adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SADƏCƏ ELçiN MUXTAR ELXAN (Aslanov) - 2

TOFİQ ABDİN
27600 | 2008-12-13 03:25
... Elçin müəllim son dərəcə məlhəm bir insandır mənim bildiyim qədəri, ona görə də mən onun haqqında yazının çox çətin və zor başa gələcəyini düşünürdüm və hətta bir az çəkilmək istədim geriyə. Düşündüm ki, bu cür alimanə, bu cür savadlı, bu cür ziyalı və son dərəcə gözəl bir alim haqqında (heç yoldaşlığımız olmadı, heç bir zaman əlli qram da olsun qarşı-qarşıya içmədik, ona görə də yazı üslubuma tuş gələn bu özəl şeylərdən bu an çox kasıbam, Elçinin o insani tərəflərinə mən az bələdəm, amma yenə də bəzi şeyləri bilirəm, amma yazmayacam) olanları ifadə eləmək məncə, zor bir iş idi.
   
   Mən Elçin müəllimin bir çox yazlarının (hər halda bizim topluda çıxan yazılarının) redaktoru olsam da heç redaktorluq da eləməmişəm, çünki Elçin Azərbaycan dilini çox gözəl bilir və məni onun yazılarında həmişə bir şey heyrətə gətirib: əski türk sözlərinin tapılıb ortalığa çıxarılması və bunun müqabilində onun çağdaş Türkiyə haqqında bilgilərinin bir qədər yadlığı, soyuqluğu. Yəni bu görüşlərində də o çox haqlı. Çünki o, əski türkcəni sevir. Bəlkə bir az Osmanlıcaya çəkir və buna görə də yazılarında bu türk ulusunun sözlərindən gen-bol istifadə etsə də (güman ki, əslində onları öz sözü bilir) və hətta bir çox zaman mənim bilmədiyim sözləri də hardansa tapsa da (rica edirəm, elə çıxmasın ki, İstanbul türkləri demiş, mən türk dili uzmanıyam, xeyr, heç elə düşünülməsin) heç zaman türk milləti, türk dövləti deyə bağırmır və bu da Elçinin məhz çox dürüst bir insan olduğunu büruzə verir. (Məntiqində bəzən bu da olur: qardaş qardaşdır. İnsan və ya Dövlət, Millət özünə arxalanmalı və düzgün yanaşmalı olanlara).
   
   
   
   ÖZÜNÜN TƏQDİMATINDA
   
   5 suala 5 cavab (və qısa müdaxilələr)
   
   
   
   Xatırlatma: Birinci yazımızdakı sual:
   
   - Gördüyünüz bu işlərin lazımınca dəyərinin verilməməsi, daha doğrusu, sadəcə indiki sənət iqtidarının vadisindən uzaqda qalmanızın başlanğıcı hardandır və nədəndir? Və bütün bunlardan sonra çox adi bir sual: neyçin Sizin bəxtiniz gətirməyib? Mən Sizi daha gözəl bir iş məkanda görmək istərdim ki, daha böyük işlər görəsiniz.
   
   ... Etiraf edək ki, bir şəxsin sənət və elm aləminə olan fərdi və fərqli münasibəti, fikri istər keçmişdə, istər bu gün çoxlarını qıcıqlandırır, xoşuna gəlmir "o kimdi, nəçidi ki, onun deyib-yazdıqlarını qəbul edəm" - deməklə, sanki fərqli bir fikir və mülahizə söyləməkdən ötrü gərək yalnız yüksək rütbə, vəzifə tutub fəxri adlar daşıyan bir şəxs olmalısan. Əslində bu, hal-hazırda elmdə, sənətdə mövcud olan "monopoliya" ilə əlaqəlidir. Belə ki, bir para tanınmış alim və sənətçilərin düşünüşünə görə, bu və ya digər önəmli mövzu ilə bağlı qənaəti yalnız və yalnız o deməlidir. Bir başqası bu mövzuya müraciət etdikdə və orada öz adına rast gəlmədikdə, yaxud fərqli fikirlərlə (mən hələ tənqidi fikirləri demirəm) üzləşdikdə həmən "monopoliyaçı alim" hədsiz hikkəyə gəlib yazı müəllifini təqib etməyə başlayır, onu müxtəlif yollar və vasitələrlə rüsvay edib yox etməyə çalışır. Əlbəttə, buna biganə qalan (bəzən isə bu çirkin işdə ona kömək edən) həmkarlarının gözü qabağında. Əslində isə həmin şəxs bəyan olunmuş yeni mülahizənin qarşısında öz əsərləri və elmi görüşlərinin çox cılız və köhnəlib maraqsız göründüyünü hiss edir. Və onu da deməliyik ki, bu cür münasibət yalnız bizlərə xasdır. Elmdə, sənətdə paxıllıq, qısqanclıq təzə bir şey deyil, təbii haldır, amma bu dərəcədə qəddarlıqla yox. Həmkarını, rəqibini inandırıcı fikirlərinlə, əməllərinlə deyil, çirkin və xəbis yollarla üstələyərək aradan götürmək olsa-olsa adi nadanlıqdır. İnanmıram ki, başqa yerlərdə də belə olsun. Həqiqətdə bunlar Sovet dönəmində ziyalılar arasında hökm sürən insanların bir-birinə bəslənən "kim bizimlə deyil, bizim kimi düşünmürsə, o, bizə qatı düşməndir". münasibətinin üzvi davamıdır
   
   Yaradıcılığım boyu könlüm istəmədiyi, ağlım qəbul etmədiyi, əqidəmcə cəmiyyətə lazım olmadığı ötəri, lüzumsuz mövzular üzərində çalışmamışam. Kiminsə xoşuna gəlsin deyə, öz fikrimdən dönməmişəm, nə vaxtsa, kiminsə dediyi sözlərdən, mövzulardan və özümü təkrarlamaqdan qaçmışam. Bu və ya digər hadisə və ideyaya yeni bir nəzərlə, mövcud zamanın və yalnız özümün gözü ilə baxmaqa çalışmışam. Bir zaman dəbdə olan təmtəraqlı və uydurma mövzulardan imtina etmişəm və heç vaxt düşünməmişəm ki, bunların müqabilində məni nələr gözləyə bilər. Bu yolu seçməkdə mənə heç kəs təsir göstərməyib. Mənim öz fərqli və fərdi münasibətim olması və öz fikrimi, rəyimi heç nədən çəkinmədən açıq bəyan etməyim istər yaxın keçmişdə, istər bu günün özündə çoxlarının xoşuna gəlmir. Zənnimcə, mənim "sənət iqtidarı vadisindən uzaqda qalmağımın başlanğıcı"" və əsas səbəbi də elə buradadır.
   
   Bununla belə mən heç vaxt özümü sənətdə "dissident" saymamışam, heç bir əsərim sərgidən çıxarılmamışdır. Vaxtilə yalnız milli mövzulara müraciət etdiyim və milli-mədəni irsimizi dönə-dönə təbliğ etdiyim üçün mənə "qatı millətçi", "nasionalist" "formalist", "abstraksionist" damğası vuranlar (bu milli hissləri qızışdırar deyə, miniatür rəssamlığını təbliğ etdiyim zaman mənim hər addımım izlənirdi) artıq unudulmuşlar, əsərlərim isə bir sübut və dəlil kimi yaşamaqdadırlar. Bir vaxtlar çəkdiyim rəsmlər ətrafdakılara "əcaib" görünsələr də (bu, zamanın nadanlığı və səviyyəsizliyindən baş vermiş), sonrakı illər həyat göstərmişdir ki, mən nə qədər haqlı olmuşam. Onlara bu gün də qiymət vermək olar və demək olar ki, mən onlarla zamanı qabaqlamışam. Bu gün mənim heç bir bir əsərim gərəkliyini itirməyib, bu gün də tamaşaçıların marağına səbəb olurlar. Mənim həyat və yaradıcılıq yoluma nəzər salsaq görərik ki, mən heç vaxt bekar gəzməmişəm, istər rəssamlıqda, istər tədqiqlərimlə sənət və elmdə müəyyən iz qoymuşam ki, gələcək nəsillər onlardan faydalana bilsinlər.
   
   - Bu qədər məlumatı olan bir insan, bir sənət işçisi bildiklərini yalnız qələmə almaqla kifayətlənir və halbuki, bunları tədris eləmək çox vacibdir və lazımdır. Nədən Sizi bir instituta dərs deməyə çağırmırlar? Bəlkə təklif ediblər getməmisiz, yoxsa heç təklif olunmayıb?
   
