adalet.az header logo
  • Bakı 17°C

DANüZü YUXULARI

TOFİQ ABDİN
26061 | 2010-01-23 03:29
Çox sərbəst bir yazı başlayıram və adını da heç diqqət çəkən bir ad qoymuram, sadəcə "Bu İl yenə də itkilərlə başladı" deyə bir ad vermək istəyirəm. Amma düşünürəm ki, baş redaktorumuz xanım əfəndi yenə də deyəcək: bu nə şikayətdi, bu nə vaynəfsədi? Necə ki o gün, "525-ci qəzet"in baş redaktoru çox hörmətli Rəşad Məcid bəyəfəndi onun qəzetində çıxan şeirləri ( 16 yanvar 2010) vərəqlərdə oxuyub, tənbəllik eləməyib telefon açmışdı və dedi ki, təbrik eləyirəm, gözəl seçilmiş şeirlərdir, amma bir az bədbinlik var, bir az kədərlidir. Düzü Rəşad bəyin bu telefonu mənə bir təhər gəldi və mən də tutula-tutula: əfəndim, deyəsən məni dolayırsan axı, - dedim. "Yox vallah ciddi deyirəm" - dedi və soradan eşitdim ki, planlaşmada da şirin sözlər demiş.
   
   Olsun. Necə olursa-olsun. Unudulmaz İsa İsmayılzadə demişkən: BİZ BÖYÜK SEVİNCƏ ALIŞMAMIŞIQ.
   
   Bütün bunların xoş olduğu bir zamanda mənsə görürsünüz ki, yazımın adını "Bu İl yenə də itkilərlə başladı" qoymaq istəyirəm.
   
   Həqiqətən də belə oldu. İlin ilk həftələrində uzun illər qonşu yaşadığım, bütün ailəlikcə yaxın olduğumuz gözəl bir ziyalı müəllim Meğri rayonunun Əldərə kəndinin İbrahimovlar nəslindən Səfərəli müəllim rəhmətə getdi və onun ardınca da gələn həftə sağlıq olsun elə bu səhifədə haqqında yazı oxuyacağınız,yenə də Meğri rayonu Vartanizor kəndindən Səfərovlar nəslindən doxtor İbrahimin ili gəlir...
   
   Vallah, məndə günah yoxdu, canım gözüm baş redaktor xanım əfəndi!
   
   Neysə Allaha təvəkkül deyib başlayıram yazmağa və hətda yazanda da inanın ki, içimdən bu keçir ki, dostlarım, yəni bu yazını çap edəcək olan "Ədalət" qəzetinin yazarları, da düşünürəm, ola bilsin deyəcək və haqlı da deyəcək: qardaşım bu ilin əvvəlinin sənin üçün dərdli gəlməsinin bizə nə dəxli var, bu nə yazıdı yazmısan və buna görə də həmən yazını bir az ictimayətləşdirirəm (Kommunist cəmiyətində böyümüş uşağıq, nə eləmək olar) sonuna aşağıdakıları əlavə eləyirəm: "Və beləcə ilin ilk günləri həyatıma bu qədər acı şeylər gətirməklə rayonlarımızı da su basır, kəndlərimizdə evlər dağılır, böyük bir qırğın da elə ilin əvvəlinə düşür : 20 yanvar qətliamə ... və daha nələr olacaq bu ilin içində bu məni dəhşətə gətirir...hələ irəlidə dərdli Mart var...Xalqda bir deyim var. O da yadıma düşür : Mart girdi Dərd girdi, Mart çıxdı Dərd çıxdı..."
   
   Amma Marta hələ çox var.
   
   Bütün bunların üstündən durum deyim ki, Rəşad Məcid mənə telefon açanda sevinmədim, o telefon zəngi məni məmnun etmədi, bu kişilikdən olmaz, amma mənim üçün o telefon zəngi bir də ona görə dəyərli idi ki, sui-istifadə edərək öz səhifəmdə publisistika əvəzinə şeirlərimi verməyim bir təhər qarşılana bilər, düşünmüşdüm. Amma belə bir iş bir dəfə də mənim başıma gəlmişdi və o zaman da Rəşad Məcid demişdi: qardaşım, öz səhifəsində verin getsin də.
   
   Heç şübhəsiz Rəşad Məcidin özünün də içində elə ağrıları var ki, o ağrıları bizim çoxumuz yaşayırıq və bir də mənim üçün bütün bunlar ona görə dəyərli idi ki, qəzetin sahibi Rəşad Məcid və onun yazar dostları bilsinlər ki, mənim şeirlərim və yazılarım onların qəzetinə heç də əskiklik gətirmir və mən həmən bir çox yazım üçün aldığım məktuları arxivimdə saxlayıram, amma həm də düşünürəm: siz bu cür notları bəlkə, həm də elə qəzetin özünə yazasınız, baş redaktora göndərəsiniz necə gözəl olar.
   
