adalet.az header logo
  • Bakı 20°C

BAŞQA BiR ASLAN QƏHRƏMANLI - 2

TOFİQ ABDİN
25702 | 2010-01-16 00:48
Hər halında mənim üçün iki Aslan Qəhrəmanlı var: Alim və Yazar. Alim kimi onun adını-soyadını tam bilmirəm və inanın ki, uzun illərin dostluğuna baxmayaraq (həqiqi mənada dostuq, təkcə bircə şey mane olur: Aslan müəllimin dediyinə görə pulu olsa da borc vermir,pulu olmasa borc da almır, bu tam mənada tam mənim əksimdir) alimlər arasında onun necə çağırıldığıni bilmirəm. Yəni Aslan Qəhrəmanovmu, yoxsa başqa bir imzayla. Amma yazar olaraq Aslan Qəhrəmanlıdı və uzun illərin tanışlığı mənim onun yazar həyatına bir neçə dəfə müraciət etməyimə vəsilə olub. İlk tele-serialların müəlliflərindən biri kimi Asalan Qəhərmanlı bizim yaşlı nəsil və bir az bərilərin çoxunun yadındadı. O da var ki, Yaşar Nuri, Firəngiz Mütəllibova kimi aktyorlar onun həmin seriallarından uzun sənət yoluna çıxdılar və indi də sevimli aktyorlar olaraq qalırlar.
   
   Aslan Qəhrəmanlının çox gözəl nəsr əsərləri var. Bunu da danmaq olmaz və onun bir maraqlı yazar olaraq bizim tənqidimizin dışında qalmasının ən amansız səbəblərindən biri məncə onun riyaziyyat alimi kimi daha çox tanınmasıdır ki, bizim yazar-cizər camiədə hələ də tam ədəbiyyat adamı o adamları hesab eləyirlər ki, onlar məhz Yazarlar Birliyinin orqanlarında çalışrılar və Yazarlar Birliyinin kəndarlarını döyürlür. Aslan bir yazar olaraq bütün bunların dışındadır və ədəbi camiənin həndəvərində çox az fırlanır. Nə bir-birini qovan tədbilərə,yubileylərə gələr, nə də tam dərindən bunların həsrətini çəkər. Bax, elə bu baxımdan da həqiqi mənada bir ziyalı həyatı yaşayan Aslan Qəhrəmanlının 70 yaşını Yazarlar Birliyi sadəcə rəsmi təbriklə də yada salmadı.
   
   Aslan hər zaman yeniliyə can atan ziyalıdı. Çox işıqlı və çevik dünya görüşünə malik bir insandı. O qədər çevik, o qədər işıqlı ki, mənim ona paxıllığım tutur və o danışanda mən sadəcə qulaq asıram. Çox şeyləri öyrənirəm, baxmayaraq ki, yaş fərqimiz bir o qədərdə çox deyil. Hər zaman diri qalmaq orijinallığı ondan irəli gəlir ki, çox mütaliə eləyir bu yaşında da. Mən bir az əvvəllər onun haqqında olan bir yazımda, onun vergi mədəniyyəti barədə kitabının olduğunu yazmıışdım.
   
   İndi isə Aslan Qəhramanlı tamam başqa bir yönü ilə qarşınızdadı.Onun çox incə və çox nəfis bir kitabı çıxıb: "PARODİYLAR" adında. Hopbala!!!!!!!!!!Aman, qardaşım!!!!!!Hardan hara!Bu nə doyumsuzluq, bu ən gözlənilməzlik?
   
   Necə olursa- olsun, bu dəfə mənim özümü də heyrətləndirəcək bir kitab haqqında onun özüylə söhbət etməyi qərara aldım. Nə mənə şeydi bu parodiya, nə mənə şeydi ki, bu yaşında bu alimi- biəməl şappadan qorxmadan və necə qarşılanacağını düşünmədən Azərbaycan ədəbi camiəsinin tanınmış yazarlarına parodiyalar yazmış və hətda bəndənizin də adını o siyahıya qatmış.
   
   VƏ BELƏLİKLƏ :
   
   
   
   Respublikamızın mətbuat səhifələrində yazıçı Aslan Qəhrəmanlının xeyli parodiyası işıq üzü görmüşdür. Bu yaxınlarda isə onun yalnız parodiyalardan ibarət kitabı çap olunub. Yazıçı ilə söhbətimiz də elə bu barədədir.
   
   
   
   PARODİYALAR
   
   YAXŞI YAZIÇILARIN ƏSƏRLƏRİNƏ
   
   YAZILIR
   
   
   
   -Azərbaycanda bu janrda kimlər yazmışlar və sən onlardan nə isə öyrənmisənmi?
   
   -Yox,öyrənməmişəm. Çünki ədəbiyyatımızda heç kəs parodiya yazmamışdır. Bizdə keçmişdə həcvlər və sonralar şarjlar yazılardı. İncəsənət adamlarına həsr olunmuş həcv və şarjlar müəyyən mənada parodiyaya yaxın hesab edilə bilər. Qasımbəy Zakirin, Seyid Əzim Şirvaninin satirik əsərləri, xüsusilə də həcvləri kəskinliyi ilə seçilir. Yadımdadır, bir vaxtlar yeni il münasibətilə qəzetlərdə tanınmış ədəbiyyat və incəsənət adamlarına şarjlar dərc edilərdi.İndi heç kəs heç kəsin xətrinə dəymək istəmir. Hətta zəif bədii yazıları tənqid etmək də yaddan çıxıb. Vaxtilə Süleyman Rüstəmin şarjlarını həvəslə oxumuşam və onlardan bəziləri indi də yadımdadır.
   
   -Bu cür şeirlər və ya digər janrlarda əsərlər yazmaq yəqin ki, çətindir. Məncə gərək əvvəlcə obyekti seçəsən. Sən parodiya yazdığın şairləri necə seçirsən?
   
   -Mən obyekti seçmirəm. O özü gəlir. Əsl şairləri qeyri-adi qabiliyyətə malik hesab etdiyimdən, onların yazılarında nöqsanların az olmasını arzulayıram. Parodiyanın əhəmiyyətini isə bunda görürəm ki, hər bir şair və əlbəttə, nasir də, dramaturq da yazılarına tələbkarlıqla yanaşmalıdır, çalışmalıdır ki,onun əsəri parodiyalıq olmasın.
   
   -Mən səni ciddi bir yazar kimi tanıyıram və demirəm ki, bu janra müraciətin nəyisə dəyişdi, amma yenə də dediyim odur ki, ədəbiyyatımızda bu janra ciddi yanaşmırlar. Bu səni təəssüfləndirmir ki?
   
   -Qətiyyən təəssüfləndirmir. Ona görə ki, bu janr sən dediyin mənada həqiqətən ciddi janr deyil, müəyyən mənada zarafatdır. Yeri gəlmişkən,"zarafat" ərəb sözüdür və ərəblər "zarafat" yox, "zərifət" deyirlər, "zərif" sözündəndir. Biz incə saitləri qalın saitlərlə əvəz edib bunu bir qədər kobudlaşdırmışıq. Ciddi deyəndə xəyalıma qaşqabaqlı, heç bir yumor hissi olmayan şəxs gəlir və ona görə də "ciddi ədəbiyyat" sözündən xoşum gəlmir. Necə fikirləşirsən, Mirzə Fətəlinin komediyalarına, Mirzə Cəlilin felyetonlarına, Ələkbər Sabirin şeirlərinə ciddi yanaşmamalıyıq?
   
    -Xüsusi olaraq, parodiyaya gələn şair və yazıçılar varmı və ya əksinə, yaradıcılığında buna imkan verməyən yazarlar varmı?
   
   -Əvvəlcə onu deyim ki, parodiyalar yaxşı yazıçıların əsərlərinə yazılır. Əgər yazıçı həqiqətən pis əsər yazmışdırsa, ona nə parodiya? Həmin əsər özü parodiyadır. Bu günlərdə Yazıçılar Birliyinin 75 illiyi qeyd olundu və bilirsən ki, bu, həm də SSRİ adlanan ölkənin Yazıçılar İttifaqının yubileyidir. 1934-cü ildə müxtəlif bölgələrdən Moskvaya yığışmış yazıçılar qurultayda iştirak etdilər. Orada çıxışlardan əlavə şeirlər də səslənmişdi. Məsələn, Süleyman Stalski bədahətən uzun bir "şeir" oxumuşdu və Maksim Qorki onu XX əsrin Homeri adlandırmışdı. Həmin "şeir"də, məsələn, belə bir bənd var idi:
   
   
   
   "Qızıl əsgər, bizim narkom,
   
   Yaşasın hər bir znakom,
   
   Onlar dayanıb kruqom,
   
   Bəzənmiş otağa gəldim."
   
