adalet.az header logo
  • Bakı 17°C

Siz kimsiniz, bu qədər doğma?..

MƏZAHİR ƏHMƏDZADƏ
63737 | 2014-02-12 23:37
...Telefonuma zəng gəldi. Tanış nömrə deyildi. "Bəli, eşidirəm sizi" deyib cavab verərkən zəng edənin kim olduğunu bilmədim. Ancaq çox qəribə bir sualına dalağım sancdı.
- Yaxşı, ay Məzahir, görürəm tanıya bilmirsən, heç olmasa söylə, sənin o dostun var ey, Ramiz müəllim, şahmat oynamağı öyrəndi, ya yox?..
Bir az zəif təsir bağışlayan bu səsin yiyəsi öz şuxluğunu, zarafat bacarığını göstərmək istəyirdi yoxsa? Bu həmin o gözəl, o mehriban insanın səsi olmaya? Həmin səs... Elədirsə bu nə işdi mənim başıma gəlir, ilahi! İlahi, elədirsə SƏN necə də böyüksənmiş, böyük!
Bəli, özü idi! İllərin uzaqlığından ayrılıb xatirəsini canlandırdığım Niyazi həkim. Heç üzrxahlıq etməyə də imkan vermədi. Atalar "Yanlış da bir naxışdır" deyiblər. Ancaq bu yanlışlıq ilk anda bir az möcüzəyə, bir az əfsanəyə bənzədiyindən özümü itirmişdim.
Bir ay bundan əvvəl Qaxda yaxın bir dostumdan çox ehtiyatla Niyazi həkimi soruşmuşdum. O, mənə həkimin vəfat etdiyini söyləmişdi. Və mən də keçən şənbə "Fərsiz adamın xatirəsi" adlı köşə yazmışdım, Niyazi həkimlə bağlı İlisu xatirələrindən söz açmışdım. Nə qədər xoş niyyətlə, nə qədər istək və sevgiylə qələmə alsam da, yazıdakı həmin o yanlış cümləyə görə indi bu telefon zəngindən sonra nələr çəkdiyimi ifadə edə bilmirəm.
Qoymadı, imkan vermədi ki, özümü qınayım, səhv etdiyimi, jurnalist peşəkarlığına xələl gətirdiyimi təkrar-təkrar diqqətə çatdırım. Deyirdi ki, hər şey Allahın əlindədir, adam ölər də, dirilərdə... Yenə zarafat, yenə ağayanalıq... Deyirdi ki, o səhvin, yanlışlığın məsələyə çox elə dəxli yoxdur, bu dünyaya gələn bir gün köçünü yığıb gedecək... Əsas odur ki, sən məni doğurdan da unutmamısan. Həm də sən unutduqlarımızı da yenidən canlandırmısan... Əsas budur ey, oğlum, budur! Sən mənim cavanlığımı o qədər bəzəmisən ki, bu yaşımda özümə də ləzzət verir.
Bundan sonra daha o yanlış yapan dostumu da axtarıb gileylənməyi lazım bilmədim. Böyük dost, böyük qəlbli insan, Azərbaycanın Əməkdar həkimi Niyazi Nəcəfov bütün bunların hamısını öz münasibəti ilə yoluna qoydu. İrad və danlağın əvəzinə təskinlik! 86 yaşlı bu gözəl insana möhkəm can sağlığı arzulayırıq...
...Ülvilik estetik bir norma və kateqoriyadır. Siz onu ömrün bu çağında da əvvəldən necə olubsa, eləcə qoruyub saxlaya bilmisiniz, doktor! Bəlkə bu dünyanın özü də Sizi elə bu səbəbdən sevib qoruyur, çoxlarına nümunə, örnək göstərir. Sizinlə görüşəndə mistik bir əhvalat da danışacağam.
Tezliklə görüşənədək, Niyazi həkim!

P.S. Bu yazını bitirən kimi yaddaşımda uzaq, çox uzaq illərin qəribə bir məqamı da oyanıb da yox oldu. Başqa-başqa duyğu və məqamlara qovuşdu deyəsən. Sanki möcüzəyə bənzər bir vaqeəyə düşmüşdüm. Və birdən Stradivarinin nadir skripkaları gəldi gözlərim önünə. Ancaq onları kimsə çalmırdı, özləri səslənirdilər...

MƏZAHİR ƏHMƏDOĞLU

TƏQVİM / ARXİV