,səhiyə şöbəsi rəhbərliyinin diqqətini cəlb edir.İbrahim Səfərov 1989-cu ildə tikilməkdə olan Sumqayıt şəhər 2 sayılı şəhər xəstəxanasına baş həkim təyin olunur.Bu xəstəxananın istismarında,onun müasir tibbi texniki avadanlıqlarla təminində İbrahim Səfərovun çox böyük xidməti olmuşdu. Ali dərəcəli həkim,İ.Səfərov Moskva, Kiyev və digər böyük şəhərlərdə tibbi konfranslarda iştirak etmiş,Respublika Səhiyyə işçilərinin ali məclislərində nümayəndə kimi təmsil olunmuşdu. Dəfələrlə Fəxri fərmanlarla təltif olunmuşdu.
   
   Ailəli idi. Üç övlad atası idi.
   
   
   
   (Bilgilər xüsusi olaraq doxtor İbrihim Əlioğluna həsr olunmuş Sumqayıtda çıxan "Möhtəşəm Azərbaycan" müstəqil qəzetindən götürülmüşdür".
   
   Doktor İbrahim qardaşı Firdovsi ilə

TƏQVİM / ARXİV