adalet.az header logo
  • Bakı 12°C

VAQiF SƏMƏDOğLU - 70

TOFİQ ABDİN
27265 | 2009-06-06 01:30
(əvvəli qəzetimizin 30 may 2009-cu il sayında)
   
   
   
   
   
   - Belə çıxır ki, Vaqif, sən vəzifə barədə düşünmürsən, düşünməmisən.
   
   - ... Elə vaxtlar olub ki, düşünmüşəm. Mərkəzi Komitəyə də getmişəm. Görmüşəm ki, yanımdakı dost-aşinanın birinin idarə maşını var, mənim də ailəm var, onun var, mənim axı niyə olmasın, mən də İNSANAM, başa düşürsən? Ancaq görünür irəlidən, lap əvvəldən, dırnaq içində, deyim və yaxud onların nəzərində deyim, müəyyən dövlət nöqteyi-nəzərində ÖZÜMÜ YAXŞI APARMAMIŞAM, yəni reputasiyam elədi ki, baxmayaraq ki, mən Səməd Vurğunun oğluyam, kommunistəm, lazım bilməyiblər vəzifəm olsun...
   
   - ...Bu səni əzmir ki?
   
   - ... Qətiyyən. Son beş, beş yox, bəlkə də on ildi. Ancaq elə dövrlər vardı ki, çox istəyirdim, mənim də kabinetim olsun, maşınım olsun, deputat olum.
   
   - Vaqif, bir sual verim. Bu gün həyatını başqa cür təsəvvür eləyirsənmi? Xahiş eləyirəm bu suala açıq cavab verəsən. Bax, bu gün sən, burda anan Xavər xanımla bir evdə qalırsan. Və sən də həddindən artıq, nə qədər sənə bələdəmsə, həddindən artıq sərbəst yaşamağa meylli, azad düşüncəli bir adamsan. Bax, bu həyat tərzi, yəni, ananla bir damın altında qalmaq, bu cür həyat tərzi səni yormurmu? Həyatını başqa cür təsəvvür eləyirsənmi?
   
   - Başqa cür... indi də təsəvvür eləyirəm. Başqa cür, hansı mənada? Sən deyirsən başqa cür...
   
   - ... Yəni, bax qardaşın Xavər xanımsız, ayrı yaşayır, sən Xavər xanımın qayğılarını çəkirsən.
   
   - ... Sən də Xavər xanımsız yaşayırsan. Sən Mətinlə birgə yaşayırsan (oğlumu nəzərdə tutur - T.A.). Mənim də öz evim vardı, öz ailəm vardı. Həyat yoldaşım, uşaqlarım vardı. İndi elə gətirib ki, bu cür alınıb. Amma, əlbəttə ki, başqa cür yaşamaq istərdim. Mənim uşaqlıqdan arzum, arzum yox, əqidəm o idi ki, insan səhər tezdən duran kimi ayağı torpağa dəyməlidi. Evdən çıxanda torpaq yapışsın ayaqlarına, bir toyuq görsün, yəni, baxmayaraq ki, mən Bakıda anadan olmuşam, 1939-cu ildə, nəzərə almaq lazımdır ki, mən uzun müddətə Bakıdan heç yana çıxmamışam, Moskvada oxuduğum illəri nəzərə almasaq. Baxmayaraq böyük şəhərdə doğulmuşam, mən daxilən kəndçiyəm. Mən kənddə yaşamaq istəyirəm. Bax, bu var məndə. Allah qoysa, əlimə pul gəlsə...
   
   - ...Təsəvvür eləyirsənmi sən kənddə yaşaya bilərsən?
   
   - Bəli, yüz faiz.
   
   -Gülməli bir söz deyim sənə... Mən səni kənddə yaşayan təsəvvür edə bilmirəm...
   
   - Kənddə deyəndə, mən, məsələn, demirəm Yuxarı Salahlıda, lap orada da yaşayardım. Öz kəndi-mizdə, yaxud...
   
   - ... Sən əgər bu doqquzuncu mərtəbədə yaşamasaydın...
   
   - Doqquzuncu mərtəbə yox, altıncı mərtəbə...
   
   - ... Altıncı mərtəbədə yaşamasaydın, fortepiano şöbəsini qurtarmasaydın, kənddə böyüsəydin, Səməd Vurğun səni lap balacalıqdan aparıb Qazaxda böyütsəydi, sənin bugünkü yaradıcılığını təsəvvür eləyə bilmirəm. Deyək ki, "Allah məni yarı öldür, yarı saxla ağlamağa", "Bir yandan da bu yağış", "Yoldan teleqram" tipli abstrakt təfəkkürlü şeirlər yaza bilərdinmi?" Təsəvvür eləyə bilmirəm ki, Qazağın o dağlarında, binələrində böyüsəydin bu cür şeirlər yaza bilərdinmi?
   
   - Necə ola bilərdi artıq onun bura dəxli yoxdu. Kim nə bilir, necə olardı, mən indinin özünü deyirəm, sən soruşursan ki, başqa şəraitdə yaşaya bilərdinmi? Yaşamaq istəyirəmmi? Əlbəttə, istəyirəm başqa şəraitdə yaşayım, mən bəzən fikirləşirəm, niyə Nyu-Yorkda yaşamayım, bir neçə il Moskvada niyə yaşamayım, Tallində niyə yaşamayım, o da var, əlbəttə, insan istəyir yaşasın, belə bir ifadə var, bu ifadə çox işlənir, biz bir planetin adamlarıyıq. Bu, doğrudan da belədi. Lap o cavanlıqda şeir yazmışdım, bəlkə yadındadı: Sena Xəzərə axır! Niyə sənlə mən istədiyimiz vaxt Parisdə yaşayaq, sonra gələk kəndə...
   
   - Vaqif, bilmirəm yadında qalıb, ya yox, səfər vaxtı sən bir ifadə demisən...
   
   - Hansı səfər vaxtı...
   
   - Dəxli yoxdu, Puşkinə gedəndə, Salyana gedəndə, Zəngilana gedəndə, sən demisən ki, mənim anam Xavər xanım bir növ qəhrəmandı. Mən niyə bunu xatırlayıram, bu söhbət elə vaxtlarda olub ki, bizi rayonlarda qonaq eləyiblər, yeyib-içmişik, elə olub ki, sən gəlib bizdə qalmısan. Əlbəttə, Xavər xanımın qorxusundan yox, eləcə kefin belə istəyib, demisən ki, mən bu barədə iri bir yazı yazmışam, səndən icazə alıb haçansa onu çap etdirəcəyəm, məsələ bunda deyil. Hə, sən demisən ki, "mənim anam ona görə qəhrəmandı ki, Səməd Vurğun kimi bir adamın ağrılarına ortaq olub, indi də oğlu Vaqifin ağrılarını çəkir". Yəni, sən də ova meyllisən, tez-tez səfərlərdə olursan, bu da hardasa Xavər xanımın narahatlığına səbəb olur. Bu mənada indi nə fikirdəsən? Mən indi tamamilə ayrı bir Vaqif görürəm, səliqəli, təmkinli, ayıq-sayıq...
   
   - İndi səfərə-zada az gedirəm. O da mənim içkimlə bağlı döyül. Açıq deyirəm sənə bu içkiylə-zadla bağlı deyil, onunla da bağlı deyil ki, anama əziyyət verməyim, yaşla bağlıdı, bəlkə də dramaturgiyayla bağlıdı, çünki indi dram əsərləri və proza yazıram. Bu da vaxt tələb eləyən şeydi. Qaldı ki Xavər xanıma... Doğrudan da Səməd Vurğunun arvadı olmaq çox çətin şeydi, ümumiyyətlə, şair arvadı olmaq çətindi. Çox ağır olub ona. Təsəvvürə gətir bunun ömrü boyu səfərlərdə olan əri, indi də oğlu eyni səfərlər, eyni ov, başa düşürsən, yəqin ki, onun üçün ağırdı, yəqin bu mənada mən sənə demişəm. Bir də qorxu, mənim anamda dəhşətli qorxu hissi var və sən dediyin içki... sən də, mən də səfərlərdə olmuşuq, araq da içmişik, konyak da içmişik. Şübhəsiz, mənim anamda otuzuncu, qırxıncı illərin xofu var. İçki içəndə adam bəzən danışığını bilmir, sözünü bilmir və Səməd Vurğunun arvadı konkret, içib danışığı bilməyən adamları görüb. İçki məclisində bir bədbəxt ağzından bir neçə söz çıxarıb və bir neçə gündən sonra onu aparıblar, həbs olunub, sürgün olunub. Əlbəttə ki, mənim də elə səfərlərimi görəndə... bilirsən, qanına hopub o qorxu... Müəyyən şəraitdə böyümüş insandı da, qadındı da. Gözünü açıb kimləri görüb Səməd Vurğuna qədər? Gözünü açıb Əhməd Cavadı görüb, Hüseyn Cavidi görüb, bunları da ki, harda görüb, Abdulla Şaiqin evində, böyük bacısı Şaiq Əfəndinin həyat yoldaşı idi. Anam Səməd Vurğuna on beş yaşında gəlib, on beş yaşına qədər də gördüyü o dediyim adamlar olublar. O adamların da taleyini görüb, o məclisləri də görüb. Bir də hər bir qadın oğlunu da, ərini də istəyir yanında çox görsün. Bu, qadın təbiətindən doğan bir şeydi.
   
   - Vaqif, bir halda ki, söhbət qadınlardan düşdü, sənə belə bir sual verim: Ən çox yadında qalan qadın və nəyə görə yadında qalıb?
   
   - Nə mənada? Qadın var ki, yadımda qalıb sırf qadınlıq keyfiyyətlərinə görə, gözəlliyinə görə, cazibəsinə görə, qadın var ki, yadımda qalıb, məsələn, mənim Moskvadakı müəlliməm, Tatyana Petrovna Nikolayeva, Moskva konservatoriyasının hal-hazırda professorudur, bu qadın, nə təhər deyim sənə, sırf rus qadını, təsəvvürə gətir ki, bu qadın Moskva konservatoriyasında böyüyüb, nə cür böyüyüb? Bunun anası Moskva konservatoriyasının süpürgəçisi olub, evləri yox imiş, bax, həmin o Tatyana Petrovnanı konservatoriyanın pilləkənləri altında yatırdırmış. Və indi o uşaq konservatoriyanın professorudur. Raxmaninovlar, Çaykovskilər işləmiş konservato-riyanın professorudur. Çox ağıllı qadındı. Qadın anamdı. Amma ən çox Orxan Vəlinin dediyi qadınlar gözəldi. Belə bir şeiri var. Deyir: Mən gözəl qadınları sevirəm, bir də işçi qadınları, amma ən çox GÖZƏL, İŞÇİ QADINLARI SEVİRƏM.
   
   - Yəni, sənin sevgi şeirlərinin obyekti olmayıb?
   
   - Qətiyyən. Heç bir vaxt. Konkret deyim ki, bu filankəsdi, tutaq ki, "Sevgilim mən öləndə" şeirini deyək ki, konkret kiməsə yazmışam. Belə döyül.
   
   - Vaqif, AYRILIQ, TƏNHALIQ deyilən bir şey var də... Müxtəlif ayrılıqlar var, bax, bu ayrılıqların ən ağrılı, ən dözülməzi hansıdı və sən ayrılığın DADINI, RƏNGİNİ, ÇƏKİSİNİ hiss eləyirsənmi? Bir şair kimi, musiqini duyan bir sənətçi kimi...
   
   - Ayrılığın rəngi... dadı... Əvvəla, mənim əqidəmcə, hər bir insan, mənim aləmimdə az-maz düşüncəsi olan insan, həmişə ayrılıqdadı. Uşaqlarıyla olanda da, sevdiyi, hörmət elədiyi həyat yoldaşıyla yanaşı olanda da... Hətta mənim bir şeirim də var, bəlkə xatırlayarsan: bayaq dedin ha, ünvanlı şeir, bax, bu, əlbəttə ki, həyat yoldaşıma həsr olunub: "Başımız bir yastıqda, bir-birimizdən uzaq, bir-birimizdən xəbərsiz". Ayrılıq hissi bütün insanlarda var, amma son vaxtlarda mən ayrılıqların ən dəhşətlisini hiss elədim: ən dəhşətlisi, bəlkə də ən çıxılmazını, bu da MİLLİ AYRILIQDIR. Milli ayrılıq, MİLLİ TƏNHALIQ. Bu son hadisələrlə, Qarabağla bağlı, mən o erməni millətçilərinin uzun illərdən bəri, sən demə, böyük dəhşətlə apardıqları o təbliğat, hazırlıq, bir də ki, Qərbi Avropanın bu işə insafsız münasibəti. Bilirik bu hardan gəlir, bu məsələdə mən MİLLİ AYRILIQ hissi duydum. Tamam elə bildim ki, mənim millətim, mənim Vətənim, bir şeirimdə yazmışdım:
   
   SAXLAYIN YER KÜRƏSİNİ,
   
   MƏN DÜŞMƏK İSTƏYİRƏM.
   
   Azərbaycandilli bu xalq nəsə Yer kürəsindən ayrılıb. Təklənmişik. Deyirəm də, o milli tənhalıq hissi çox ağır hiss idi. Və üstəlik də biləndə ki, sən heç bir şey eləyə bilmirsən. Heç bir şey eləyə bilmirsən, çox təəssüf ki, gücsüzsən...
   
   (Davam edəcək)
   
   

TƏQVİM / ARXİV