adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YAZAR OQTAY SALAMOVUN SƏSSiZ üSYANLARINDAN BiRi

TOFİQ ABDİN
18585 | 2009-09-12 05:49
Çox hörmətli Millət Vəkili, yazar və sözü keçən bir dövlət adamı, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbas yazır: JURNALİST EVİNİ SATIR... XƏSTƏXANA XƏRCİNİ ÖDƏMƏK ÜÇÜN ! Dostlar, Azərbaycanın görkəmli bir jurnalisti ölümlə çarpışır. Onu ölümün əlindən hətta Tanrı da deyil, yalnız və yalnız Tanrıya çevirdiyimiz PUL xilas edə bilər. O pul da onda yoxdu. Və dünən eşitdim ki, evini satlığa qoyub. Bəli, Azərbaycanın görkəmli jurnalisti ölümdən qurtulmaq üçün evini satır.
   
   Bu müqəddəs Ramazan ayında... arxasını yaza bilmədim".
   
   Və bu həyəcanın üstündən mənim həqiqətən çox hörmət etdiyim yazar və Millət vəkili Elmira xanım Axundovanın insafsız etirazına (yəni jurnalist niyə bahalı xəstəxanaya gedir ki...) yenə də "ƏADLƏT" qəzeti özünün birinci səhifəsində bir açıqlama ilə çıxış etməyə məcbur olub. Açıqlamada deyilir: "Bakı xəbər" qəzetində millət vəkili Elmira Axundova bu məsələylə bağlı belə bir tövsiyə edir ki, jurnalist baha başa gələn Klinik Xəstəxanaya deyil, dövlət tibb müəssisələrində pulsuz müalicə olunmağa üstünlük verməli idi.
   
   Elmira xanım siz inanırsınız ki,dövlət tibb müəssələrində müalicə pulsuzdur?! İkincisi ( sizin üçün bir arayış verək. Oqtay Salamov Klinik Xəstəxanaya öz xoşu ilə getməyib. Ondan əvvəl üç dövlət müəssisəsində Təcili Yardım maşınlarında gəzdirilib, amma qəbul etməyiblər və göndəriblər ora. Məcburiyyət qarşısında gedib. Çox istərdik ki, bir millət vəkili kimi maraqlanasınız ki, niyə dövlət tibb müəssisələri onu qəbul etməyib?"
   
   Diqqət!!!!!! Diqqət!!!!!! Diqqət!!!!!!
   
   Bizim hər birimizi bu müsibət gözləyir!!!!!! Bu cür olsmasa da buna bənzər müsibətlər qapımızın ağzındadır.
   
   Kimdir axı bu OQTAY SALAMOV!!!!!!!!!!!!!!!!
   
   "Ədalət" qəzetinnn yazarlarını sürəkli, mütəmadi izləyirəm. Çünki özüm də bu qəzetə yazılar yazıram və "Ədalət" qəzeti həqiqətən də xalq qəzetidir. Buradakı yazarlarla mütəmadi görüşlərim olmasa da, arada bir yazımı səhifəyə yerləşdirəndə onlarla rastlaşıram və onların yazılarını izlədiyim üçün, bəzi xoşuma gələn məqamları özlərinə deyirəm. Könülləri xoş olsun deyə yox, onlar artıq profesional yazarlardır və hər yazını da öz istədikləri kimi yazmırlar, yəni hər bir yazı xoşa gəlsin deyə yazılmır, bunu eləmək də çox çətindir. Gündəlik yazı yazıb "Amerika kəşf eləmək" mümkünsüz bir şey. Bunu mən bir neçə dəfə demişəm və hər bir oxucu da öz yazarından həmişə yaxşı yazı gözləməyə çalışır, amma yaxşı yazılar da hər zaman yazılmır. Yaxşını, pisi ayırmaq indi daha müşkül bir iş olduğundan, bunun ucunu alıb ucuzluğa getməyək. Təbii ki, sovet terminologiyası ilə desək, ürəkdən tikan çıxardan yazılar da olur. Başdan ayağa kimi olmasa da hər bir yazının içində ürək sərinlədən bir şeylərin olduğunu mən hər zaman hiss etmişəm və yazar da mümkün olduqca məhz o fikrini çatdırmaq üçün yazını yazır. Kim onu başa düşür, kim başa düşmür, bunu artıq buraxırıq oxucunun hesabına.
   