   Amma nə bilim, güman ki, onlar bunu üstün tuturlar və mən də utana-utana onların yazdıqlarını bəzən yazılarımın içinə alıram, yada elə not olaraq qalır.
   
   Mənim fikrimcə qəzet üçün bir o qədər də pis not olmur bu notlar və özü də uzaq ölkələrdən gələndə və güman ki, burada "525-ci qəzet"in İnternet saytı da böyük rol oynayır.
   
   Aman Allahım, məsafələr nə qədər daralır, düşünürəm...
   
   ... və gəlirəm əsas temamın üstünə...
   
   Nə illahdı bilmirəm, yaddaşım, yaman zəifləyir. Danüzü saat 5-də, 6-da gördüyüm yuxu əlüzümü yuyana və təraş olana qədər yadımdan çıxır və bu yazı da elə o yaddaşımın zəif qatının cəzası kimi bir yazıdır.
   
   ...Yenə də saat beş ya altı olar (təbii ki,bunu ayılandan sonra bilirəm) qəribə bir yuxu görürəm. Çox qəribə : Atam (bizlərdə LƏLƏ deyərik, anlaşıqlı olmaq üçün Ata deyirəm) yuxuma girir və ömrünün son illərində onu necə görmüşdümsə, eləcə də yuxuma girir. Son illər, yəni təxminən 1972-ci ili düşünün və eynən o cür yataqda uzanıb və eynən üzü tüklü. Baxıram ki, ətrafında adamlar oturub, ancaq atam mənə baxır və mən bu adamların kimlər olduğunu ayırd eləmək istəyirəm. Amma nə illah eləyirəmsə bir şey başa düşmürəm və ən dəhşətlisi mən oğlumu da burada,bu adamların arasında görürəm. Amma "bu ola bilməz düşünürəm çünki, mən onu itirəndə evlənməmişdim hələ, subay idim, baxmayaraq, yaş artıq ötmüşdü və necə ola bilrədi ki, oğlum da onun başının üstündə, bu adamların arasında olsun".
   
   Bu mümkünsüz bir şey.
   
   Ola bilməz.
   
   Əyər belədirsə, demək mən bir zaman yazdığım o şeri saxta yazmışam, yada bu yuxu saxta olmalı.Və apaydın oğlum Mətini, totuq bir uşaq olaraq,qıvrım-qıvırcıq saçlarla onun başının üstündə görürəm və bir zamanlar yazdığım şerin yaşanaraq yazıldığını düşünüb, bir daha özümü silkələyirəm və necə var eləcə də şeiri aydınlığı ilə, yuxuma səpələnmiş toxum kimi görürəm:
   
   Təbii ki, şeiri mən yaşayaraq yazmışam, mənim ümumiyyətlə uydurma şeylərdən heç xoşum gəlməz və Ata haqqında şerlərimi də mən hər zaman detalına qədər aydınlığa və həqiqətə dayanaraq yazmışam və buna görə də bunun cəzasını az çəkməmişəm...
   
   ( yazının bu yerində saata baxıram, saat 9-30, evə çörək almaq üçün mübahisə gedir və çörək uzaqda deyil, həyətdə satılır, amma yenə tənbəlik eləyirlər. Mənim bu yazının içində olmağımdan tam xəbərsizdilər. Mübahisə uzanmasın deyə yazını yarmıçıq qoyub çörək almaq üçün gedirəm. Qırıqlıq hiss olunsa, təbi düşünülsün... Bir də, ah gözəlim kompüter!!!!!! Bu priyom, bu üslub bəzilərinə tanış gələ bilər.)
   
    ...Və yuxumu yalnız bir şəkil olaraq yenidən gözlərimin önünə gətirirəm və burada atamın başının üstündə duranlar və oturanlar hamısı mənə tanışdır və məhz bir detal yenə də mənə aydın olmur: atam son nəfəsini çəkəndə mən onun yanında deyildim və bunu da aydınlığı ilə bilirəm. Amma atam hələ yaşayır və başa düşmürəm, atam hələ sağdısa o zaman mən niyə ağlayıram və elə bu ağlamağın səsinə də yuxudan ayılıram və görürəm ki, gözlərim yaş içindədir.
   
