adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

RAŞiT DEMiRTAŞA UğURLU YOL

TOFİQ ABDİN
25743 | 2009-09-19 01:05
"Azərbaycan mənim üçün həmişə bir həsrət anlamını ifadə edib. Hələ bu ölkəyə gəlməzdən öncə də Azərbaycanı çox sevirdim. Burada yaşadığım 4 il müddətində Azərbaycana daha da bağlandım. Bu məmləkətdə heç vaxt özümü yad kimi hiss etmədim. Azərbaycanı qarış-qarış gəzmişəm. Bu siyahıda haranın adı yoxdur: Babadağ, Qobustan, Lahıc, Atəşgah, İçərişəhər, Gəncə, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Lerik, Masallı... Siyahı uzandıqca uzanır. Bu bölgələri gəzərkən həm fərəh hissi keçirirdim, həm də Azərbaycanın gözəlliklərinə heyran olurdum. Mənim doğulduğum Konya əsasən düzənlik bir yerdir. Ancaq məhz mənim dünyaya gəldiyim hissəsində dağlar var. Ona görə də Azərbaycanda məni daha çox dağlar, dağlıq ərazilər cəlb edib. Bəyəndiyim, bəyənmədiyim cəhətlərə gəldikdə, bəzi xoşagəlməz hallarla, əlbəttə ki, rastlaşmışam. Amma bu cür hallar mənim Azərbaycana, bu millətə olan sevgimi zərrə qədər azaltmayıb. Bu məmləkəti özümə çox doğma bildiyimə və sevdiyimə görə, təbii ki, ayrılıq öncəsi kədərlənirəm. Burada ömrümün bir neçə ili keçdi. Sanki vətənimdən ayrılırmışam kimi bir duyğu içərisindəyəm. Burada çəkdiyim filmlərdə qardaş Azərbaycanın həqiqətlərini, təbiətini, tarixini, mədəniyyətini olduğu kimi əks etdirməyi özümə hər zaman borc bildim". Raşit Demirtaş
   
   Bəli, bütün buluşmaların və tanışmaların sonunda bir ayrılıq durur. Bunu heç kəs danmaz və hər bir ayrılıq da başqaları üçün bilmirəm, mənim üçün çox əzab verici bir məqamdır. Hətta indiki vaxtlarımda çox dəhşətli bir yaşantı və ağrılarla qabardılmış bir məqamdır. O halda ki, "tale bir də bu insanlarla məni nə zaman buluşduracaq, qarşılaşdıracaq" düşüncəsi içində həmişə sarsıntı keçirirəm və hər dəfəsində də yeni insandan və özü də səni sevən və sevəcək bir insandan ayrılıqdan dad edirəm. Raşit Demirtaş da həmin yaradıcılardan və insanlardan biridir. Və heç nə gəlmir əlimizdən. Bir az öncələr bizə yaxın, bizi candan sevən, bizim mədəniyyətimizin və ümumiyyətlə varlığımız üçün sonsuz gözəl işlər görən Fethi bey Gediklidən ayrıldıqda və ondan sonra, TRT-nin baş təmsimçiliyinin müdiri, yenə də həqiqətən mənə candan yanaşan, məni sevən insanlardan biri və hətda mənə XOCAM deyən yaradıcılardan biri Abdulhamit Avşardan ayrıldıqda da belə olmuşdu. Yox, insanın şansızlığı hər zaman onun uğurlarından və istəklərinin iç rahatlığından onu daha çox güdür və mən də bütün ayrılıqlardan məhz həmin hissin daha güclü olduğunu hiss edirəm.
   
   Raşit Demirtaşın ayrılığı da mənim üçün çox ağır bir itkimi deyim, yoxsa sadəcə həlilik ayrılıqmı deyim, bilmirəm, tale işimi deyim... və bu taleh bizi bir də nə zaman görüşdürər, bunu bir Allah bilir. Bu işin ən çətinidir, amma yenə ən böyük qazancımız, şəxsən mənim ən böyük qazancım Raşit bəy kimi bir yaradıcı və insan oldu bu illər ərzində. Və məni candan sevən bu insanla, hər halda öz istəyimcə təmas qura bilmədim və bu da mənim həyat tərzimin tamam başqa bir alışqanlığından irəli gəlirdi. Hətta Raşit bəy bu müqəddəs Ramazan günlərində Bakını tərk elədiyində, bura əlavə etsək onun işlərinin yoğun olduğunu, qabaq-qənşər bir stəkan çay içmədən və üz-üzə oturub söhbət etmək, onun içindəki ağrıları klavyeyə danışmaq zor bir iş olduğundan, hələlik bunun bir az qapalı saxlanacağını buraxıram taleyin insafına.
   
   Bəlkə... bəlkə... bəlkə... bir də görüşmək şansı əldə etdik.
   
   
   
   ***
   
   
   
   Əslində bu yazını yazıram və düşünürəm ki, bir çox oxucu deyə bilər ki, kimdir bu Raşit Demirtaş? Ki, Tofiq Abdin bu insan haqqında yana yana, içdən yazır? Etiraf edim ki, bunlar yazmaq istədiklərimin yüzdən, mindən biridir. Bir insanı tanıtmaq üçün çox zaman söz yetərli olmur, insanın içindəki bütün sevgini, bütün şirini və bütün gözəlliyi üzə çıxarmaq üçün söz bəzən gücsüz olur. İndiki məqamda mən Raşit bəyin gördüyü işləri sadalamağa gücüm çatmır. Onun Azərbaycanda gördüyü hər bir iş həqiqətən yüksək diqqətəlayiq işlərdir. Biz bu işləri necə dəyərləndirdik,bu artıq onun işi yox, bizim işimiz idi. Heyf, çox heyf hər zaman olduğu kimi, yenə də biganləik və bu biganəliyin içində doğma bir üzdən ayrılıq anını heç bir birimizin dəyərləndirməmiz insanın içini ovur. Və ən azından bir müddət sonralar biləcəyik biz nə itirmişik. Necə ki, Abdulhamit bəy Avşarın, Fethi bəy Gədiklinin gedişinin ağrıları hiss olunur. Hər halda bu, mənim üçün belədir!!!!!!!!!
   
   Kimdir RAŞİT DEMİRTAŞ"
   
   "525-ci qəzet"də yazar Sevinc Mürvət qızının xəbərindən və Raşit bəyin özünün dediklərindən:
   
   "Tanınmış rejissor, Türkiyənin TRT televiziyasının əməkdaşı Raşit Demirtaş 1960-cı ildə qardaş ölkənin Konya vilayətində dünyaya gəlib. Ankara və Anadolu Universitetlərinin kino bölümünü bitirən R.Demirtaş əsasən sənədli filmlər çəkməklə məşğuldur. Rejissor indiyədək çəkdiyi filmlərə görə "Sedat Simavi" adına sənədli film mükafatına, eləcə də "Yazarlar Birliyi", "Altın Safran" ödüllərinə layiq görülüb. Dörd ildir ki, Azərbaycanda silsilə sənədli filmlər çəkən R.Demirtaş buradakı fəaliyyətini başa çatdıraraq, bugünlərdə Türkiyəyə qayıdacaq.
   
   Azərbaycanı tərk etməzdən öncə rejissor burada gördüyü işlər haqqında ətraflı məlumat verdi, ayrılıq öncəsi ölkəmizlə bağlı duyduğu hiss və düşüncələrini qəzetimizin oxucuları ilə bölüşdü.
   
   - Mənim Azərbaycanda əsas işim, əlbəttə ki, sənədli filmlər çəkməkdən ibarət olub. Bir sıra ədəbi mövzulu portret-filmlər ekranlaşdırmışam. Ekran portretini yaratdığım şəxsiyyətlərin siyahısında həm klassik, həm də müasirimiz olan Azərbaycan yazarları var. Dörd il ərzində Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə Turan, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Əhməd Cavad, Cəfər Cabbarlı, Almas İldırım, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Xəlil Rza Ulutürk, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Fikrət Sadıq, Tofiq Abdin, Musa Qasımlı, Abbas Abdulla, Kübra Əliyeva, haqqında filmlər çəkmişəm və onlar müxtəlif vaxtlarda TRT ilə yayımlanıb. Bundan başqa Azərbaycanın tarixinə qara xətlə yazılan 20 Yanvar, Xocalı, 31 Mart Soyqırımı, Sırxavəndlə bağlı "Xarı bülbül" filmlərini ərsəyə gətirmişik. Eləcə də Qarabağ qadınları, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması barədə və bir sıra başqa mövzularda filmlər çəkmişəm. "Addım-addım Qafqazlar" layihəsi çərçivəsində Azərbaycan bölgələri ilə bağlı sənədli-tarixi filmlər çəkib türkiyəli tamaşaçılara təqdim etmişəm".
   
   Raşit Demirtaşla bu vida sorğusunda mən də iştirak edirdim və sağ olsun Sevinc Mürvətqızı və "525-ci qəzetin" yaradıcıları. Ki, heç olmasa, bu addımı atdılar və bu gözəl sənətçinin və insanın əməyini qiymətləndirdilər. Mənim əsas deyəcəyim şey budu ki, o soruğu anında Raşit bəyin içindən keçən bütün ağrıları və ayrılıq məqamının yaxınlaşdığı anların yaşantıları, Bakı üçün keçirdiyi və burada tanış insanlar üçün yaşadığı hissləri bir qələm sahibi olaraq təsvir etməkdən acizəm, həqiqətən acizəm, çünki mən onun danışdıqlarına qulaq asdıqca içimdən Əlibəy Hüseynzadənin Türkiyə və İstanbul sevigisi boy verirdi, Əlibəyin qızları ilə bir zamanlar keçirdiyim günləri xatırlayırdım və onlarla canı-dildən etdiyim söhbətin içindən həmişə bir şey qoparmaq, yəni "Əlibəy heç incik olmadımı İstanbuldan, siz incik deyilmisiniz Türkiyədən" kimi bir tərs sual keçəsə də, Raşit bəy də heç qımıldanmadan, sanki eynən Əlibəyin qızlarının cavabını oxumuş kimi, eyni sözələri işlətməsə də cavablar bir-birinə tuş gəlirdi.
   
   Raşit Demirtaşın getməzdən biraz öncə lentə aldığı son filmlərindən biri 90 il əvvəl türk əskərlərinin Bakını və Azərbaycanı qətliamdan xilas etməsinə həsr olunmuş bəlgəsəl idi. Bəlgəsəl bir neçə ay öncə Türkiyə Böyük Elçiliyində nümayiş etdirildi. Bu əlamətdar gündə Ənvər Paşanın nəvəsi də filmin nümayişi vaxtı seyirçilərin arasında idi. Mən o zaman həmin film haqqında geniş bir yazı yazmışdım.İndi məqamıdır, tam məqamıdır bu filmi və həmin yazını xatırlamaq: "Bəlgəsəlin, sənədli filmin adı VƏFA.
   
   Əslində bu ad indiki məqamda bir az poetik səslənir, ona görə ki, artıq münasibətlərimizin bu qədər can çəkişindən görünür ki, bizimki vəfadan keçib. Dünyanın işləri qarışıb, bu qarışıqlığın içində sevimli Türkiyə ortalıqda və istər-istəməz tarixin təkərini geriyə döndərmək istəyənlər var.Bu cür məqamlarda işlərin hara varacağı bəlli olmur. Belə olduğu halda insanın içini qərib bir çəkingən duyğu alır: nə olacaq bu məmləktin halı- daha doğrusu, bu məmləkətlərin halı TÜRKİYƏNİN və AZƏRBAYCANIN? Kimsə dəqiq proqnoz verə bilməz və insanın da içində çox qərib hisslər artıq öz işini görməkdədir. Baş verənlər qəzetlərimizin çoxunda çox da mərhəmətlə qarşılanmır və daha kəskin yazılar da gözə dəyir. Bunun ucbatından iki ölkənin baş siyasiləri görüşür, aralarında nə söhbətlər gedir, bunu onların özləri bilirlər. Amma gürünən bu ki,dünyanın suları artıq bulanmağa doğru gedir, şayət bir az ədəbi desək.
   
   Filmin göstərimindən qabaq çıxış edən SSENARİ MÜƏLLİFİ VƏ REJİSSOR RAŞİT BƏY DEMİRTAŞIN danışdıqları mənə daha çox təsir etdi. İnanın ki, onun danışdıqları insanın içini titrədirdi. Bu mənim şəxsi düşüncəmdir və Raşit bəyin səsinin tonu bir az poetik desək o günkü havanın içindən kədər yağmuru kimi axmaqdaydı.
   
   Bəlgəsəldəki ən böyük uğur məncə tarixi mətnin içindəki kadrları müşayət edən oxunuşdur. Bu səsin sahibinin neçə yaşı olduğunu bilməsəm də, məhz lentin havasına və lentdə görüntülənən hadisələrin axarını ifadə etmək baxımından ayrıcalıq təşkil edir. Bəlgəsəlin uğurlu alınmasında bu səsin çox böyük bir anlamı olduğu ortada. Sənədli filmin içindən axan ağır havanı ustalıqla tutan və yaşayan NAZİM BƏY OKTARIN səsindəki doğal kədər, insanın içindəki ən kədərli nöqtələri üzə çıxarır və bu səsin müşayətiylə daha uzaqlara gedirsən və səsin içinə oturuduğunu da başa düşürsən. Bu səslə birlikdə lentə hopmuş vəfa havasıyla hadisələrin içinə girirsən və olanları təkrar-təkrar yaşayırsan. Onu da qeyd etməliyəm ki, ilk bəlgəsəl deyil ki, Nazim Oktar beləcə çox yapışıqlı bir səslə və ustalıqla mətni söyləyir. Eyni yaradıcı kollektivin çəkdiyi bir çox bəlgəsəli də Nazim Oktar səslənədirmişdir.Və bizim teleşirkətlərin bu gözəl səs və diktə sahibinə diqqətini əsirgəməməsini məsləhət görərdik. Nazim Oktar uzaqda deyil, bizim şəhərimizdə, bizim yanı-başımızdadır.
   
   VƏFA nöqtəsindən baxdığımızda mən bir şeyi də qeyd etməliyəm: çox maraqlıdır ki, bu filmin göstərimindən sonra mən bizim aparıcı qəzetlərmizdə və saytlarımzda bir kəlmə də olsun yazıya rast gəlmədim. Bunu yalnız mən baxdığım bir sıra qəzetlər üçün deyə bilərəm. Necə də olsa bu məni bir az da olsa incitdi. İstər uğurlu, istər uğursuz, istər normal, istər qeyri-normal bir əsərin yaranışı böyük zəhmət və böyük bir hövsələ istəyir. Özəlliklə bu tipdən olan bəlgəsəllər, sənədli filmlər. Böyük bir zəhmətlə yaranan VƏFA bəlgəsəlinə bizim yazar-cizər camiəmizin bu soyuq münasibəti BİZİM VƏFAMIZIN göstəricisidi".
   
   Yaxşı yol, uğurlu günlər Raşit bəy!!!!!!!
   
   Taleh bizi buluşdursun!

TƏQVİM / ARXİV