   Və mən çox sevdiyim bir misalı hər zaman yada salıram; məhşur yazıçı İlya Erenburq bir nəşriyyata bir roman verir, təxminən 400-500 səhifəlik bir roman və nəşriyyat o romaın redaktəsini verir yenicə gəlmiş cavan bir redaktora, gənc redaktor romanı oxuyur və kiçik redaktədən sonra sevinə-sevinə İlya Erenburqu nəzakətlə nəşriyyata çağırır və romana baxmağını istəyir. Erenburq romana baxır, orada iki sözün dəyişildiyini görür və sakitcə romanı qoltuğuna vurub gedəndə, gənc redaktor təlaşla: İlya Qriqoryeviç bəs romanı hara aparırsınız?
   
   Erenburq yenə də çox nəzakətlə: mən romanımın burada çap olunmasına etiraz edirəm.
   
   Redaktor daş atıb başını tutur və yalvarır ki, bəs mən işə təzə gəlmişəm, baş redaktor məni işdən qovacaq. Axı bir səbəb olmalıdır.
   
   Səbəb, - oğlum, - deyir Erenburq. Sizə bir misal çəkim: öküzün nə olduğunu bilirsiniz və bilirsiniz ki, bəzən öküzü axtalayırlar. Baxın, öküz axtalanmadan öküzdür, o axtalnandan sonra onda öküzlük qalırmı? Sən də mənim bu romanımda olan iki ən mühüm sözümü çıxarıb atmısan. Ona görə də romanımı geri götürürəm.
   
   Təbii, bunun olub-olmadığını dəqiq bilmirəm. Amma sovet ədəbiyyatında belə bir hadisənin olduğunu mən rus mətbuatından oxumuşdum və ibrətamiz bir olay kimi hafizəmdə ilişib qalıb. Düşünürəm ki,redaktə çox incə və zövqə bağlı bir işdir, bunu gərək yazarın özü kimi hiss edəsən.
   
   Bir müddət öncələr növbəti yazı olaraq yazar Oqtay Salamovun bir yazısını səhərin gözü açılmadan ƏDALƏTin internet saytında oxudum və bütün bu yazdıqlarım məni rahatsız etməyə başlayır və bu fikirlərimi Oqtayın ünvanına ismarlamaq üçün keçirəm bilgisayarın arxasına. Oqtay Salamovun yazısı demək olar ki, məişət mövzusunda bir yazı, bəlkə də məişət deyil, ağrılı-acılı bir cəmiyyət haqqında bir yazı. Bəlkə də dəfələrlə ələ alınan və bir çox jurnalist və yazar tərəfindən işlənən bir mövzu, amma Oqtayın yazar baxışı tamamilə fərqli və iç acıları ilə dolu. Yazı belə adlanır: ARTMALI KOMMUNALIN NƏYİDİR?).
   
   Bəri başdan deyim ki, Oqtay Salamovun çox ləziz bir yazı üslubu var ki, mən bilən Oqtay müəllim yazını yazmır, onu klavyeyə danışır və klavye həmin danışığı bir başa içinə alır, ekrana tökür. Bunu ona görə deyirəm ki, Oqtayın yazıları çox asanlıqla oxunur. Çox axıcı bir üslubla, bəzən çox dağıdıcı bir davranışla yazını ələ alır və bütün bu məqamları yazının içinə necə yerləşdirirsə dağıdıcılıq da, axıcılıq da, ləzizlik də həmin yazının içində çox oxunaqlı bir üsluba qovuşub oxucunu özünə çəkir.
   
