adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İŞIQLAR SÖNƏNDƏ...

VƏSİLƏ USUBOVA
69462 | 2012-11-20 10:03
Ən yaxşı yazılarımı yazıram. İşıq yoxdursa... nə televizorun, nə də kompüterin ekranı ağarmayacaq. Onsuz da, televizorda baxmalı heç nə yoxdur. Kompüter də lap gözümün odunu alıb. Polşanın fantast yazıçısı Stanislav Lem "əgər cəhənnəm varsa, o mütləq kompüterləşdirilib" fikrini söyləyəndə, deyəsən, elə mənim evimi nəzərdə tutub... İşdən gələndə binamızın yağışdan islanmış qara-boz divarlarında ocaq yeri kimi qaralan pəncərələrə baxa-baxa düşünürdüm: "Deyəsən, neçə gündən bəri başıma yığılanları bu axşam kağıza köçürə biləcəm..."

İndi də dördbir yanımızı bürüyən işıq selində ada kimi səssiz-səmirsiz duran binamızın sükutunu dinləyə-dinləyə şam işığında oturmuşam. Kantın ruhuna rəhmət diləyə-diləyə vərəqləri qaralayıram... Bayırda elə yağır ki,... Elə bil göylər ürəyini boşaltmağa fürsət gəzirmiş, bu gün güclə əlinə düşüb. Təbiətin hər türlü şıltağından xoşlanmışam, hər cilvəsində bir ahəng duymuşam həmişə. İndi istəyirəm yağış kəssin, bomboz səma açılıb təmizlənsin... və təptəzə, gözəl-göyçək bir Ay doğsun. Doğsun və pəncərəmin ağzında dayanıb mənə gülümsəsin. Təkcə mənə... Onun təbəssümünün işığında yazmaq istəyirəm bu yazının ardını. Amma kəsmir... Yağdıqca yağır. Ay da yoxdur. Doğa bilmir, görünə bilmir... Öz xoşuna deyil ki... Onun da nə vaxt batıb, nə vaxt çıxması yerin, göyün Mütləq Sahibinin izniylədi...

Adını çəkdim, amma niyə ruhuna rəhmət oxuduğumu demədim Kantın. "Ağlımız qaranlıqda daha yaxşı işləyir" deyiminə görə. Amma mən bu gözəl gecədə qətiyyən ağıllı olmaq istəmirəm. Yorulmuşam ağılla yaşamaqdan. Bir azca da dəlilk eləmək istəyirəm. Çünki...

Bəzən bu dünyada ağılsız olmaq ağıllı olmaqdan çox xeyirlidir.

- deyib Şekspir Danimarka şahzadəsinin diliynən. Bu gecə ancaq başqalarının ağlından, hikmətindən bəhrələnəcəm. Bu anda içində olduğum bənzərsizliyi, təkrarsızlığı qələmlə göyərtməyə gücüm, qabiliyyətim çatmır mənim...

***

Şam yanır... Titrəyə-titrəyə yanır... Əriyib tökülür...

Nədən səni belə

yandırdılar, şam,

Yoldan çıxartdılar

burda bir axşam?

Sən özün dilə gəl,

neyləsin, əgər,

Yaranmışsa ancaq

yanmaqçın adam?!.

İlahi, bir qəlbin işığı əsrləri necə adlayıb keçə bilərmiş... Bunca düşündürər, ovsunlayar, yandırıb-yaxarmış. Nə gözəl, nə incə ruhlu qadınmışsan sən... Hə, hə... məhz qadın. Şair olmaq çoxlarının qismətinə düşə bilər. Təpədən-dırnağa Qadın olmaq... Hələ-hələ boyuna biçilmir hər kəsin. Hansı rəssam çəkib şəklini?! İç dünyanın zərifliyini, zəifliyini, zənginliyini, sinəndəki yandırıcı alovları sifətinə necə həkk edə bilib?! İnanmıram... inanmıram... O rəssam səni sevməmiş deyil. Bəlkə Rəfael kimi huşunu da itirib öz yaratdığına heyranlığından...

Bu axşam "yoldan çıxarıb" yandırdığım şam sənə necə də oxşayır... Məhsəti...

Şam başından yanar,

göz yaşı tökər,

Gəldiyi qapıdan o,

çıxıb gedər...

Başınla öyünmə,

şamə diqqət et,

Məhv olur başıyla

ayağa qədər...

Başı olanın, başıynan öyünənin vücuduna kimsənin od vurmasına gərək yox ki... Odsuz-alovsuz da gündə neçə dəfə başdan-ayağa, ayaqdan-başa tutuşub yanır. Nə alovunda yanan var, nə tüstüsündən gözü yaşaran... Əriyə-əriyə yox olduğu da kimsənin umurunda deyil...

Yox, bu bircə bənddə deyiləni anlamaqçün mütləq oturduğum yerdən durmalı, bayırda damcıların soyutduğu havadan udmalıyam. Yoxsa, elə buradaca od tutub otaqla birgə alışmaq olar.

Kərəm kimi...

Yağış sifətinə döyəcləyə-döyəcləyə ağlamağı yoxlamısanmı bir kərə?! Göz yaşlarının yandırdığı yanaqlarını soyuq damcılar belə soyuda bilmir...

Bu göz bəbəyimdə

varsansa, neçün

Suya qərq olmuşsan,

görürəm səni...

Bu qədər diri qalmanın səbəbini indi anladım...

Səndən ayrılmaq istəyirəm ancaq...

Ürək lazımdı, can lazımdı səninlə uğraşmağa...

***

Xəzəldən ayaq basmalı deyil həyətimizdə. İslanıb çürüyür yarpaqlar, qızılı rəngləri boğulub qaralır...

Yağış buludları

tərcümə edər,

İlahi dilindən

torpaq dilinə.

Yarpaqlar tökülüb

ölməyə gedər

Qoşulub zamanın

əcəl yelinə...

Məmməd İsmayıldan başqa kim görüb duya bilərdi yarpaqların bu halını?!.

***

"Zamanın əcəl yeli" yadıma bu günlərdə dolaşan söz-söhbəti salır. Hər şeydən qorxan ağciyər qızıma təsəlli verməkdən yorulmuşam. Fiziklərin, astronomların, üləmaların Kainat, bu dünyanı idarə edən "Qüdrətli Əl", onun insan idrakına sığmayan nizam-intizamı barədə dediklərindən yadımda nə qalıbsa təkrarlamaqdan çənəm ağrıyır. Bunları dilimdə deyirəm. Ürəyim başqa şeylər danışmaq istəyir ona. Özümün dönə-dönə dağılmış dünyalarımdan söz anlatmaq keçir ürəyimdən. İstəyirəm qəlbimdəki xarabalıqları, heç olmasa, bir kərə görsün. Ulartısını içimdə boğduğum bayquşların səsindən havalandığımı duysun...

Deyə bilmirəm...

Qıymıram ona...

Qoy bilməsin, bixəbər qalsın... Ürəyimdən su içməsin..

Elə şeylər var ki, onu ən yaxınındakının da bilməsi vacib deyil...

Çünki danışacaqlarında bir Günahkar olmalıdı. Qınamağa, danlamağa, qəlbinin odunu tökməyə. O yoxdu... Sən özün də Onu tanımırsan... Bəlkə elə... sən özünsən öz dünyanı yıxan?!. Susursan...

Susmağın məsləhətdi...



Vəsilə [email protected]
P.S. Bir gün sükutun da səsini eşidən tapılacaq...

TƏQVİM / ARXİV