adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SADƏCƏ ELçiN MUXTAR ELXAN (Aslanov) - 3

TOFİQ ABDİN
29902 | 2008-12-20 06:00
Bizim təqdimatımızda: ... O, Əməkdar rəssam olaraq bu adla çox fəxr etməsə də, mən onun bu yaşa qədər məhz Əməkdar rəssam olmasına da pis baxmıram. Çünki bu, ən böyük ədalətdir məncə. Çünki o, Xalq rəssamı olsaydı və ona indiki məqamda hər hansı bir təqaüd kəsilsəydi, bax, o zaman ədalətsizlik olardı.
   
   Bəli, məhz ədalətsizlik olardı!!!!!!
   
   Bəli, məhz ədalətsizlik olardı!!!!!
   
   Mən bir çox zaman bəzi şeyləri əldə etmək üçün yaşamaq amilini irəli çəksəm də, amma bu da var: demək, bir çox zaman yaşamaq, çox yaşamaq (hər halda 70 yaş pis deyil, daha çox yaşasın Elçin müəllim, daha çox, Allahdan arzumuz bu) amili də heç bir bir şey deyilmiş və beləcə, bizim azəri məntiqimizin harada başlayıb harada qurtarmağı məni son dərəcə heyrətləndirir.
   
   Dediyim kimi, yetmiş yaş az yaş deyil. Amma bu yaşın bugünkü sahibi gördüyü işlərin dəyərində bunun heç bir qarşılığını almayıb. Verməyiblər.
   
   Bax buna deyərəm: Azəri ədaləti!!!!!!!
   
   Və düşünün ki, Azəri dövlətçiliyinə və şəxsən yuxarılara heç zaman da açıq-saçıq müxalifətdə olmayıb, sadəcə, ola bilsin çoxbilmişliyi ilə, ziyalılığı ilə müxalifətdə olub.
   
   Yəni, gördüyü işlər müqabilində Elçin müəllim bir şeylər almaq istəyib-istəməyib, bu onun öz işidir, amma mən bu boyda ədalətsizliyin onun həyatına, yaşamına və yaradıcılığına səpələndiyini heç cür anlaya bilmirəm, yəni, bəlkə də elə belə olmalıdır.
   
   Yox belə olmamalıdır. Vallah, belə olmamalıdır.
   
   Gözəl bir ailədə doğulan (atası ilə vaxtilə bir yerdə enksiklopediyada çalışmışam bir neçə vaxt) bu bakılı balası İçərişəhərdən çıxıb bu dünyaya baxdı və bu dünyanın içində öz yerini bəlirlədi və o yerin sahibi oldu.
   
   O yer ziyalılıq və yüksək mədəniyyət sahibi olmaq və bu dövlətin ona vermədiyi şeyləri qabartmadan, tək başına gördüyü işlərin bir ensiklopedik gücə malik olduğunu göstərmədən yaratmaq dadı idi. Bu dadı Allah ona çox görməsin. Biz isə ona çox yaşamaq, amma qocalmamaq, şux qalmaq, şux geyinmək və şux danışmaq diləyirik.
   
   Bu, məncə, az iş deyil.
   
   
   
   ÖZÜNÜN TƏQDİMATINDA
   
   5 suala 5 cavab (və qısa müdaxilələr)
   
   
   
   Təbii ki, sənət tarixi Sizin kimi insanları çox görüb və bunu biz həmişə zamanın öhdəsinə və insafına buraxmağa öyrəşmişik və hər dəfə zamanı günahlandırmışıq. Sizin zamanınız nə zaman gələcək, yoxsa hər şey beləcə axıb gedəcək? Nəyə ümid edirsiniz, belə bir ömür yaşamaqdan peşiman deyilsinizmi?
   
