adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Qadın Ətri

FƏRHAD ŞABANOV
82703 | 2012-11-20 09:57
İnsan nə qədər güclü olduğunu ancaq güclü olmaq məcburiyyətində qaldığı zaman hiss edir.

Və insan bəzən də nə qədər aciz olduğunu anlayır yaşadığı hadisələr qarşısında.

Dünyanın bütün yükünü çiyinlərində hiss edirsən... Gecələr yuxusuz, səhərlər ac... Günəşin batması və çıxması bir göz qırpımında baş verirsə... O anlarda çarəsiz, ümidsiz, yayın ən isti günü və səhranın ortasında bir damla su həsrətində ikən... Həyatındakı bütün şamlar küləyə təslim olduğu anda... Bir qadın çıxır qarşına... Gülüşü səhradakı susuzluğuna bulaq şırıltısı bəxş edir, toxunuşu yastığın soyuq tərəfi kimi insanın içində hədsiz fərəh hissi yaradır...

Hansı ki, həmin qadın insan yarandığı ilk dövrdən, hələ cəmiyyət deyilən mövhum yox ikən, insanın əlindən tutub ona yaşamağı öyrətdi. Kişi isə içindəki o vəhşi-yırtıcı fitrətini heyvan öldürərək - buna ovçuluq da deyirlər - təbiətə ziyan verərək həyatı davam etdirmə yolunu seçdi. Yaradılışın ilk illərində matriarxal qanunlarla cəmiyyətin yaradılması, insan həyatının davamlılığı hədəf qoyulmasaydı, indi heç bir canlıdan söhbət gedə bilməzdi. İnsanı yaşadan qadın nəvazişi oldu. Patriarxiya idarəni əlinə alandan sonra döyüşlər başladı, insanlar bir-birini öldürüb vəzifə sahibi olmağı seçdilər. Qadının təbii qanunlar üzərinə inşa etdiyi həyat süni yollarla dəyişdirildi. Çünki...

...Kişilər güclü görünməyi, güclərindən istifadə etməyi sevirlər. İdarə olunmağı yox, idarə etməyi sevirlər. Göz yaşlarını gizləməyə, sərt gülüşlərini və əsəbi baxışlarını ətrafla paylaşmağa meyillidirlər. Kişilər ölkələr fəth edir. Kişilər öfkələriylə özlərinə tabe edir. Kişilər ordular qurub əmr verir, komandir olur. Ancaq bu komandirlərin arxasındakı ən böyük güc o qurduqları ordular deyil, bunu başa düşmürlər. Qadınlarını itirənə qədər də heç vaxt başa düşməyəcəklər...

Kişilər yüz illər boyu qadınları doğum vasitəsi olaraq gördülər. Kişilər müharibələr edib kişiləri qırdı. Onları yenidən və yenidən dünyaya gətirən qadınlar oldu. Kişilər qurduqları süni topluluqlarda (imperatorluq, dövlət, xanlıq və s.) idarəçi olaraq yenə kişiləri seçdilər. Qadınlar isə onların müharibələrdə, soyqırımlarda, döyüşlərdə unutduğu xoşbəxtliyi qoruyub saxladı. Ailə, mehribanlıq, sevgi kimi dəyərli hisslər qadınların sayəsində bu günlərə gəlib çatdı.

Qurmaq, yaratmaq və qorumaq söküb dağıtmaqdan daha çətindir. Qadınlar həmişə çətin olanı seçdi, kişilərin sökdüyünü qadınlar bərpa etdi. Elə buna görə dünyadakı ən böyük güc qadındır. Bunu bütün kişilər bilir, sadəcə etiraf etməkdən "qorxan"lar var, etiraf edə bilənlər var.

Aleksandr Düma deyir ki, qadınlar bizi böyük işlər görə biləcəyimizə həvəsləndirir, sonra da bu işləri görməkdə bizə mane olurlar. Bəli qadın kişi üçün ilham pərisidir. Heç olmayacaq işlərə inandıran inam qapısıdır. Ancaq qadın istəmədiyi zaman kişi inamını reallaşdırmaqda böyük iztirablar çəkər. Hətta qadın kişiyə sevgi və enerjisini vermədiyi zaman kişi reallıqla illüziya arasında çabalayan məxluqdan başqa bir şey deyil. Onun sahib olduğu o güc, o kibir, o vəhşilik qarışqa qarşısında belə acizdir. Çünki qadın kişini arxasınca süründürə bilən yeganə canlıdır. Düma da bunu yaxşı bilirdi.

Qadınsız xoşbəxt kişi yoxdur. Sadəcə işgüzar robotlar var-hissiz, sevgisiz, anlayışsız. Hər kişi gecə başını yastığa qoyanda haqqında düşündüyü bir qadın var. Hər güclü kişinin soyuq qış gecələrində ehtiyac duyduğu bir qadın qucağı var.

Sokrat da şagirdlərinə "mütləq evlənin, xanımınız yaxşı olsa xoşbəxt, pis olsa filosof olacaqsınız!" deyəndə əslində xoşbəxtliklə bədbəxtlik arasında çox incə bir xətt çəkirdi. Həmin o xətt qadındır. Kişi xoşbəxtdirsə bunun səbəbi qadındır. Kişi bədbəxtdirsə bunun səbəbi qadın deyil. Çünki xoşbətlik ancaq qadınla birlikdə ikən varsa, problem kişidədir. Çünki qadın elə xoşbəxtliyin özüdür.

Fərhad Ş[email protected]
P.S: Mən feminist deyiləm.

TƏQVİM / ARXİV