adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Titulum olsaydı...

ETİBAR CƏBRAYILOĞLU
33225 | 2014-02-15 10:15
Nə sözün?

Şeytanın qulağı kar olsun, bu qışın şaxtalı günlərindən sağ-salamat çıxdıq. Üşüyə-üşüyə, hərdənbir sürüşə-sürüşə soyuq havaları yola verdik. Zəlzələdən də ucuz qurtulduq. Yerin dərin qatından keçib gələn zəlzələ bir balaca bizi silkələdi, yaxşı ki, itkisiz ötüşdük.
Şəxsən mən ölümdən qorxub-zad eləmirəm. Guya qorxsam nə olur, qorxmasam nə olur... Dünya durduqca durası deyiləm ki. Onsuz da hamımızın Tanrıya bir can borcu var. Son vaxtlar amansız xəstəliklə mücadilə aparan böyük şairimiz Vaqif Səmədoğlu necə də gözəl yazıb-

Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?

Narahatçılığım tamam başqa bir şeydəndi. Qorxuram ki, titulsuz gedəm. Sağıma baxıram, titullu, soluma baxıram, o da titullu. Dünyanın başqa yerlərində necə olduğunu deyə bilmərəm, amma və lakin biz tərəflərdə bu titul önəmli məsələdi. Titulsuz adama birtəhər baxırlar.
Elə ona görə də titul üstündə camaat bir-birini qırır. Dalaşan kim, söyüşən kim, barışanlar küsür, küsənlər barışır. İlhamə Quliyevanın bir kəlməsi az qalır ki, Üçüncü Dünya Savaşına səbəb olsun. Lap illər öncə özünə Primadonna titulu verən İlhamə xanım sonra Dədə Qorqudun bəzi səlahiyyətlərini mənimsəməyə başladı. Bəzi deyəndə ki...
Dədə Qorqud bir vaxtlar insanlara göstərdiyi igidliyə, etdiyi yaxşı əmələ uyğun ad qoyurdusa, indi Primadonna titul paylayır. Birinə deyir sən bundan sonra "Toylar Kralı"san, birinə deyir sən "Nömrə1"sən, bir başqasına deyir sən nə bilim nəsən. O gün FM radiolarının hansındasa çalışanlardan birinə verdiyi titulun nəfəsi hələ qurumayıb.
Primadonnadan titul ala bilməyənlər də dinc oturmurlar. Qapıları karvansara qapılarına oxşayan telekanallara çıxıb həngamə çıxarırlar. Özünə "Əjdaha" deyən kim, "El qızı" olduğunu iddia edən kim, özünü ata, pişiyə, ilana oxşadan kim...
Öz aramızdı, İlhamə xanımın əli yaman yüngüldü, kimə titul verirsə, qabağa gedir. Götürək elə Səməd Səmədovu. 5-6 il öncə heç kim onu ciddiyə almırdı. Hətta deyirdilər ki, toyları fit çala-çala yola verir. Primadonnadan "Toylar Kralı" tutulunu alınca günü geyindiyi ağ kostyuma oxşamağa başladı. İndi də Xalq artistidi.
Ona görə deyirəm ki, titul almaq yaxşı şeydi. Heç bir titulsuz bu dünyadan getməkdən qat-qat yaxşıdı ki. Düzdü, mən nəinki toyda-düyündə, ümumiyyətlə fit çalmağı bacarmıram. Özümü əziyyətə salsam, bəlkə Səməd Səmədov kimi oxuya bilərəm. Amma və lakin buna nə ehtiyac var. İndiki məqamda xalqımıza belə bir zülm etməyin heç yeri yoxdu. Primadonna mənim jurnalistikadakı işimi görüb yazı-pozu adamlarına uyğun bir titul versə, yetərlidi. Çıxıb gedəndə də deyərlər ki, filankəs filan titulun sahibi idi. Axı 5 dostumuz olsa da, 3 düşmənimiz var.
Fikrimdə qətiyəm, titul almaq üçün özümü bu gündən gərək oda-közə vurum. Bu məsələni marta saxlamaq olmaz. Tərslikdən də fevral qısa aydı. Lap qısa...

Etibar Cəbrayıloğlu

TƏQVİM / ARXİV