   Oqtay Salamovun yazılarının bu qədər insani və bu qədər ağrılı olmasının bir ucu məncə onun sənət dünyasından jurnalistikaya gəlməsidir. Burada bir yanlışlığım varsa,məni əfv etsinlər və mən bu qənatdəyəm ki, Azərbaycan jurnalistikasında ən gözəl qələm sahibləri məhz başqa sahələrdən gələnlərdir və jurnalistika fakültəsi yaranandan bəri özünü doğrultmayan qələm sahibləri verməkdədir bu məmələkətə. (istisnalar yox deyil!!!!). Oqtayın yazılarındakı dinamikada və şirinlikdə onun insani keyfiyyətlərinin rolu az deyildir. Bu kənardan bir müşahidənin sonucudur, onunla işləyənlər onu daha yaxşı bilmiş olarlar. Bu yazı üslubu təkcə Oqtayın sənət haqqında yazılarında deyil, ümumiyyətlə bütün yazılarında diqqəti çəkir. Mən hər zaman onun yazılarının içində fırlanıb ürək açan bir fikrin və deyimin olduğunu tapmışam və onun toxunduğu məsələlər BU KAR DÜNYANIN qulaqlarından yan keçsə də, bir təssüf və etirazın o yazıların içində olduğu qaçınılmazdır.
   
   Yaşamın ən xırda məsələlərindən (ən böyük şeylər də məhz elə bu xırdalıqlardan başlanır) yazanda belə Oqtay müəllim həqiqətən çox axıcı bir dilə sahib və axıcı bir uslübda düşünür ki, istər-istəməz bu qənatə gəlirsən ki, o yazını məhz özü-özüylə danışaraq yazır. Bu da çağdaş yazı tərzində ən vacib şərtlərdən biridir. Rəhmətlik şair İsa İsmayılzadə mənim yazılarım haqqında danışanda bir fikir söyləmişdi: Mən Tofiqin yazılarında onun səsini eşidirəm.
   
   Mənim üçün çox böyük dəyər idi bu.
   
   Və məhz Oqtay müəllim də heç zaman akademikliyə can atmır və bu da onun yazılarının üstünlüyünü saxlayır.
   
   Məni bu sətirləri yazmağa, özü də tam bir isti havada yazmağa məcbur edən,vəzifə borcu və yazı yazmaq iştahı deyil. Heç şübhəsiz Oqtayın haqqında danışdığım yazısı bir çoxuna adi görünə bilər. Bunun belə olacağına mən tam əminəm. Amma mənim içimin səsi olaraq bu yazı adiliyin yüksək nöqtədən ifadəsidir ki, həmin yazıya mənim çox xırda bir qeydim var: təəssüf ki, bu yazı elə bir məqamda yazıldı ki, həmin məqamlarda haqlı-haqsız bir nazirin ünvanını fikirlər baş alıb gedirdi. Burada başqa yol da yoxdur, çünki Oqtay Salamovun da yazısı məhz ona müraciətlə yazılmışdı.
   
   Yazıdan sitat: "Deyəsən, nəsə iy duyublar, iqtisadi inkişaf naziri Heydər Babayev son günlər jurnalistlərin mövzu qəhrəmanına çevrilib. Gah onun istefa ərizəsi yazdığını deyirlər, gah biznesini Azərbaycandan kənara çıxardığını yazırlar, gah onu da sələfinin aqibəti gözlədiyini proqnozlaşdırırlar; bir sözlə, Heydər müəllim hərtərəfli müzakirə obyektinə çevrilib. AMMA MƏNİM O KİŞİYƏ İQTİSADİ İNKİŞAF NAZİRİ KİMİ HEÇ BİR QEYDİM, İRADIM YOXDUR, MƏNİM İQTİSADİYYATIMIN İNKİŞAFI AQİL ABBASDAN DAHA ÇOX ASILIDIR, O DA HƏLƏ İNKİŞAF ELƏMƏMƏYƏ SÖZ VERİB. Ayrıntı bizimdir və ürədən tikan çıxaran sözlərdir. Poetik jurnalistika budur. Yazı budur!! Ancaq bunu anlamaq çox zor atam oğlu qardaşım!!!!!!!!!!!) Heydər Babayev həm də Tarif (qiymət) Şurasının sədridir və qiymətlərin rəsmi artımı onun imzası ilə təsdiqlənir. Bu dəfə də Şura sədri kommunal xidmətlərin qiymət artımının qaçılmazlığından danışıb.
   