   - Məncə, bu sualların mənə ünvanlanması çox gülünc və qəribə səslənir. Ömrünün son çağlarını yaşayan 75 yaşlı sənətçinin "nə zaman vaxtı gələ bilər" ki, artıq onun ağrılı-sevincli həyatı geridə qalmışdır? Burada söz heç cür gələcəkdən gedə bilməz, o, mənim üçün artıq yoxdur. Bununla belə deyə bilərəm ki, mən həyatımda tutduğum yoldan, yaradıcılığımdan razıyam, bundan şikayət edə bilmərəm. 45 illik yaradıcılıq yolunda mənim ərsəyə gətirdiyim yetərincə sənət və tədqiqat əsəri bir insan ömrü üçün kifayət deyilmi?.
   
   Bu gün çoxları Rəssamlar İttifaqını bütün meyarlara görə "Xalq Rəssamları İttifaqı" adlandırmaqda haqlıdırlar. Belə ki, bu təşkilat üzvlərinin yarısından çoxu xalq və əməkdar rəssam adına layiq görülmüş (o cümlədən mən də) sənətçilərdirlər. Buna keçmişin gözü ilə baxılarsa, əlbəttə, bununla fəxr etmək olar, plan artıqlaması ilə yerinə yetirilmişdir. Amma həqiqətdə bu gün xalqın sıravi nümayəndəsindən soruşsan ki, bir-iki xalq rəssamının adını çək? O, elə bir-iki rəssamın adını çətinliklə çəkə bilər, bəlkə də heç birinin. Həmin "fəxri adlar" zahirən nə qədər şöhrətli, fəxrli görünsələr belə, onların səxavətlə gen-bol, sağa-sola paylanmasında bəlkə də qəsdən bu adın ucuzlaşması və ümumiyyətlə, milli rəssamlıq sənətinin nüfuzdan salınması məqsədi güdülür. İndi bu adı almaq çox asan olub. Biri sərgiyə 2-3 rəsm əsəri (hələ bəlli deyil o əsərləri kim çəkib) asdırmaqla Rəssamlar İttifaqına qəbul olunur və dərhal sonra qapı-qapı gəzərək ona "xalq rəssamı" adı verməyi tələb edir. 8 milyonluq xalqın 5-6, bəlkə də az, Ə.Əzimzadə və S.Bəhlulzadə kimi həqiqi xalq rəssamı ola bilər, yoxsa bir İttifaqda 20-30 xalq rəssamı.
   
   Yeri gəlmişkən, Avropada "xalq rəssamı" dedikdə, bir qayda olaraq hamı elə başa düşür ki, söhbət xalq arasından çıxmış qeyri-professional, adi həvəskar, ibtidai sənət üsulundan istifadə edən "primitiv" kustar sənətçidən gedir. Yoxsa 11 il xüsusi ali təhsil almış sənətçini heç bir xüsusi savadı olmayan həvəskar ilə eyniləşdirmək və xalqın, geniş ictimaiyyətin xəbəri olmadan, onun tanımadığı "sənətçi"yə (onların çoxu bir qayda olaraq doğma dilini, xalqının tarixini, adət-ənənələrini əsla bilməyən, əsərləri milli sənət xüsusiyyətlərindən çox-çox uzaq olan sənətçilərdirlər) milli rəssamlığımızı təmsil edən "xalq və ya əməkdar rəssam" adı (onu, heç olmasa, "ustad sənətçi" və ya "ustad sənət xadimi" adlandıraydılar) vermək nə qədər düzgündür? Bu cür uydurma, saxta adı daşımaq fərəhdimi? Bu halı ancaq Sovetlər dönəmində normal saymaq olardı.
   
   Mülahizələrim sözsüz ki, hazırki Rəssamlar İttifaqı başçılarının xoşuna gəlməyəcək. "Sənə əməkdar rəssam adı vermişik, bizdən daha nə istəyirsən" - deyib, sanki bununla mənə "rüşvət" verərək susmağa, dinməməyə çağıracaqlar. Əslinə qalarsa, dediklərim onlara sərf etmir, onları milli rəssamlıqdakı mövcud vəziyyət yox, yalnız öz mənafeləri maraqlandırır. Bu gün burada dəyişikliklər baş verərsə, onlar oturduğu kreslo, aldığı məvaciblərdən məhrum olmasından ehtiyat edirlər.
   
