adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"QOBUSTAN" toplusu - 40 (1969-2009)

TOFİQ ABDİN
28220 | 2009-02-21 07:17
"QOBUSTAN" TOPLUSUNUN 40 İLLİYİ ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ?" sualı ilə müraciət edib, həmin yazıları vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm. İlk yazımız: "ORDA DARIXMIRSAN Kİ, QƏDİR?"dir və həmin yazı haqqında mübahisə doğuran bir söhbət də qələmə alınır.
   
   
   
   ... YETMİŞİNCİ İLLƏRİN sonuna gedirdik və mənim müğənni QƏDİR RÜSTƏMOV haqqındakı yazım Mərkəzi Komitədə bir məsul şəxsin əlinə keçmişdi. Daha doğrusu, yəqin ki, tələb etmişdilər ki, nömrəyə baxaq və Anar da məcbur olub həmin nömrəni göndərmişdi.
   
   Təsadüf elə gətirmişdi ki, belə məqamlardan birində mən Anar müəllimin otağında idim, telefon səsləndi (tam təsadüfdür vallah) və hal-əhvaldan sonra (təbii bir giriş) yavaş-yavaş danışığın tonu dəyişir və mən Anar müəllimin sifətinin cizgilərindən nəsə ağrılı bir şey baş verdiyini görürəm. Mən yalnız Anar müəllimdən eşitdiklərimin şahidiyəm. Sonradan məlum olacaq ki, bu danışıq mənim ORDA DARIXMIRSAN Kİ, QƏDİR? yazım haqqındaymış. Uzun bir göstərişdən və nə bilim daha nələrdən sonra Anar müəllimin səsinin tonu bir az da dəyişir və məndə təəccüb doğuracaq bir əsəbiliklə: Hələlik bu jurnalın baş redaktoru mənəm və burada gedən yazılara mən cavabdehəm və kimin haqqında nə böyüklükdə yazı verilməsini mən həll edirəm. Nə zaman siz burada otursanız, o zaman dediyiniz şeyləri eləyərsiniz. Başqa sözünüz yoxdur ki...
   
   Proyektimiz çərçivəsində indicə oxuyacağınız həmin yazım, bəzi dəyişikliklərlə (o variant məndə yoxdur) toplunun səhifələrində yer aldı.
   
   Zaman dəyişir və insanlar da dəyişən zamanı yaşamaq məcburiyyətində. Ona görə də bir çox şeylər eroziyaya uğradı, bir çox şeylər unuduldu, amma biz nə qədər yaddaşsız millət olsaq da, unudulmayan şeylər var. Bunu da danmaq olmaz.
   
   
   
   QƏDİR RÜSTƏMOV":Mən özümü, səsimi hazırlayırdım. Deyirdilər ki, bax, filan vaxtı "zapis" (səsyazma) olacaq. Hazır gəlirdim. Heç bir şey alınmırdı. Təzədən üstündən aylar keçirdi. Unudurdular. Yaddan çıxırdım"
   
   
   
   (ƏVVƏLİ QƏZETİMİZİN 1 VƏ 14 FEVRAL 2009-CU İL SAYINDA)
   
   
   
   ... O, gözlərini yumub oxuyardı. Oxuyur. Və güman eləyirəm ki, Qədir Rüstəmov məhz ürəyinin gözləriylə görür, duyur, sevir.
   
   Başqa bir məktubda isə dinləyici yazırdı: "Açığını deyək ki, Qədir Rüstəmovun heç bir müğənninin ifasına bənzəməyən səsi bizim qəlbimizdə riqqət doğurur. Biz onun gözəl səsinin dəyərini verəcək bir tutarlı söz tapa bilmirik. Biz onun səsini niyə sevirik? Bəlkə ona görə ki, bu səsdə ululuq var. Ən təəccüblüsü budur ki, bilmirik fikir vermisiniz, ya yox, Qədir oxuyanda onu müşayiət edən musiqi alətlərinin ahəngi, səsi də tamamilə dəyişir, şirinləşir, doğmalaşır. Canlı olur. Axı, tar həmin tardır. Kamança həmin kamançadır. Bəs nədir dəyişən? Oxuyarkən fikir verin ona. Onun sifət cizgilərinə. O qədər əziyyət çəkir ki, (səs azlığından yox, ifa kasadlığından yox, texniki çatışmazlıqdan yox) az qalırsan deyəsən: bəsdir, oxuma! Axı, bu, sonuncu gün deyil.
   
   Ancaq qulaq asırsan. Və hər şey sənə əziz gəlir.
   
   Bizim başqa müğənnilərdən bir xahişimiz var: onlar "Sona bülbüllər"ə toxunmasınlar. Axı, Qədir bu mahnını o qədər gözəl ifa eləyir ki, başqaları necə oxusalar da kölgədə qalarlar".
   
   "Mən təkcə bu mahnını oxumuram. Kimsə bunu mənim ünvanıma yazır. Axı, məni nə vaxtadək "Sona bülbüllər"i oxuyan müğənni kimi tanıyacaqlar. Dostlar, tanışlar da məni qınayır: O nədi, həmişə elə eyni mahnını oxuyursan. Mən nə deyə bilərəm?"
   
   Doğrudan da Qədir Rüstəmov nə deyə bilərdi?
   
   Bu narahatlıq dolu sualı bir qədər açaq:
   
   Ona görə ki, indi artıq belə bir gözəl müğənni baş götürüb, bəli, məhz baş götürüb rayona köçəndən sonra bu sualı açmağa bizim cürətimiz çatar.
   
   Doğrudan da Qədir hardan biləydi?
   
   O, dəfələrlə mənim yanıma gileyli gələrdi. (Artıq bilirdi ki, mən hörmətli jurnalda işləyirəm. Radioda veriliş aparıram. Ona elə gəlirdi ki, bizi də haradasa eşidirlər. Qədir o qədər sadəlövh, o qədər insani həssaslığa malik bir adamdı ki, başqa cür fikirləşə də bilməzdi).
   
   Heç kim onunla maraqlanmırdı.
   
   Onun səsini, mahnılarını lentə almaq heç kəsin yadına düşmürdü.
   
   Yada düşəndə də məhz elə vaxt düşürdü ki, ona da nəsə mane olurdu.
   
   O, günlərlə qapını kəsdirən müğənnilərdən deyildi.
   
   Ancaq əziyyətə dözən idi!
   
   "Mən özümü, səsimi hazırlayırdım. Deyirdilər ki, bax, filan vaxtı "zapis" (səsyazma) olacaq. Hazır gəlirdim. Heç bir şey alınmırdı. Təzədən üstündən aylar keçirdi. Unudurdular. Yaddan çıxırdım".
   
   Müğənni Qədir Rüstəmov bunları mənə deyirdi.
   
   Mənim əlimdən nə gəlirdi...
   
   Bəlkə o bilirdi ki, nə vaxtsa mən onun haqqında, heç olmasa, bir yazı yazmalıyam.
   
   O, heç kəsdən şikayət eləmirdi. Gileylənmirdi. Sadəcə olaraq mənə danışırdı. Danışdıqca yüngülləşirdi. Sakitləşirdi. Və bir də uzun qış gecələrini nəylə yormaq olardı...
   
   O, qəlyan çəkirdi, danışırdı. Mən də onunla hərdənbir Avropa estradası haqqında söhbət eləyirdim. Və görürdüm ki, Qədir mənim sevdiyim gözəl estradaçıların hamısını tanıyır və onları çox-çox eşidib.
   
   "Çıxıb gedəcəyəm rayona. Yaşaya bilmirəm burda".
   
   Qərəz üçün demirdi. Acıqla demirdi. Kimnənsə qisas üçün söyləmirdi.
   
   Ürək tələb edirdi bunu.
   
   O, çox nadir hallarda filarmoniyanın bağında toplaşan toy müştərisi gözləyən müğənnilərin yanına gələrdi. Ancaq onu da toylara dəvət edirdilər, onu axtarıb tapırdılar. Mən hər dəfə görürdüm ki, onun evində yad adamlar var. Onun həmişə qonağı olardı. Respublikanın müxtəlif rayonlarından, kəndlərindən. Ünvanı çox çətin tapılan, daha doğrusu, ünvanı olmayan (evi olan) bu müğənnini axtarıb tapırdılar. Onu el məclislərinə - toylara dəvət eləyirdilər. Başqalarını bilmirəm, Qədir çox səxavətlə yanaşardı onu toya dəvət eləyənlərə. Kimin gücü nəyə çatır, ona da razı olurdu.
   
   Bir vaxtlar mən hələ onu tanımırdım. Başqaları kimi mən də onun haqqında orda-burda danışılanları eşidirdim. Deyirdilər ki, guya Qədir Rüstəmov dəfələrlə toy sahiblərini dar ayaqda qoyub. Deyirdilər ki, guya toyun şirin yerində bir də görürdün ki, Qədir qalxır ayağa, qavalı alır əlinə və deyir ki, mən getdim, xudahafiz!
   
   Biz toy adətlərimizi məhv edə bilmərik və bu işə həmişə müqəddəs yanaşmalıyıq. Bu məsələdə hay-küy, ucuz müzakirəyə yol vermək olmaz və doğrudan da bir el müğənnisi (əgər o, bu ada layiqsə) hər hansı bir adamın toyunda bu cür hərəkət eləyirsə (yəni Qədirin adına çıxılan hərəkəti nəzərdə tuturam) bu, qəbahətdir, günahdır. Açığını deyim ki, mən bu sözləri dəfələrlə eşitsəm də, inanmırdım. Və tanış olandan sonra mən bütün bunları öyrənməyə can atırdım. Əlbəttə, bunları soruşanda nə əlimdə qələm, nə də qarşımda dəftərçə. O, qəlyan çəkərdi, çay içərdi.
   
   Mən öz kofemi içərdim.
   
   O, başını bulayardı.
   
   (davam edəcək)

TƏQVİM / ARXİV