adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HÜRMƏLƏK NƏNƏ...

MƏMMƏD DƏMİRÇİOĞLU
77220 | 2012-11-20 09:53
(əvvəli ötən şənbə sayımızda)

Yaz ağzıydı. Buna baxmayaraq par-par yanan günəş günortanı elə qızdırmışdı ki, isti hava qorabişirən ayını xatırladırdı. Bulud kölgəsinə sığınmış balaca çoban ucunu şiş kimi itilədiyi zoğal toxasıyla (toxmaq, bu toxmaqla çiling- ağac oyunu da oynayırdılar) eşib çıxardığı dərəğuranın, mollabaşının yumru kökünü (bu novruzgülünə bəzən "dərəqıran" da deyirlər) əliylə təmizləyib iştahla yeyirdi.

O, əkə-bükə çobanlar sayağı sarı üryənin uzun cilovunu qoluna keçirib quzuların ağzını yamyaşıl göyərmiş taxıl zəmilərinin əks tərəfindəki ağ, sarı çiçəklərlə bəzənmiş təpənin döşünə döndərmişdi. "Çoban" Nəsib şirin-şirin otlayan, hərdən oynaqlaya-oynaqlaya bir-birinə kəllə atan ağlı, qaralı quzuları seyr edir, hərdən də çəmənlikdən dərdiyi qoçları (qoç buynuzuna oxşayan bitkidir) bir-birinə çarpazlayaraq "dalaşdirirdı". Hərdən də "ehe-he-he" deyə çobanlara məxsus səslər çıxarır, balaca dodaqlarını büzərək növbənöv səslərdə fi çalaraq quzulara anladırdı ki, taxıl zəmilərinə tərəf dönməsinlər.

Təpənin arxasından burulub aşağı enən yolda nöqtə kimi görünən qaraltını görüb, maraqla onu izləməyə başladı. İncə Dərəsindən payi-piyada gələn yolçu "Hürmələk" təpəsinə yaxınlaşdıqca böyüyür, böyüdükcə kim olduğu aydınlaşırdı.

- Bu Hürmələk nənədir ki - deyib dodaqaltı pıçıldayan Nəsib əminiydi ki, bu mehriban qarı, elə sağlığındaykən adıyla möhürlədiyi "Hürmələk təpəsi"ndə namaz qılandan sonra onu yanına çağıracaq, ciblərini qalet-qanfetlə qolduracaqdı.

Müqəddəs adətinə bir dəfə də olsun belə naxələflik etməyən Hürmələk nənə hər cümə günü Aslanbəyli kəndinə gedib cümə namazlarını Hacı Mahmud Əfəndi həzrətlərinin iqamətgahında qılar, bu ulu Övlüyanın camalından nur payını götürərdi. Günorta namazını isə həmişə olduğu kimi həmin təpənin üstündə qılıb Salahlıya- evlərinə tələsərdi. Elə buna görəydi ki, camaat həmin təpəni "Hürmələk təpəsi" adlandırırdılar.

Qızmar günəş onu yamanca təntitmişdi. Uzaqdan balaca çobanı gözü almışdı. Nurlu camalına bir təbəssüm qonmuşdu. Namaz qılacağı təpənin dörd dövrəsini al rəngə boyamış lalələr nədənsə boyunlarını aşağı əymişdilər. Böcəklər, əlvan rəngli kəpənəklər yoxa çıxmışdılar sanki. Həmişə lalələri utandıran al yanaqları solmuş, dizlərinin taqətı kəsilmiş, nəfəsi isə təngimiş halda əlindəki ağaca dirsəklənə-dirsəklənə birtəhər təpənin üstünə qalıxdı. O biri əlində tutduğu bağlamanı yerə qoyub nəfəsini dərdi. Sonra bağlamadan çıxardığı canamazını yerə sərdiyi önlüyünün baş tərəfinə qoydu. Üzünü qibləyə tutaraq günorta namazını qılmağa başladı. Bir neçə dəfə səcdəyə əyilib dikəldi, güclə eşidiləcək bir səslə pıçıldamağa başladı:

- Rəhmani Nəğmələrdən gəlib, Sübhani Nidalarla səni zikr edirəm, ey Könül Higarım! Ey uca Allahım!