   Əlbəttə, "hər şey beləcə axıb getməyəcək", bizim nəsli əvəz edəcək yeni nəsillər əski Sovetlərdən miras qalmış sənətə münasibəti, artıq özünü doğrultmayan köhnəlmiş təşkilat qurumlarından can qurtarmaqla bazar iqtisadiyyatına müvafiq yeni-yeni təşkilat formalarına müraciət edəcəklər. Ola bilsin ki, yeni-yeni texnologiyaların təsirindən bir sıra rəssamlıq sahələri, deyək ki, ənənəvi boyakarlıq, kitab qrafikası və digər sənət növləri gələcəkdə öz yerini kitab, əşya və yaşayış yerlərinin dizaynına ötürsün. Və nəticədə, rəssamlıq sənətinin bu vaxta kimi təsəvvürə gətirilməyən müxtəlif üslubları, formaları və istiqamətləri ərsəyə gətirilsin, bu qədim sənətin məqsədi yeni şəraitə - kompüter və qeyri-texnologiya aləminə uyğunlaşdırılsın və gələcəyin "rəssamı" əlinə ənənəvi fırça-qələm, boya almadan kompüter vasitəsilə yaratdığı qeyri-adi əsərləri ilə yaşayış və iş yerlərini bəzəsin.
   
   Onu da bilməliyik ki, insanlar artıq bu gün "hərəkət edən, səslənən, rəng alıb verən" görüntülərə elə alışmışlar ki, keçmişin rəngli tabloları onlara donmuş, hərəkətsiz "kinokadr" təsiri buraxır, bu da onları darıxdırıb həmin əsərlərə biganə edir. Bu gün heç bir ağlını itirmiş şəxs keçmişdə olduğu tək, rəngli tablo üzərinə cumub onu bıçaqla çırıb parçalamaz. Çünki bunlar hamısı artıq keçmişdə qalaraq tarixə çevrilmişlər. Bir sözlə, hər şey get-gedə öz məcrasına düşəcək. Mən buna ümid edirəm və inanıram ki, bu, "boş ümidlər" deyil.
   
   İnsanın bircə bu dünyaya gəlməsi faktının özü artıq böyük səadətdir. Dünyaya kor gəlmiş insanlar belə, bu gəlişi xoşbəxtlik sayırlar. İndi sən bu dünyada necə yaşamalısan, burada qoyub gedəcəyinin nələr olacağını hərə bir cür başa düşüb dəyərləndirir. Bu da onun özündən, təbiətindən, tərbiyəsindən, ağlından və yaşadığı zamandan asılıdır. Mən həyat yolumu öz idrakıma müvafiq seçmişəm və "belə bir ömür yaşamaqdan heç vaxt peşiman olmamışam". Ömrüm boyu bu günlərin arzusu ilə yaşamışam ki, müstəqil olaq, öz dövlətimizi, dilimizi, mədəniyyətimizi qoruyaq. Şükürlər olsun ki, nəhayət bu baş verdi. Neçə-neçə nəsil soydaşlarımız, babam-atam ürəklərində bu arzu ilə dünyanı tərk etdilər, əfsus, bu günləri görə bilmədilər. Çox xoşbəxtəm ki, mən öz arzuma, babalarımın istəyinə çatıb bu günləri gördüm. Daha bundan yaxşı nə ola bilər? Bircə ondan heyfsilənirəm ki, sənətdə etmək istədiklərimin heç yarısını belə, həyata keçirə bilmədim. O vaxtlar bu, heç cür mümkün deyildi.
   
   Bizim hər ikimizin tanıdığımız yazıçı Azər Abdulla da heyrətlə məndən soruşur: Elçin bəy bu qədər bilgi və məlumatı haradan, hansı qaynaqdan və hansı dünyadan əldə edə bilmişdir? Fenomenal bir fakt və yaddaş yığımı var sizin yazılarınızda. Hörmətlə...
   
