adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SVOBODA!

MƏZAHİR ƏHMƏDZADƏ
36059 | 2014-02-15 10:18
Soçidə keçirilən XXII Qış Olimpiadasını imkan daxilində izləməyə çalışıram. Bəzən Azərbaycan, türk və rus kanalları eyni oyunları translyasiya etsələr də, hər halda auditoriyanın zövq və istəyi nəzərə alınır. Bir zamanlar Ağ Olimpiadanın proqramına daxil olan bütün yarışlara maraqla baxmışam. Hətta ayrı-ayrılıqda deyil, ilk dəfə bütövlükdə baxdığım olimpiadanı da unutmamışam. Bu, 1972-ci ildə Sapporoda keçirilən XI Qış Oyunları idi.
İndi Soçi Olimpiadasını əvvəlki həvəs və maraqla izləyə bilməsəm də (çünki aralıqda bəzi "qırılmalar" da olub müəyyən səbəblər üzündən), nostalji öz işini görməkdədir. Yəni fiqurlu konki, biatlon, slalom, hokkey... Elə bu yazıya səbəb də şaybalı hokkey oyunlarından biri oldu.
...Bir zamanlar SSRİ adında nəhəng bir ölkə var idi. Bu ölkənin "kiçik qardaşları" da var idi. Çexoslovakiya Sosialist Respublikası. İndi Çexiya və Slovakiya adlı iki ayrı-ayrı Avropa dövlətinin birləşmiş forması. Məhz şaybalı hokkey oyunları zamanı slavyan kökənli bu dost və qardaş ölkələr bir-biri ilə güzəştsiz mübarizə aparırdılar. SSRİ və Çexoslovakiya komandalarının oyunları indiki idman yanaşmasıyla Avropanın əsas derbisi sayılırdı. Çünki əslində Avropanın ən güclüləri də elə bu qardaşlar idi. 70-ci illərin Çexoslovakiya yığmasının bəzi ulduzlarını indi də yaxşı xatırlayıram. Dzurilla, Pospşıl, Maxaç, Svoboda, Şyastnı qardaşları, Çernı, Nedomanski, Kadlets, Martinets, Qrinka... Müdafiəçi Svoboda rusların Vasilyevi və Raqulini kimi dünyanın ən güclülərindən biri idi. Bu əfsanəvi hokkey ulduzu çox zaman həm Avropa və Dünya birinciliklərinin, həm də Qış Olimpiadalarının rəmzi yığmalarına daxil edilirdi. 70-ci illərdə Çexoslovakiya hokkeyçiləri bir neçə yarışda SSRİ-nin çox güclü komandasını üstələyib sanki "özəlləşdirdikləri" əbədi çempionluq taxtından salmışdılar. Maraqlıdır ki, hər iki ölkənin həm də oxşar oyun üslubları var idi.
...Mən Soçi Olimpiadasının şaybalı hokkey oyunlarından birinə baxa-baxa keçmişə ekskurs etməkdən də qala bilmirdim. Və birdən həmin o dünya şöhrətli hokkeyçi Svoboda! Hokkeydə bütün titullara sahib olmuş simpatik çex idmançısı! Buz meydançasının cəngavəri!
...Sovet İttifaqı Qəhrəmanı, "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı, iki dəfə Lenin ordeni, Oktyabr İnqilabı, birinci və ikinci dərəcəli Svorov ordenləri və digər yüksək mükafatlarla təltif olunmuş bir şəxsin böyük və məşhur adam olması heç bir şübhə doğurmaz yəqin ki. Ancaq təkcə SSRİ-yə aid bu titulların sahibinin başqa bir ölkənin vətəndaşı olması necə? Hələ üstəlik dinc dövrdə (1965, 1970 və 1975-ci illər) üç dəfə ÇSSR Qəhrəmanı!
Bəli, bu şəxs həmin o məşhur hokkeyçi Svobodanın soyad adaşı Lüdviq Svobodadır. 1968-ci ildən 1975-ci ilədək Çexoslovakiyaya rəhbərlik etmiş Svoboda. SSRİ rəhbəri Brejnevin yaxın dostu Svoboda. Brejnevin orden-medallarının, fəxri adlarının və mükafatlarının nə qədər olduğunu da yəqin ki, xatırlayırsınız. Təkcə birini yadınıza salmaq istəyirəm. Dahi rəhbər həm də ÇSSR-nin Qəhrəmanı adına iki dəfə layiq görülmüş yeganə şəxsdir. Səhv etmirəmsə o, özünə də dörd dəfə Sovet İttifaqı Qəhrəmanı adını verib - çox böyük təvazökarlıqla!
Eh, obıvatel qardaşım, sən də vaxt tapmısan bic-bic gülümsəyib məni hədəfə götürməyə. Mən idman yazarı deyiləm axı, köşə yazıram, tələsmə...
Qeyd etdiyim kimi SSRİ ilə ÇSSR dost və qardaş ölkələr olmaqla yanaşı onların rəhbərləri də dost və qardaş idi. Leonid İliç Brejnevdən 11 yaş böyük olmasına rəğmən təbii ki, Lüdviq Svoboda kiçik qardaş hesab edilirdi. Brejnevin fleqmatik xarakterli münasibətlərinə baxmayın, o zahirən belə görünərdi. Əslində isə qocalıb əldən düşənə qədər güzəşt etməyi heç xoşlamayıb. Onda qala hansı mənada və konkret statusda olur-olsun "Böyük" adlanmaq səlahiyyəti...
Fikir vermisinizmi, bütün bunları mənə XXII Qış Olimpiadası xatırlatdı, Qış Oyunlarının tacı sayılan şaybalı hokkey xatırlatdı. Yoxsa ki, Brejnevi yalan deyərəm, keçmiş Çexoslovakiya rəhbərini çoxdan unutmuşdum.

MƏZAHİR ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV