SƏNİ GİZLİ DƏ AĞLAYA BİLMİRƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
88295 | 2014-02-15 10:16
Feralın14-dü. Mən də bəzənib çıxmışam... Amma...
Hə, həyatda elə məqam, elə hadisə və bir də elə duyğular var ki, onu danışmaq da, yazmaq da, tanıtmaq da, hətta ürəyində pıçıldamaq da bəzən mümkün olmur. Ona görə ki, həmin o hadisə də, o duyğu da, o məqam da yalnız sənin özünə aiddi. Sən onun bütün ölçülərini bilirsən... sən onun təbəssümünü oxuyursan... sən onun yerişini dəyərləndirirsən... sən onun baxışını ruhuna hopdurursan... yəni, Sən və O! Amma bir olan iki şəxs... Dilimizin qrammatikasında sən və təbii ki, o şəxs əvəzlikləridi. Amma biz indiki məqamda həm təkik, həm də bir yerdəyik. Ona görə də biz əvəzləyici deyilik, elə özümüzük... Bütün cəhdlərimizlə, bütün qüsurlarımızla, Allahın yaratdığı kimi...
Bəzən qəlbinə toxunan və yaxud da sənə etinasız olan bir hərəkət və yaxud bir söz barəsində saatlarla, günlərlə düşünürsən, unudursan özünü. Yer, göy, ətraf gözünə görünmür. Sən öz içindən çıxıb gedən ruh kimi həmin o hərəkətin, sözün döyüş meydanında qarşı-qarşıya dayanırsan. Onun əli sənin yaxanda olur, sənin əlin onun yaxasında. Eləcə çəkişir, vuruşur və nəhayət taqətdən düşüb ya təslim olursan, ya da təslim edirsən. Belədi həyatın qanunu, çıxmaq olmaz bu qanundan. Təbii ki, söhbət normal insandan, özünü düşüncəli, dərrakəli, sevginin nə olduğunu bilən, sevməyi və sevilməyi bacaran kəslərdən gedir. Bax, həmin o kəslərdən biri ilə etdiyim söhbət neçə gündü ki, içimi alt-üst edib. Elə mən də onun durumuna düşmüşəm, özümə yer tapa bilmirəm. Nə qədər baş sındırsam da, onun dediyi məntiqdə olan həqiqət mənim söykəndiyim məntiqdəki həqiqətlə çomaq davasına çıxır , barışmır bir-biriylə. Sizin üçün də maraqlı olar... Əgər maraqlıdısa, onda oxuyun.
Hə, illərdi tanıyıram onu... İllərdi bütün dünyasını, düşüncəsini, hətta atdığı addımı da məndən gizlətməyib, mənimlə bölüşüb. Və mən onu hamıdan, hər kəsdən yuxarıda görmüşəm. İnanmamışam ki, nə vaxtsa o, belə bir etirafı dilinə gətirə bilər. Həmin etiraf doğrudan da çoxlu suallar doğurur, lap saysız-hesabsız. Çünki ...
- Bilirsən dünyada ən dəhşətli məqam nədi? - deyə üzümə baxır. Mən də onun baxışlarını baxışlarıma köçürə-köçürə nə demək istədiyini anlamaq istəyirəm, oxumaq istəyirəm. Lakin təxminlərimdə yanılıram. Bunu da o deyir və əlavə edir ki, ən dəhşətlisi sevdiyini itirəndə, ondan əbədi ayrılanda nə gizli, nə də aşkar ağlaya bilməməyindi.
Mən bu gözlənilməz məntiqin qarşısında bir anlıq susuram. Öncə onun nə demək istədiyini, dərk etməyə, qavramağa çalışıram. Mənə elə gəlir ki, o nədəsə yanılır, nəyisə doğru-dürüst ifadə etmir. Amma bulud kimi dolmuş gözlərinin aynasında dediyi sözü, söylədiyi fikri böyük hərflərlə təkrar mənə təqdim edir. Çaşqın-çaşqın soruşuram:
- Aşkar ağlamağın nə demək olduğunu, yəni onun qorxusunu, törədəcəyi fəsadları, söz-söhbətləri anlayıram. Amma gizli ağlamağın təhlükəli olduğunun mümkünsüzlüyünü başa düşmürəm...
- Hardan başa düşəsən ki? Axı gizli ağlayanda da Allah görəcəkdi! Mən sevdiyimi hamıdan gizlətmişəm. Hətta onun adını, ona olan sevgimi ürəyimdə pıçıldamamışam da. Bilmişəm ki, bircə dəfə dilimə gətirsəm, faş olacaq. Ondan sonra bu əhatədə mənə yer qalmayacaq. Və mən hər kəsdən, eləcə də Allahdan gizlətdiyimi ağlamaqdan qorxa-qorxa zülmlü bir ömür yaşayıram. Əgər bu yaşamaqdırsa...
Deyilənlər doğrudan-doğruya düşündürücü idi. Və yaddaşıma, ürəyimə necə hopdusa, bir də gördüm ki, misralar bir-birinin ardınca ağ vərəq üzərində öz yerini tutur.

Hələ də
inana bilmirsən
eləcə
xətrimə dəyməsin deyə
yalandan gülürsən...
Amma
vidasına
ağlaya bilmədiyim
kirpiklərimlə
sıxıb tutduğun
bir damla
həmin o anda
düşdü nəfəsliyinə
və sonda
həmin bir damla yaş
daş oldu daş...
yönümü çevirərsən
ölümə!..

***

Bu gün fevralın 14-dü. Mən də bəzənib çıxmışam...
Əslində içi sözlə, nəğməylə dolu olan insanlar üçün günlərin elə bir fərqi yoxdu. Amma müəyyən tarixi məqamlar var ki, onların mənim, sənin istəyindən asılı olmadan özü-özlüyündə tarixləşir. Özü də bu tarix bir adamın, iki adamın istəyi ilə deyil, cəmiyyətin yaddaşı gücünə tarixləşəndə ömrü də uzun olur, elə tarixin ömrü qədər...
Güvəndiyim yaddaşın gücü məni heç vaxt yarı yolda qoymayıb. Elə ona görə də o yaddaşın hesabına baş vurduğum tarix sirlərini məndən gizlətməyib. Mən sirri bildiyim adamların az qala bir sirr quyusuna çevrilmşiəm. Onu hətta "sim-sim"lə də açmaq qeyri-mümkündü. Baxmayaraq ki, dünən də, bu gün də həmin o sirr sahibləriylə bir məmləkətdə, bir şəhərdə hər gün qarşılaşıram, hər gün üz-üzə gəlirəm. Çünki şair demişkən, neyləyim ki, başqa şəhərimiz yoxdu! Əgər olsaydı, səni də özümlə o şəhərə aparardım və adını o şəhərə verib, özümü o şəhərin fəxri vətəndaşı olması üçün qarşında iltimas edərdim. Burda da şair sözü köməyimə çatır. Yəni, arzuya bax, sevgilim...
Arzu demişkən... Yazının birinci hissəsində sevdiyini itirəndə, ondan əbədi ayrılanda ağlamağın mümkünsüzlüyünü dilə gətirmişdim. Bax, bu yerdə də həmin o söhbətə qayıdıram. Və neçə gündü ki, mənə dinclik verməyən misraların köməyi ilə mən də sənə üz tuturam. Axı sən də gizlindəsən...

Başın qarışıb,
ya da
işin başından aşıb
vaxt tapa bilmirsən
gəlmirsən,
əllərinlə
göz yaşınla
nəfəsinlə
yoluna boylanan
baş daşımı
isitmirsən...
Unudursan ki,
sonuncu dəfə
məzarım üstə
düzdüyün qərənfillər
bir üzü üstə
solub...
Qönçəsinə
toz-torpaq dolub
imkan olanda
gəl
və qərənfilləri
üzü mənə tərəf çevir...
Axı bilirsən
səni sevən,
qərənfilləri də
tər sevir!..

