adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ORDA DARIXMIRSAN Ki, QƏDiR? - 4

TOFİQ ABDİN
24968 | 2009-02-28 16:28
"Qobustan" toplusunun 40 illiyi ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ sualı ilə müraciət edib həmin yazıları vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm. İlk yazımız: ORDA DARIXMIRSAN Kİ, QƏDİR?" yazısı olacaq və həmin yazı haqqında mübahisə doğuran bir söhbət də qələm alınacaq.
   
   ... YETMİŞİNCİ İLLƏRİN sonuna gedirdik və mənim müğənnni QƏDİR RÜSTƏMOV haqqındakı yazım Mərkəzi Komitədə bir məsul şəxsin əlinə keçmişdi. Daha doğrusu, yəqin ki, tələb etmişdilər nömrəyə baxaq və Anar da məcbur olub həmin nömrəni göndərmişdi.
   
   Təsadüf elə gətirmişdi ki, belə məqamlardan birində mən Anar müəllimin otağında idim, telefon səsləndi (tam təsadüf bir məqamdır bu) və hal-əhvaldan sonra (təbii bir giriş) yavaş-yavaş danışığın tonu dəyişdi və mən Anar müəllimin sifətinin çizgilərindən nəsə ağrılı bir şey baş verdiyini gördüm. Mən yalnız Anar müəllimdən eşitdiklərimin şahidiyəm. Sonradan məlum olacaq ki, bu danışıq mənim ORDA DARIXMIRSAN Kİ, QƏDİR yazım haqqındaymış. Uzun bir göstərişdən və nə bilim daha nələrdən sonra Anar müəllimin səsinin tonu bir az da dəyişir və məndə də təəccüb doğuracaq bir əsəbiliklə: Hələlik bu jurnalın baş redaktoru mənəm və burada gedən yazılara mən cavabdehəm və kimin haqqında nə böyüklükdə yazı verilməsini mən həll edirəm. Nə zaman siz burada otursanız, o zaman dediyiniz şeyləri eləyərsiniz. Başqa sözünüz yoxdur ki...
   
   Proyektimiz çərçivəsində indicə oxuyacağınız həmin yazım, bəzi dəyişikliklərlə (o variant məndə yoxdur) toplunun səhifələrində yer aldı.
   
   Zaman dəyişir və insanlar da dəyişən zamanı yaşamaq məcburiyyətində. Ona görə də bir çox şeylər eroziyaya uğradı, bir çox şeylər unuduldu, amma biz nə qədər yaddaşsız millət olsaq da, unudulmayan şeylər var. Bunu da danmaq olmaz.
   
   (əvvəli qəzetimizin 07, 14, 21
   
   fevral 2009-cu il saylarında)
   
   
   
   "İnan, Tofiq, bunların heç biri doğru deyil, kimlərsə mənim adıma çıxır. Bəzən elə olur ki, kimlərsə toyu gur keçsin deyə mənim adımı yazdırır dəvətnaməyə, əlbəttə, məndən razılıq alandan sonra. Razılıq alırlar və deyirlər ki, ayın filanında gələcəyik. Gözləyirəm, gəlmirlər. Görünür, bax, sənin dediyin o söhbətlərdən qorxurlar. Sonra gedib danışırlar ki, guya mən etiraz eləmişəm, istəməmişəm. Bax, əsl söz belə olur. Axı, bizim elimizin min illik adətinə hansı xanəndə xor baxa bilər? Bu, nanəciblikdir".
   
   Mən də inanmırdım, inana bilmirdim. Bu qədər sadə, mehriban, oturuşunu, duruşunu, hərəkətini, sözünü, sözünün yerini (toy aparan müğənni üçün bütün bunlar çox vacibdir) bilən və torpağa, kəndə, el-obaya bu qədər bağlı olan bir müğənni, bir adam belə eləyə bilər.
   
   İnanmırdım!
   
   Yaxşı ki, inanmırdım!
   
   Hələ o zaman Qədir Rüstəmov Bakıda yaşadığı vaxtlarda, mənimlə qonşu olduğu günlərdə onunla kiçik bir "sorğu" keçirmişdim. Əlbəttə, bu, hamımızın başa düşdüyü mənada geniş sorğu deyil. Günlərlə apardığımız söhbətlər arasında soruşulan şeylərdir. Ona görə də bir qədər qırıq səslənir, tam deyil, bəlkə də qurudur, rəsmidir.
   
   Qədir sorğu verməyi sevmirdi, çox danışmaqla arası yox idi (o vaxt biz bir yerdə olanda).
   
   Beləydi həmin söhbət:
   
   MƏN: - İlk dəfə və hansı mahnını lentə yazdırmısan? Bu işdə sənə kim kömək eləyib? Bələdçin kim olub?
   
   O: - Bu olub altmış səkkizinci ildə. Əhsən müəllim məni ansambla dəvət elədi və açığını deyim ki, Əhsən müəllim çox əziyyət çəkdi, çox məşğul oldu. İlk dəfəydi ki, mən belə bir çətin işə düşürdüm. Televiziyada heç vaxt çıxış eləməmişdim, heç bir şey yazdırmamışdım. Bir az kəmhövsələyəm. Əhsən müəllim məni dilə tutdu və onun ağır zəhməti sayəsində səsimi lentə yazdırdım.
   
   - Qədir, təhsilin var, bir yeri qurtarmısan?
   
   - Asəf Zeynallı adına musiqi məktəbindən qovulmuşam (!).
   
   - Niyə məhz xalq mahnıları oxuyursan?
   
   - Bilirsən, bəlkə Qarabağın torpağı belədir, mən torpaqdan uzağa düşə bilmirəm.
   
   - Bilirsən də Qədir, mən radioda "Melodiya" klubunu aparıram. Bu klubun ünvanına gələn məktublarda sənə xüsusi sevgi var.
   
   - Vallah, sağ olsunlar! Mənə məktub yazanlar da sağ olsun, məktub yazmayanlar da. Bizim muğam və mahnılara dərin hiss və həyəcan var. Mən də mahnı oxuyarkən bu hissi, bu həyəcanı camaata çatdırmaq istəyirəm.
   
   - Ən çox sevdiyin və qulaq asmaq istədiyin müğənni?
   
   - Seyid Mirbabayev, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov.
   
   Qəribəydi, Qədir ürəyinin lap dərinliyində, bəlkə də populyar olmaq, tanınmaq, başqa müğənnilər kimi ad-san qazanmaq (əlbəttə, rəsmi ad-sandan söhbət gedir) istəyirdi. Və bilirdi ki, bunları hansı yollarla əldə eləmək olar. Bilirdi və buna can atmırdı.
   
   O bilirdi ki, hər hansı bir adlı-sanlı bəstəkarın mahnısı onu tanıda bilər, populyar eləyər. Və yaxud uzaq getməyək, həmin bəstəkar hardasa ona əl tuta bilər, onun adını haralardasa çəkə bilər.
   
   Bunları bilirdi və heç bir bəstəkarın mahnısını oxumurdu.
   
   Bunları bilirdi və dava-dalaşla vaxt alıb "Sona bülbüllər"i, "Apardı Sellər Saranı", "Gül açdı kimi" xalq mahnılarını lentə aldırırdı.
   
   Özü də nə əziyyətlə, nə çətinliklə!
   
   Sonra biz onu dinləyirdik.
   
   Sonra xalq onu dinləyirdi.
   
   Sonra biz ona "bəh-bəh" deyirdik.
   
   Sonra xalq ona "bəh-bəh", "əhsən" deyirdi.
   
   Deyirdik. Deyirdilər!
   
   Ancaq təsəvvür edin! İndi artıq neçə vaxtdır Qədir Rüstəmov yoxdur. Bakıdan uzaqdadır. Heç kəs onunla maraqlanmır.
   
   Heç kəs ondan ötrü heç kəsə, heç yana bir şey yazmır.
   
   Niyə?
   
   Niyə biz bu qədər soyuğuq? Niyə biz bu qədər laqeydik? Niyə biz bu qədər insafsızıq?!
   
   Niyə biz itirdiyimiz adamları çox-çox illərdən sonra sevməyə başlayırıq? Nədi bu xəstəlik, nədi bu azar?
   
   Müğənni Qədir Rüstəmovun musiqiyə gəlişi o qədər qəfil, o qədər gözlənilməz oldu ki, bu gəliş illərdən bəri yaranmış durğunluğu silkələdi.
   
   İndi mənə elə gəlir ki, o, qəfil gəldiyi kimi, qəfil də getdi!
   
   Onun səsi xalq havaları üçün biçilmişdi. Bəlkə də heç bu havaları seçməyində Qədir Rüstəmov elə bir qəhrəmanlıq-zad da eləməyib. Havalar onun səsinə uyar olub. Bu səs o havaları çağırıb sanki.
   
   Bunlar həqiqətdi və bir də o həqiqətdi ki, Qədir Rüstəmov öz sənətinin, öz səsinin yerini bilib.
   
   Sadəcə olaraq, Qədir Rüstəmov başa düşüb ki, o, bu dünyaya ona görə gəlib ki, öz səsilə kiməsə xoşbəxtlik gətirə bilər, onun səsi kimin üçünsə təsəllidir. Onun səsində ümid qoxusu var. Adamın içindəki ayrılıq, həsrət onun mahnılarını dinləyəndə yumşalır, onu eşidən bir qədər öz dərdindən, öz sərindən yüngülləşir.
   
   Və nəhayət, inanırsan ki, bu gün sənin üçün çox ağır və yaşanılmaz olsa da, hələ "yaşamağa dəyər bir az da...". Hələ həyatın sonu deyil.
   
