adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

O BiR GüN...

TOFİQ ABDİN
25284 | 2009-10-10 00:57
Bir gün eşidərsiz, Alı da köçdü
   
   Sındı telli saz tazanə qaldı...
   
   
   
   Aşıq Alıdan
   
   
   
   Çox vaxtsız və faciəli ölümü ilə dostlarını, yaxınlarını və heç güman ki, ədəbi camiənin bir çox insanı yasa boğan şair Fərhad Mete şeirlərindən birində deyir:
   
   
   
   Bütün acı xəbərlər gecə saatlarında gəlir,
   
   məsələn, bir körpənin doğuluşu xəbəri.
   
   Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
   
   həm də əgər bu, oğlan uşağıysa.
   
   Bütün acı xəbərlər gecə saatlarında gəlir.
   
   Məsələn, "oğlunuz savaşa gedir" xəbəri.
   
   Və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə-
   
   həm də əgər geri gönəcəyi bəlli deyilsə.
   
   Bütün acı xəbərlər gecə saatlarında gəlir,
   
   Məsələn, "oğlunuz əsir düşüb" xəbəri kimi
   
   Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə
   
   Həm də əgər xilasına ümid qalmışsa
   
   Bütün acı xəbərlər gecə saatlarında gəlir
   
   Məsələn "oğlunuz güllələnib əsirlikdən qaçarkən"
   
   xəbəri kimi
   
   Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.
   
   
   
   Gənc şair Fərhad Metenin şeirindəki ilk misra məni bir az diksindirir və mən bir zamanlar yazdığım GECƏ TELEFONLARI adlı bir yazımı xatırlayıram. Həmin yazıdan çox qısa bir xatırlatmanı bura alım və onu da qeyd edim ki, mən bu yazını ikinci dəfə çap etdirdiyimdə onu istedadlı qələm sahibi Nazim Sabiroğlu həsr elədim. Mən İstabuldaykən Nazim bəy də o yazını çox sevmişdi və bunu mənə yazar dostum Aydın Bağırov demişdi.
   
   Yazıdan: "...İstanbulda gecə saat 4 və mən daha yata bilmərəm ki... Düşünürəm, kim ola bilər? İstanbulda gecənin bu vaxtında məni axtaran bir kimsənin olduğunu düşünmürəm və xüsusiylə də gecənin bu saatında İstanbulda axtaran olsa belə düşünürəm ki, çox təcili bir vəziyyət olsa bir dəfə də zəng çalar.Yox susur telefon susur və mən daha yata bilmərəm ki... Gözlərimə yuxu getməz ki...
   
   Dərd alır canımı və inanın ki, İstanbulda və xüsusiylə Türkiyədə bu telefonla danışmağın qiyməti o qədər baha ki, həmən Bakıya telefon açıb bizi axtarıb-axtarmadıqlarını soruşmaq belə ağlımın ucundan keçmir və elə buna görə də inanın Bakıyla telefonla danışmaq məsələsində, ümumiyyətlə, bu telefonla danışmaq məsələsində evimizdə çox zaman dava-dalaşdır. Deyirəm ki, insafınız olsun, az danışın bu bahalağın qarşısında, vallahi-billahi bu telefon qəbzləri yıxdı bizim evimizi... Borc xirtdəyimizə çıxdı, qapıya dayandı...
   
   Nə faydası, deyirəm, amma yenə də gələn qəbzdəki rəqəmi görən kimi ağlım başımdan çıxır, ildırım vurmuşa dönürəm və buna görə də düşünürəm ki, başqaları da mənim kimi, ona görə də gecənin bu saatında kimsə durub-durub boşu-boşuna axtarmaz və özümü sakitləşdirmək istəyirəm və düşünürəm ki, Bakıdan zəng eləsəydilər bir də zəng edərdilər...
   