***

Bu gün fevralın 14-dü. Mən də bəzənib çıxmışam...
Nə vaxtdı məmləktəimizdə Sevgililər Günü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta bəzi müstəqil təşkilatlar, ayrı-ayrı şəxslər neçə vaxtdı ki, İlham və Fərizənin sevgisini qiymətləndirmək, yaşatmaq üçün onların doğum gününü Sevgililər Günü kimi məhz məmləkətimizdə qeyd etmək barədə təşəbbüslə çıxış ediblər. Mətbuat da, efir, ekran da bu kampaniyaya qoşulub. Elə mən də öz yazılarımın birində bu məsələyə münasibət bildirmişəm. Lakin Dədə Süleymanın nə vaxtdan bəri yaddaşımda ilişib qalan "Mən Sevgililər günündə doğulmuşam!" sözləri və türk televiziyasının son vaxtlar həmin günlə bağlı öz ekranlarında apardıqları kampaniya, həmçinin yazımın öncəki hissələrində söylədiyim məqam məni bugünün üstündə köklədi. Qınasanız da, qınamasınız da, artıq yazının mövzusu, axarı bu istiqamətdədi...
Yaşadığımız məmləkət və bu məmləkətin özəl qanunları, milli adət-ənənələri bizə nə qədər doğma olsa da, bizi nə qədər cilalasa da, amma elə məqamlar var ki, bəzən o dəyərlər fərdin iç dünyasının qarşısında suallar qoyur. Elə suallar ki, ona cavab vermək, həmin o dəyərlərə asi olmaq və yaxud da onu vurub dağıtmaqdı. Təsəvvür edin ki, belə bir addımı atmaq nə boyda hünər istəyir. Üstəlik, onun necə qarşılanacağı, hansı anlayışları qarşıya qoyacağının özü də davamlı suallardı.
Deməli, bütün ömrün boyu, daha doğrusu dünyanı, özünü tanıdığın gündən içində cücərdib, böyüdüb barını dərə bilmədiyin və yaxud da barını dərməyə qorxduğun bir arzunu, istəyi elə ürəyində də dəfn etmək əsl faciədi. Bu faciənin şah damarı isə bütün hisslərin ən alisi, bütün duyğuların ən ucası olan SEVGİdi. Neyləyək ki, biz əsl sevgimizi nə vaxt tapırıqsa, onda xoşbəxt oluruq! Və neyləyək ki, biz əsl sevgimizin nə vaxt gələcəyini də bilmirik! Və yenə neyləyək ki, biz əsl sevgimizi nə deyə bilirik, nə də göstərə bilirik!

Büküldü gül qönçəsi tək
Nə şaxta vardı, nə də qar...
Ürək şırımlandı lək-lək -
Bar verdi, ağrılarım, bar!

Adi bir biganəliyin
Xəncəri dərin işlədi...
Göyün yeddinci qatında
Güllə yanımdan keçmədi!

Tər duyğular xəşəmləndi
Qol açdım vaxtsız payıza...
Telefonuna düşəmmədim -
Ölmüşəm! - deyim o qıza...


Fevralın 14-dü. Mən də bəzənib çıxmışam...
Artıq neçənci dəfədi ki, bu iki cümləni təkrarlayıram. Amma artıq məqamı çatıb, düzünü deməliyəm. Mən elə bəzəkdə qaldım. Çünki nə bəzənməyim, nə də bəzəndiyim heç nəyi dəyişmədi... Həyat öz axarında, mən öz ampulamda, sevgim isə əlçatmazda, ünyetməzdədi. Mən də Allahdan qorxub heç nə deyə bilmirəm...

Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV