adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ŞANSMI, ŞANSSIZLIQMI?

TOFİQ ABDİN
27179 | 2009-03-07 03:39
Kənan Hacının doğum ilini bilmirəm, ona görə də ona gənc şair deməyə dilim gəlmir, amma orta yaşlı demək olarmı bilmirəm, yaşlı demək olmaz bunu dəqiq bilirəm. Baxmayaraq ki, dış halində bir az əziyyət çəkmiş və bir çox çətinliklər görmüş bir insanın görünümü var onun. Bütün bunlar yazı üçün bir başlanğıc. Və Kənan Hacı mənim bir az öncələrdən tanıdığım bir qələm sahibi - şair də demək olar, publisist də demək olar və ya başqa bir janrda yazan yaradıcı da demək olar. O, ədəbi camiəmizdə oteriter bir qələm sahibidir və mən bilən onun ən gözəl xüsusiyyətlərindən biri də heç bir iddiası olmamasıdır ki, bu da bir az onun qələm əhli arasında hörmətinin bariz nümunəsidir.
   
   Bu baxımdan, yəni bu mütəvazilik baxımından günümüzün çox ağıllı və inkarolunmaz, danılmaz aparıcı tənqidçisi Əsəd Cahangir əski sovet dövründəki kimi Kənan Hacının kitabına bir ÖN SÖZ yazıb və mən o ön sözdən bir yerləri misal gətirə bilərəm, yəqin buna ehtiyac olsa. Amma məni başqa bir detal maraqlandırır: publisist Nemət Veysəlli bir gün mənə dedi ki, Kənan Hacının kitabını oxudum (paho, Nemət də şeir oxuyarmış, əlli ilin dostuyuq, nə bir şeirimi bilir, nə də mənim şeirim haqqında kəlmə kəsib, yalan-palan həmişə məni publisist olaraq özünün gözünə qatıb deyinir, o da sərf eləyəndə) çox maraqlı yerlər və misralar var, amma tam hazır şeirlər deyil - deyib mızıldandı. Bu yazının yazılmasında bəlkə Nemətin o sözlərinin bir para təsiri var, amma Kənanı olsun ki, ondan qabaq tanıyıram və Kənan bir qələm sahibi kimi mənə daha doğmadır, nəinki Nemət Veysəlli. Olsun. Böyük bir iş deyil bu və üstəlik də Nemət bir şey də mızıldanmaq istəyəndə mən onun sözünü kəsmək istədim və o məni qabaqladı: amma Əsəd Cahangirin onun haqqında çox gözəl fikirləri var və ümumiyyətlə, şeir və yazı barədə çox gözəl fikirlər deyir Əsəd Kənanın yaradıcılığı ətrafında gəzişərkən. Vaqif də yazıb, amma Vaqifin yazısı (Yusiflini nəzərdə tutur) məni bir o qədər açmadı...
   
   Paho, Nemət müəllim gör nə qədər irəli gedib ha... Böyük bir tənqidçiyə mız qoyur.
   
   Hər halda Nemət Veysəlli də Nemət Veysəllidir. Onun sözünü qəribçiliyə salmaq olmaz.
   
   Kənan Hacı ÖZÜNDƏN QAÇMAQ OLMUR adlı bir şeir kitabını verib oxucuların ixtiyarına və içində də bir zamanlar çap olunan şeirlər çoxdur. Yəni bu şeirlərdən bəzilərini artıq ikinci dəfədi oxuyuruq, amma ikinci dəfə oxusaq da, yeni şeylərə rast gəlirik və tənqidçi Əsəd Cahangirin şair Kənan Hacının yapon hoqquları tərzində yazdığı bir şeirindən misal gətirərkən bu şeirin yazı tərzini niyə məhz hoqqulara (baho, lap hoqqa sözü yada düşür) aparıb çıxarır bilmirəm. Mən, məsələn, səhv etmirəmsə yapon hoqqularını altmışıncı illərdə yazıçı Elçinin təqdimatında oxumuşam və pis şeylər də deyildi. Təkrar edirəm Kənan Hacının o hoqqularla nə bağlılığı var bunu dəqiq bilmirəm və ya Kənan Hacı bu şeirləri yazanda görəsən o hoqqularla yaxından-uzaqdan bir aşinalıq etmişdimi ya yox, bunu da bilmirəm, amma Əsəd çox istedadlı bir tənqidçi və ədəbiyyatşünasdır, o, hər şeydən bir hoqqa çıxarmağı bilən bir qələm sahibidir ki, Kənanın da yazılarında müxtəlif cərəyanların, müxtəlif yazı üslublarının yaxınlığını tapmışdır. İnsafən Kənanın bu hoqqulara bənzədilən şeiri maraq doğuracaq qədər insanın içinə oturur və bu şeirin ab-havası o biri şeirləri də oxumaq üçün insanı hazırlayır. Kənanın oxucularının hoqqulardan xəbəri var, ya yox, bu bir o qədər mühüm rol oynamasa da, onun oxucuları bu şeiri məhz bizim poeziyanın iç malı kimi yaşayır. Tənqidçi Əsəd Cahangirin çox uğurlu seçdiyi həmin misralar bir üvertura kimi oxucunu səfərbər edir:
   
