adalet.az header logo
  • Bakı 18°C

ORDA DARIXMIRSAN Ki, QƏDiR? -1

TOFİQ ABDİN
25321 | 2009-02-07 08:08
"QOBUSTAN" TOPLUSUNUN 40 İLLİYİ ilə bağlı şəxsi təşəbbüsümlə belə bir proyekt həyata keçirirəm. ƏDALƏT qəzetinin mənə verdiyi imkandan istifadə edib QOBUSTANın keçmiş oxucularına "SİZ O DƏRGİDƏN HANSI YAZINI YENİDƏN OXUMAQ İSTƏRDİNİZ?" sualı ilə müraciət edib, həmin yazıları vaxtaşırı çap edəcəyəm. Sizin istəklərinizi gözləyirəm. E-mail adresim yazının əvvəlində. Öncədən təşəkkürlərimi bildirirəm.İlk yazımız: "ORDA DARIXMIRSAN Kİ, QƏDİR? "dir və həmin yazı haqqında mübahisə doğuran bir söhbət də qələm alınır.
   
   
   
   ...YETMŞİNCİ İLLƏRİN sonuna gedirdik və mənim müğənnni QƏDİR RÜSTƏMOV haqqındakı yazım Mərkəzi Komitədə bir məsul şəxsin əlinə keçmişdi. Daha doğrusu, yəqin ki, tələb etmişdilər ki, nömrəyə baxaq və Anar da məcbur olub həmin nömrəni göndərmişdi.
   
   Təsadüf elə gətirmişdi ki, belə məqamlardan birində mən Anar müəllimin otağında idim, telefon səsləndi ( tam təsadüfdür Vallah) və hal-əhvaldan sonra (təbii bir giriş) yavaş-yavaş danışığın tonu dəyişir və mən Anar müəllimin sifətinin cizgilərindən nəsə ağrılı bir şey baş verdiyini görürəm. Mən yalnız Anar müəllimdən eşitdiklərimin şahidiyəm. Sonradan məlum olacaq ki,bu danışıq mənim ORDA DARIXMIRSAN Kİ,QƏDİR? yazım haqqındaymış.Uzun bir göstərişdən və nə bilim daha nələrdən sonra Anar müəllimin səsinin tonu bir az da dəyişir və məndə təəccüb doğuracaq bir əsəbiliklə: Hələlik bu jurnalın baş redaktoru mənəm və burada gedən yazılara mən cavabdehəm və kimin haqqında nə böyüklükdə yazı verilməsini mən həll edirəm. Nə zaman siz burada otursanız, o zaman dediyiniz şeyləri eləyərsiniz.Başqa sözünüz yoxdur ki...
   
   Proyektimiz çərçivəsində indicə oxuyacağınız həmin yazım, bəzi dəyişikliklərlə ( o variant məndə yoxdur) toplunun səhifələrində yer aldı.
   
   Zaman dəyişir və insanlar da dəyişən zamanı yaşamaq məcburiyyətində. Ona görə də bir çox şeylər eroziyaya uğradı, bir çox şeylər unuduludu, amma biz nə qədər yaddaşsız millət olsaq da, unudulmayan şeylər var. Bunu da danmaq olmaz.
   
   
   
   Mən müğənni Qədir Rüstəmov haqqında yazmaq istəmirəm. Bu bəlkə də sərt deyilmiş yalandır. "Bəlkə" deyirəm, ona görə ki, ürəyimin ən gizli, ən uzaq guşəsində bu istək yaşayır: istəyirəm ki, bu müğənni (epitetləri saxlayaq sonraya) haqqında yazam.
   
   Bəs onda nə üçün bu yazını etirazla başladım? Yazmaq istəmirəm. Bu həqiqətdi. Ancaq yazmağa məcbur eləyirlər. Daha doğrusu etibar eləyirlər ki, Qədir Rüstəmov haqqında məhz mən yazım. Deyirəm: yaza bilmərəm!
   
   Deyirlər: yox yazmalısan!
   
   Niyə belə deyir onlar? Niyə belə deyir o adam?
   
   Bəlkə ona görə ki, mən Qədir Rüstəmovu daha yaxşı tanıyıram. Ancaq mənə elə gəlir ki, bu deyim, bu ifadə düzgün deyil. Mən onu yaxşı tanımıram. Əgər yaxşı tanısaydım heç şübhəsiz onun haqqında yazmağa qəti etiraz edərdim. Ona görə ki, ən yaxşı bələd olduğum, yaxşı tanıdığım adamlar haqqında çətinliklə yazıram. Və bu yazılar çox vaxt uğursuz alınır.
   
   Bir də məni qorxudan, bax, bu etibardır. Mənə etibar edirlər, üstəlik də deyirlər: sən yaxşı yazacaqsan!
   
   Nə deyirəm: İlahidən bir istəyim var, bu yazı xoşa gəlsin, bu gözəl müğənninin adına layiq olsun!
   
   Əslində Qədir Rüstəmov haqqında yazmağa mənim dəfələrlə imkanım olub. Hər dəfə də mən boyun qaçırmışam. Əvvəllər özümü bu müğənni haqqında yazmağa hazırlıqlı hesab eləmirdim. Qədir Rüstəmov haqqında zəif yazan müəlliflərə mənim acığım tuturdu. Mən onun adına layiq - Qədir Rüstəmovun yox, müğənni Qədir Rüstəmovun adına layiq yazını başa gətirəcəyimə inana bilmirdim, bu sətirləri də yaza-yaza, yenə də inana bilmirəm. Onun oxuması o qədər bənzərsizdir ki, mən Qədir Rüstəmov haqqında zəif yazı ilə neçə-neçə nəslin əzizlədiyi, piləyə-piləyə səslərini qoruyub saxladıqları, şüşə kimi sınamaqdan gözlədikləri ulu ustadların ruhuna, məhz ruhuna xəyanət etmiş olardım. Qədir haqqında yazmaq xatirələri oyatmaq, olmuşları yada salmaq, üstündə otlar göyərmiş, üstünə ulu nəğmələr çilənmiş və bu nəğmələrdən səslər göyərmiş məzarların (əgər tapa bilsəniz) ziyarətinə gəlmək deməkdir.
   
   Qədir Rüstəmov haqqında yazmaq fəsil-fəsil, il-il geriyə dönmək - bu fəsillərdə, bu illərdə mərdanəlik, kişilik və hər şeydən əvvəl azərbaycanlılıq axtarmaq deməkdir.
   
   Elə azərbaycanlılıq ki, utanmadan, çəkinmədən çuxada, buxara papaqda, əldə dəf xanım-xatın Paris qadınlarının, qeyri-adiliyilə seçilən Paris sənətinin qarşısında bir vaxt meydan sulayıb.
   
   Qədir Rüstəmov haqqında yazmaq mənim üçün hər şeydən əvvəl məhəbbətdən, sevgidən yazmaq deməkdir. Oxşamalardan, bayatılardan, ağılardan, toylardan, yaslardan yazmaq deməkdir.
   
   Bura qataq Vətən sevgisini də, el sevgisini də...
   
   Qədir Rüstəmov haqqında yazmaq, ilahi, necə də çətindi! Niyə belə çətindi?!
   
   "Sən onu yaxşı tanıyırsan!"
   
   Bəlkə də bəxtin gətirməyidi. Bəlkə də təsadüfdür. Hər halda belədir. Mən Qədir Rüstəmovla qonşu olmuşam.
   
   Bir işığın aydınlığında axşamlamışıq.
   
   Bir ulduzun işığında gəzmişik.
   
   Bir şəhərin gecəsində gecələmişik, bir şəhərin gündüzündə axşamlamışıq.
   
   Və nəhayət, günlərin birində rastlaşmışıq. Rastlaşmışıq ki, balam, biz ki, qonşuyuq. Ancaq o vaxtadək, nə mən onu tanımışam, nə də o məni. Onun məni tanıması bir o qədər də vacib deyil. İndi mən ona yanıram ki, biz qonşu ola-ola, onu gec tanımışam.
   
   ... İlk dəfə onun adını başqasından eşitdim. İşlədiyim redaksiyada cavan müğənnilərin təqdim məsələsindən danışılanda, onun da adının tərəfində duranlar oldu. Onu qiyabi bizimlə tanış eləyən əməkdaş dedi: mütləq, mütləq yazmaq lazımdır. Cabbarı eşitmisinizmi? Lap Cabbarın özüdür. Səsində ululuq! Doğmalıq! Mərdanəlik! Və bir də sadəcə olaraq (o, sözünə ara verdi) Gözəllik var!
   
   Mənə elə gəldi ki, müqayisə eləmək üçün elə bir tutarlı epitet tapa bilmədi...
   
   Qəribəydi! Deyirdi ki, lap Cabbarın özüdür. Ancaq inad eləyirdi ki, Cabbarı yamsılamır. Özüdür deyirdi, ancaq demirdi ki, Cabbarı yamsılayır. Niyə?
   
   Ona görə ki, o bilirdi: Cabbarı yamsılamaq olmaz. Əgər yamsılamaq mümkün deyildisə, bəs onda ikinci Cabbar bizim nəyimizə lazım idi? Ümumiyyətlə, o Cabbar idimi? Ona oxşayırdımı?
   
   "Yox! Mən heç zaman Cabbar olmaq iddiasında deyiləm. Nahaq məni ona oxşadırlar. Cabbarın boğazlarına, zəngulələrinə fikir vermisinizmi? Aydınlıq, süd kimi gecələrin bir aydınlığı var onun səsində. Ancaq məndə zəngulələr belə deyil. Mən zənguləni nəğmənin ruhuna uyğun vurmağa çalışıram. Əgər nəğmə kədərlidirsə onda mənim boğazlarım, mənim zənguləm də kədərli olur. "Yox! Mən heç zaman Cabbar olmaq iddiasında deyiləm. Nahaq məni ona oxşadırlar".
   
   Sonralar Qədir Rüstəmov dəfələrlə bu sözləri təkrar etməli olacaq. Ona görə ki, çoxları bunu ona deyirdi və güman eləyirəm ki, bu da onun xətrinə dəyirdi.
   
    ( davam edəcək)

TƏQVİM / ARXİV