adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ORDA DARIXMIRSAN Ki, QƏDiR? - 2

TOFİQ ABDİN
27357 | 2009-02-14 01:22
"QOBUSTAN" TOPLUSUNUN 40 İLLİYİ ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ?" sualı ilə müraciət edib, həmin yazıları vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm. İlk yazımız: "ORDA DARIXMIRSAN Kİ, QƏDİR?"dir və həmin yazı haqqında mübahisə doğuran bir söhbət də qələmə alınır.
   
   
   
   ... YETMİŞİNCİ İLLƏRİN sonuna gedirdik və mənim müğənni QƏDİR RÜSTƏMOV haqqındakı yazım Mərkəzi Komitədə bir məsul şəxsin əlinə keçmişdi. Daha doğrusu, yəqin ki, tələb etmişdilər ki, nömrəyə baxaq və Anar da məcbur olub həmin nömrəni göndərmişdi.
   
   Təsadüf elə gətirmişdi ki, belə məqamlardan birində mən Anar müəllimin otağında idim, telefon səsləndi (tam təsadüfdür vallah) və hal-əhvaldan sonra (təbii bir giriş) yavaş-yavaş danışığın tonu dəyişir və mən Anar müəllimin sifətinin cizgilərindən nəsə ağrılı bir şey baş verdiyini görürəm. Mən yalnız Anar müəllimdən eşitdiklərimin şahidiyəm. Sonradan məlum olacaq ki, bu danışıq mənim ORDA DARIXMIRSAN Kİ, QƏDİR? yazım haqqındaymış. Uzun bir göstərişdən və nə bilim daha nələrdən sonra Anar müəllimin səsinin tonu bir az da dəyişir və məndə təəccüb doğuracaq bir əsəbiliklə: Hələlik bu jurnalın baş redaktoru mənəm və burada gedən yazılara mən cavabdehəm və kimin haqqında nə böyüklükdə yazı verilməsini mən həll edirəm. Nə zaman siz burada otursanız, o zaman dediyiniz şeyləri eləyərsiniz. Başqa sözünüz yoxdur ki...
   
   Proyektimiz çərçivəsində indicə oxuyacağınız həmin yazım, bəzi dəyişikliklərlə (o variant məndə yoxdur) toplunun səhifələrində yer aldı.
   
   Zaman dəyişir və insanlar da dəyişən zamanı yaşamaq məcburiyyətində. Ona görə də bir çox şeylər eroziyaya uğradı, bir çox şeylər unuduldu, amma biz nə qədər yaddaşsız millət olsaq da, unudulmayan şeylər var. Bunu da danmaq olmaz.
   
   
   
   (əvvəli qəzetimizin 08 fevral 2009-cu il tarixində )
   
   
   
   Qədir Rüstəmov: "Mən eşitmişəm Seyidi, Xanı, Yaqubu. Çox eşitmişəm onları. Az eşitmişəm Cabbarı!"
   
   
   
   Qədir Rüstəmov: "...gərək razı olmayaydım televiziya ilə oxumağa. Nəyimə gərək idi. Səsimi eşidirdilər. Özümü görmürdülər. Bu bəs idi.
   
   
   
   
   
   ... Qədir Rüstəmov onda hələ çox maraqlı idi. Onun haqqında hətta müxtəlif şayiələr gəzirdi.
   
   Vartaşen rayonundan bir qız uşağı onun ünvanını tələb edirdi. Bəli, tələb edirdi. Əvvəlcə xahişlə dolu məktublar alırdım ondan. Sonra əsəbi məktublar gəldi. Sonra yalvarmağa başladı. Bir dəfə yox. Dəfələrlə məktub yazdı: "Qədirlə tanış olmaq istəyirəm. Mənə kömək edin".
   
   Bir dəfə bunu ona dedim.
   
   "Kənd qızıdı də, ürəyi təmizdi. O, mənim səsimi sevir, - dedi. Oxuduğum el havalarını sevir. Bundan heç özünün də xəbəri yoxdur. Belələrini qınamaq da olmaz".
   
   Qəribədir. Həmin məktublardan birində (Vartaşendən gələn həmin qızın məktubunda) deyilirdi: "Siz niyə belə yanğılı oxuyursunuz? Siz sizi sevməyənə niyə yalvarırsınız? Özünüzə heyfiniz gəlmirmi? Axı, sizi onsuz da eşitmirlər. Axı, o adam sizə layiq deyil".
   
   Bu sətirlər olduğu kimidir.
   
   Bilmirəm, o adam doğrudan da var idimi, ya yox? Doğrudanmı, müğənni Qədir Rüstəmov yanğı ilə oxuyanda, ürəyini yeyə-yeyə oxuyanda, səsi ox kimi dartılıb açılanda, bir adamı nəzərdə tuturdumu?
   