   - Bu sualı tez-tez verib bununla məni həm təəccübləndirir, həm də əsəbiləşdirirlər. Adi araşdırıcılar necə işləyirlərsə, mən də o cür hərəkət edirəm. Burada qeyri-adi bir şey yoxdur. Bu gün dünyada istədiyin mövzuya dair məlumat toplamaq üçün bütün imkanlar mövcuddur. Burada hər şey araşdırıcının özündən, onun mövzunu seçmək bacarığından asılıdır. Hansı mövzu bugünkü oxucu üçün təzə, maraqlı və gözlənilməz ola bilər, hansı mövzu ənənəvi şəkildə deyil, artıq başqa cür yozula bilinər və bu kimi məsələlər müəyyən edildikdən sonra buna aid bilgi toplamaqdan ötrü yetərincə kitabxana, dövri-mətbuat və İnternet şəbəkəsi var. Bir məxəzi tapdınmı, dalısı özü gələcək.
   
   Mənə verilən digər ənənəvi sual - niyə rəssam elmi araşdırmalar ilə məşğul olur? İş burasındadır ki, mənə sifariş olunan mövzular, bir qayda olaraq sırf milli tarixi keçmişimiz və tanınmış şəxsiyyətlərlə bağlı olduğundan müvafiq mənbələrə müraciət etdiyim zaman istər-istəməz bu vaxta kimi elm aləminə məlum olmayan çox maraqlı və mühüm tarixi faktlarla üzləşməli olursan və düşünürsən ki, niyə araşdırıcılarımız bu materiallardan yan keçib onları üzə çıxarmırlar. Əvvəllər bu barədə mütəxəssislərə müraciət edirdimsə, sonralar gördüm ki, buna məhəl qoyan yoxdur. Onlara ümidim qırıldı və özüm bu işlə məşğul olmaq qərarına gəldim. Digər tərəfdən, keçmişlə müqayisədə bizim günlərdə araşdırıcı artıq tam sərbəst olub heç nədən ehtiyat etmədən öz mülahizələrini açıq-saçıq bəyan etmək imkanına malikdir və ən başlıcası, artıq onun qabağını kəsən yoxdur. Bu da təsəvvüredilməz dərəcədə çox əhəmiyyətli bir faktordur.
   
   Müasir elmin məşğul olduğu sahələr, axtarışlar, mübahisələr, sensasiyaya səbəb olan qlobal önəmli kəşflər, nədənsə bizim tədqiqatçılardan yan keçir. Elə bil bizim yurdumuz başqa bir planetdə yerləşir. Dünya alimlərinin tam başqa mövzular, qlobal problemlər üzərində işlədiyi halda, bizimkilər hələ də "postmüstəmləkə psixologiyası"nın güclü təsiri altından çıxa bilməyib, çoxdan həll olunmuş problemlər ətrafında düşünüb daşınırlar. Zaman elə zamandır ki, bu gün təcrid olunmuş şəkildə yaşayıb qlobal problemlərin həllindən kənarda qalmaq heç cür mümkün deyil. Mən həmişə peşəkar alim olmaq, elmi dərəcələrə can atmaq fikrindən (belə təkliflər olub) uzaq olmuşam. Sadəcə olaraq müasir mətbuatdan oxuyub öyrəndiklərimi bizim əski milli tarix və mədəniyyətimizlə tutuşdurub əlaqələndirməklə alim və mütəxəssislərimizin diqqətini həmin önəmli tarixi hadisələrlə bağlı maraqlı mövzulara, tutalım, bəşər övladının yer üzündə peyda olmasının alternativ tarixi və bu kimi qədim hadisə və şəxslərə cəlb edib, onlara çağdaş dünya elminin mövqeyindən, yeni və tam fərqli münasibətlə yanaşmağa çağırmaq istəmişəm. Bunun nə qədər alınıb-alınmadığını zaman göstərər.
   
   
   
   Not: Elçin Muxtar Elxan imzasının açıqlaması: Elçin - özünün adı. Muxtar - atasının adı. Elxan - vaxtsız itirdiyi, son dərəcə gözəl rəssam olan qardaşının adı.
   
   (Bitdi)

TƏQVİM / ARXİV