adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BiR CüMLƏ DƏ CüMLƏDi... HA...

TOFİQ ABDİN
27468 | 2009-08-01 00:50
Ura!!!!!!! Tənqidçi Əsəd Cahangir mənim də haqqımda bir cümlə yazıb.
   
   Tənqidçi-Yusifli qardaşlarından birinə - Cəvanşirə rast gəlirəm günlərin birində metrodan çıxan kimi və həmən də ədəbiyyat haqqında söhbətə girişirik on-onbeş addımlıq yolda. Mən ona deyirəm ki, Nərgiz xanımın sizin haqqınızda gözəl bir məqaləsini oxudum. Asan deyil bu cür yazıları yazmaq-deyirəm. Gülümüsünür və "bir az düşüncə tərzimiz yaxın, bir az da onun özünün məlumatı və yanaşma tərzi maraqlı"- deyir Cavanşir Yusifli məmnunluqla. Açması bəlli : hər adam Nərgiz xanımın qələminə tuş gəlmir. Bu da var. Bu da var ki, bir çoxu ona bəyənməsə də ədəbi tənqidimzin və çağdaş ədəbiyyatımızın ən görkəmli nümayəndəsi Elçin son günlərdəki yazılarında Nərgiz Cabbarlı haqqında xeyli yazıb.
   
   Yazarlar Birliyinin qurultayı olacaq,yəqin ki,qurultay qabağı eynən əskilərdə olduğu kimi plenumlar... yox, bir az başqa formada, yenə ədəbi janrlar üzrə məruzələr ediləcək və bu məruzələrdəki fikirlər əskilərdən fərqli olaraq mən bilən heç kəs tərəfindən yoxlanılmayacaq və hətta heç Yazarlar Birliyi İdarə Heyəti də bu məruzələrdə kimlərdən danışılacağını qabaqcadan bilməyəcək bəlkə də... Məlumdur ki,o zamanlar hər bir məruzə ( mən o ortamın içində olmamışam, amma eşidirdim bütün bunları) bir neçə əldən keçirdi və Mərkəzi Komitə kimi mötəbər bir təşkilatdan onay alandan sonra o plenumlarda bu söhbətlər baş tutardı. Və bir çoxları bir çox şeyləri qabaqcadan bildiyi üçün inciklik olurdusa da, bu qədər olmurdu.
   
   Yəqin ki, ilk öncə Nəsr və Dramaturgiya haqqında məruzə olacaq, bunu güman ki, Elçin Hüseyinbəyli eləyəcək, sonra da Poeziya haqqında populyar tənqidçi Əsəd Cahangir danışacaq və ya ola bilsin günümüzün populyar adı Səlim Babullaoğlu danışacaq,bu məruzələr bir neçə günlük söz-söhbətə nədən olan bir məruzələr olacaq. Məruzələr haqqında müxtəlif qəzetlərdə reportajlar çıxacaq, bu reportajlarda gileylər baş alıb gedəcək: NƏ ÜÇÜN MƏNİM ADIM BU MƏRUZƏLƏRDƏ YOXDUR? Bu motiv o qədər üstünlük təşkil edəcək ki, mən öz-özümə fikirləşdim: bu məruzələr mənə tapşırılsaydı neylərdim: mən Yazarlar Birliyinin telefon kitabçasını qoyardım qarşıma, məsələn: poeziyada külüng çalan bütün şairlərin adını köçürərdim və "eşq olsun sizə, hamınız sağ olun, hamınız yazıb yaratmısınız. Hamınız hörmətə layiqsiniz" deyib tribunadan düşərdim.
   
   Vəssəlam.
   
   Bu məncə ən ali və ən aqil bir məruzə olardı və bir az orjinal səslənərdi.
   
   Bir dəfə bir şair dostumuz bu üsuldan istifadə elədi, amma baxdıq ki, vallah adamlar qurucuxdular ora-bura, yəni siyahi çox uzun oldu.
   
   Ona görə mənim bu addımım , orjinal olmasa da bu ad çəkmək məsələsi o qədər interesan bir hal alıb ki, istedadlı tənqidçi Əsəd Cahangir bəlkə də mənim yazı-pozu ilə məşğul olduğum bu 50 ildə ilk dəfə idi ki, çox geniş bir yazısında ADIMI ÇƏKİB. Bu vaxta qədər Azərbaycan Yazarlar Birliyinin heç bir janr üzrə müzakirəsində mənim adım və bir neçə məsələn mənim kimi: Azər Abdulanın adı və ya Əli Həsənli kimi yazarların adı keçməyib. Və inanın ki, mən bunu heç zaman keyfimə soğan eləməmişəm.
   
   Sağ olsun Əsəd Cahangir mənim adımı anıb. İndiki halımda bu mənə heç bir şey verməsə də, amma bir az keyfli baxıram mən bu işə. Nə yazıb Əsəd Cahangir? Özü sevdiyi insanlar haqqında ədalətən çox geniş,sütün-sütün yazsa da mənim hqqımdakı cümlə də cümlədi ha... Yazının bir az irəlisindən baxaq: "Əgər Türkiyə türkcəsindən çevirmələrdəki (yaxud təqdimat və ya uyqulamalardakı) problemlər yalnız K.Nəzirli və S.Temo haqq-hesabıyla bitsəydi, yəqin ki, bunu özəl söz konusuna çevirməyə lüzum olmazdı. Bu sahədəki eyni və oxşar problemlər S.Babullaoğlunun O.Vəlidən, Narıngülün Türkiyənin xanım şairlərindən, müəyyən qədər E.Z.Qaraxanlının Ç.Bektaşdan tərcümələri və digər çevirmələrdə də özünü göstərir. Amma savad, istedad, təcrübə, zəhmət, həvəs, bəzən isə bunların hamısının bir yerdə yoxluğundan irəli gələn bu çevirmələrin müəlliflərinə sözün müsbət anlamında örnək ola biləcək faktlar da var, məsələn, T.ABDİNİN UYQULAMASINDA "ESRAR DƏDƏDƏN ORXAN ARASADƏK" KİTABINDA TOPLANMIŞ ŞEİR NÜMUNƏLƏRİ... (Ayrıntı bizimdir)
   
   Biz illər öncəsi də bu məsələ barədə danışırdıq öz aramızda və o zaman biz bunu başqaları üçün düşünürdük və o başqaları da bizim yanımızda gileylənəndə rəhmətlik Vidadi Məmmədov deyərdi: qardaşım, sənin adını da çəkiblər, bəs o VƏ BAŞQALARI nə deməkdir, sənin adın bax o VƏ BAŞLARININ içində gedib.
   
   Vidadi Vidadi idi...
   
   Təbii bu da bir xəstəlikdir.Olsun da.İnsanlar öz adlarını haradasa, kiminsə dilindən eşitməklə XOŞBƏXT olurlarsa, bunu onların əlindən almaq nəyə lazım.
   
   Amma, mən xatırlayıram ki, təqidçi Nərgiz xanım bir zaman bir xeyli insan adını bir yerə yığıb yazı yazmışdı və həqiqətən də o adlar hamısı maraqlı adlardı və o maraqlı adlar içində mənim də adım vardı. Nərgiz xanım "Mətbuat yazıçıları yeyir" və "İstedadlı sənət adamları KİV-in qurbanına çevrilirlər" yarım başlıqlı yazısında aşağıdakıları diqqətə çatdırmışdı: "Müasir qələm sahibinin (sovet dövründə özü üçün gün-güzaran düzəltmiş yazarları nəzərdə tutmuram) dolanışıq yerlərindən xəbəriniz varmı? Heç şübhə etmirəm ki,var! Öz "bədii istehsalının" bəhrəsini görməyən yaradıcılıq sahibi məbuata üz tutur. Nəticə? Acınacaqlıdır. Çünki mətbuat və bütünlükdə KİV istedadlı qələm sahiblərini yeyir.
   
   ... Bizim mətbuatımız nə qədər istedadlı qələm sahibinin "axırına çıxıb" və çıxmaqdadır. Çünki hələ bizdə yaradıcılığı dəyərlənləndirmək ənənəsi formalaşmayıb....
   
   Müasir ədəbiyyatın KİV-də qonaq olan nə qədər nümayəndəsini tapmaq olar. Sayısız-hesabsız. O qədər də dərinə getmədən üzdə olanları və imzası taanınanları sadalayaq. Elçin Hüseyinbəyli, Salam, Qulu Ağsəs, İlham Qəhrəman, Qurban, Fəxri Uğurlu, Mahir Mehdi (artıq uzaqlaşıb) Zahir Əzəmət, Samir Sədaqətoğlu, Vaqif Yusifli, TOFİQ ABDİN (ayrıntı bizimdir), Həmid Herisçi, Əsəd Cahangir, Rasim Qaraca-yaradıcılıqlarını qəbul etdiyim və etmədiyim, amma imzaları kifayət qədər tanınan bu insanların hər biri ədəbiyat adamıdır. Nəylə məşğuldurlar? Mətbuatda xərclənməklə..."
   
   Təbii, Nərgiz xanım mənim adımı da bu adlar arasında çəkib, amma hələ də bunu bilmədim: bu gözəl xanım mənim yaradıcılığımı (əgər belə demək mümkünsə) qəbul edir ya etmir.Çünki özü də deyir: yaradıcılıqların qəbul etdiyim və etmədiyim, amma imzaları kifayət qədər tanınan bu insanların hər biri ədəbiyyat adamıdır.
   
   Təbii, Nərgiz xanımın bu adamların həyatına acımasını mən ürəkdən qəbul edirəm, amma...
   
   Belə bir sual çıxır: bu adamlar, içi mən qarışıq elə Nərgiz xanımın özü də mətbuatda yazılar ilə çıxış edirsə və hər biri zəhmətə qatlanıb qəzetlərə ədəbiyyat məsələləri bağlı bir şeylər yazırsa, nədən bunlar ədəbiyat hesab olunmur? Baxın yenə də acı bir xəstəlik: ŞEİR VƏ NƏSR YAZAN CİDDİ ƏDƏBİYYAT ADAMI HESAB OLUNURMUŞ.
   
   Təbii, hər kəsin öz fərdi düşücəsi var, bunu mən heç zaman inkar etmək iddiasına düşmədim,amma nə vaxta qədər ki,bizim gözəl tənqidçilərimiz həqiqi ədəbiyatı şeir və nəsrdə axtaracaqsa, o vaxta qədər də işimiz ağlamalı olacaq.
   
   Və inanın ki, bu xanım əfəndi mənim də adımı bu gözəl yazarlar sırasında çəkir və mən hələ də bu KİV deyilən şeyin nə olduğunu bilmirəm.Onu bilirəm ki,mən yazaram və yaşamım bu yazarlıqdan çıxır. BUNA GÖRƏ DƏ DURUB İLHAMIMIN NƏ ZAMAN GƏLƏCƏYİNİ GÖZLƏSƏM, O ZAMAN GƏRƏK ÖLƏM.
   
   Və o da var ki, heç bir şair indiki məqamda yalnız şer yazmaqla, nasir nəsr, roman uydurmaqla həyatını qura bilməz və biz buna artıq alışmalıyıq və ədəbiyyata geniş bir yelpazədən baxmalıyıq.
   
   Gözəl yazarımız Əkrəm Əylislinin ƏYLİSDƏN ƏYLİSƏCƏN əsərini mən onun heç bir bədii yazısından əksik hesab eləmirəm və əsl ƏDƏBİYYAT nümunəsi sayıram. Yəni dediyiniz posmodern axınının özündə belə sənədlilik və günlük ədəbi yanaşma böyük üstünlük təşkil edir.
   
   Mən Əsəd Cahangirin də, Nərgiz xanımın da yazılarını oxuyuram və yazılarının bəziləri barədə özləriylə də söhbət edirəm, amma bu gözəl tənqidçilər mənim fikrimcə bölgü məsələsində o birilərdən heç də geridə qalmır.
   
   Bir üçlük düşünüblər,onlar da bu üçlük aşiqi və bura daxildir: Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadə. (mən bu şairlərin adını yaşlarına görə sıra ilə yazmışam). Bu şairlər Azərbaycan ədəbiyyatında bir etap kimi təqdim olunur. Bu bölgünün özünün nə anlam daşıdığını bilmirəm və əyər bunlar bizim ədəbiyyatımzda etapdırsa bəs onda etap özü nəymiş görən? (O gün dostlarımızdan birindən qərib bir şey eşitdim. Mən ilk dəfə idi bunu eşidirdim: kimsə deyib ki, bir zamanlar Anar özünə şair axtarırmış Vaqif Səmədoğlunu tapıb, sonra Əkrəm Əylisli özünə yaxın şair olaraq (hətta "ONUN ŞAİRİ" şairi ifadəsi yerində olur) Ramiz Rövşəni götürür və nəhayət Elçin müəllim də sonunda Vaqif Cəbrayılzadəni "özəlləşdirir". Vallah bu mənim təsnifim deyil ,gözəl bir yazarımızın təsnifidir, o da eşidib yəqin).
   
   O gün də Əsəd Cahangir tərcümə təsərrüfatımızın pərişanlığı haqqında bir yazı yazmış (yuxarıda ondan sitatı oxudunuz) və ürək ağrısı ilə oxunur yazı, amma bununla barışmamaq mümkünsüz.
   
   Təbii GÜNLÜK VƏ HƏFTƏLİK YAZI YAZMAQ hər adamın işi deyil və hər yazıdan da Amerika gözləmək boş bir xülyadır. Bu qədər gözəl bir yanaşmanın içində məhz bir təəssüf hissinin gizlənməsinin səbəbi bu ki, indi ədəbiyat yalnız ŞER VƏ HEKAYƏ, ROMAN yazmaq imiş.
   
   Təbii ki, bu içlər acısı fikirləri mən özüm də bir çox yazılarımda ifadə edirəm, amma bu gün ədəbiyyatın axını daha yalan-palan şeirlər üstündə deyil, dəyirmanda kim kimlə pıçıldaşdı, kim kimlə sevişdi üstündə deyil. Daha bu cür uyduruq şeylərlə kimisə heyrətləndirmək zamanı keçib, məhz həyati məsələləri incə məqamları ilə yazıya gətirən bir incə publisistika üstündədir və bunun bizim ədəbiyatımızda ən gözəl nümunələri var: Anarın SİZSİZ, Əkrəm Əylislinin ƏYLİSDƏN ƏYLİSƏCƏN, acı həqiqətlərin acı yazımı Aqil Abbasın DOLU romanı,Rafael Hüseyinovun əsil ədəbiyyat olan son yazıları ...
   
   ...Hər neysə, bu bir həqiqət ki,mən Əsəd Cahangirin iki qəzet yazısının bir yerində adımı oxuyanda çox sevindim. Çünki Əsəd Cahangirin qələminə hər adam tuş gəlməz.
   
   

TƏQVİM / ARXİV