   Xeyr, telefon bir daha çalmır və gecə saat dörddə yuxunun ən şirin vaxtında, təbii yata bilənlər üçün, bu İstanbulun qır kimi qaranlığında gözlərimi yumuram və düşünürəm ki, bəlkə yata bildim, yox vallah yuxum ərşə çəkilib və başlayıram pis-pis şeylər düşünməyə, pis deyəndə ki, yəni düşünürəm ki, aman Allahım, Bakıda bir pis şeymi var? Anam artıq yaşlı birisi, qardaşlarım orda-burda və bir də düşünürəm ki, uşaqlarım hərəsi Türkiyənin bir şəhərində, amma yenə də deyirəm özüm-özümə: pis bir şey olsaydı bir kərə daha zəng edərdilər... yox,zəng eləyən yoxdur və bu İstanbulda bir "telefon sapıkları" deyilən sözü xatırlayıram (bizlərdə gecə xuliqanları deyərik yəqin) və düşünürəm ki, bu kimsə heç şübhəsiz telefon xuliqanıdır və yenə də düşünürəm ki, ay xuliqan qardaş, ay sapık kardeş insan da gecənin belə bir vaxtında bir qəribin evinə zəngmi eləyər... Amma o xuliqan,o sapık qardaş hardan bilsin ki, bu bir qəribin telefonudur və onu çaldırıb qapadıqdan sonra o qəribin nələr çəkəcəyini hardan bilsin...
   
   ... Yox, yuxum ərşə çəkilir və mən bu qürbətin nə qədər acı bir şey olduğunu bir daha düşünürəm. 60-cı və ya 70-ci illərdə Bakıda Türk ədəbiyyatının ən təsirli çağlarında gecə-gündüz oxuduğumuz Türk şairlərindən bilmirəm, Vallahi hansınınsa qürbət haqqında bir şeirindən aşağıdakı misranı xatırlayıram elə bu anda...
   
   
   
   Ben qürbette değilim,
   
   qürbet benim içimde...
   
   
   
   İnsanın ağlından min cür fikirlər keçir və özünü ovutmaq, sanki heç bir şey olmamış kimi davranmaq istəyir, amma bacarmır və lənət olsun deyirsən özünə də... telefon açana da... lənət olsun deyirsən bu İstanbulun gecə "kuşları"olan telefon sapıklarına da. Üzüntü içində yaşayırsan və unudulmaz Zəki Mürenin oxuduğu bir mahnının sözlərini bir az improvizə edə-edə, mırıldana-mırıldana səhərin açılmasını gözləyirsən:
   
   
   
   Geçilmez qürbetin sokaklarından
   
   İçilmez suları pınarlarından
   
   "Kalbimin sağalmaz yaralarından"
   
   Gözlerin doğuyor gecelerime..."
   
   
   
   Və həqiqətən o BİR GÜN...
   
   O hansı gündür, onu heç kəs hələ bilmir.Heç mən özüm də bilmirəm o gün hansı gündür? Amma səhər saatlarında internetə baxa-baxa birdən o bir gün mənim gözlərmin önündə canlandı. Klavyenin üstündəki şriftlər öz varlığın yavaş-yavaş itirərək, bulanıq çay daşlarına oxşadı. Düşündüm ki, İlahi bütün insanların həyatında ola biləcək o gün, o bir gün mənim də həyatımda ola bilər. O gün, düşündüyüm o acı anlar, ömrümə gələcək olsa necə ola biləcək?
   
   
   
   Nə gündür o?
   
   
   
   Əslində elə bir fövqalədə bir şey də yoxdu dediyim kimi. Hər bir insanın, o sıradan mənim də həyatımda ola bilər o bir gün. Məsələn, ən sadəsi...
   
   Yox, öncə bu ədalətsiz vaqeələrdən bir kiçik düşüncəni yazım: dünya futbolunun ən gözəl qapıçılarından olan Lev Yaşini məncə bir çox nəsil tanıyır və uzun illər öncə mən bir yazı oxumuşdum bu əfsanəvi futbolçu haqqında: LEV YAŞİNin ayağını kəsdilər- deyə.
   
