adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

KiNO SƏNƏTiMiZiN TƏDQiQATçISI

TOFİQ ABDİN
28639 | 2009-07-18 02:43
BDU-nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. "Bakı", "Yeni fikir", "Müstəqil qəzet", "Ülfət" qəzetlərində, Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.
   
   Dövri mətbuatda ötən əsrin 80-ci illərinin əvvəllərindən bədii-publisistik və elmi-nəzəri yazılarla çıxış edir. İlk kitabı - "Həsən Məmmədov" 1990-cı ildə çap olunub. 1996-cı ildə "Döyüş havası", 1998-ci "Kino: yuxudan reallığa", 2000-ci ildə "Kino və poeziya", 2009-cu ildə "Tanış mövzuda variasiyalar" kitabları işıq üzü görüb.
   
   1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
   
   Ekran sənətinin estetik problemlərinin tədqiqi ilə ardıcıl məşğul olur. Kinonun estetikası, başqa sənət sahələri, xüsusilə poeziya ilə əlaqələri, ekran təhkiyəsinin strukturu və s. mövzularda yazdığı "Kino haqqında iki paradoks", "Söz... səs... təsvir", "Nəsrin ekran imkanları", "Qoy sözümü şeir desin...", "Misra və kadr", "Şeir obrazlarından ekran obrazlarına", "Bir dəqiqədən əbədiyyətə qədər", "Təsvirsiz kliplər", "Poetik mətnlərin ekran interpretasiyası", "Tutuşdu qəm oduna...", "Tanış mövzuda variasiyalar" , "Ömür sonsuz bir yoldur", "Mətnin gizlinləri" və s. məqalələr "Ulduz", "Qobustan" jurnallarında, "Kino +" qəzetində və digər mətbuat orqanlarında çap olunub, oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. "Kino və poeziya" monoqrafiyasında Azərbaycan ədəbi-tənqidi fikrində ilk dəfə poetik mətnlərlə ekran mətnlərinin müqayisəli analizini aparıb, sintaktik və semantik quruluş baxımından poeziya ilə ekran sənətinin əlaqələrini hərtərəfli şəkildə araşdırıb, ekran dilinin zənginləşməsində, montaj təfəkkürünün formalaşmasında poeziyanın nailiyyətlərinin önəmli rol oynamasını elmi əsaslarla sübut edib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Kino səhəsində ən yaxşı tədqiqat əsəri və tənqidi məqalə" müsabiqəsinin qalibi olub.
   
   Rumın mənşəli fransız dramaturqu E.İoneskonun "Borc qurbanları" pyesini, X.Kortasarın, A.Hiçkokun hekayələrini Azərbaycan dilinə tərcümə edib.
   
   Elmi axtarışlarının nəticəsi olaraq 2007-ci ildə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb.
   
   14 il Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. "Azərbaycan ordusu" qəzetində hərbi müxbir, şöbə rəisi, baş redaktor, "Hərbi Nəşriyyat"da baş redaktor vəzifələrində çalışıb. Döyüş bölgələrindən hazırladığı reportaj, məqalə və oçerklərə görə "Qızıl qələm" mükafatına layiq görülüb. Qarabağ Müharibəsi veteranıdır.Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının üzvüdür.
   
   - Sən də ƏLLİ yaşa gəlib çıxdın, Əlisəftər bəy? Nədir bu yaşın sənin üçün sevinci və vahiməsi?
   
   - İnsan həyatı elədir ki, ömrün istənilən məqamında dönüb arxaya baxanda yaşadığı illərin, qəlbinə hakim kəsilmiş xatirələrin dəqiq riyazi hesabını apara bildiyi halda, irəlidə onu nə gözlədiyini, yaşayacağı illərin, gedəcəyi yolların ölçüsünü müəyyən etməkdə acizdir. Bildiyi yeganə şey odur ki, qarşıdakı yollar, illər, günlər, anlar amansızcasına qısalır.
   
   Tez-tez özündən 7-8 yaş böyük olan cantaraq oğlanlara baxıb "aman Allah, görəsən mən də böyüyüb onlar boyda olacağammı?" deyə fikirləşə-fikirləşə böyüməyin, yaşa dolmağın xoşbəxtlik olduğunu düşünən balaca bir oğlanın - mənim uşaqlığımın xiffətini, həsrətini yada salıram. O uşaq hardan biləydi ki, vaxt gələcək böyümək eşqi, yanğısı gur bulağın yavaş-yavaş qurumağı kimi sönəcək və qələm dostum Müsəllim Həsənovun təbirincə desəm, ömrün 50-ci mərtəbəsində irəlidəki yolların keçilən yollardan qısa olmasının dərkindən yaranan vahiməni, narahatlığı indiyə qədər etdiklərinin, yaşadıqlarının təskinliyi ilə ovundurmağa çalışacaq. İnsan belədir - ömrünün bir hissəsini sabaha baxa-baxa, gələcəkdən inam, ümid borc ala-ala, ləngiyən vaxtı qova-qova, bir yarısını isə keçmişindən təskinlik uma-uma, quş kimi uçub gedən vaxtın ayağından darta-darta yaşayır. Biz hamımız anadan olandan öz sonumuza doğru Tanrının məsləhət bildiyi qədər yol gedirik. 50 yaşa çatmısansa - Tanrının səxavətinə şükür. Bundan sonra nə yaşayacaqsansa o da Yaradanın mərhəmətidir.
   
   - Ara-sıra yazılarını qəzetlərdə, jurnallarda oxuyuram və həmin yazılarda kino sənətimizin yaralı məqamları və yeniliyilə bağlı fikirlərin diqqəti çəkir. Çox böyük bir hövsələ ilə, tələsmədən öz yazılarına davam edirsən və kimsədən də heç nə ummursan. Bu sənin xarakterinin ən gözəl tərəfidir və sən bu tərbiyəni kimdən almısan?
   
    - Şəxsən mənə görə - şübhə etmirəm ki, sən də belə fikirləşirsən - umsuqluq hissinin yazdırdığı yazının təməlində səmimiyyət yoxdur. Yazı yazıb əvəzində nəsə ummaq artıq yazanı alver, sövdələşmə predmetinə çevirmək deməkdir. Belə yazını yazmağa dəyməz - onun saxta, qəlp olduğu dərhal bilinəcək. Az qala mənim yaşım qədər yazı praktikan var və gözəl bilirsən ki, əsl yazı içindəki ağrıdan yaranır, qəlbini oyub-sökən hisslərin, duyğuların istisində yoğrulub bişir. Belə olan halda yazdıqlarına görə nəsə ummaq, kimlərəsə minnətçi düşmək öz peşənə, içinə, ağrına, sevginə xəyanət olardı.
   
   Həsən bəy Zərdabi "Əkinçi"ni buraxanda nə zillətlər çəkib, bir Allah bilir. Halbuki istedadı, bacarığı, savadı yüz özü kimisinin umduqlarını təmin etməyə bəs edərdi. Amma nə yaxşı ki, biz öz əzablarını sevən Həsən bəyi tanıyırıq. Ummaq hərisliyi səmimiyyəti üstələsəydi bizim Həsən bəy Zərdabimiz olmazdı, Mirzə Cəlilimiz, Üzeyir bəyimiz, Ömər Faiqimiz, Əli bəy Hüseynzadəmiz və onların şərəfli ömrünün ziyası ilə işıqlanan yolun yolçuları - namuslu qələm sahiblərimiz olmazdı.
   
   İnsanın hər hansı bir əməli - istər yaxşı olsun, istər pis, fərqi yoxdur - 2 motivdən qidalanır: xislətdən və təmənnadan. Xeyrini, faydasını görmək naminə edilən yaxşılıq eyni məqsəd üçün edilən pislik kimi təhlükəlidir. Eyni ilə yazı yazıb nə isə ummuq - qələmin köməyi ilə kiməsə pislik etmək, ev yıxmaq kimi bir şeydir.
   
   Bu gün mətbuat aləmində konyuktura havasına köklənmiş umacaqlı yazıların meydan sulaması isə ayrı söhbətin mövzusudur.
   
   - İçdən olmasa da danışıqlarında deyirsən ki, axı, indi yazı yazmağın nə faydası və deyirsən ki, özümü gözə dürtməklə nə qazanacam ki... Amma bizim cəmiyyətimiz bu dediklərinin hər ikisinə də meylli bir cəmiyyətdir. Bütün bunlara baxmayaraq, yenə də yazılar yazırsan. Bu yazıları sənə yazdıran nədir?
   
   - Desəm ki, əlimə qələm alandan üzü bu yana həmişə iddiasız yazmışam - səmimi olmaz. Cavanlıq illərinin havası bir az başqa idi - elə bilirdim ki, tutalım, filan mövzuda ən yaxşı yazını mən yazacam, nə bilim hamı məni barmaqla göstərəcək, yazılarımı gözünə təpəcək. Və bu iddia heç şübhəsiz ki, mənə rahat yazmağa, ən başlıcası isə öz yazımı yazmağa mane olurdu. İllər keçdikcə yazı təcrübəsi də artdı və dərk edəndə ki, dahi-filan deyilsən, dahi rolunu oynamağa da lüzum qalmadı. Belə olanda hər bir yazı öz təbii ömrünü yaşayır - ağrı dövrünü, o ağrıdan qurtulmaq müddətini daha sən diqtə etmirsən, yazı özü doğulur və öz taleyini yaşayır. Oxunursa, zamanın sınağından çıxırsa, yadda qalırsa, deməli, ona yaşamaq səadəti nəsib olub. Bu səlahiyyətə yiyələnməyən yazını gözə dürtməklə ona ömür vermək olmaz.
   
   Son vaxtlar mən daha çox rassional düşüncə axarında nəzəri araşdırmalar aparır, elmi məqalələr yazıram. Onların meydana çıxmasında əsas amilllər görünür, mənim temperamentim, düşüncə tərzim, bir də müraciət etdiyim sahələrə - kinoya, söz sənətinə məhəbbətdən irəli gəlir.
   
   - Mən səninlə bir dəfə də görüşmüşəm və QOBUSTAN toplusu üçün intervyü almışdım o vaxt, 1993-cü ildə, sonra mən İstanbula getdim və mən oralarda olanda bir kitabın da çıxıb. O kitaba mənim yazımı ÖN SÖZ əvəzi kimi daxil etmisən. Təşəkkür edirəm. İndi aradan gör nə qədər vaxt keçib. Nələr olmadı, nələr və sənin xasiyyətindən heç nə əksilmədi, özünü necə qoruyub saxladın?
   
    - O vaxt demişəm, indi də deyirəm: imzasını özündən çox-çox əvvəl tanıdığım, sənət mövzusunda publisistik yazılarını sevə-sevə, üslubundakı sadəliyə, amma bənzərsizliyə, təkrarsızlığa heyran ola-ola oxuduğum Tofiq Abdinin mənə üz tutmağı, özündən az qala 20 yaş kiçik həmkarından müsahibə almağı mənim bioqrafiyamın ən əlamətdar hadisələrindən biridir. Bayaq yaxşı yazıları yazdıran stimullar, motivlər barədə soruşdun. Üzünə deyirəm, çağdaş dövrün mənim dediyim umacaqsız yazar tiplərindən biri də sənsən, əzizim Tofiq. Mənim sənə bir insan və bir yazar kimi sevgimin, hörmətimin səbəbi, elə özünün yazdığın tərzdə desəm, şəhər havasından tutmuş geyiminə, yazılarına (və icazənlə əlavə edim ki, danışığına, hərəkətlərinə, baxışlarına) kimi sənə hakim kəsilmiş sərbəstliyin, azadlığındır. Bax, sən özünü necə qoruyub saxlamısansa, mən də eləcə özüm qalmışam. Məncə, insanın xisləti onun daxili azadlığı və sərbəstliyi ilə şərtlənir. Daxilən azad olmayan insan heç vaxt öz tarazlığını, müvazinətini qoruyub saxlaya bilməz. Hər şey azad ruhdan, sevgidən yaranır. Olub ki, televizordan eşitdiyim xoşum gələn şeiri elə dinləyə-dinləyə əzbərləmişəm, amma xoşuma gəlməyən, qəlbimə yatmayan bir mətni 2 gün oxusam da bircə sözü belə yadımda qalmayıb. O mətni əzbərləmək üçün gərək mən öz azadlığımı, sərbəstliyimi boğam. Bunu isə bacarmıram.
   
   
   
   (DAVAM EDƏCƏK)

TƏQVİM / ARXİV