adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

OğLUM, BU YAZINI OXU!!!!!!!!!!!!

TOFİQ ABDİN
28645 | 2009-08-29 02:13
(Beş oğlan, üç qız atasıydı Atam... Bir Oğlum və Bir Qızım var...
   
   Oğlum avqustun 18-də dünyaya gəlib. Hər il eyni şeyi düşünürəm və
   
   "Ah...Ah... Oğlum, - deyirəm, - çox yox, bircə ay da gec doğulsaydın, tarixi bir şəxsiyyətlə, dahi bəstəkarımız Üzeyir Hacıbəyovla bir gündə doğulmuş olacaqdın".
   
   
   
   Bu yazını çox ümidsiz başlayıram və düşünürəm ki, görəsən sona çatdıra biləcəyəm ya yox. Və bir də düşünürəm ki, necə qarşılana bilər bu yazı. Oğul-Ata münasibətlərində cinayət ladına qalxa biləcək hadisələri sənədli əsərlərdə az oxumamışıq. Bədii əsərlərdə belə bu dəfələrlə yazılıb, danışılıb və hətda bir çox zaman mən bir çox qəzetdə və xüsisiylə də son vaxtlar çox nadir hallarda lap elə ƏDALƏT qəzetində hətta atasını, babasını, nə bilim nənəsini öldürən insanların da olduğunu oxumuşam və bu məni çox heyrətə gətirib.
   
   Təbii ki, Atamla mənim aramda olan münasibətin bəlkə də məndən başqa heç kimsəyə dəxli yoxdur, amma bir zamanlar yazdığım SEVMƏK İSTƏYİRƏM ATAMI şeiri heç də bir mənalı qarşılanmadı və hətta ədəbiyyata yaxın insanlar arasında da çox zaman kinayə obyekti oldu. Ya bilərəkdən olur bu, ya da həqiqətən bu insanlar mənim o şerimin daxilindəki faciəni və daxili acını, daxili üsyanı görmək istəmirlər. Çünki mən atamı çox sevmişəm, bu sevgini də mən zaman-zaman, çox-çox illər öncəsi bir çox yazımda ifadə etməyə çalışmışam və ən ümdəsi bu ki, mən atam haqqında yazmaqdan bezmirəm və buna da inanın ki, mən bunu çox təbii hesab eləyirəm.Burada heç bir müştəbehlik və ya nəsə orijinal bir şeyin olduğunu da düşünmürəm. Ona görə bu yazını yazdığım anda mən yenə də onun o mazutlu əllərini və əsmər çöhrəsini gözümün qarşısında canlandırıram və yenə də illər öncəsi yazdığım o ATAMA MƏKTUBLAR poemamdan aşağıdakı sətirlər mənə əzab verməkdədir.
   
   
   
   Əllərin mazutlu, üstün mazutlu
   
   Dedilər fəxr elə bu üst-başınla.
   
   Sən də fəxr elədin, ay bədbəxt oğlu
   
   Gün altında yanan o göz-qaşınla.
   
   
   
   Verdilər beş manat mükafat sənə
   
   Özgələrin adı düşəndə dilə.
   
   Yandın övladının gələcəyinə
   
   Belə gün ağladın bizimçin, belə.
   
   
   
   Təbii, mənim özümü toplayıb ATA haqqında bir povest və roman yazmağa da gücüm çatar, çünki atamın həyatı mənə bunu yazmaq imkanını verir və onun həyatının elə detalları var ki, bu hər hansı bir bədii əsər üçün materialdır.
   
   Bu işi mən buraxıram daha samballı yazıçılara (mənim atam haqqında deyil, sadəcə iri şeylər yazmaq iradəsi baxımından) və mən sənədli şeyləri daha çox sevdiyim üçün, yəni qondarma şeylərdən zəhləm getdiyi üçün, ona görə də birbaşa ATAM MƏHƏRRƏM kişinin adını verirəm və ona olan ədalətsizliyimi və ona olan həsrətimi indi-indi daha çox başa düşürəm və onun da mənə qarşı çox sərt olduğunu görmüşəm və yaşamışam.
   
   Maraqlı bir şey: atama qarşı sərt olduğumu uzun illər öncəsindən bildiyim halda, mən nədən indi bu yaşda, bunu yazmağı məqam bildim? Belə bir detal mənə bunu aydınlatdı və mən kiçik qeydlərimi eləyib yazını sonraya qoymağı düşünsəm də, ağrı mənə güc gəldi.
   
   
   
    NƏYDİ BU DETAL?
   
   
   
   ... Oğlum yemək yeyəndə nəsə anasının ona qarşı çox daha mehriban olduğunu gördüm və bu son vaxtlarda daha çox olur. İndi o, Atadır. Gözəl bir müəssədə işləyir, mən də artıq onun özünü gözəl idarə edəcəyini bilib, anasının ona bir daha diqqətli olduğunu hiss elədim. Hər ikisi ana-bala həmin an mənim bir sözümə reaksiya verdilər. Mən bir az tutuldum, özümü tənha hiss etdim və həmən yan otağa keçdim...
   
   Və mən yan otaqda çox pərişan və duyğulu düşündüm: Tofiq, axı sən də atana qarşı sərt olmusan və bu sərtlik hətta bir çoxları tərəfindən "tərbiyəsizlik" kimi başa düşülərək bir şerin yazılmasına gətirib çıxarıb və hətta poemanda da üz ağardan şeylər heç də az deyil və üstəlik də müxtəlif məqamlarda sən atana qarşı sərt olduğun anları anladan şeylər demisən.
   
   Nəymiş bu şeylər: insan bir kolxozda bir traktorçu və səkkiz uşaq sahibi və ən böyüyü mən. Baş götürüb gəlmişəm Bakıya kimsəsiz və gəlib burda unversitetə imtahan verəndə mənimlə birgə adlı-sanlı yazarların uşaqlarının imtahan verdiyini və o anda ya bilgilərinə görə ya da atalarına görə "beşləri" alıb qırağa çıxdığını görəndə və mənsə attestatda bir dörd (qalanlar beş) kəsilib geri gedəndə (bunu mən daha geniş MONOLOQ povestimdə anlatmışam) daha başqa şey düşünmək üçün heç bir məqam qalmır və bir gün bu məqamın ən üst qatına çıxıb aldım qarşıma və dedim: "Yekə kişisən, səkkiz uşağın var, səkkiz, nə məcbur idi, nə olmuşdu neynirdin bu qədər uşağı? Görmürsənmi yaşadığın bu həyat həyat deyil? Bu çərləməkdir? Kimə lazımdı bu uşaqlar... kimə..."
   
   Bəli, sərtliyin ən imkansız anı burasıdır və atam, biz tərəfdə deyərlər: mağmun, mağmun üzümə baxdı. (Bu söhbət olur indiki Mirbəşir Qasımov küçəsi nömrə 24-də. Atam bir dostuma əlyazısında oxuduğum SEVMƏK İSTƏYİRƏM ATAMI şerinin məzmununu ondan eşidib və işini-gücünü buraxıb hirslə Salyandan Bakıya hesabat istəməyə gəlib). Mən davam etdim: Hə, dedim, yaşada bilməyəcəkdinsə nədən gətirdin bu uşaqları bu dünyaya?
   
   Bu bədii əsərdən bir vaqeə deyil.
   
   Bu bir Oğulun bir Ata ilə dialoqudur
   
   Oğul: Tofiq Abdin
   
   Ata: Məhərrəm Səmədoğlu
   
   Atam yazıq-yazıq, son dərəcə köməksiz, son dərəcə yenə də deyirəm mağmun-muğmun, yani indi hiss edirəm, güman ki, ağlamaqdan belə özünü zorla saxlayaraq, çox çarəsiz uzun bir susqunluqdan sonra (güman ki, yenə də deyirəm, bu susqunluq mən bilən ağlamamaq üçün bir məqamı ötürmək kimi biri şey idi) mənim də gözlərimi yaşlı görüb... çox köməksiz:
   
   Allah verir, oğlum,Allah!!!!!!!!
   
   Bu bir bədii əsərdən vaqeə deyil.
   
   Bu bir Ata ilə Oğulun dialoqudur.
   
   Oğul: Tofiq Abdin
   
   Ata: Məhərrəm Səmədoğlu
   
   Və mən son dərəcə acıqlı və son dərəcə insafsız və sərt (indi bütün bunlar mənə aydın olur ki, mən o anda məhz belə olmuşam): "Allah verir, Allah verir!!!!!!!! Allah mənim anamın qarnına gətirib uşaqmı qoyur?".
   
   İnanın ki, bu bir qondarma deyil və bu bir yazı yazmaq üçün uydurulan bir an deyil, bir məqam deyil. Bunu çox gözəl bilən mənim altmışıncı illər dostlarım var, indi yaşayır bəziləri...
   
