adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ORTAQ TüRKCƏ-3

TOFİQ ABDİN
27101 | 2009-12-12 01:23
Çox qısa bir açıqlama: "Ədalət" qəzetini də internetdən oxuyan dünyanın bir çox ölkələrinə səpilmiş türk aydınları, onun səhifələrində gedən yazılar ətrafında müzakirələrdə yaxından iştirak edirlər. Bu qəzetin daima yazılar yazdığım səhifəsində "Ortaq türkcə" zaman-zaman müzakirə olunub və bu yazıları oxuyan həmin türk aydınları öz fikirlərini də bildirirlər. Onlardan biri Almaniyada yaşayan Qars doğumlu Orxan Arasdır. Bu gün bu məsələ ətrafında xüsusi olaraq Orxan Arasın düşüncələrini oxuculara çatdırırıq.
   
   ***
   
   Mustafa Kamal Atatürk, bir yeməkxanada yemək yeyərkən yanına gənc əskərlər gəlir, əlini öpür, yanında otururlar. O əsgərlərdən biri Atatürkə Sovetlər Birliyini və orada yaşayan türkləri soruşur. Atatürkün cavabı belə olur: "Bu gün bütün ölkələr dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız var. Lakin sabah nə olacağını bu gündən kimsə bilməz. Eynən Osmanlı kimi, eynən Avstriya-Macarıstan kimi parçalana bilər, dağıla bilər. Bu gün əlində möhkəm tutduğu millətlər ovuclarından qaça bilər. Dünya yeni bir düzənə girə bilər, bax o zaman Türkiyə nə edəcəyini bilməlidir... Bizim bəzi dostlarımızın idarəsində dili bir, inancı bir, özü bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyil. Hazırlaşmaq lazımdır. Millətlər buna necə hazırlaşır? Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütövləşməliyik. Onların (xarici türklərin) bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmamız gərəkdir..."
   
   
   
   ***
   
   Gün gəldi, həqiqətən də o qoca imperatorluq dağıldı. Və hər kəsin xəyalını qurduğu Türk yurdları bir-bir bağımsızlığa qovuşurlar. Amma Türkiyə Mustafa Kamal Atatürkün vəsiyyətini göz önünə almamış və hazırlıqsızdır. Nə iqtisadi, nə mədəni, nə də siyasi ordakı qardaşlarına istədiyi və lazım olduğu şəkildə əl uzadacaq vəziyyətdə deyil. Bu durumda atılan addımların da yetərli olmadığı açıqdır.
   
   Türk Cümhuriyyətlərinin, siyasi, iqtisadi, mədəni gerçəkləşdirə bilmədikləri birliyi, Türk dünyasının yazarları, şairləri, qəzetləri, televiziyaları, müəllimləri gerçəkləşdirə bilərlər.
   
   Dil məsələsi Türk dünyasının bağrına saplanmış bir xəncər kimidir. Rus, fars, ərəb, ingilis kimi dillərin istilasına uğrayan dilimiz getdikcə dəyişməkdə və ləhcələr bir-birindən uzaqlaşmaqdadı.Bu məsələ sadəcə günümüzün məsələsi deyil. Bunun yüz illik bir keçmişi var. Zaman-zaman Türkistanda, Azərbaycanda, Krımda, Kazanda yaşayan ziyalılar bu çox önəmli məsələ haqqında və onun həlli məsələsində müxtəlif fikirlər irəli sürmüşlər.
   
   Ortaq dilin önəmini qavrayanlardan biri də Qaspırali İsmayıl bəydi. Onun Krımda çıxardığı "Tərcüman" qəzetindəki şüarı beləydi: "Dildə, işdə, fikirdə birlik!"
   
   Rəhmətlik Məmməd Əmin Rəsulzadə də 1917-ci ildə "Müsəlmanlar Konqresində" dil haqqında öz fikrlərini irəli sürmüş və başqalarından fərqli olaraq çıxışını öz ana dilində - türkcədə bəyan etmişdi. Ayrıca, ilk Azərbaycan Cümhuriyyətinin Anayasasının 20-ci maddəsində Azərbaycan Türklərinin dilinin Türkcə olduğu yazılıb.
   
   BƏS İNDİ NƏLƏR EDİLƏ BİLƏR?
   
   Bir kərə bu məhəlli milliyyətçilikdən qətiyətlə vazgeçilməli. Türkiyədə dil haqqında yazılmış yazılarda daima ortaq dilin Türkiyə Türkcəsi olması gərəkliyi Azərbaycanda yazılan yazılarda isə Azərbaycan Türkcəsinin ortaq dil olması gərəkliyi önə sürülməkdədir. Hər iki arzu da kökündən yanlışdır. Məncə ortaq kəlimələr və əsl türkcə sözlər bir araya toplanmalıdı. Hansı ləhcədə tam türkcə və ya hər şivəyə uyğun sözlər varsa o istifadə olunmalıdı. Məsələn: Türkiyədə "misafir" sözünün "konuk" olaraq istifadə olunması uyğundur. Çünki Azərbaycan türkcəsində də həmən-həmən "qonaq" sözü eyni mənada istifadə olunur. Digər tərəfdən bütün ləhcələrdəki səhv deyimlər və sözlərin yerinə hansı doğrudursa, o işlədilməlidi.
   
   Bunlara örnəklər vermək lazımdırsa: "Siqara içmək" sözü Türkiyə türkcəsindəki böyük bir yanlışlıqdan biridir. Bütün dillərdə siqara "içmənin" qarşılıqları var. İçmək deyərkən Türkcə də həmişə sulu ( maye) bir şeyi içmək anlaşılır. Su içmək, araq içmək kimi. Sözün doğrusu, Azərbaycan Türkcəsində olduğu kimi, "Siqara çəkmək"dir.
   