   ...Yaddaşım yalnız bu qədər yadda saxlayıb o anları və mən atamın qarşısında olan bir çox günahlarımın olduğunu anlayıram, vallah, pis oğul da olmamışam, bunu da bilirəm, amma güman ki, bu qarşıdan gələn Novruz bayramı ərəfəsində bizim tərəflərdə məzar başına getmək kimi bir el adəti var və düşünürəm ki, güman ki, bu yuxu bax o anların əksi olmalı ki, mənə xəbərdarlıqdır: mənim yanıma gələcəksən, ya yox ?
   
   Təbii, keçən il də bu olub və hər gələn il də belə olacaq və bu illərin acısı olaraq mən bir şeir yazmışam. Və mənim üçün çox sevimli olan bu yazını o şeirlə bitirmək istəyirəm:
   
   məzarına gəlib gördüm
   
   torpağın AĞRIYIR atam
   
   ürəyin heç ağrımadı
   
   həyatın ağrıdı atam
   
   
   
   çörəyin çıxan daşlardan
   
   sənə baş daşı eylədik
   
   sən bizə nələr etmədin
   
   biz sənə nələr eylədik
   
   
   
   indi sənin yaşındayam
   
   başım sevdayla qarışıq
   
   məzarına gəlib gördüm
   
   qarışqalar yarışır
   
   
   
   yaxşı ki görə bilmədin
   
   sıramız daralır atam
   
   məzarına gəlib gördüm
   
   torpağın AĞRIYIR atam
   
   
   
   ürəyin heç ağrımadı
   
   həyatın ağrıdı atam...
   
   not:
   
   Hörmətli Tofiq Abdin!
   
   Həm uzaq həm də yaxın Moskvadan, özümün və sizi tanıyan dostların adından salamlayıram! "Ədalət" qəzetinə verdiyiniz sorğunu Kultaz.som saytında oxudum.
   
   Bütün mükfatlardan yuxarıda dayanan insanlara da hərdən nə isə pay düşməldir, çünki hər şeyin, hətta ədalətsizliyin də bir ölçüsü, sonu olur.
   
   Elçin İsgəndərzadəyə və o mükafatı verən münsiflər heyətinə də təşəkkürlər!
   
   Zənnimcə, hər bir mükafatdan onu alanlarla bərabər, o insana rəğbəti olanlara da mənəvi pay düşür, çünki düşünürsən ki, nə yaxşı ki, az da olsa dünyada yaxşıya pisə, zəhmətə qiymət verən var, deməli, yaxşı iş görənləri də görən var!
   
   Mən də çox sevindim, Tofiq bəy!
   
   Siz doğrudan da heç kimə bənzəməyən, öz dediyiniz kimi "qərib və gözəl" bir zamanın şairi, düşüncə, qələm sahibisiniz. Sizin səslədiyiniz yollara gəlib, bəlkə də "özüm gəlib çıxdım" düşünənlər də olacaq, amma xatırlayıb qiymət verənlər də.
   
   Bir daha sizi ürəkdən təbrik edir, can sağlığı, yaradıcılıq uğuru və köhnə kommunistlər demişkən, maddi rifah arzu edirəm.
   
   Müxtəsəri, qəlbiniz kimi cüzdanınız da həmişə dolu olsun!
   
   Gözəl və ifadəli şəkilinizi də Kult.az saytından öz kömpüterimin yaddaşına köçürdüm!
   
   
   
   Sultan Mərzili, Moskva.
   
   ***
   
   Tofiq bəy! Vallahi iki kəlmə sözlərin məni tərpətdi:
   
   TOFİQ ABİYƏ
   
   "bir az da qürbətin gücü var bu sözlərdə"
   
   Tofiq Abdin
   
   
   
   
   
   Sən necə dərd bilən oldun,
   
   Qələm çəkib bölən oldun,
   
   Gah ağlar, gah gülən oldun,
   
   Qürbət zor imiş, Ağabəy!
   
   
   
   Zülüm-zülüm yandırarmış,
   
   Durna-durna qandırarmış,
   
   Daşa çırpıb sındırarmış,
   
   Əvət, kor imiş, Ağabəy!
   
   
   
   Ahı batdı, ünü qaldı,
   
   Bəxti yatdı, günü qaldı,
   
   Vaxtı çatdı, unuduldu,
   
   Əcəb yar imiş, Ağabəy!
   
   
   
   Unutmaz dostu, sirdaşı,
   
   Kimə ustad, kimə naşı.
   
   Təxti-tacsız Sultan işi,
   
   Ahu-zar imiş, Ağabəy!

TƏQVİM / ARXİV