   Bəli, bu dialoq indi ondan yaşlı olduğum bir zamanda, gəlib mənim barmaqlarımın ucundan ağrı kimi tökülür kompüterin ekranına və mən indi bu acını çəkirəm...
   
   Təbii ki, mən heç nəyi geri qaytaran deyiləm və güman ki, mənim bu ağrılarım bir çox qələm sahibi və oxucu tərəfindən nadanlıq kimi qəbul oluna bilər.
   
   Xatırlayarım, çox-çox illər öncə böyük rus şairi Afanasi Fetin bir etirafını oxumuşdum. Amma bu bir etiraf da deyildi. İnsanın içini çəkən bir vaqeə idi. Fet yazmışdı: elə anlar olurdu ki, mən tapançanı götürüb ANAMI öldürmək istəmişəm. Bu o zamanlar idi ki, artıq mən onun ağrılarına dözə bilmirdim.
   
   Təbii, bu cür, İstanbul türkləri demiş, aykırı, bizimcə bəlkə də nadanlıq kimi səslənən şeyləri ancaq və ancaq böyük insanlar və böyük dahilər eləyə bilərdi.
   
   Xeyir, bir əclaf da eyni məqama qalxa bilər.
   
   Və həyatın amansız paradkosu da budur!!!!
   
   Və Allahı sevərsiz, mənim heç bir iddiam yox, amma mən neyləyim ki, təbiətən bu cür yaranmışam və inanın ki, illər öncəsi ortaya qonan Türkiyənin böyük iş adamı və böyük insan Saqib Sabançının bir düşüncəsi də məni heyran etdi. Bilmirəm bunu bizim mətbuatda yazdılar yazmadılar. Amma bu bir əvəzsiz məqamdı.
   
   Saqib Sabançı gözəl bir müsəlman idi və buna baxmayaraq təkrar-təkrar vəsiyyət etmiş ki, məni mütləq ayağımda corabla basdırın. (Təbii ki, o üşüməyəcəyini də gözəl bilirdi. Bu yerdə mən başqa bir açıqlama yazım: Böyük fransız aktyoru Jerar Filip haqqında BİR GÖZ QIRPIMI adlı kitabın müəllifi, həyat yoldaşı Ann Filip (Hamlet Qocanın əvəzsiz tərcüməsində həmin əsər bizdə çap olunub) yazır ki, bəs Jerar qızı olduğunu eşidən kimi mağazaya qaçmış və bir uşaq ayaqqabısı alıb gətirmiş və demiş: ayaqlarına soyuq olar...)
   
   Saqib bəy inad etmiş: məni ayağımda corabla basdırın və əlavə etmiş : şayət bunu etməsələr, o zaman başımın altındakı vəsiyyət yazdığım zərfi açın və oxuyun. Zərf açılmış və orada yazılmışdı: Mənim əzizlərim, MƏN BU DÜNYADAN BİR CORAB DA GÖTÜRƏ BİLMƏDİM ÖZÜMLƏ).
   
   İzahı mümkünsüz sözlər!!!!!!!
   
   Atam haqqında mənim bü düşüncələrim təbii ki, mən bu dünyanı bəlkə də tam dərk etməzdən çox-çox qabaq içimə sinmiş və elə bu da məhz Məhərrəm adlı o kişinin qanından keçmədir, əgər bunu biz dərindən duymuş olsaq. Bu sərt davranışın altında hesaba gəlməz bir SEVGİ və MƏHƏBBƏT var ki, məhz mən ilk kitablarımdan birinin adını da boş yerə ATA SEVGİSİ qoymamışam.
   
   Mənim üçün doyumsuz bir tema və bütün günahlarmın başı və bütün sevgilərimin əzəli bir tema... Hər zaman əlimi uzatdığımda ovcumu doluracaq bir həyat və acı dolu bir həqiqət:
   
   ... Baxıram ki, səs-səmirsiz öləcəyik
   
   Yer üzündə qalmaq üçün
   
   Təsəlli yox
   
   Təsəllisiz öləcəyik.
   
   Sözlər quru təsəllidr
   
   Sözlə ömür başa gəlməz
   
   Bir nəsilin gəlişini-gedişini
   
   heç kəs bilməz
   
   bunun adı necə olsun
   
   Xoşbəxtlikmi?
   
    Səadətmi?
   
    Faciəmi?
   
   Mən beləcə yaşayıram faciəmi!

TƏQVİM / ARXİV