SEVİNDİK ŞEİRLƏRİNƏ...

VAQİF YUSİFLİ
41427 | 2014-02-15 06:45
Bu gün məmləkətdə şeirdən bol nə var? Amma şeirdən də ucuz nə var? Onlarla, yüzlərlə şeirlər keçir gözündən, oxuyursan, bəzən yorulursan. Amma elə şeirlər də var ki, nə gözlərin yorulur, nə də usanmırsan onları oxumaqdan, hətta o şeirlərin səsini eşidirsən, nəfəsini duyursan.
"Yorğun küçə" adlı bir şeir kitabı keçdi əlimə. Daha doğrusu, bu kitabı elə onun müəllifi-Gündüz Sevindik təqdim etdi mənə. Ağcabədidən Bakıya,Yazıçılar Birliyinin keçirdiyi bir tədbirə gəlmişdi. Utana-utana, sıxıla-sıxıla.
Kitabda öncə bəstəkar-şair Xanım İsmayılqızının Gündüz Sevindikin şeirlərinə yazdığı ön sözü oxudum. Və həmin ön sözdəcə şeirlərdən gətirilən misallar məni bu kitabı oxumağa tələsdirdi.
Budur, birinci şeir - "Söz... Söz!"

Söz dənizi kül eləyər,
Anadan köz doğularsa!
Söz məqamın sahibidir,
Çox deyil, az doğularsa.

Söz dindirər; söz kiridər,
Göy tərpədər, dağ yeridər,
Söz damcı-damcı əridər,
Ədalət buz doğularsa!

Söz nədi? Allahın səsi!...
Söz nədi? Söz möcüzəsi!
Olar Tanrı qiyafəsi-
Söz əgər düz doğularsa!

İlk sözü dünya tanıdı,
Söz dünyanın öz donudu,
Bütün dünyanın sonudu,
Allahcan SÖZ doğularsa!..

Hiss olunur ki, bu cavan şair Söz haqqında təzə söz deməyə cəhd edir və insafən, bunu bacarır. Amma ən ümdəsi odur ki, o, şeiri ŞEİR KİMİ yazır. Şeirə xas olan ritm, intonasiya, məna ...bunlar dürüstlüklə yerindədir. Və elə bu şeirdən o da hiss olunur ki, Gündüz Sevindik şeiri bədii təsvir vasitələri üzərində qurur. Necə deyərlər, sözləri naxışlayır, onlara təzə don biçir. Sözü adilikdən çıxarır.
İkinci şeiri: "Səs" .

İçimin səsinə düşürəm gecə...
Nə istəyir gecə məndən?

Bu iki misra mənə altmışıncı illərdə yazılan və o zaman bir para müəlliflər tərəfindən mücərrəd, anlaşılmaz, ənənəyə zidd, Azərbaycan şeirinin qafiləsini pozan, əslində, yeni Azərbaycan şeirinin ilk nümunələri olan parçaları xatırlatdı. Əli Kərimin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqi Səmədoğlunun, Ramiz Rövşənin o zaman yazdığı şeirlər müqavimətlə qarşılanırdı, "şeir, yoxsa tapmaca?" sualı ilə "döyülürdü" bu şeirlər və onların müəllifləri. Amma indi şair-lirik qəhrəman gecə öz içinin səsinə düşüb harasa gedə bilər və bu misralara görə kimsədən töhmət də ummaz. Çünki artıq bu cür metaforik düşüncə tərzinə alışmışıq. Lirik qəhrəmanı yuxudan oyadan - "gecələri doğulub səhəri qocalan o səs" nə istəyir? İstəyir ki, bu dünyanın dəli dərdləri də onun içindən keçsin..
Azərbaycan poeziyasında "Mənim küçələrim üşümür daha" silsiləsindən nadir hallarda şeirlər yazılıb. Ümumiyyətlə, KÜÇƏ obrazına bizim poeziyada o qədər də ehtiyac duyulmayıb. Amma budur, Gündüz Sevindik bir neçə şeirində Küçə obrazını yaratmağa səy edir: Silsilənin birinci şeirinin sonuncu iki misrasında deyir ki: "Küçəni təpdim gözümə, Evim xoşuma gəlmədi!" Sonra gəlir "Yorğun küçə"nin obrazı:

Di gəl bu nəfəssiz küçədə qızın,
Axı nə vecinə varlı bir qızın?!
Nəyinə lazımdı-göydə ulduzun,
Azı göydə qalır, çoxu tökülür.