   Qədir Rüstəmovun hıçqırıqlarındakı, harayındakı, çağırışındakı ürək döyüntüsünü, ürək yanğısını duyursan və bu, ən azı sənin qəlbindəki boşluğu doldurur. Qədirin həyat dolu, yaşarılıq dolu -
   
   Elə yar, yar deyirlər,
   
   Heç məni demirlər...
   
   - naləsindəki nidalar, kimsəsizlik harayı səni kiməsə qovuşdurur, birdən-birə sənətin bu qədər böyük, oxumanın bu qədər həyan olmağına inanırsan.
   
   Necə oldusa bir dəfə söhbət vaxtı mən bilə-bilə dedim: axı, hardandı, hə, hardandı Qədirin məhz xalq mahnılarını seçməsi? Niyə gedib bəstəkar mahnılarına əl atmır, başını girləmir, pul qazanmır?
   
   Dostlardan biri o saat dedi:
   
   - Hardan olacaq?! Bu adam istedaddı, vəssəlam!
   
   Mənə elə gəlir ki, bax, bu bircə kəlmədə çox böyük həqiqət var. Bilmirəm, kimsə deyib: "İstedad elin varıdır. Bir nəfərin "yox". Əgər elin varıdırsa, el də onun qayğısına qalmalıdır.
   
   Qədir Rüstəmov istedaddır. Bunu danmayaq. Özü də elə bir istedaddır ki, illərlə onu gözləməli oluruq.
   
   Deyək ki, Qədir Rüstəmov operada çıxış eləyə bilmədi. Deyək ki, Rəşid Behbudov kimi geniş diapozonlu səsə malik deyil.
   
   Ancaq mən onun səsinin bir muğamda neçə çalarını eşitmişəm. Hər misrada, hətta hər sözdə Qədir Rüstəmov neçə-neçə səs çalarından istifadə edə bildiyini sübut eləyib.
   
   Açığını deyək: onun oxuduğu el havaları bizim operalarımız kimi, operalardan ariyalar kimi əziz və qiymətli deyilmi?
   
   (Deyirlər ki, Cabbar Qaryağdıoğlu bir dəfə Parisdə bir muğamı səkkiz saat oxuyub. Ancaq bir opera cəmisi üç saat davam eləyir).
   
   Biz etiraz etmirik. Qoy nəyinsə hesabına (heyf səsinin yox, istedadının yox, irəli çıxıb) ad-san qazananlar da olsun. Bunu əlacsızlıqdan deyirik. Olmasa daha yaxşıdır.
   
   Ancaq gəlin əziz adamlarımızın da qədrini bilək.
   
   Gəlin düşünək: axı, nə gedir bizdən gedir, xalqdan gedir.
   
   Məşhur rus şairi Lev Ozerovun bir fikrini tərcüməsiz çatdırmaq istəyirəm:
   
   
   
   Talantam nado pomaqat,
   
   Bezdarnıye probyutsya sami
   
   
   
   Müğənni Qədir Rüstəmov Bakıda yaşayırdı. Ev-eşiyi vardı. Çətinliklə də olsa, dolanırdı. Ancaq o, şəhərdən getdi. İndi şəhərə gələnlərin sayı gündən-günə artdığı bir vaxtda bu bir qədər qəribə səslənmirmi?!
   
   Getdi və qayıdıb-qayıtmayacağını heç kəs bilmir!
   
   Mən hələ də inana bilmirəm ki, o, kimdənsə inciyib şəhərdən getdi. Yox, onun yeri məhz oralardır - Ağdamdır. Ağdamın geniş eyvanlı evləridir, ata yurdudur.
   
   Ancaq gəlin açıq deyək: o, buradan köçəndən kimin yadına düşüb? Onu da böyük muğam ustası Ağabala Abdullayevin taleyi (!) gözləmirmi?
   
   Bilmirəm.
   
   Soruşmaq istəyirəm: oralarda günlər necə keçir, Qədir Rüstəmov?
   
   Oralarda darıxmırsan ki?..
   
   Bu suallara və başqa bir neçə suala cavab almaq üçün bilmirəm nə vaxt, haçan, mütləq Qarabağa gedəcəyəm, Qədir Rüstəmovu tapacağam, onun haqqında ikinci məqaləmi yazacağam.
   
   Təki sağlıq olsun!
   
   1978
   
   QƏDİR RÜSTƏMOV: "Mən özümü, səsimi hazırlayırdım. Deyirdilər ki, bax, filan vaxtı "zapis" (səsyazma) olacaq. Hazır gəlirdim. Heç bir şey alınmırdı. Təzədən üstündən aylar keçirdi. Unudurdular. Yaddan çıxırdım"
   
   QƏDİR RÜSTƏMOV:
   
   "Çıxıb gedəcəyəm rayona. Yaşaya bilmirəm burda"

TƏQVİM / ARXİV