   Siz məni qınamayın, nə qədər beynimi zorlayıram, bizdə "kommunal xidmət" anlayışının nə olduğunu başa düşə bilmirəm ki, bilmirəm. Məni lap anlamaz sayıb barmaqhesabı başa salmaq üçün deyə bilərsiniz ki, əgər tualetinə su gəlirsə, sonra da unitazdan axıb gedirsə, liftin işləyirsə, qazın gəlirsə, blokunda işıq yanırsa... bunlar hamısı kommunal xidmətdir. Bəli, bunların hamısı bizdə də var və bu kommunal xidməti mən özüm özümə, ailəmə göstərirəm. Yəni trubanın da pulunu özüm verirəm, ustanın da pulunu özüm verirəm, lampanı da özüm alıram, zibil maşınına, lift təmirinə pul yığımında fəal iştirak da eləyirəm. Allah və JEK şahiddir ki, evpulunu da verirəm. Birinci, evimi hələlik yıxmadığı ilə, ikinci isə pulu ödədiyim haqda verdiyi qəbzlərlə bunu təsdiq eləyir. Yaxşı, siz hansı xidmətin qiymətini artırmaq istəyirsiniz?
   
   Ümumiyyətlə, məndən evpulunu nədən ötrü alırsınız? Sənəddə nə yazmısınız bilmirəm, amma barmağınızı qatlayın görək, damın təmirində bir çöpünüz olub, blokun təmirində bir qram emusiyanız, boyanız olub, liftin mühərrikini dəyişəndə bir ustanız dəstək verib, ya bir qəpik pul xərcləmisiniz? Suyu qrafiklə verdiyiniz üçün məcbur olub cibimin pulu ilə dama bak quraşdıranda, evimi təmir eləyəndə məndən pul istəyirsiniz. Təmirdən sonra yaranmış zibili daşımaq üçün özüm zibildaşıyanlara əlavə pul verirəm... Siz məndən hansı xidmətin pulunu istəyirsiniz?"
   
   Dəhşətli dərəcədə çox haqlı bir sualdır (amma bura bir ədaləti əlavə edim: bir ölkənin naziri bu işlərlə məşğul olmamalıdır. Bunu Oqtay müəllim də bilir.) Və bu sualın cavabını axtaran Oqtay Salamovun içindəki ağrını mən öz ağrım kimi hiss edirəm və bir ona təəssüf edirəm ki, bir millət olaraq biz hələ də bu çox kiçik, amma millət üçün çox dəyərli məsələlərlə məşğuluq və bu minvalla dünya millətləri sıralarına can atırıq.
   
   Təəssüf... Çox təəssüf... Gözəl qələm sahibi və çox incə məqamlar üstündə yazılar yazan Oqtay Salamovun bu yazı üçün sərf elədiyi anlara yazığım gəlir və özümə də yazığım gəlir.Və düşünürəm ki,ilahi nə zaman, axı nə zaman biz millət olacayıq və nə zaman bizim içimiz bu cür xırda tullantılardan qurtaracaq. Bunun nə zaman olacağını bilmirəm! Ən dəhşətlisi biz nəvələrimiz üçün arzuladığımız bir məmləkətin onda birini də qoyub gedə bilməyəcəyik.
   
   
   
   ***
   
   Bu yazı yazılan ərəfədə hörmətli Aqil Abbasdan eşitdim ki, Oqtay Salamov iki gün sonra xəstəxanadan ayrılıb evinə gedəcək. Böyük Alahım,səndən başqa kimsəmiz yox!Bu Ramazan günlərində bizim dualarımzı qəbul et, Oqtayın əski günlərini özünə qaytar. Yenidən onun gözəl yazıların sevimli ƏDALƏTİN səhifələrində oxuyaq, bizim deyə bilmədiyimiz ağrılarımız onun qələmində öz əksini tapsın.
   
   

TƏQVİM / ARXİV