   "Başa düşmək" də, "anlamaq" da paralel istifadə oluna bilir, ancaq "Anlamaq" hər iki ləhcədə də istifadə olunur. "Başa düşmək" sözü çox uyğun və gözəl bir sözdür. Alman dilində də həmən-həmən eyni yaxın bir söz var ":Ist dir eingefallen" içinə və ya kafana düşdü mü?
   
   Məsələn, biz Tərcüman sözünün Türkcəsini öldürməmizə rəğmən, almanlar istifadə edir. Almanca "Dolmetscher" sözü türkcə "dilmac"dan gəlir. Əski Türkcədə "dil-mac-dil-ac" sözü "tərcüman" yerinə işlədilə bilirdi.Dilin açarı, anahtarı mənasındadır. Anadolunun bəzi yerlərində hələ çox yaxşı danışan insana "dilmac kimi adam" deyirlər.
   
   Bütün bunlara yüzlərlə örnək verilə bilər.
   
   Azərbaycan türkcəsinin önəmli özəlliyi onun bir körpü rolu oynaya bilməsindədi. Azərbaycan türkcəsinin bir xüsusiyyəti də həm Türkiyə türkcəsinə, həm də Türkistan türklərinə yaxındır. Yəni, Türkiyə türkcəsindəki yabancı sözcüklər, Azərbaycan türkcəsində işlədilən öz türkcə sözlərlə qarşılanırsa işin yüzdə əllisi həll olmuş olacaq.Yalnız məsələ, Azərbaycan türkcəsinə olduqca çox rus sözlərinin daxil olmasıdır. Buna Azərbaycanda çıxan bir qəzetdəki yazıdan örnəklərlə göstərmək istəyirəm.
   
   "Yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi" adlı yeni polofonik romanını olub-keçənlər haqqında saqa, yaxud rudimantar intiqam hissi barədə pritça kimi də oxumaq olar".
   
   İndi bu cümlə ortaq Türkcə ola bilərmi? İstanbuldakı və ya Krımdakı bir Türk bunu başa düşə bilərmi? Təbii ki, başa düşməz.
   
   Eləsə ortaq Türkcə olaraq necə yazıla bilərdi?
   
   Örnək: "Yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi" adlı yeni, çox səsli romanı, olub-keçənlər haqqında saqa, yaxud ayrı bir parça olaraq intiqam hissi barədə bir hekayə (pritça hekayəmidir bilmirəm) kimi də oxumaq olar".
   
   Mən bir Azərbaycan Türkü olaraq, Türkcə danışılan ləhcələrə qulaq asdığımda Türkiyə türkcəsinin ahəng və səs düzümü sarıdan (Yanlış anlaşılmasın, söyləniş, səslənmə, qulağa səsin çatması sarıdan) daha artıq Türkcə qaldığı düşüncəsindəyəm. Bunu dil alimləri araşdırmalıdırlar. Azərbaycan türkcəsindəki sözləri söyləmə ahəngində farscanın tərsiri çox böyükdür. Bunu Berlindəki bir toplantıda heç Azərbaycan türkcəsi eşitməmiş birindən eşidincə fərqində oldum. Yanımdakı azərbaycanlı qonaq bir şey soruşduqda qarşımdakı adam onun farscamı danışdığını soruşdu? Ahəng olaraq, dilin yanğısı, melodik axışı baxımından Azərbaycan türkcəsi frasca danışma şəklini xatırladır. Dediyim kimi, bunu farsca bilən dilçilər araşdırmalıdı.
   
   Türkcə gün keçdikcə böyük önəm qazanmaqdadı. Əgər indidən məsul və duyarlı insanlar bu mövzu haqqında ətraflı düşünüb daşınsalar, gələcəkdə də dilimiz daha da önəm qazanacaq. Avropada yaşayan biri olaraq dilimizin nə qədər geniş bir sahəyə yayıldığını və önəmli olduğunu öz təcrübələrimlə bilirəm. Moskvaya, Vyanaya, Berlinə, Brüsselə, Amsterdama, Londona və digər ölkələrə getdiyimdə mütləq bir türkcə bilən insana rast gəlmişəm. Dilimiz çox rəngli, gözəl, axıcı, çox səsli və elmidir.
   
   Bundan bir neçə il öncə Almaniyanın dövlət kanalı ZDF televiziyasında çox izlənən "Bəhsə girərsizmi?" adlı bir proqrama 27 dil bilən belçikalı bir filoloq (dil bilimçisi) qatılmışdı. Proqramı aparan Thomas Gotschalk, dil aliminə hansı dilin ən gözəl olduğunu soruşduqda "TÜRKCƏ" cavabı aldığında heyrət etmişdi.Belçikalı Türkcənin matematik kimi bir dil olduğunu və çox gözəl bir ahənglə danışıldığını söylədi. Hətta örnəklər verdi. Məsələn, GÖZ, GÖZLÜK, GÖZLÜKÇÜ, GÖZLÜKÇÜLÜK...
   
   İnsanlarımıza düşən vəzifə budur: Yazıçıların, şairlərin kitablarında, qəzet yazarlarının qəzetdə, televiziya proqramçılarının televiziya proqramlarında və filmlərdə, müəllimlərin dərslərində daima qulağa yad gəlməyən ortaq sözləri istifadə etməyə çalışsınlar.Belə olduğu təqdirdə çox keçmədən bütün türk dünyasında ortaq bir dil öz yerini tutmağa başlayacaq.
   
   Yetər ki, bu işin mahiyyətinin fərqində olaq, yetər ki, əzm və qeyrətlə çalışaq! Bu hamımızın ən önəmli davasıdır.

TƏQVİM / ARXİV