adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ARTIQ BU SÖZ DƏ MƏNi iNCiDiR

TOFİQ ABDİN
28566 | 2008-11-15 02:09
Sağ olsunlar : Neftçilər xəstəxanasının doktor personalları və tibb bacıları. Xüsusilə, Mərkəzi Klinik Xəstəxananın uroloqu VASİF İSMAYILın yardımı ilə tanış olduğum Neftçilər xəstəxanasının urologiya şöbəsinin müdiri, doktor FUAD QULİYEV, onun yardımçısı FUAD FƏTƏLİZADƏ, cərrahiyyəni çox uğurla başa çatdıran və yüksək mədəniyyəti ilə seçilən cərrah CƏFƏR QURBANOV.
   
   Bir günorta üstü, ədəbiyyatımızın iki gözəl qələm sahibi, yazılarıyla mübahisələr açan, nəinki yazılarıyla, hətta bir çox zaman münasibətləriylə də, geyimləri-keçimləriylə də iradlar qazanan iki istedadlı ziyalı - şair Aqşin və nasir Seymur Baycan hardansa gəlib çıxırlar "525-ci qəzet"in redaksiyasına. Burada xudmani kafevari bir yer var, bir az kinolarda gördüyümüz Latın Amerikası kasıblarının evlərinə oxşayır. "525-ci qəzet"in baş redaktoru həmin otaqda öz əməkdaşlarına günorta yeməyi verir. Çox maraqlı bir şey: mən bilmirdim, daha hansı redaksiya, daha hansı qəzet öz əməkdaşlarına beləcə günorta yeməyi verir. Sən demə, ALMA qəzetinin də belə bir şakəri varmış. Xəbərim yoxdu, sonradan eşitdim. Rəşad Məcid türk qəzetçiliyindən gələn bu ənənəni hardan və necə götürübsə bunun da dərininə varmadım. Ancaq bir təşəbbüs kimi məncə, çox yaxşı bir addımdır. Həqiqətən də bu günorta yeməyi heç başqa yerlərdəki yeməklərdən geri də qalmır. Bir ev xanımı hazırlayır bu yeməkləri. Vallah, iqtisadi durumun və qəzetlərimizin bu ağır çağlarında belə bir addım təqdirəlayiq bir şeydir.
   
   İçimdə çox ağır bir boşluq var, ab-havam da bu yazını yazmağa da müsait deyil. Amma yazmaya da bilmirəm və yazımdakı pərakəndəliklərə görə öncədən oxuculardan üzr istəyirəm. Nə zaman həyatım yönündə oldu ki, yazılarım da pərakəndə olmasın və ya nə zaman həyatım yağ kimi getdi ki, yazılarım da çox rahat yazılsın.
   
   İçimin rahatsızlığı bir çox nədənlərdən və ən başlıcası da qardaşım ağır bir əməliyyatdan çıxıb.
   
   ***
   
   Əməliyyatdan yenicə çıxan qardaşımın yanından birbaşa işə gəlmişəm. Bu iki yaradıcı insan da gəlib çıxıb həmin balaca və xudmani kafeyə.
   
   Bu iki ədəbiyyatçının da yedikləri elə bizim yeməklərdən. Amma onların masasının üstündə başqa dadlar da var. Onları deyəsən pulla almışlar. Bir az daha yuxarı başda (əslində buranın yuxarısı-aşağısı yoxdur) oturublar, elə kiçik ki bura, sanki bir stol ətrafında oturmuşuq. Ona görə də bir mehribanlıq havası var bu daracıq otaqda. Əməkdaşlar da burada biri-biriylə çox mehriban, çünki yeməklərində fərq yox, bağça uşaqları kimi sakitcə və bəzən də danışa-danışa iştahla yeyirlər.
   
   Bu iki gözəl yaradıcı da bu yazını yazmağıma vəsilə olurlar və onu da deyim ki, bu günorta da elə bir günortadır ki, axşamı onlar bir dostlarının - Qan Turalının toyuna gedəcəklər, mən də ora dəvətliyəm, "525-ci qəzet"in baş yazarı və sahibi Rəşad Məcid də dəvətlidir, amma onun başqa bir tədbiri olduğu üçün gedə bilməyəcəyini dedi. (Müsəlmanca deyək: amma nəmərini göndərdi).
   
   Bir neçə ədəbiyyat adamı, biz - bir az yaşlı nəsil, Seymurgil bala-bala öz işlərində, təbii ki, söhbət fırlanır gəlir ədəbiyyatın üstünə, Yazarlar Birliyinin təmirdən sonra açılışının üstünə və daha başqa şeylərə... onları təfsilatı ilə yazmaq mənim hobbim, amma dostlar hər dəfə mənə deyirlər: SƏN ALLAH, BUNLARI YAZMA HA...
   
   Bax, bu ifadə də məni artıq bezdirib. Onlar elə bilirlər ki, mən onların qeybətlərini yazıram, amma başa düşmürlər ki, onların ən səmimi vaxtları məhz belə anlarda olur. Qarşılarında qəzetçi görən kimi bir sağa, bir sola, bir yuxarı, bir aşağı baxıb sözləri elə seçirlər ki, sanki ağızlarından çıxan kiçik bir səhv sözdən sonra onların tutduğu vəzifə də, gələcəkdə tutacaqları vəzifə də elə onların bax, bu andaca dediyi sözlərdən asılıdır. Heç zaman içlərindəkiləri demirlər. Bunu da vicdanlı iş hesab edirlər.
   
   Öz işləridir. Amma onların SƏN ALLAH, BUNLARI YAZMA demələri artıq məni bezdirib. Heç xəbərləri yoxdur ki, onlar da kiminsə dediklərini yazırlar, ehtiyatla və qorxa-qorxa.
   
   Təbii ki, yazımın adına baxanlar elə bilər ki, mən məhz SƏN ALLAH, BUNLARI YAZMA kimi bir davranışdan rəncidəyəm. Yox, qətiyyən yox! Mənim bu yazım o gün mənə deyilən çox kədərli ifadədən sonra alınan bir ovqatın və məqamın qeydləridir ki, artıq bunun ağrılarını daşıya bilmirəm.
   
   
   
   Nədir bu:
   
   
   
   Söhbətin bir yerində necə oldusa Seymur Baycan deyir: TOFİQ MÜƏLLİM DƏ HAQQI ƏN ÇOX TAPDANAN YAZARLARDAN BİRİDİR. Sonra söhbət baş alıb gedir: qeybət də var, yaxşı şeylər də, məzəli şeylər də. Amma mən artıq bu söhbətlərdə gül-çiçək içində bitən yabanı bir çiçək kimiyəm. Bu yabanı çiçək ətrafdakı bütün çiçəklərə gələn zəhəri öz içinə aldığı kimi, mən də artıq o durumdayam. Bu zəhəri içimin dərinliklərindən çıxarıb atmaq üçün özüm-özümlə mübarizə edirəm və ən böyük xoşbəxtlik o ki, söhbət tez-tez səmtini dəyişir. Bu ara gözəl şair Vaqif Cəbrayılzadə gəlib təsadüfən çıxır ora. Gənclərə özünəməxsus kompliment deyəndən sonra mənim haqqımda da bir neçə şirin söz deyib gedir. Mən artıq bu sözlərin də çox dərinliyinə varmıram və indinin modda olan yazarlarından birinin vaxtilə mənim haqqımda dediklərini misal çəkirəm. Adam söhbətlərdə həmişə deyərdi ki, mən yazmağı Tofiqdən öyrənmişəm (təbii ki, yazmağı öyrənmirlər), amma intervyülərində, müsahibələrində, televiziya çıxışlarında, məsələn, İsa Hüseynovun, Anarın, daha başqalarının adını deyərdi.
   
   Qərib bir şey: düşünürəm ki, Seymur bəy TOFİQ HAQQI ƏN ÇOX TAPDANAN YAZARLARDAN BİRİDİR deyəndə nəyi nəzərdə tutur? Mən bu ifadədə, ümumiyyətlə, bu ifadənin xislətində bir YAZIQ OLMAQ havasını duyuram və gəncliyimizdə bir neçə şair və yazıçı haqqında bu sözləri dediyimiz anlar yadıma düşür, o zamanlar namuslu və gücsüz olan bu yaradıcıların acı taleləri gəlib gözlərimin önündə durur. İndi bunu öz haqqımda eşitdiyimdən içimin sızısı məni az qala boğa və fikirləşirəm:
   
   MƏNİM HANSI HAQQIM TAPDANIR?
   
   Əgər tapdanırsa, demək mən özüm zəifəm, demək mən özüm buna baisəm, demək mən özüm bunu qazana bilmişəm, demək mən özüm çağdaş insan deyiləm. Çağdaş insanlar və yaradıcılar kimi yaşamağı bacarmıram, çağdaş insanlarla dil tapa bilmirəm... daha nələr... daha nələr...
   
   Yox, vallah yox, bu ifadə artıq məni incidir! Çox incidir və güman eləyirəm ki, Seymur Baycan bu sözləri dediyində onun mənim haqqımdakı öz həqiqətlərini özünə görə görür, amma bu həqiqətin özü də mübarizsizlikdən qaynaqlandığı üçün artıq insanı sadəcə kədərləndirməkdən savayı bir şey deyil.
   
   Mənim haqqım hara qədərdir və nədir? Bunu mən özüm üçün heç zaman ayırd edə bilmədim. Yox, o qədər də küt deyiləm, amma mənim haqqımı kim mənə verməlidir, bunu da mən heç zaman ayırd edə bilmədim. Şayət, mən bir çoxu kimi öz yaxın adamımı kiminsə ayağına göndərib bir şeylər alacağamsa, bunu eləməzdən qabaq özümü asaram. Və ya mən öz haqqımı kiminsə mənə verməsi üçün içimin dışında yaşayacağamsa bu daha çox zülm bir şey...
   
   Yox, nədir mənim tapdanan haqqım? Həmin haqq eyni zamanda Aqşinin də haqqıdır, Seymur Baycanın da haqqıdır. Tapdanır. Amma onlar hələ cavandır və bu sözlər onlar üçün hələ təzədir. Onlar öz haqlarını ala biləcəklərmi, yoxsa onlardan sonra gələnlər beləcə eynən deyəcəklər: SEYMUR BAYCAN DA HAQQI ƏN ÇOX TAPDANAN YAZARLARDANDIR. Yox, onlar nəyəsə ümid edirlər və zamana ehtiyac hiss edirlər. Amma mənim üçün artıq haqqın heç bir anlamı yoxdur... yoxdur... yoxdur... vallah yoxdur... və mənim haqqım elə məhz bu gün mənim həyatımdakı haqqımdır, nə az, nə çox... Demək alın yazım bu imiş, demək nə varsa budur, bunun başqa yönlərini fikirləşib özümüzü yormağa dəyməz.
   
   Mənim bu məmləkətdən umacağım heç bir haqq yoxdur və mən şayət bu gün bir işə gedirəmsə, gəlirəmsə demək, budur mənim haqqım, elə bura qədərdir. Daha nə istəyirəm ki...

TƏQVİM / ARXİV