Ay Allah, nəfəs ver, qoyma ki, sönəm,
Qərib küçələrdən özümə dönəm.
Küçədə küçədir, bir də ki, mənəm,
Üstümə küçənin ahı tökülür.

Küçənin qonağı lal bir gecədi,
Bu küçə həmənki yorğun küçədi,
Bilmirəm, bilmirəm saat neçədi,
Küçənin gözündən yuxu tökülür...

Bu şeirdə üç obraz var. Lirik qəhrəman-küçə-gecə. Lirik qəhrəmanı küçəyə salan "varlı bir qızın" eşqidir. Amma lirik qəhrəmanı o varlı qızın eşqi yox, küçənin yorğunluğu düşündürür. Belə anlaşılır ki, bu gecədə göydə ulduzların azı qalıb, çoxu tökülüb. Küçənin dərdi Aşiqin dərdindən böyükdür. Niyə? sualı ilə silsilənin üçüncü şeirinə adlayırıq. Çünki ikinci şeirdə müəllif Yorğun küçə obrazını yox, onun skeletini canlandırır. Küçənin yorğunluğu və onun dərdi anlaşılmaz təsir bağışlayır.
"Doğma küçə, Gecə düşür yenə də!.." - üçüncü şeir bu çağırışla başlayır. "Gecə bu küçəni nə hala salıb, Küçənin qolları uzalı qalıb. Bu küçənin dərdi mənim, bu küçənin dərdi mənə qənim..." Gecə və Küçə. Küçənin qənimi Gecə. Çünki "Sən hər gecə ürəyini torpaq-torpaq soyursan... Sən Tanrının gözündən düşən bir damla yaşsan... Bu dünyanın ağrısını, acısını, dərdini saplağından dəribsən. Mənim kimi öz içində, öz evində, öz küçəndə qəribsən. Doğma küçə..."
Vəssalam! Artıq Yorğun Küçə obrazı tamamlandı. Gündüz Sevindik ikinci şeirdə deyə bilmədiyini üçüncüsündə dedi. Amma bu şeirdən həm də Ramiz Rövşən şeirlərinin qoxusu gəlir.
Silsilənin dördüncü şeiri isə nikbinliklə aşılanıb: "Köçdü küçə-küçə şeirlərimə, Mənim küçələrim üşümür daha".
Ancaq bu dörd şeirlə "Küçə Simfoniyası" yaranmır, sadəcə, balaca bir nöktürn-nəğmə hasil olur. Predmetə daha geniş, panoram təsvirlə yanaşmaq olardı.
Kitabda obrazlı təfəkkürün ifadəsi kimi bir şeir - "Laylalar" fikrimcə, Gündüz Sevindikin ən yaxşı şeirlərindən biri, bəlkə də birincisidir. Bu şeirdə "əsl şeir necə olur?" sualına cavab vermək olar. Yəni bu şeir ilk misrasından sonuncu misraya qədər MƏN ŞEİRƏM cavabını verəcək. Birincisi; burada şairliyin ümdə əlaməti olan obrazlı düşüncə tərzi ifadə olunub. İkincisi; şeirin mənasını açıqlayan, şairin oxucuya nə demək istədiyini bəlirləyən fikirlər öz əksini tapır və bunlar poetik obrazlarla reallaşır. Bu poetik obrazlar Layla və Çiçək qoxusu obrazlarıdır. Üçüncüsü, şeirin bəzəyi olan, onu yaraşığa gətirən bədii təsvir vasitələridir ki, onlar da bu şeirdən əksik deyil.

Biz doğulanda, dünyadan
çiçək qoxusu gəlirdi.

Şeir bu misralarla başlayır və sonra:

Biz doğulanda müharibələrin,
raketlərin, sərhədlərin
yuxusu gəlirdi, yuxusu...
Hakim idi dünyanın hər şeyinə
layla çalan çiçək qoxusu.
Hakim idi qırğınların,
müharibələrin əbədiyyət yuxusu!
Biz az idik, çiçəksə çox,
qaldıq çiçəklərin ayağı altda.
Beləcə çiçəkli bir
Körpəlik yaşadıq.

Sonra gəlir müharibələrin oyanması, raketlərin yuxusunun qaçması. Belədə dünyanın çiçək qoxusu da qaçır.

Bir vaxt dünyanın müharibəsinə,
raketinə, sərhəddinə
layla çalan çiçək qoxusu
yaralı uşaq kimi
qaldı qollarımız üstə...

Layla çalınırdı..
Raket zümzüməsindən,
müharibə laylasından
yatmışdı deyəsən-
yatmışdı çiçək qoxusu...

Şeiri oxuyanlar dərhal hiss edəcəklər ki, Gündüz Sevindik adlı bu cavan müəllif "ictimai" mövzu ilə lirik hissləri, həyəcanları, raket qışqırtıları və fəlakətləri ilə çiçək qoxusunu necə də bir yöndə birləşdirə bilib. Əslində, layla ilə çiçək qoxusu - iki obraz birləşib, vahidləşib.
Çox maraqlıdır ki, Gündüz Sevindiyin şeirləri içərisində azlıq təşkil edən "Fələstinli uşaq və...", "Somalidə ac bir uşaq", "Laylalar" şeirləri onun digər yazılarına nisbətən poetik sanbalına görə daha üstün nəzərə çarpır. Yazır ki: "Somalidə körpə uşaqlar hər gecə ölümü aldadırlar".

Sənin göz yaşın qurumaz,
Mənimsə duam, diləyim.
Sənin gözünü doyurmaz,
Mənim bu yavan çörəyim.

Gülmə bu yaşda ağlıma,
Dön quşa, uç, gəl beləcə.
Qoşul balaca oğluma,
Qucağımda yat bu gecə.
Somalidə ac bir uşaq,
Bu gecəni də ac yatdı.
Bərk-bərk yumub gözlərini
Gələn ölümü aldatdı.

Sonra gəlir sevgi və dərd şeirləri. Gündüz Sevindiyin sevgi şeirlərində hələlik nümünə göstəriləsi bir şeir tapammadım. Elə bir şeir ki, bu şeirdə təkcə yaşanılan, duyulan hisslərin ifadəsi ilə yox, həm də obrazlı, poetik yüklü nəfəslə qarşılaşaq. Bu şeirlərdə "Qara kəsək kimi, çay daşı kimi, Dərdin divarına hörüldüm axı", "Hələ çox kiçikdi dünya, Götürməz, götürməz məni" . Yaxud "Əynimdə dünya yükü var, Üstümü çırpa bilmirəm" kimi obrazlı misralar var, bunların istedadlı bir qələmdən çıxdığına inanırsan. Amma həmin misraların əhatəsi o qədər də güclü deyil ki, poetik divara hörülə bilə.
Mən Gündüz Sevindiyin qəzələ meyl etməsini alqışlayıram. O qəzəlləri oxuyuram və görürəm ki, Gündüzün qəzəllərində nadir hallarda sınıqlar nəzərə çarpsa da, onda əruz damarı var. Qəzəlinki əruzu duymaq, içindəki ritmi, ahəngi yazacağın qəzəlin ahənginə qatmaq və bir də aşiqliyini poetik incəliklə əyan etmək. Bunu Gündüz bacarır.

Nə günah eylədim? Eşq Allahı yazmış yazını,
Niyə ancaq mənə göz yaşları qismət gecədən?!

İntizarəm, elə bil bir də açılmaz bu səhər,
Çəkirəm sübhüm üçün mən necə həsrət gecədən.

Gündüz Sevindiyin belə bir şeiri də var: "35 yaşımın astanasında". Yaxşı şeirdir. Müəllifin indi 36 yaşa daxil olduğunu bilirəm və deməli, ona "gənc şair" deyilməməlidir. Artıq şair ömrünün gənclik mərhələsi başa çatdı, indi daha yetkin, daha kamil mərhələ başlanır. Artıq Cabbarlı yaşı başa çatdı, Əli Kərim yaşının da sonuna az qalıb. O zaman Ağcabədidə yaşayan, oradakı ədəbi mühiti canlandıran Gündüz Sevindikdən daha gözəl şeirlər gözləməyə haqqımız var...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV