adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ELçiN SƏLCUQU XATIRLARKƏN...

TOFİQ ABDİN
23074 | 2009-12-31 01:12
Son vaxtlar ünvanıma deyilən iki fikir hələlik məni məşğul etməkdədi: bunlardan birisi, nə qədər ədalətsiz deyilmiş olsa da artıq "söz gülləsi", şairlər demiş atılıb. Ha fikir eləmə vəya ha onun haqqında düşün, ya düşünmə. Bu sözlərdən birisini bir xanım əfəndi mənim ünvanma söyləyib, o xanım əfəndi ki, bir müddət öncə sevimli Rəşad Məcid Gənc Ədiblər Məktəbinin məşğələsinə çağıranda o xanım əfəndi də orda olub və özü də bir cocuqla gəlmişdi o görüşə. Mən onu həqiqətən tanımırdım və necə oldusa dedi: mən bir dəfə Tofiq müəllimin yanına getmişdim, şeir aparmışdım və o mənə dedi ki, nə şeirbazlıqdır, gedib yaxşı uşaqlar böyüdün.Və sonra əlavə elədi ki, bəs həmin Tofiq müəllim mənim şeirlərim haqqında yazı yazdı.
   
   Mən yenə də bu işin üstünə getmədim, amma mənimlə o görüşdən çıxan reportajlardan birində həmin xanım əfəndi daha "böyük intiqam" almaq üçün bir başa demişdi: "Tofiq müəllim özünü biabır elədi".
   
   "Müəllim" deyib deməyib, dəqiq yadımda deyil.Reportaja baxıb, düzünü yazaram.
   
   Mən həqiqətən özümü necə biabır elmişəm bilmirəm, mənə elə gəlir, çox insani və çox açıq söhbət getdi o məşğələdə.
   
   Bu qədər.
   
   Xanım əfəndinin adı Rəbiqə Namiqqızı. Şair...
   
   ...Daha sonra, son vaxtlar mənə deyilən ƏN ƏDALƏTLİ SÖZ unudulmaz yazar dostum Elçin Səlcuqdan gəldi və buna deyirlər doqquzdan vurmaq. Belə oldu ki, hardansa eşitdim: bəs Elçin Sumqayıtda xəstəxanada yatır və mən də ona telefon açdım. Danışdıq.Danışmağa çətinlik çəkirdi,bunu hiss edirdim. Xəstəlik sıxmışdı onu görünür və təbii ki, tez çıxmasını arzuladım.Üstündən bir az keçəndən sonra həqiqətən o xəstəxanadan çıxdı. Hansı vəziyyətdə çıxdı, bunu da bilmirəm. Arada-bərədə yaxşı xəbərlər yox idi və həmin günlərin birində gecə cib telefonum çaldı. Elçin idi. Çox gec saatlardı.Əslində mənim yatdığım saatlar idi.Elçin olduğu üçün açdım və özü də məncə içkili idi.Bu məni çox narahat etdi və mən bir qədər danışandan sonra Elçinə yalvararaq : Qurban olum, Elçin nə olar içmə də,- dedim. Telefonun o biri ucundan həmən cavab gəldi: amma bir az gecikmə ilə : "SƏN NƏ YAMAN MƏZMUNSUZ ADAMSAN, ABİ"- dedi Elçin Səlcuk.
   
   Həmin gün səhərisi onun böyük türk müğənnisi Cem Qaraca haqqında bir yazısı çıxdı "Ədalət" qezetində və həmin yazıda mənə istinadlar etmişdi və çox şirin sözlər yazmışdı.Bu onun savadlı,insaflı diqqətli yazar mədəniyyətdən gələn bir əxlaq idi.
   
   "SƏN NƏ YAMAN MƏZUMUNSUZ ADAMSAN,ABİ" sözləri mənim bütün həyatımın anlamını üzü çıxaran bir ifadə idi. Mənə görə.Kimsə bununla barışmaya da bilər. Ona eşq olsun. Həqiqətən mənim indi yaşadığım həyatın ən dəqiq qiyməti bu idi. Sərrast deyilmiş bir ifadə idi.
   
   Əslində bu Elçin Səlcuqla mənim aramda olan şirin "sataşmalardan" ilkini deyildi bu və arxivmdə bir zamanlar yazdığım Elçinlə bağlı bir yazını təzədən oxudum, bunun şahidi oldum. İndi o yazını da Elçin Səlcuqun unudulmaz xatirəsinə bağışlayaraq oxuculara təqdim edirəm.
   
   
   
   Ah, bu gözəlim metro...İllərlə birisini axtararsan heç rastına çıxmaz, amma təsadüfən bir də görərsən günün birində rast gəldi sənə, peyda olmadı ha, rast gəldi sənə və bu rast gəlmənin də iki tərəfdən birinə sərf eləmədiyi məqamlar var ki,o zaman sərf olunmayan vəya xoşlanmayan adamdan uzaqlaşmaq istəyəndə bir çox çətinliklərlə üzləşirsən...
   
   Bu çətinliyi atlamanın bir yolu da əlindəki qəzetə əsir düşməkdir.
   
   Və bu metroda baş verənlər bəzən adamın heç özündən də asılı deyil.
   
   Mən bu barədə bir zaman bir yazımda da yazmışdım və mənə elə gəlir ki,mən bu işdə bir az da bəzi şeyləri şişirdirəm vəya bir az dəymədüşərlik eləyirəm.
   
   Amma, vallah, belə deyil, mən də insanam və heç kəsin ürəyinə toxunmaq istmədiyim kimi, istəmirəm də ki, kimsə mənim ürəyimə toxunsun və buna görə də məni bir çox zaman qınayırlar da, yəni mən niyə bu qədər qorxağam.Qorxağam qorxaq olmağına, amma amansız zamanda bu qorxaqlıq ölümümə də səbəb olar, bunu yalnız mən bilirəm, ona görə ki,içimdəki KİMSƏSİZLİK hələ gəncliyimdən məni qovurub yandırmaqdadır və bir zaman mən SEVMƏK İSTƏYİRƏM ATAMI adlı şerimi yazanda da, məni qınadılar... ancaq anlamadılar ki,mən bu Bakıda kimsəsiz biriydim və hər zaman məğlub olmağa amadə idim.
   
   Və bir neçə gün qabaq bu başdan ayağa sənət adamı və yazıçı olan,yəni geyimindən tutmuş tanış olduğum andan düşüncəsinə də hörmət etdiyim Elçin Səlcuqu təsadüfən başımın üstündə görməzdən bir neçə gün qabaq mən belə bir şey yazmışdım bir yazımda: "O gün işə gedəndə metroda bir basa-bas idi, vallah, mən də bu basa-basda heç minmərəm.Mindim, adamlar qapının ağzında tıxanıb qalıb biri-birini itələyir və mən də görürəm ki,ortalıq boş, dedim, keçim irəli, bir üzü tüklü birisinə toxundum və şappadan qayıdıb dedi: adə, öküz kimi keçmə...
   
   Baxdım, baxdım və axı nə cavab verəcəydim, cavab versəydim, o da mənə cavab verəcəydi və iş gedib çıxacaqdı polisə və o adam da bilmir ki,bu ölkənin polisi də hər birimizdən bir öküzün pulunu alıb deyəcəkdi, gedin...
   
   Axı mən necə başa salaydım o bakılı balasını ki,qədeş mən öküz deyiləm,mən Tofiq Abdinəm...amma başqalarının xətrinə dəyməsəydim deyərdim: öküz öküzlər arasında olar...
   
   Baxın, bu hadisədə mənim bir az çəkingənliyim rol oynadı, amma mənim yerimə məsələn, dostum Maarif Soltan olsaydı çökərdi onun yaxasına və birisini də ilişdirərdi onun ənginə...
   
   Vallah Maarif Soltan lap düz eləyərdi, əlinə qurban...
   