   Təbii, indi "Lev Yaşinin ayağını kəsiblər" - demək çox sadə və asan.Və bəlkə də heç içimizə də bir həyəcan qatmaz, amma o həmin Lev Yaşin idi ki, dünya stadionları onun qurtarışlarından, onun on metrlik cərimələri qaytarmalarından lərzə gəlirdi və həmin Lev Yaşin indi sadəcə ayaq üstə belə dura bilməyəcəkdi...
   
   Və dəhşətli şeydir, təbii ki, mən hələ bunun psixoloji tərəfini demirəm. Hələlik sağ və salamatsan, gözlərin açıq, baxdığını görürsən və görürsən ki, dünya futbolu yenə də öz işindədir və hərdən də sənin özünü də göstərirlər. Bax, beləcə baxmağın, davranışın və yaşamın ən dəhşətli tərəfi insanın içini ovmağa başlayır.
   
   Mənim ən böyük faciəm başıma gəlməyəcək şeyləri də, özüm üçün gözləmək və uydurmaqdır ki, bax, bu yazı da məhz həmin anın məhsuludur.Və həmin o BİR GÜNün bəlasıdır ki,həmin o gün haqqında düşüncələr məhz gənc şair Fərhad Metenin yazdığı o gözəl şeirindəki kimi, məhz dərin axşam saatlarında vəya gecənin dərin qaranlığında vəyaxud qəfil yuxudan ayılıb daha yata bilmədiyim saatlarda gəlir yaşamıma. Və daha gücüm də yox, onu qovmağa vəya ondan yaxa qurtarmağa. Gücüm qalsa da başımın çəkdikləri, başıma gətirilənlər daha məndə güc qoymayıb. Bunun axırına çıxım və o nə zaman məndən əl çəkəcək bunu da tam bilmirəm.
   
   Amma düşünürəm ki, İlahi, şayət bir gün mənim əllərim olmasa və ya mənim barmaqlarım klavyenin şriftləri üzərində oynaya bilməsə, oynamaq cəhənnnəm, ona toxuna bilməsəm, mənim halım necə olacaq? Hə, necə olacaq, düşünürəm?
   
   Və üstəlik də, bu sətirləri yazdığım anda gözəl yazarımız Aslan Qəhrəmnalının səsini eşidirəm. O Aslan Qəhrəmanlı ki, mütəvazi bir yazıçı və alim həyatı yaşayaraq 70-ni yola saldı. Hələlik Yazarlar Birliyi o bayda yazıçı haqqında bir kəlmə də olsun öz qəzetində heç nə vermədi.
   
   "Vermədilər, vermədilər, canları sağ olsun", - deyir yazar Aslan Qəhrəmanlı. Nə artacaq, nə əksiləcək.
   
   Hə... onun səsini eşidirəm. Çox haqlı olaraq, deyir: a kişi, boş ver bu sızıltıları, bu düşüncələri, yaşa Allah nə qədər ömür kəsibsə kəsib, yaşa, heç vecinə alma...
   
   Bax, bu son ifadə tam onun ifadəsidir: heç vecinə də alma.
   
   
   
   Heç vecinə də alma!!!!!!!!!! Mümkünmü görəsən? Bu qədər acılıq içində yaşayanları heç vecinə almayasan?
   
   
   
   Və ya onlardan yan keçəsən?
   
   Mümkünmü Aslan müəllim?
   
   
   
   Mənə təsəlli üçün demə. Mümkünmü?
   
   Bəzən həqiqətən qorxumdan vecimə almıram bu yaşam tərzini, bu həyatı. Bu acılar barədə az düşünməyə çalışarım. Yenə də nə qədər az düşünsəm, o saat həyatımın o ucundan, bu ucundan bir şeylər tapıram özüm üçün, tapmayanda uydururam. Şayət, "əllərim kalavyeyə uzana bilməsə və yaxud ayaqlarım bir gün məni apara bilməsə" kimi cəfəng (cəfəng yox, ola biləcək) şeyləri düşünmək, məni artıq bezdirmişdir.
   
   Düşünməmək yolunu mənə kim öyrədə bilər, Kim? İlahi!!!!!!!!!!

TƏQVİM / ARXİV