   
   
   Tale başım üstdə səma kimidir
   
   Qaçıram, hey qaçıram
   
   Altından çıxa bilmirəm.
   
   
   
   Adi, insani, düşünülə biləcək qədər sadə bir nümunə...
   
   Bir az öncə yazdığımız kimi Kənan Hacının insani taleyi bir az sərt keçdiyindən o bunu yaradıcılığında da gizlətmir və düşünmür ki, indi bizim dünyanın insanlarının artıq bu cür ahu-məqama dözməyə və bu ahu-məqamı dinləməyə belə hövsələsi və vaxtı yoxdur. Bilir bilməyinə, amma yenə özündən qaça bilməmək üzündən məhz öz içinin diqtəsini yazır və nə olacağını nəzərə almayaraq yoluna davam edir.
   
   Bir də ona qayıdaq ki, tənqidçi Əsəd Cahangirin Kənan Hacı şeirləri üçün gəzişmələri o qədər uzaqdan başlayır ki, gərək əvvəlcə kitabı oxuyasan, Kənanın şeirlərinə baxasan, çünki Əsəd Sokratı, Şəms Təbrizini və başqa-başqa yaradıcıları xatırladaraq, sanki çox yaşlı bir şair və ya qələm sahibi haqqında mülahizələr söyləyir və şəxsən Kənanı tanımayan bir çox oxucu elə bilər ki, Kənan artıq üzü üzlər görmüş bir yaradıcıdır. Amma Kənan çağının yaradıcısı olduğu üçün yazır:
   
   
   
   Bir az öpüş
   
   bir az göz yaşı
   
   bir az da
   
   saçlarının qoxusu qarışmış
   
   kokteyl...
   
   yooox, bu da deyil
   
   sənsiz keçən gecələrdən
   
   ən böyük təsəlli
   
   
   
   kimi bir az sevgi qoxusu gələn misraları görəndə oxucu təəccüblənməsin neyləsin və bu misralar Kənanın kitabında siz deyən o qədər də çox deyil. Nədən görəsən? Şerin klassik tərifinin SEVGİDƏN, EŞQDƏN, MƏHƏBBƏTDƏN keçdiyini bilirik və özümüz də bir vaxtlar bunu elədiyimiz halda iyirminci əsrdə doğulan və iyirmi birinci əsrə adlayan bir insanın sevgiyə biganəliyi nədən məhz bu qədər diqqəti çəkir?
   