   - Vaxtilə belə bir fikir vardı ki, teatr rəssamı hazırlamaq üçün İncəsənət İnstitutunda bir şöbə, yaxud fakültə yaradılsın, məni də dərs demək üçün oraya dəvət etdilər. Lakin bu iş həyata keçirilənə qədər gələcəkdə rejissor olmaq arzusunda olan tələbələrə teatr tərtibatı "səhnəqrafiya" fənni üzrə dərs demək təklif olunduqda mən razılıq verdim. Beləliklə, 3 il burada dərs dedikdən sonra duydum ki, müdiriyyət teatr rəssamı hazırlamaq niyyətindən çox uzaqdır, odur ki, institutu tərk etdim.
   
   Bir qədər sonra həmin institutda və yeni yaranmış Rəssamlıq Akademiyasında belə bir şöbə açıldı və bu anda mən yaddan çıxdım. Bu yerə teatrda bir tamaşa belə hazırlamamış, bu işdə heç bir təcrübə və səriştəsi olmayan rəssam cəlb olundu. O zamanlardan xeyli vaxt keçsə də, hələlik bu sahədə hərtərəfli savadı olan, yeni gənc və müasir teatr rəssamına təsadüf olunmur. Bunun ardınca "Xəzər" universitetinə dəvət olundum və bir dərs ilindən sonra oranı tərk etdim. Görünür, müəllimlik peşəsi mənim üçün biçilməmişdir. Sözün açığı, müəllimlik (xüsusən sənət aləmində) heç vaxt məni cəlb etməmişdir. Çünki yaradıcı şəxs, istər musiqiçi, istər rəssam olsun, mənsub olduğu sənətin "əlifbası"nı, həmin sənət haqda ilkin məlumatı, onun deyək ki, "sirləri"ni hələlik bu sənətdən xəbəri olmayan gənclərə çatdırması zahirən fərəhli və cazibəli bir iş olsa belə, mənim üçün o qədər də maraqlı deyil. Məncə, bu iş yaradıcılıqla məşğul olub bu sahədə yeni-yeni çalarlar, axtarışlar aparan və müəyyən nailiyyətlər qazanmış sənətçi üçün çox zərərlidir. Belə ki, hələlik bu işdə naşı olan cavan tələbələr arasında "çoxbilmiş" və istedadlı görünən rəssam-müəllim istər-istəməz öz-özünü kənardan görməyib yaradıcılığında donub irəli gedə bilmir. Gənclərin ona bəslədikləri hədsiz ehtiram və isti münasibətdən o, hər cəhətdən özünü onlardan çox-çox üstün və bacarıqlı hiss edir və yalançı eyforiyaya qapılıb yaradıcılıq və sənət axtarışları üçün artıq vaxt və imkan tapmır, onun qayğıları tam başqa tərəfə yönəlir.
   
   Kənarda isə sənət öz qaydası ilə yeni-yeni pillələrə qalxır, inkişaf edib yeni çalarlarla, uğurlu tapıntılarla zənginləşir. Bunu həyat təcrübəsi də təsdiqləyir. Görürsən ki, vaxtilə bir çox uğurlu əsərlər yaratmış müqtədir bir rəssam müəllimliklə məşğul olduqda, bir qayda olaraq yaradıcılığında yerində saymağa başlayır. Odur, özünü büsbütöv müəllimlik sənətinə (əslində o, tam başqa bir sənətdir, zənnimcə, bu işlə məşğul olanlar heç vaxt yaradıcı rəssam iddiasında olmamalıdırlar) həsr etmiş sənətçilərə hörmət bəsləsəm də, özüm müəllimliyi seçmiş bir sənətçi olmaq istəməmişəm, heç vaxt buna can atmamışam. Daha çox emalatxana, yaxud evdə oturub işləməyi üstün tutmuşam, bu və ya digər mövzu ilə əlaqəli fikir və mülahizələrimi yazılı şəkildə çap üçün hazırlamışam. Yəqin müəllimlik etsəydim işimdə mənə lazım olan biliklərə yiyələnə bilməzdim, buna sadəcə vaxtım çatmazdı.
   
   (Davam edəcək)
   
   Not: Elçin Muxtar Elxan imzasının açıqlaması: Elçin - özünün adı. Muxtar - atasının adı. Elxan - vaxtsız itirdiyi, son dərəcə gözəl rəssam olan qardaşının adı.

TƏQVİM / ARXİV