    Bilmirəm, bunu öyrənə də bilmədim
   
   Qəribədir: onu bizim ulu müğənnilərə, xüsusilə Cabbara daha çox oxşadırdılar. O isə: "Siz kimlərdən öyrənmisiniz" - sualına əvvəlcə istehzayla, sonra gülə-gülə cavab verirdi. İstehzayla: müğənni pinəçi deyil ki, öyrənsin oxumağı.
   
   Sonra gülə-gülə: "Mən eşitmişəm Seyidi, Xanı, Yaqubu. Çox eşitmişəm onları. Az eşitmişəm Cabbarı!"
   
   Qədir beləcə deyirdi. Ona qulaq asırdım, ancaq düşünürdüm ki, onun belə gülə-gülə deməsində bir hiss gizlənir: axı, mən onlardan pis oxumuram. Bunu siz də bilirsiz!
   
   Qədir Rüstəmov heç vaxt belə deməzdi. Güman ki, heç ürəyindən də keçirmirdi bunları. Mənə belə gəlirdi.
   
   "Siz filankəslərdən yaxşı oxuyursunuz!"
   
   O, etiraz edərdi: belə deyil. Yox, belə deyil! Onların oxuduğu elə mahnılar var ki, mən heç yaxın dura bilmərəm. Sənətin yönünü tapıb onlar. Heç bilirsizmi, onları necə sevirlər. Həftə səkkiz televiziyada çıxış edirlər. Onları çox tanıyırlar. Bu az iş deyil.
   
   Bütün bunları deyən Qədir Rüstəmov da tanınmaq istəyirdi. Güman eləyirəm ki, onun da ürəyindən televiziyada, konsert salonlarında çıxış eləmək keçirdi.
   
   Güman eləyirdim!
   
   Qədir Rüstəmov televiziya ilə cəmisi bir neçə dəfə oxuyub. Onda da Allah bilir nə zülm ilə aparıblar ora. Televiziyada işləyən həmkarlarımdan biri deyir ki, Qədirin çıxışını lentə alanda əməkdaşlardan çoxu işini-gücünü buraxıb ona qulaq asmağa gəliblər. Heyran-heyran qulaq asıblar. Hətta gizlincə onun oxuduğu havaları lentə alıblar. Mən həmin lentdəki muğam parçalarına qulaq asa bilmişdim. Həmin havalar sonralar heç yanda səslənmədi. Eşidə bilmədim.
   
   Yadımdadı. Bizlərdən çoxumuz bu konserti gözləyirdik.
   
   Dünya çempionatında xokkey, futbol yarışını gözlədiyimiz kimi.
   
   Sonralar Qədir Rüstəmov həmişə peşman-peşman deyərdi: gərək razı olmayaydım televiziya ilə oxumağa. Nəyimə gərək idi. Səsimi eşidirdilər. Özümü görmürdülər. Bu bəs idi.
   
   Qədir Rüstəmov qəşəng oğlan deyil. Ancaq kişi görkəmi var onda. Mərddir. Sərtdir. Və bəlkə də bir az kobuddur. Yaxşı mənada deyirəm bunu.
   
   Çox zaman papaqda gəzər. Əlində tənbəki kisəsi və qəlyan. O, qəlyan çəkir. Ona görə yox ki, ulu müğənnilər də nə vaxtsa qəlyan çəkib. O, qəlyan çəkərdi. Və mən ona baxardım. Fikirləşərdim: nəyinə lazımdır sənin qəşənglik. Uca boy. Qəddi-qamət! Gözəllik sənin səsindədir. Heç bilirsənmi, səni necə sevirlər. Heç bilirsənmi?
   
   Axı, hardan da biləsən?!
   
   Bir vaxtlar mən Azərbaycan radiosu ilə "Melodiya" radio klubu deyilən bir veriliş aparırdım. Hər həftə Qədir Rüstəmovun ünvanına gələn məktublar məni əldən salırdı. Bu məktublar arasında onun oxuduğu mahnıları, el havalarını təkrar-təkrar dinləmək istəyənlər də var idi. Onunla şəxsən məktublaşmaq arzusunda olanlar da.
   
   Deyim ki, o zaman Qədir Rüstəmov hələ televiziyaya çıxmamışdı. Məşhur mahnısı "Sona bülbüllər"i təzəcə lentə aldırmışdı, radio əməkdaşları, televiziyanın sanki acığına hər həftə sifariş konsertində bu mahnını verirdilər. Şübhəsiz dinləyicilər xahiş eləyirdilər bu qədim el mahnısını. Buna mən şübhə etmirdim.
   
   Yazanlar yazırdılar. Məktub göndərirdilər bu ünvanı olmayan xalq ifaçısına. Onlar əlacsız qalıb radioya, televiziyaya məktublar göndərirdilər. Sonra cavab istəyirdilər. Onlar bir şeyi bilmirdilər ki, hətta radio və televiziya əməkdaşlarının çoxu belə onu - Qədir Rüstəmovu çox çətinliklə tapırlar.
   
   
   
   (davam edəcək)
   
   

TƏQVİM / ARXİV