   Belə bir hadisənin üstündən, indi metroda basa-bas olanda minmək istəmirəm, minəndə də üzü tüklü adamlardan uzaq dururam, lap bu saqqallı adam doğma qardaşım da olsa belə uzaq dururam,inanın bu üzü tüklü adamın o üzü tüklü adamdan fərqi olsa da... mən belə eləyirəm və bu da yenə deyirəm mübarizsizliyimdən və bir də əskərlikdə olmamağımdan irəli gəlir...
   
   ...Və bir neçə gün qabaq qəzetçi Elçin Səlcuq olub mən olan vaqonda və yer boşalan kimi mən oturdum və bir yer də boş qaldı və Elçin bu boş yerdə oturmaq istəmədi və bu yeri mənim qarşımda duran bir rus qadına təklif elədi, düz elədi, mədəni elədi, qadın oturdu və Elçin başımın üstündən bir çimdik aralı əlindəki "Yeni Musvat" qəzetini üzünə tutdu...Yəqin ki,oxumağa başladı....
   
   Doğrusu, bu bir az da olsa mənə toxundu.Mən onu Türkiyədən gələndən sonra bir-iki dəfə görmüşdüm və əslində indiki məqamda onu qeyri adi geyimnə görə öncə tanımadım (bizlərinin etik baxımı meyarında) yazar üçün qeyri adi geyiminə baxanda tanımadım, çox sadə geyinmişdi və lap çox sadə geyinmişdi...
   
   Sonra yaddaşımı qurcaladım və tanıdım...
   
   Tanıdım və iki də bir ona baxmağa başladım və o da gözaltı mənə baxırdı, baxmırdı bilmirəm, amma qəzetlə üzünü demək olar ki, qapamışdı. Və mən soruşdum: hara belə? Baksovetə,- dedi.
   
   Və yenə də davam etdi oxumağa...
   
   Bir neçə stansiya sonra tərslikdən mənim hər iki tərəfimdəki qadınlar düşdülər və Elçinin durduğu yerdən bir az o yanda bir yer də boşaldı,Elçin qarşısındakı boş yeri buraxıb,yəni mənim sağ-solumdakı yerləri buraxıb, mənim yanımdakı boş yerdən də o yana oturan qadının yanındakı boş yerdə oturdu.
   
   Qadın qaldı yanındakı boş yerlə birgə Elçin Səlcuqla mənim aramda.
   
   Mən düşünməyə başladım: nədən belə oldu?
   
   Hə, dostlar nədən belə oldu.
   
   Mənim üçün bunun cavabını tapmaq çox çətindi, çətindi ona görə ki, vallah Elçin Səlcuqla mənim aramda heç bir ixtilaf olmayıb və mən onu bir qəzetçi kimi az tanıyıram və İstanbulda olanda onun "Fanatik" qəzetində də bir neç yazım çıxıb Adil Qaçayoğlu aracılığıyla, amma gələndən sonra da, sağ olsun bir iki yazımı verdi, sonra əlaqəmiz kəsildi və mən Yazıçılar Birliyində işə girdim, "Qobustan" dərgisində... Odur... budur... heç görüşmədik.
   
   ...Baxıram, sağ tərəfim boş, sol tərəfim boş və mənim bir həmkarım məndən qaçır, demək olar ki, gedib məndən o tərəfdə boş yerin o tərəfində oturan qadının o tərəfində oturur...
   
   Qatar gedir və mən düşünürəm: düşəndə onun tərəfə baxım... baxmayım və qatar "Sahil" duracağına çatır və mən içimdəki hisslərimi bir tərəfə atıb düşəndə Elçin tərəfə baxıb-baxmamaq haqqında özümlə savaşıram və Elçin Səlcuq tərəfə yarım dönürəm və görürəm ki, o da nəhayət qəzetdən gözlərini çəkdi və mənə əlvida demək üçün başını qaldırdı...
   
   Baxın... Bu çox adicə bir təsadüfdür, amma bütün zərurətlər təsadüfdən doğduğu üçün bu incə məqam məni incitdi...
   
   Mənim elə bir iddiam da yox ki, Elçin Səlcuq oturub mənimlə dərdləşməliydi, amma nədən belə oldu? Hə nədən belə oldu?
   
   Nədən Elçin Səlcuq məndən belə incikdi?
   
   Dostlar, nədən?
   
   
   
   ***
   
   Elçin Səlçuqun "İradə xanım Tuncayın doğum gününə kənardan bir məsaj" yazısından
   
   "...Şoğərib içkinin daşını atandan sonra "Ədalət"ə bir yazı aparmışdım. İstədim ki, yazını ilk öncə özü oxusun. İradə xanım oxuyub dedi: "Bu dəfə yazını çap edəcəm. Ancaq başa düşmürəm bu dərəcədə düşkünlük, pessimizm hardan və nədəndir? Ümid edirəm ki, "Ədalət" üçün növbəti dəfə yazanda bunları nəzərə alacaqsan, danışdıq?!" Mən susdum. İradə xanıma demək istədiklərim yapışıb dodaqlarımda qaldı: "Yalançı optimistlikdənsə, səmimi pessimizm səmimi olduğu qədər də güclüdür". Bundan ötrü isə höcətləşməyə dəyməzdi. Haqlı saydıqlarını da İradə xanım mənə ərklə eləmişdi.
   
   İradə xanımın publisistikasının özəl xüsusiyyətlərindən biri də yazıda təmkini itirməmək, məsələlərə soyuqqanlı baxış bucağıdı. Yazdığı mövzuların arxasında bir yığın fakt oxucunu ona inanması üçün əsas stimuldu. Yazılarında bir üstünlüyü də üzə çıxır: unikal yaddaş! Xanım əfəndinin yazılarında tənqid etdiyi məsələlərdə konkret adlarla rastlaşmaq mümkünsüz. Mətinaltı "sancmalar"la kifayətlənir. Ehtimal olunan bu qınağa özəl cavabı var: "Mənə deyirlər ki, yazırsan, ünvan göstərmirsən. Qardaşım, ünvan necə olur? Günahkarın biri - mən yazan, biri - sən oxuyan, biri də heç nə oxumayan..."
   
   
   
   ***
   
   Elçin Səlçuqun vəfatına aid şərhlərdən
   
   1.Şərhçi R. Tarix: Aralık 17th, 2009 16:35
   
   Gözlənilən idi... amma bu gözlənilənlik ağrını azaltmır...
   
   Ən istedadlılardan biri, ən cəsarətlilərdən biri... Həmişə sevgi ilə xatırlayacağım biri - mənə həmişə sevgi ilə yanaşan biri...
   
   Allah rəhmət eləsin!..
   
   Yaxşıların çox vaxt həm də zəif olması onların yoxluğu qədər ağrılıdı...
   
   2.Şərhçi: MURAD KOH. Tarix: Aralık 17th, 2009 20:54
   
   Onun ölümü məhz intiharın bir növüdü.Tutub saxlamağa çalışırdıq,ancaq zorla əlimizdən çıxıb ölümə tərəf qaçırdı,gedib ona çatdı da ...
   
   3.Şərhçi: Kənan Hacı. Tarix: Aralık 20th, 2009 14:19
   
   İndi bu sızlamalar heç nəyi dəyişməyəcək... Bəli, biz Elçini qoruya bilmədik!.. Jurnalistikaya, ədəbi mühitə, dost məclislərinə öz dəlisovluğu ilə həmişə canlanma, qaynarlıq gətirən Elçinin ölümü mənim içimdə dərin bir boşluq yaratdı. Cəmi bir həftə əvvəl telefonla danışmışdıq, bir hekayə yazmışdı, dedi ki, verərəm oxuyarsan... Kəramətin qəzetində verərsən... Heyf... Axı niyə belə etdin, Elçin?! Niyə?!...

TƏQVİM / ARXİV