adalet.az header logo
  • Bakı 18°C

"Kurtlar Vadisi" AKP-nin pususumu?! - l seriya

AQİL ABBAS
50019 | 2014-02-13 17:28
Çaqqallaşmış kurtlar haqda hələ 5 il əvvəl yazmışam

Mətbuatda gedən yazılardan, anonim şərhlərdən belə görünür ki, «Kurtlar vadisi» dizisində Azərbaycanın və azərbaycanlıların aşağılanması kimlərəsə ləzzət eləyib. Və mənim bu film haqqında yazdığım «Vadidəki kurtların çaqqallaşması» məqaləmə də siyasi rənglər vurur, məni kimlərəsə yarınmaqda ittiham edirlər. Xüsusilə də onu vurğulayırlar ki, bu film haqqında niyə məhz son iki seriyadan sonra yazıram. Guya həmin seriyalarda mənə yaxın olan bir şəxsə sataşıblar ona görə. Ax, zalım dostlar, zalım qardaşlar! Orda mənə yaxın olan bir şəxsə yox ey, Azərbaycana sataşıblar və özü də çox ciddi siyasi sataşmadır.

Və onu da biləsiniz ki, «Kurtlar vadisi»nin siyasi, özü də pozucu siyasi bir film olması haqqında, siyasi sifarişlər yerinə yetirməsi, həm də hansı siyasi qüvvələrin siyasi sifarişini yerinə yetirməsi haqqında hələ 2009-cu ilin may ayında «Ədalət» qəzetində silsilə məqalələr yazmışam. Onda da Azərbaycana sataşmalar vardı.

Məni kimə isə yarınmaqda ittiham edənlərə cavab olaraq bu gündən həmin məqalələri yenidən oxucularla paylaşıram.


Buyurun oxuyun!

(birinci seriya)

«Kurdlar vadisi» - son illərin ən çox baxılan, bəyənilən və sevilən dizisi. Gülməli də olsa mənə elə gəlir ki, adamlar növbəti həftəni ona görə yaşayırlar ki, dizinin sonrakı seriyasına baxa bilsinlər. Məsələn, mən daha dörd il ona görə yaşamaq istəyirəm ki, görüm sevdiyim Braziliya futbol üzrə dünya çempionatında təzə nə tamaşa göstərəcək. Bəli, bu gün bizim yaşam stimulumuzun biri də «Kurdlar vadisi»dir.

Məmləkətin yarısı özünü Polat Elemdara, Mematiyə, Muroya, Buluda oxşadır. Polat kimi yeriyir, Memati kimi qaşlarının düyününü açmır, Bulud kimi hərəyə bir espiri yapır, Muro kimi yanında şapalaqlamaq, üzünə tüpürmək üçün Çetin axtarır və sair və ilaxır.

Yəqin ki, özünü İsgender Böyük sayanlar da az deyil. Bəlkə də İsgender Böyüklər məmləkətdə Polat Elemdarlardan, Mematilərdən daha çoxdur.

Telefonların az qala 90 faizi bu filmin musiqisi üstə köklənib. Fikir vermisinizsə, yas mərasimlərində adamlar mollanın «Fatihə»sindən daha çox çaşıb bu musiqiyə salavat çevirirlər.

O gün bir yas yerində mollanın telefonu zəng çalanda «Kurdlar vadisi»nin melodiyası səsləndi. Özümü saxlaya bilməyib dedim:


- Molla, telefonu aç, Polat Elemdar zəng edir.
Oturanların dodağı qaçdı, molla pərt oldu, amma özünü toparlayıb dedi:
- Müəllim, vallah, nəvələrim yazıb, poza bilmirəm.
Bir sözlə, «Kurdlar vadisi» bizim həyatımızın ayrılmaz bir parçasına çevrilib.


Bir neçə kəlmə film haqqında.

Hövsələm çatmadığına görə mən diziləri sevmirəm və baxmıram. Amma bu film haqqında o qədər danışdılar, danışdılar, axırda məni də yoldan çıxartdılar. Bilmirəm, 11, ya 12 seriyasına baxmışam. Və indi mən də hamıya qoşulub növbəti həftəni yeni seriyaya baxmaq üçün yaşayıram…

… Tapançalar çəkilmişdi. Birini Polat, birini Memati, birini də adını unutduğum, sovet ədəbiyyatşünaslarının dili ilə desək, mənfi qəhrəman deputatın qoruması tutmuşdu…

Allah-Allah, bu yerdə bitdi. Görən bu gecə nələr olacaq (mən yazını dördüncü gün bilgisayara diqtə edirəm)?


Yazını bilgisayarda yazan Mehriban xanım:
- Müəllim, Polat Cavidi öldürməyəcək.
Mehriban xanım deputatın adını da bilirmiş.
- Nə bilirsən?
Camaat danışır.
Heç demə həftəni gözləməyə səbri çatmayanlar da var, internetə-zada girib özləri üçün bir təskinlik tapırlar.



Nə isə qayıdaq filmə.

Filmə heç bir söz ola bilməz. Və bir türk filminin belə bir reytinq qazanmasına çox sevinirəm. Çox gözəl bir ssenari, güclü rejissor işi, ən adi detallarla belə bu «xəyal ürünü»nə həqiqətdən də artıq həqiqət donu geyindirə bilməsi, tamaşaçıları bir «xəyal ürünü»nə inandırmaq qeyrəti. Rejissorun bəlkə də yüzlərlə aktyorun içindən seçdiyi bu adi aktyorları bir yerə yığıb takım halında oynatmaq bacarığına qibtə etməmək olmaz. Heç Braziliyanın texnik direktorları da belə bir takım yarada bilməyib. Hollivudun məşhur rejissorları da bir filmdə belə bir aktyor ansamblı ortaya qoya bilməyib.

Rejissorun və aktyorların məharətinin nəticəsidir ki, adamlar filmdəki obrazları bir obraz kimi deyil, hər gün rastlaşdıqları insanlar kimi qəbul edirlər.

Necə ki, Səməd Vurğun insanları həyatda olmayan Xuramanı özünün Cıdır düzündəki bir qayadan atdığına inandıra bilmişdi. Və minlərlə insan Xuramanın «özünü atdığı bu qaya»ya baxmaq üçün Cıdır düzünə axışırdı. Və Xuramanın «özünü atdığı qaya»dan baxmaq istəyirdi Topqapıya, ordan da üzü Qarabağa. Artıq bu filmin tamaşaçıları da Polatı, Mematini, Buludu, Muronu, İsgender Böyükü elə qəbul edirlər. Şəksiz bu rejissorun və aktyorların böyük qələbəsidir.

Və təbii ki, filmin hətta mollalarımızın telefonlarında da səslənən musiqisi də «Kurdlar vadisi»nin insanların ürəyinə işləməsində qeyri-adi bir rol oynayır.

Bir sözlə: «xəyal ürünü»nü həyat həqiqətləri kimi təqdim etməyi bacaran ssenari, güclü rejissor işi, qeyri-adi aktyor ansamblının qeyri-adi ifası, ruhu oxşayan, iliyə işləyən musiqi - bərabərdi «Kurdlar vadisi»nə.

Bu film Türk sinemasının böyük bir uğurudur. Çox sevinirəm ki, son illər türklər dünyaya uğurlu filmlər çıxara bilirlər ki, «Kurdlar vadisi» də bunlardan biri, daha dəqiq desək, birincisidi.

Kəsəsi. Bu filmi mən də sevdim və növbəti həftəni yaşayıram, görüm Mehriban xanım düz deyir, ya yox. Mənim filmə heç bir iradım yoxdu. Düzdü, film realizmdən çox uzaqdı, bu başqa bir konudu, heç mən o konuya da gəlməyəcəm.



Bəs, məsələ nədi?

Məsələ ondadır ki, elə baxdığım iki-üç seriyadan sonra gördüm ki, bu film hətta adından başlamış ideoloji bir filmdir. Biz sovetlər dönəmində illərlə və bu illərdə də yüzlərlə ideoloji filmlərə baxdığımız üçün bunu tutmaq bizim üçün o qədər çətin deyil. Amma ömrü boyu heç bir ideoloji film görməyən…

… Əslində Türkiyəyə ideoloji filmlər çox lazımdır, amma təbii ki, «Kurdlar vadisi» kimi yox…

… türk qardaşlarımız üçün bu filmin arxasında nələrin gizləndiyini, bu filmin nəyə və nələrə, kimə və kimlərə xidmət etdiyini tutmaq, nəinki çətindi, heç mümkün də deyil. Bunu yalnız aydınlar tuta bilərlər. Güman ki, aydınlar da diziləri sevmirlər və izləmirlər.

Bu filmin arxasında nələr var?!

11.02.2014

Xatırlatma: Yazının başqa saytlarda və nəşrlərdə dərc edilməsinə icazə verilmir

TƏQVİM / ARXİV