   
   
   Yaxşı, de görüm, buna necə parodiya yazmaq olar?Onda parodiyaya parodiya olar axı! Qəribə təzaddır: 2700 il əvvəl yaşamış Homerin əsərinə parodiya yazmaq olur,XX əsrin Homerinin əsəri isə elə əsl parodiyadır.
   
   Son dövrlərdə vəziyyət daha pisdir. Bədii səviyyəsi çox aşağı olan kitablar çap olunur. Onlara parodiya yazmaq bu janrı gözdən salmaq olardı.
   
   -Şeirlərinə parodiya yazdığın şairlərlə rastlaşanda onların sənə münasibətində bir dəyişiklik hiss edirsənmi? Məsələn, mən eşitdim ki, şeirlərinə parodiya yazdığın şairlər Çingiz Əlioğlu və Vaqif Bəhmənli sənin kitabını axtarırlarmış.
   
   -Münasibətlərdə nəzərə çarpan dəyişiklik olmur, amma cüzi də olsa, inciklik hiss edirəm.Amma nahaq yerə inciyirlər. Mən istedadina inandığım şairlərə parodiya yazıram, çünki bu janrın tələbidir. Parodiya, şairi yazdığına diqqətli olmağa vadar edir. Çingiz Əlioğlunun, Vaqif Bəhmənlinin "Parodiyalar" kitabını axtarmasını isə səndən eşidirəm. Çox güman ki, onlar qəzetdə bu barədə informasiya oxuyublar və maraqlanıblar ki, hansı şeirlərinə parodiya yazılıb. Burada təəccüblü bir şey görmürəm.
   
    -Bəlkə söhbətimizin sonunda çap olunmayan parodiyalardan birini oxuyasan?
   
   -İkimizin də dostumuz Zəlimxan Yaqubun bir şeiri var. Əmir Teymurun öz müəlliminin ayağı altında dəfn edilməsi haqqındadır. Zəlimxan yazır:
   
   
   
   " Mərmər lövhələrdən bizə göz vurur,
   
    Daşlar üzərində zamanın yaşı,
   
    Tarixin ən böyük ibrət dərsidir,
   
    Müəllimin ayağı, Teymurun başı ".
   
   
   
   Xoşuna gəldimi? Müəllimin ayağı, bir də Teymurun başı tarixin ən böyük ibrət dərsi imiş, heç kəsin də indiyədək bundan xəbəri olmayıb. Bu şeirə parodiya yazmışam, onu oxumaq istəyirəm:
   
   
   
   Təbim coşa gəlib, qoşa çəkilir,
   
   Müəllim ayağı, tələbə başı,
   
   Ayaqda olsa da, başa çəkilir,
   
   Müəllim ayağı, tələbə başı.
   
   
   
   Doğrudur, xətaya yol verə bilər,
   
   Hətta naqislərə yalvara bilər,
   
   Nə olsun? Futbolda qol vura bilər,
   
   Müəllim ayağı, tələbə başı.
   
   
   
   Ayaq ölülərin ən dirisidir,
   
   Bəzi kəllələrin müdərrisidir,
   
   Tarixin ən böyük ibrət dərsidir,
   
   Müəllim ayağı, tələbə başı.
   
   
   
   Gah mərmər lövhədən göz vurur bizə,
   
   Gah da işıq salır gözlərimizə,
   
    Hədsiz qüvvət verir dizlərimizə,
   
    Müəllim ayağı, tələbə başı.
   
   
   
   Hər qayda-qanunu pozmaq olarmiş,
   
   Yoldan da, izdən də azmaq olarmış,
   
    Elə beləcə də yazmaq olarmış:
   
    Müəllim ayağı, tələbə başı.
   
   
   
   Daha heç bir sualın yoxdursa, təşəkkür edirəm ki, mənim "ciddi" qəbul edilməyən balaca kitabçam sənin diqqətini cəlb edib. Minnətdarlığımı bildirirəm.

TƏQVİM / ARXİV