adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

GEC DƏ OLSA...

VƏSİLƏ USUBOVA
32503 | 2014-02-15 10:14
Bu hissi yaşayanlara, üstəlik ondan gileylənənlərə birtəhər baxmışam həmişə. Kimdən, nədən ötrü darıxdıqlarının səbəbini anlaya bilmədiyimdən olub bəlkə də. Hər kəsin duyğuları özünə bəllidi. Üzücü hisslərin əsarətindən qurtulmağın yolu da fərqlidi. Bu sözlərimin oxucuların təəccübünə səbəb ola biləcəyini də yaza-yaza duyuram. Kiminsə xətrinə dəyəcəyimdən ehtiyatlansam da, deməkdən özümü saxlaya bilməyəcəm. Darıxmaqda bir az tənbəllik və avaralıq görmüşəm. Onsuz da, insan oğlu qayğı və üzüntülərdən azad deyil. Elə buna görə, hər kəs öz başının çarəsini tapmağı bacarmalıdı. Oxumaqla, yazmaqla, idmanla, işlə... Lap elə durub harasa getməklə. Başını götürüb qaçmaq ta qədimdən insanların çıxış yolu, öz ürəklərini, əsəblərini qorumaq vərdişi olub.
Ağlım kəsəndən sınamışam bunu. Nəticəsini də görmüşəm. Bəlkə də bununla nəyisə qorumağa çalışmışam. Təkliyə çəkilməyə xüsusi meylim olub. Xəyallarımla baş-başa qalmaq zövq verib, qəribə rahatlıq duymuşam baş alıb gedən düşüncələrimdən.
Arada mən də darıxmışam. Həm də çox pis darıxmışam. Ölüb-dirilməyə bərabər bir yaşantı olub mənimçin. Hiss eləmişəm ki, daha özümə gücüm çatmır. İllərdən bəri içimdə boğduğum duyğular üsyana qalxışıb, gəmirməyə başlayıb ruhumu. Bax, onda anlamışam nə qədər böyük səhvlərə yol verdiyimi. Anlamışam ki, insan öz naturasını zorlamamalıdı. Üzə çıxmaq istəyən istək və arzularına meydan verməlidi. Ömür dediyimiz şey bütün xoşluqları, naxoşluqlarıynan birgə yaşanmalıdı. Ağrı-acıları gizlədib yalandan gülümsəmək, ürəkdən gülmək istəyəndə dodağını dişləyib qəhqəhələri içində boğmaq özünə zülm eləməkdi. Ən azından qorxaqlıqdı. "Mənə nə deyərlər?" özümüzə verdiyimiz ən axmaq sualdı. Nə deyəcəklər?! Kim nə bilirsə, desin. Başqasını qınayanda, mühakimə edəndə də hər kəs öz əxlaqını ortaya qoyur. İş yoldaşlarımdan biri belə yerdə həmişə rusca məsəl çəkir: "Kajdıy prinimayet po mere svoey isporçennosti..."
Qoy mənə daşı heç bir günahı olmayan atsın...
Sən demə, hər şey vaxtında, dəmi gələndə gözəlmiş. Gülmək də, ağlamaq da, sevmək də, unutmaq da...
Lap elə darıxmağın özü də...
Darıxmaq çox işin başlanğıcıymış, bilməmişəm... Axtarmaq, izinə düşmək, sonda istədiyini bulub mutlu olmaq varmış darıxmaqda...

***

Son zamanlar darıxmağa başlamışam. Bilmirəm, buna sevinim, yoxsa, kədərlənim. Bir az qorxuya da bənzəyir bu hiss. Ömrün uzunluğuna, zamanın tükənməzliyinə bəslədiyim ümidlərə təəccüb edirəm indi. Nədən bu qədər arxayın yaşayırıq?! Başımızın üstündən bunca sürətlə axıb keçən saatlar, aylar, illər niyə tələsdirməyib, qorxutmayıb bizi?! Bir fikir, bir düşüncə çox ağrıdır məni: "Nələr edə bilərdim... Amma eləmədim". Səbəbi kimlər, nələr oldu?! Özüm, ya başqaları?! Fəlsəfə açmağa da nə həvəsim var, nə səbrim. Elə hey özümü qınayıram: Nədən darıxmadın vaxtında? Yer üzündə əbədi ömür sürəcəyinəmi inanırdın?!
İndi vaxt boğur məni. Ötən günlərin heyfini çıxmaq istəyirəm. Amma nədən başlayıb, nədə qurtaracağımı bilmirəm. İtirdim, çox şey itirdim. Yeri dolmayacaq, bir də qayıtması, yaşanması mümkün olmayacaq çox qiymətli çağları bada verdim...
Nə qurbanla, nə göz yaşlarıynan geri qaytarılmayacaq o itkilər...
Çox səhvlər elədim. Lap çox... Yaxşı ki, özümdən başqasına zərəri toxunmadı o səhvlərin...
(Çox ucuz təsəllidi, amma...)

***

Ayın 10-da zəlzələ möhkəm silkələdi. Yerin altındakı enerji də darıxdı, partlamağa, çıxmağa yol aradı... Üstündə gəzdiyimiz torpağın altından mesaj gəldi. Hamımız tuta bildikmi o mesajı?! Bizim olan və olmayan hər şeyin bir göz qırpımında məhv ola biləcəyi həqiqətini çox sərt, qorxuducu şəkildə anlatdı bizə. İçimiz dondu, nəbzimiz çaşdı. Biz kimik, nəçiyik, nəyə qadirik?! Gücümüz, qüdrətimiz elə bu imiş. Bir möhkəm təkana bənd imiş güvəndiyimiz hər şey. Qarışqa misallı, böcək dəyərli insan. Yersiz təkəbbüründən əl çəkmirsən hələ. Ayıl, özünə gəl. Aldanışlarla ağzını şirin elədiyin yetər. Qəbul elə zəhərdən də acı olan bu həqiqəti. Öz həmcinsinə qan uddurmaqdan, haqqını tapdamaqdan usan. Bağrına bas dünyanı, Kainatı. Sev sevməli olanı. Unut yaşamağa, yaşatmağa layiq olmayanı. Bir-birinin ağzını güdməkdən, addımını ölçməkdən vaz keç. Ağla, gül, sevin, darıx, rəqs elə, xoş bax, şirin danış... Bunlar hamısı səndən ötrüdü. Dünyanın ağı da, qarası da, yaxşısı da, pisi də, azı da, çoxu da sənindi.. Ancaq sənin...
Aradabir təbiət, "Dədə Qorqud" boylarında deyildiyi kimi, bizə can dadlısını göstərir. Və gizli bir pıçıltı gizildədir canımızı: Yaşamağa gec qaldın... Gec...gec...gec..." Və hər şey də elə bir anlıq, uzaqbaşı üç-dörd saatlıq, bir günlük çəkir. Yenə oluruq əvvəlki adam.
Əzəldən necəydiksə, eləcə...
Ömür necə də sürətlə keçir və heç birimiz onu saxlamaq nədi, ləngitməyə də qadir deyilik...
Darıx... Yaşamaqdan ötrü darıx. Səni qoyub gedəndən ötrü yox, üzü sənə tərəf gələndən ötrü darıx... Üzünə gülümsə, gözünün içinə bax...
Həmin təkan mənə bir şeyi də anlatdı: Evdə tək olsaydım, çox qorxacaqdım. İşdə - hamının yanında isə... qorxmadım.
Bu, az şey deyil...

Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV