adalet.az header logo
  • Bakı 11°C

CƏHƏNNƏMİN ƏSGƏRİ...

BABƏK YUSİFOĞLU
36303 | 2014-02-11 00:20
Bəlkə də insanlar həyatı, yaşamağı o üzdən çox sevirlər, onu tərk etmək istəmirlər ki, o inanılmaz dərəcədə rəngarəngdir və sürprizlərlə, təsadüflərlə, qəribəliklərlə doludur. Yaşandıqca da bitmək bilmir. Həyat kimi elə insan oğlunun özünü də tam bir müəmma adlandırmaq mümkündü. Baş açılmayan müəmma...
O niyə nifrət edir, niyə sevir, hərdən hansı səbəbdən ən çətin olanı seçir? Bəzən ağlayır və heç vaxt gülə bilməyəcəyinə inanır, bəzənsə qəhqəhələrə, sevincə qapılırkən nə vaxtsa acıların onu saracağını düşünmür. İnsan oğlu axı necə həm rəhmdil, eyni zamanda zalım ola bilir? Təəccüblüdür, deyilmi?
Bu ehkamlar necə, harada yarandı ki, ocağını, doğmalarını... canından çox sevənlər qatilə çevrilir, kosmopolitlər, mənəvi dəyərlərdən xali olanlarsa xeyirxah, sülhpərvər kimi görünürlər? Yəni bu ziddiyyətli ikili keyfiyyətlər şüurlu bir varlığın xarakterində necə yerləşə bilər ki?
Deyirlər ki, qəzəb, nifrət duyğuları insan oğlunu şeytanın ayağına verir, onun ürəyində yaxşı olanları çıxarır, yerinə pisləri yerləşdirir. Görəsən mərhəmət hissindən məhrum olanlar haradansa gələrək kimsəyə məhəl qoymadan sənin, qonşunun, yaxınının, lap elə tanımadığın adamların məsum, günahsız uşaqlarını köməksiz qadınlarını öldürürsə, Tanrının verdiyi həyatı o körpəcik varlıqlardan müdafiəsiz insanlardan alırsa bu dəhşətin qarşısına rəhmlə, xeyirxahlıqla almaq, iblisi qəzəb və nifrətsiz durdurmaq, onu məhv etmək mümkündürmü? Kosmosu fəth edən insan zəkası bütün bunların izahını verə bilərmi?..
Onlar kənardan gəldilər şəhərləri, kəndləri xarabazara, çevirdilər. Qadınları, qızları zorladılar, cavanları öldürdülər. Buna qarşı duranları, dirəniş göstərənləri terrorçu adlandırdılar. Terrorçunun qəlbində doğulduğu yer uğrunda ölümünə sevgi ola bilərmi?.. Öldürmək üçün kənardan gələnlərin adı onda bəs nədir?.. Onlar minlərlə çeçen kimi Salman Raduyevi də terrorçu elan etdilər...

(əvvəli qəzetin 4 fevral sayında)


Ruslar ardı-arası kəsilmədən, ən müxtəlif çeşidli zirehli texnikalardan, tanklardan istifadə edərək böyük qüvvə ilə hücum edirdilər. Demək olar ki, şəhərin hər küçəsi, hər dalanı, hər məhəlləsi, az qala hər evi uğrunda döyüşməli olmuşdular. Salman Raduyev və digər bütün çeçen döyüşçülər bir qəhrəman kimi vuruşurdular. Küçələr rus tanklarının, zirehli texnikasının qəbiristanlığını xatırladırdı.
O zaman müharibənin içərisindən məlumatlar, reportajlar hazırlayan jurnalistlər yazırdılar ki, iki yüz milyonluq əhaliyə malik bir dövlətin ordusunun işğalçı yürüşünə qarşı duran 20 minlik mücahid ordusunun tək bir nəfərinin gözlərinin içərisində qorxu görmək mümkün deyil. Hətta həddi-büluğa çatmayan yeniyetmələri belə kimsə silaha sarılmaqdan çəkindirə bilmir. Bu bir xalq müqavimətidi...
Bir neçə gündən sonra ruslar böyük itkilər versələr də şəhərin sol cinahını ələ keçirməyi bacarmışdılar. Bundan başqa mücahidlərin silah-sursatı da azalmışdı. Salman Raduyev bundan sonra necə mövqe seçəcəklərinə qərar verməliydi. Əslində çeçenlər hələ bir müddət də müqavimət göstərə bilərdilər, hətta düşmənə sarsıdıcı zərbə vura da bilərdilər. Lakin Raduyevf sonda şəhəri tərk etməyi daha maqsədəuyğun saydı. Ona görə ki, kəşfiyyat xəbərlərindən öyrənmişdi ki, ruslar gecə yarısı əlavə olaraq şəhərə xüsusi hazırlıqlı hərbi birliklər yeridəcəklər. Və həmin dövr üçün ən vacibi cecen döyüşçülərinin mümkün qədər az itki verməsini təmin etmək idi. Bu müharibə hələ çox uzanacaqdı... İndi ölüm-dirim savaşına göndərilməyən həmin döyüşçülər şəhəri yenidən geri ala da bilərdilər...

VERİLƏN ŞƏHƏR GERİ ALINDI

Və Salman Raduyev həmin gecə döyüşçülərini itkisiz geri çəkməyi bacardı. Onda mart ayının sonlarıydı. Dəstə Vedene rayonunun dağlıq ərazilərinə çəkilərək keçilməsi zor olan yerlərdə mövqe seçdilər. Və geniş bir zonada partizan hərəkatı başlatdılar. Partizan hərakatı haqda qısa, lakin bir qədər obrazlı söz deyəsi olsam bunları söyləyə bilərəm: çeçenlər Moskvanın qoşunları üçün əsl cəhənnəm yaratdılar. Çünki rus hərbi birlikləri heç gözləmədikləri yerdə, gözləmədikləri zamanda onları başları üzərində görürdülər.
Bəzi məlumatlarda bildirilir ki, Salman Raduyev sonra öz dəstəsiylə məşhur səhrə komandiri, rus əsgərlərinin qorxunc kabusuna çevrilmiş Şamil Basayevin başçılıq etdiyi qoşunların tərkibinə keçmiş və bir müddət onlarla birlikdə döyüşmüşdür. Lakin hansı səbəbdənsə uzun zaman ərzində onun həyatı və fəaliyyəti haqqında əldə elə bir tutarlı məlumatlar yoxdur.
Lakin Qudermesin rus işğalından qurtulması yaddan çıxmamışdı. İlin sonunda şəhərdə yerli hakimiyyətə seçkilər keçiriləcəkdi və mücahidlər bu hadisədən istifadə edə bilərdilər. Və Salman Raduyev də heç nə baş verməmiş kimi şəhər rəhbərliyinə seçilmək üçün namizədliyini irəli sürdü. Əslində seçki kompaniyasını Rusiyanın tanımaq istəmədiyi İçkeriyanın rəsmi hakimiyyəti təşkil etmişdi. Maraqlıdı ki, Raduyev də 14 dekabrda seçkilərə qatıldı və qələbə qazandı. Qeyd edək ki, həmin ərəfədə ölkədə hökm sürən qarmaqarışıqlığa görə Moskva hələ Raduyevin şəxsində bir terrorist tanımırdı. Bəlkə də seçki "işləri"nə göz yummaqla özünün digər planlarını həyata keçirməyi nəzərdə tutmuşdu...
Bəli, qısa müddət sonra hər şey dəyişdi. Belə ki, ruslar tamam fərqli addımlar atmağa başladılar. Çeçenlər isə yaranmış bu situasiyanı şəhərin geri alınması üçün ən münasib vaxt hesab etdirdilər. Ona görə də şansı əldən buraxmadılar. General da həmin əməliyyatın başlamasına razılığını bildirmişdi. Hətta İçkeriya Dövlət Təhlükəsizliyi Departamentinin bir qrup döyüşçüsünün də Departamentin lideri Sultan Qelisxanovun başçılığı ilə bu döyüşdə iştirakına göstəriş vermişdi.
Çeçen mücahidləri 8-9 ay əvvəl ruslara "təhvil" verdikləri Qudermes uğrunda vuruşa atıldılar. Və cəmi bir həftə sonra - 23 dekabrda şəhər ruslardan geri alındı.

ÖLDÜRÜLMƏYƏ MƏHKUM EDİLMİŞLƏR...

Məhz bundan sonra rusların söhbətlərində Salman Raduyevin adı daha tez-tez çəkilməyə başladı - istər İçkeriyada, istərsə də Rusiyada. Çeçenlərin belə inadlı mübarizəsi Kreml üçün dəhşətli bir müəmma idi. Onlar Çeçenistanda sözün əsl mənasında bir cəhənnəmə düşmüşdülər. Çox çətinliklə bir səhra komandirini, bir əfsanə çeçen döyüşçüsünü məhv edirdilər, lakin onun əvəzinə ən azı ikisi meydana çıxırdı. Raduyevlər, Qelisxanovlar, Ruslan Gilayevlər, Arbi Barayevlər, Aslanbəy Əbdülhacıyevlər, Vaxa Arslanovlarg kimi...
Bütün dünya müharibə aparan bu qeyri-bərabər tərəfləri seyr edirdi. Özlərini insan haqlarının müdafiəçiləri, beynəlxalq qanunların zəmanəti bilən nüfuzlu dövlətlər Rusiyanın nəhəngliyi qarşısında susmuşdular. Kimsə başdan-başa silahdan ibarət olan bir dövlətlə münasibətlərini gərginləşdirmək istəmirdi. Və beynəlxalq ictimaiyyətin gözləri qarşısında əsgərlərinin sayına görə dünyada ikinci olan bir güclə ümumi əhalisinin sayı heç bir milyon da olmayan xalqın savaşına baxırdılar. Çeçen mücahidlərinin müqavimətini qıra bilməyən rus ordusu isə qəzəblərini qarşılarına keçən hər kəsdən, hətta uşaqlardan, qadınlardan, qocalardan alırdılar. Bu qətliamın statistikası ortalıqda yoxdur. Çünki Moskva bu soyqırımda nə qədər insan öldürdüyünü bildirməyə nə qədər maraqlı ola bilərdi ki?
Öldürülən mülki əhalinin sayı barədə yalnız qeyri-rəsmi məlumatlar vardır. Hüquqların Müdafiəsi Məfkəzi "Memoreal" bildirir ki, müharibədə 60 minə yaxın mülki əhali öldürülüb. Hətta bəzi məlumatlarda bu rəqəmin lap 80 minə çatdığı göstərilir. Əlbəttə, ən böyük dəhşətlərdən biri də qırılanların sırasında 10 minlərlə uşağın olmasıdı. Və Yer də, Göy də bilir kim, bu uşaqların günahları imperiya xəstəliyindən qurtula bilməyən rusların vicdanındadır. Yoxsa onlar gözləyirdilər ki, minlərlə kilometr aralıdan gələrək uşaqları qətl edəcəklər, onların valideynlərisə ivanları gül dəstələri ilə qarşılayacaqlar???
Çeçenlər övladlarının, atalarının, analarının, qadınlarının... xarabazara çevirilmiş ocaqlarının qisasını almadan necə yaşaya bilərdilər ki? Bu dəhşətlərə görəydi ki, onlar qəzəbləriylə, kinləriylə, bütün varlıqlarıya, namuslarıyla, ruhlarıyla vuruşurdular. Əsrin əvvələrində Moskva tərəfindən kütləvi şəkildə sürgün edilmiş dədə-babalarının müqəddəs ruhlarını rahatlatmaq üçün vuruşurdular. Nəyə gücləri çatırdısa, onunla vuruşurdular...

RUSİYANIN İÇƏRİLƏRİNƏ DOĞRU

Moskva hər cür qoşun növündən Çeçenistana cəmləmişdi. Çünki artıq neçə vaxt idi ki, nəhəng güc hesabına belə bu məğrur xalqın iradəsini, azadlıq istəklərini qıra bilmirdi. Təxminən bir il əvvəl paytaxt Qroznını cəmi iki desant polkuyla iki saata ələ keçirəcəklərini bəyan edən müdafiə naziri, sovet ittifaqı qəhrəmanı, Rusiyanın ilk ordu generalı Pavel Qraçov məhz həmin paytaxtda biabırcasına məğlub olmuşdu. Belə ki, təkcə iki desant polkuyla deyil, bir neçə generalın iştirakıyla dörd istiqamətdən daha böyük qüvvələrlə şəhərə hücuma başlayan, çox böyük itkilər hesabına paytaxtı ələ keçirən, elə bununla da tələyə düşərək darmadağın edilən rus qoşunları onlara dərs olmuşdu.
Çeçenistanda daha bir genişmiqyaslı əməliyyatın keçiriləcəyi barədə məlumat alan çeçenlər bir əks-həmlə hazırladılar. Qudermes döyüşündən 15 gün sonra Salman Raduyev səhra komandirləri Xunkar-Paşa İsrapilov və Turbal-Əli Atqeriyevlə birgə Dağıstan ərazisinə keçərək Rusiyanın içərilərinə doğru irəlilədilər. O vaxt hadisələri izləyənlər bu əməliyyatı intihar adlandırırdılar...

(Ardı qəzetin 18 fevral sayında)

BABƏK YUSİFOĞLU
[email protected]
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV