adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İnsanlığın sonu...

XURAMAN HÜSEYNZADƏ
28571 | 2014-02-15 10:17
İnsanların vəhşicəsinə öldürülməsi barədə xəbərlərə, video və fotomateriallara qətiyyən baxmıram. Adam ağlına sığdıra bilmir ki, insan insana necə əl qaldıra, onun həyatına son verə, arzularını ürəyində qoya bilər? Bəs onun arxasınca ağlar qalan gözlər, parçalanan ürəklər?..
Bu gənclər insan qanına necə susayır, görəsən? Niyə boş yerə mübahisə etməyi sevirlər? Həbsxanaların yazılmamış qanunları bu qədərmi həyati önəm daşıyır?
Mədəniyyətdən, sivilizasiyadan bu qədər uzaq düşənlər xüsusilə əyalət gəncləridir. Avropa dəyərlərini təbliğ edib, düşüncələri dəyişmək, formalaşmaq, cəmiyyətə fayda vermək bəzi əyalət gəncinin ağlından belə keçmir. Günləri çayxanalarda dedi-qodularla - kimin qızının kimlə görüşməsini, kimin bacısının qısa ətək geyməsini, kimin kimi boşamasını müzakirə etməklə keçir. Kitab arası açmayan, orta məktəbdə dərsdən qaçmağı, bığ yeri tərləyən vaxt siqaret çəkməyi, söyüş söyməyi ilə fəxr edən bu biveclər sonradan cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilirlər. Dillənəndə də içkiyə, avaraçılığa, narkotikaya qurşanmağı bekarçılıqla, işsizliklə əlaqələndirirlər. Halbuki eləsi var, avara-avara gəzməyi artıq özünün həyat tərzi seçib. Kitab üzü görməyən gözlər, əlbəttə, qana həris olacaq, ayağının altını görməyəcək. Oxumuş, ziyalı ailədə yetişən, savadlı insan mərhəmət hissindən uzaq ola bilməz. Elm, savad eyni zamanda mərhəmətli olmağı, yüksək insani keyfiyyətləri aşılayır...
Hər şeydən, hər mətləbdən danışırıq. Gənclərin bu cür amansız, qətrəhm olmasının səbəblərini araşdırmırıq amma. Suriyada, digər müsəlman ölkələrində insanların amansızlıqla öldürülməsinə baxıb "vəhşilik" adı verdiyimiz, dəhşətə gəldiyimiz vaxt qulağımızın dibində baş verənləri müzakirə etmirik. Mübahisəyə meyl edən, söyüş, qeybət arxasınca düşməyilə fəxarət hissi keçirən insanları mərhəmətli olmağa dəvət etmək lazımdır.
Bir insanı qətlə yetirmək üçün qalxan əl bir yetimin başına sığal çəkə, kömək üçün başqa bir ələ uzana bilər... İnsanlığın sonu vəhşiləşməkdirsə, vəhşiliyin sonu nədir bəs???

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV