adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HƏR AçILAN SABAHA ŞüKüR, ALLAHIM!!!!!!!!!!

TOFİQ ABDİN
22346 | 2009-04-25 00:12
Blok qonşuluğumda gözəl bir insan, gözəl bir ədəbiyyat adamı və alim yaşayır. Adını bu anda, bu sətirləri yazdığım anda nədənsə xatırlaya bilmirəm. İnanın ki, dünəndən onun adını yada salmaq istəyirəm, amma bir türlü xatırlaya bilmirəm. Bu da mənim içimə qərib bir qorxu səpir: yaddaşsızlıq qorxusu. Bu qorxu mənim şəxsən özümə aid olsa da, amma bir çox zaman mənə mane olur: məsələn, gözəl qələm sahibi Qurban Yaquboğlu mənimlə bir söhbətində elə şeylər xatırlatdı ki, mən onların heç birini xatırlamırdım, amma çox xoş şeylər idi. Bunu onun bir yazısında oxumuşdum (arxivə baxıb bura əlavə edərəm imkan olsa)... İndi də bir türlü gözəl alim olan qonşumun adını yada sala bilmirəm, amma çox mütəvazi bir həyat sürən bu alim bir dəfə necə oldusa qarşılaşdığımızda bir başqa alimin bir sözünü mənə dedi: o alim olsun Şamil Salman, o Şamil Salman ki, bir zamanlar şeirlər də yazdı. O Şamil Salman ki, unudulmaz şairimiz Rəsul Rza yetmişinci illərdə onun haqqında uğurlu yol kimi bir şey qələmə almışdı. Adı da beləydi: YOLUN ÇƏTİNLİYİ SƏNİ QORXUTMASIN... Bu o illər idi ki, hər birimiz o gözəl şairin bircə sözünə möhtac idik...
   
   Bəli, Şamil Salmanın o sözlərini xatırladan qonşum alim deyir ki, Şamil müəllim deyirmiş: altmışdan sonra fikirləş... yetmişdən sonra hazırlaş...
   
   Hazırlaş!!!!!!!!!!!!!! Hara? Türkiyəyə yox! Moskvaya yox! İstanbula yox! Məkkəyə yox! Mədinəyə yox!! Uzuuuuuuuuuuuun... uzuuuuuuuuuuuuuun... çoooooooooooox... uzuuuuuuuuun bir səfərə. O səfərə ki, böyük türk şairi Yəhya Kamal Bayatlı özünün dahiyanə SƏSSİZ GƏMİ şerində yazıb:
   
   
   
   Artık demir almak günü gelmişse zamandan
   
   Meçhule giden bir gemi kalkar bu limandan
   
   
   
   Hiç yolcusu yokmuş gibi sessizce alır yol
   
   Sallanmaz o kalkışta ne mendil, ne de bir kol
   
   
   
   Rıhtımda kalanlar bu seyahatten elemli
   
   Günlerce siyah ufka bakar gözleri nemli
   
   
   
   Biçare gönüller, ne giden son gemidir bu
   
   Hicranlı hayatın ne de son matemidir bu
   
   
   
   Dünyada sevilmiş ve seven nafile bekler
   
   Bilinmez ki giden sevgililer dönmeyecekler
   
   
   
   Bir çok gidenin her biri memnun ki yerinden
   
   Bir çok seneler geçti; dönen yok seferinden
   
   
   
   Bəli, yetmişdən sonra hazırlaş!!!!!!!! Hazırlaş!!!!!!!!!!!!!! Hara? Türkiyəyə yox! Moskvaya yox! İstanbula yox! Məkkəyə yox! Mədinəyə yox!! Uzuuuuuuuuuuuun... uzuuuuuuuuuuuuuun... çoooooooooooox... uzuuuuuuuuun bir səfərə...
   
   Deyəsən, Şamil müəllim bu HAZIRLAŞ sözünü elə asanlıqla deyirmiş ki, o zaman güman ki, onun özü o barədə, yəni bu uzaq səfər barədə heç düşünmürmüş. Mən bilən, o heç yetmişini də görmədi getdi...
   
   Çoxmu fikirləşmiş o YETMİŞDƏN SONRA HAZIRLAŞ barədə, ya yox, bilmirəm və son zamanlar o gözəl ədəbiyyatçıyla təkəm-seyrək görüşürdük, amma bir ideyaya qulluq etdiyimizdən mən həmişə onun yazılarını oxuyurdum və bir də dediyim kimi, ustad bir şairin qələmindən adı keçdiyi üçün həmişə içimdə bir simpatiya vardı: gizlin... gizlin...
   
   
   
   NƏQARƏT
   
   
   
   Allahım, o gözəl insanın,
   
   qonşumun, alimin adını
   
   mən necə də xatırlaya bilmirəm.
   
   Bu olmadı, Tofiq Abdin, bu olmadı!
   
   Nə isə xatırlaram, inşallah, bu yazının bir yerində.
   
   Və mən indi hər gecə yerimə uzanıb bir az üşünən kimi olub hər şeyi içimdən kənarlaşdırmaq üçün bir yazını oxuya-oxuya yenə də YETMİŞDƏN SONRA HAZIRLAŞ fikri məni çəkir. O yazı ki, gözəl və usta qələm sahibi Rafael Hüseynovun "525-ci qəzet"də çap olunan dizi yazılarından biridir. Son dərəcə usta bir qələmlə və son dərəcə İlahi bir istəklə, duyğuyla yazdığı yazılardan birini oxuya-oxuya (yəni bütün dizi yazıları oxuduğumu da deyim) içimdən bir səs yüksəlir. Düşünürəm ki, sabah "525-ci qəzət"də Rafael Hüseynova yanaşım (amma bu olan iş deyil) deyim: Sən yüz illər bundan öncəni çox böyük bir ustalıqla yazırsan, bu yazıları yazdığın vaxt yüz illər sonranı fikirləşirsənmi?
   
   Aman Allahım, yüz il öncələr nələr olmuş bizsiz
   
   ... və yüz illər sonra nələr olacaq bizsiz!!!!!!!!!!!!!
   
   Və bu vahimənin altında onun son (bu yazı yazılana qədər olan son yazı) - Nəsimi haqqında yazısının ilk dörd səhifəsini oxuyub bədənimi bürüyən istiliyin içindən zorla çıxaraq yazının xoşhallığına xəyanət etməmək üçün qorxu xofuna qalib gələ bilmədiyimdən nəfəsim daralır, daha oxumağa davam edə bilmirəm və sonra da nəvələr gəlib başımın üstünü kəsdirir...
   
    Bunlar da bir yandan...
   
   Gəl ay gözəl balaca...
   
   Gəl ay Peyğəmbər İbrahimin adını daşıyan gözəl bala...
   
   Gəl ay fateh İsgəndərin adını daşıyan balaca İsgəndər!!!!
   
   Baxıram, YETMİŞDƏN SONRA FİKİRLƏŞ fikrinin və yazının vahiməsi altında mən qorxu hissini aldatmaq üçün onlarla vurnuxuram. Və artıq saata baxmağa da qorxuram, bu qorxudan xilas olmaq üçün nəvələrim gedəndən sonra gözlərimi yumub yatmaq istəyirəm, amma hələ saat səkkizdir... epeeeeeeeey uzun bir gecə var qabaqda...
   
   
   
   NƏQARƏT
   
   
   
   Allahım, o gözəl insanın,
   
   qonşumun, alimin adını
   
   mən necə də xatırlaya bilmirəm.
   
   Bu olmadı, Tofiq Abdin, bu olmadı!
   
   
   
   Yox, bir türlü xatırlaya bilmirəm. Yazımı saxlayıram, əlimi çənəmə qoyub müdrik bir görkəm alıram, bu adı xatırlamaq istəyirəm və dünən axşamdan içimdə fırlanan bu adın sahibini gözlərimin yaddaşına verirəm, hər sabah əlində qara bir portfel, ləngərli yerişiylə, çox təmkinlə Qara Qarayev metrosuna yollandığını da bura əlavə edib ardınca baxdığım günləri də xatırlayıram, amma onun adı bir türlü yadıma düşmür ki, düşmür... Onunla bir blokda yaşayan başqa bir ədəbiyyatçını, rəhmətlik Mövlud Yarməmmədovu da xatırlayıram, Xəlil Hüseynovu da yada salıram... amma bu insanın adı bir türlü yadıma düşmür ki, düşmür...
   
   Daha yetər, durum gəzim, bəlkə bu ad mənim içimdən baş qaldırdı.
   
   Yox, vallah, yox! Bu bir dəhşətdi, çox dəhşətdi, aman Allahım, bu nə deməkdir? Bu yaddaşsızlıq hardan çıxdı mənim həyatımda.
   
   Yahu, birisinə telefon açıb soruşum o gözəl insanın adını.
   
   
   
   ***
   
   Səhərisi işə gedirəm... İşdə də bu adla məşğulam... Olmur
   
   ki, olmur...
   
   Bir az fasilə... bir az fasilə...
   
   Fasilə də olundu və sevimli Qalib Toğrulla bir çay dəstgahı da keçirdik. Yusif Rzayev də gəlib çıxdı. Mən bir türlü bu gözəl alimin adını xatırlaya bilmirəm ki, bilmirəm...
   
   Tamam, unudaq bu məsələni...
   
   Və həqiqətən hər açılan sabah üçün dualar etmək və hər açılan sabahı görmək artıq mənim insani yaşamımın istəyi olsa da içimin rahatsızlığı təkcə özüm üçün deyil. Məndən sonra var olan qardaş və bacılarım üçün də eyni dərəcədə içimi ovmaqdadır. Mən özüm bir yana, hər açılan sabahdan bir yaxşı xəbər gözləmək üçün qulaqlarımı lokatorlar kimi tuşlamışam dan yerinə və hər açılan telefon səsi içimdə bir ayrı sabah üçün başlanğıc ola bilər düşüncəsiylə içimi yeyə-yeyə yaşayıram.
   
   Bu bir zəiflikmi, bu adı bilinməz bir duyğumu, bilmirəm və nə zamansa mən bir yazı da yazmışdım: MƏN MÜTLƏQ DOKTORA GETMƏLİYƏM... və ötənlərdə gözəl yazıçımız Seyran Səxavət də dedi ki, bəs mənim çox gözəl psixoloq həkim dostum var, səni onun yanına aparacam. Yanımda zəng elədi və hələ də ora gedib çıxmamışıq.
   
   Nə eləmək olar, zamanı yaşamaq lazımdır, necə olursa-olsun bizə verilən bu canı qoruya-qoruya, Allaha doğru yolumuzun nə zaman qırılacağı onun əlində olduğunu bilə-bilə ona pənah gətirərək yaşamaq lazımdır. Hansı pillədə O bizi gözləyir, hansı pillədə O bizi qarşılayacaq və deyəcək: yox, hələ vaxtınız deyil, hələ yaşayın və sonra yenə də hər açılan sabah üçün bizim duamıza ehtiyacı varmış kimi bizi eşidəcək və yenə də zaman öz işini görəcək.
   
   Ən dəhşətli bütün bunları yaşamaq, bütün bunları düşünmək, bunları həyata keçirmək üçün dözmək lazımdır.
   
   Düşünürəm: görəsən, 50, 100 illər öncələri yazan Rafael Hüseynov yüz il sonraları fikirləşirmi?
   
   
   
   NƏQARƏT
   
   
   
   Allahım, o gözəl insanın,
   
   qonşumun, alimin adını
   
   mən necə də xatırlaya bilmirəm.
   
   Bu olmadı, Tofiq Abdin, bu olmadı!
   
   
   
   ***
   
   Amma mütləq o adı xatırlayacam. İndi bu yazının redaktəsini belə bitirdiyim halda, o adı xatırlaya bilmədimsə, mütləq xatırlayacam və mütləq evrika deyilən bir təbəddülat olacaq.
   
   Saata baxıram: saat 16.15. Aprel ayının 1-i. Dünyanın yalan günü. Amma mən həqiqətən o adı xatırlaya bilmirəm, hələlik.
   
   
   
   VƏ NƏHAYƏT EVRİKA!!!!!!!
   
   
   
   Həmin günün axşamı saat 10 radələrində Rafael Hüseynovun Nəsimi haqqında yazısını oxuyub bir tərəfə qoyuram, bir daha bu gözəl qonşu və alimin adını xatırlamaq istəyirəm və bu ara bir də Yazarlar Birliyinin sorğu kitabına baxmaq keçir könlümdən, bilirəm Yazarlar Birliyinin də üzvüdür, baxmıram.
   
   Və həqiqətən EVRİKA!!!!!!!!
   
   Yadıma düşür: Arif Səfiyev... Filologiya elmləri doktoru Arif Səfiyev....
   
   

TƏQVİM / ARXİV