   Əslində bunun özü də alqışlanılası bir şeydir. Doğrudur, bir şair deyir ki, dünya köhnə dünyadır, sevgiləri təzədir. Bu mücərrəd deyimin altında nə yatır mən bilmirəm, amma artıq bu köhnə dünyanın yeni eşqləri də sıxışdırılıb şairlərin leksikonundan çıxarılır, necə ki tanınmış türk şairi Küçük İsgəndər bir intervyüsündə deyir: "Çox şey bilmək heç bir şey bilməməklə hər şeyi bilmək kimi bir axtarışın içində vurnuxmaqdır. Amma mən istəyirəm ki, heç bir şey bilməyim. Özüm verdiyim adlarla şer yazım, yəni- TÜTÜN, QƏLƏM, EŞQ kimi sözlərdən istifadə eləmək artıq məni bezikdirib. İstərdim ki, özüm YENİ sözlər tapım və o sözlərdən tamamlanmış şerlər yazım. Başqasının tapdığı SÖZLƏR və QRAMMATİKA ilə şer yazmaq məni usandırıb. Başqalarının yaşadığı bir tarixlə yaşamaq istəmirəm. Və bütün bunlar varkən, mən AZAD birisiyəm deyə bilmərəm. Təbii, bu bir mübahisəli bir şey. MƏNƏ MƏXSUS OLAN BU BƏDƏN BELƏ MƏNDƏN QABAQ YAŞAMIŞ BİR ÇOX İNSANIN BİR ÇOX XÜSUSİYYƏTİNİ ÖZÜNDƏ DAŞIYIR. Şəxsən mənə aid olan bir o qədər də şey yox məndə. Sadəcə bir ruh var ki, o da bir mentalitetdir. Mentalitetə genetik xüsusiyyətlərin təsir edib-etmədiyini bilmirəm. Amma gərək ki, təsir etmiş olur. Sənin içində bir çox insanın olduğunu hiss etmək adamı hüzursuz edən bir şey. Saf, təmiz şerin olmadığını hər zaman söyləyirlər. Yer üzü olumlu deyildir. Yəni göy üzü də olumlu deyildir bəlkə, amma bu olumsuzu bir qədər olumlu eləyə biliriksə, yaratdıqlarımızla bunu başa düşmək lazımdır".
   
   Və məhz Kənanın bu ÖZÜNDƏN QAÇMAQ OLMUR kitabındakı ən gözəl keyfiyyətlərdən biri də məhz bu axının axarına düşməmək və indiki yetmiş yaşlı şairlərimizin eşq şeirlərini üşünə-üşünə oxumaqdansa, elə bu cür ədəbi yol tutmaq daha alqışlanılasıdır.
   
   Cəmisi 116 səhifədən və 4 bölümdən: ƏHATƏ DAİRƏSİ, SİNİFDƏNXARİC OXU, PATOMİM və çox yığcam və çox lakonik, amma dəyərli bir kiçik POEMADAN ibarət kitabı vərəqlədikdə bu şeirlərin hamısının silqətində bir az dərdin olması çox diqqəti çəkir və bu dərdin də Kənan imzasına aid olması, məncə, işin şitini-şorunu çıxarmır, yox, bu sıxıntıya və bu sıxıntı çəkən şairə inanırsan.
   
   
   
   Bu qara gecəni
   
   qara örtük kimi çəkib
   
   keçinmiş gündüzün üzünə
   
   gedirəm dan yerinə doğru
   
   yorğun xəyallarım
   
   baş qoyub yatır
   
   ürəyimin uçuq hücrəsində
   
   işıq dirəkləri düzülüb
   
   fəxri qarovulda
   
   bu ötən günlər?
   
   hər gələn günlərin məzarlığında
   
   doğulduğu günün böyründə
   
   bir qarış yer saxlayardım
   
   öləcəyim günə
   
   
   
   Çox ağrılı bu ki, indi şair olmaq (və ya doğulmaq) böyük bir müşkül olmaqla bərabər, həm də bu işin çox çətin olduğunu bir daha ortaya qoymaqdadır. Kənan Hacının və ya bütöv bir nəslin bu şeir davası çox çətin üzlərlə qarşılaşmış və bunun sonunu görmək, əlbəttə, kimsəyə qismət olmaz, amma düşünürsən ki, 60-70-ci illərdən bu yana bizim şeirimizin əsl yaradıcıları dərsliklərə daxil ola bilmirsə, hətta dərsliklərə daxil olmaq bir yana, artıq şerin axını dəyişdiyindən bu axının istiqamətində hərəkəti heç cür nizamlamaq olmursa, bu ədəbi mübarizənin uzun çəkəcəyi göz qabağında. Bu baxımdan Kənan kimi şairlərin böyük faciəsi və xoşbəxtliyi zamanın ixtiyarına buraxılır ki, bizim təfəkkürümüzün dəyişmək imkansızlığından onların yazdıqları "böyük ədəbi düşüncələrin" fonunda diqqətdən qıraqda qalır.
   
   Kənan Hacı da bu şanssız və ya şanslı mübarizənin içindədir, onun şeirləri seçilir: ayrıcalığı var, diksiya özünündür, yeni şerin şərtlərini anlayır. Özündən qaçmağın çətinliyini bilə-bilə, bu qaçış olmasa, daima onu izləyəcək şanssızlığı içinə sindirə-sindirə geriyə dönüşün olmadığını da hiss eləyir.

TƏQVİM / ARXİV