Sənə olan məhəbbətim bu dünyada sərvətim, o dünyada cənnətimdir. Mən səni sevdikcə özümü unutdum, bu dünyanın faniliyini anladıqca sənin varlığını dərk etdim. Sənə qovuşmağın yolunu səmalarda gördüm. Mənə əmanat etdiyin Nurunun cöhrəsinə xəyanət etmədim, səni özümdə tapıb qüdrətli oldum və son nəfəsimə qədər qəyyumum oldun. Sənin nəfəsinlə qüdrətli, sənin camalınla əsgilməz oldum. Sənin lütfükarlıqla mənə verdiklərinə şükür elədim, kifayətləndim, artığına iddia etmədim, faydasını gördüm. Bir başqasında qüsur axtarmadım, görə bildiyim öz qüsurlarım oldu, yalnız sənin, sənin rəhminə, ədalətinə güvəndim. Səni, ancaq səni sevdim, başqa məhəbbət axtarmadım. Hər hansı sirrimi gizlədə bilsəm də sənə olan sevgim nur kimi aşgarda oldu, örtülmədi. Bilmədiyimi danışmadım, edə bilməyəcəyimə söz vermədim, mənə əl açanları naümid etmədim, hər kəsin çöhrəsində sənin camalını görub insanlığı sevdim, bir kəsə qayğı göstərə bilməyəndə utandım. Ən təəsüfləndiym anlar sənin hicrində olduğum anlar oldu, ən xoş anlarım sənin vüsalına qovuşmağım oldu. Bizə bəxş etdiyin yer üzündə səni zikr etdim ki, məni səmalara çağırasan, Əzəmət Çadırının altında, İzzət Sərapərdəsinin arxasında nəfəsinə hopdurub, Uca Cənnətdə əmrinin Məşriqi və Nurunun Məzhərinə qovuşdurasan.

Dünyanı fani, var-dövləti ani, dərdi-möhnəti ali, yox bildiyimizi var, var bildiyimizi yox gördüm. Bütün var-dövlət sənin olduğu halda bu var dövləti mənimsəyib sənin olan yoxsullarına verməyənləri görüb xəcalət çəkdim, öz ruhumu, könlümü fəda etməklə təskinlik tapdım. Sənin mənzilin saydığım ürəyimə kin-küdurəti yaxın qoymadım, sənin vəhyinin məkanı olan ruhumu qənşərində zühur edəcək günə pak saxladım.

Zatımızın torpaq olduğunu, torpaqdan yarandıqlarını unudub təcrid cövhərindən məhrum olanları, ləzzət tamına aldanaraq lovğalananları görüb usandım. Hər şeyi sənin gözünlə, hər dadı sənin ağzınla, hər sözü sənin qulağınla eşitdim. Sənin hidayət və inayətinlə, bizlərə bəxş etdiyin nemətlərin müqəddəs ətrinə, rayihəsinə qərq olaraq hər an şükürlər etdim. Özünü qardaşından üca tutanları gördüm, özlərinə şah dedilər. İzzət Qələmindən müqəddəslik rayihələri süzülənləri gördüm, özlərinə Qul dedilər. Şaha itaət edənlərin qullara məhəl qoymayanlarını gördüm, bağrım başı şan-şan oldu. Ürəyimi ruhumun cilasıyla təmizləyib, pərdəsiz camalını görmək üçün dərgahına tələsdim. Dilimdə sən, gözumdə sən, könlümdə sən oldun deyə bu dünyada kar, kor, lal kimi yaşadım, təmiz gözlə, təmiz ağızla, təmiz könüllə müqəddəs dərgahına qovuşum deyə. Sən mənim munisim olandan məyyusluq görmədim, izzətindən tamıb, cəlalına min yol aşiq oldum. Bu fani küləklərin əsib Ruhani Qulamın cəlalını tozla örtdüyü məkanda, məzlumluq əlində parpıldayan Eşq sultanı-Müdəddəs Göyərçinin bayquşlar caynağına giriftar olduğunu görməyib, qəflət yuxusunda rahatca yatanları gördüm. Batini canavar, zahiri çobanların, çox lətif və lətafətli görünməyə çalışıb sənin camalının təcəlləsindən məhrum olanların, laməkan olub Ol Məkana qovuşmaq eşqiylə yananlara güldüklərini gördüm. Sən insanları öz lütfündən, öz nurundan, öz paklığından yaratdın, öz camalından pay verdin.

Mən bağladığım gözlərimlə gördüm bunları. Gözlərimi açanda isə tək səni gördüm.

Ey könlümün məhbubu, hər quşun gözü öz yuvası, hər bülbülün avazı öz butası olduğu kimi mənim də gözüm, könlüm sənə olan sevgimin yuvası, butası oldu. Sən məni fanilikdən əbədiyyətə çağırırsan, sənin nuruna qovuşmaqdan böyük səadət olmaz. Mənə Ruhil-Qüds müjdəsi kimi göndərdiyin ölümlə fərəhləndim, sənin ruhuna əbədi qovuşmaq məqamına yetdim. Məkansızlıq qapılarını aç, müqəddəs səmada, Uca Cənnətdə eşq sirlərinin həqiqətləri, onun lalələrində aşgarlanan hikmətləri ilə gözlərimi işıqlandır. Məni Üfüqi-Əlana qovuşdur...

Zülmət və nur pərdələrin görünən üzlərini görməkmiş yaşamaq. Yaşamaq göz görduyündən pay ummaq, doyduqca acmaq, acdıqca doymaqmış. Göz görməyəni görmək, qulaq eşitməyənləri eşitmək, bu zülmət və nur pərdələrinin yox saydığımız üzünü dərk etməkmiş əzəlin sonu...

Beyqafıl yağan şıdırğı yağış beyqafılcada dayandı. Göy üzünü yer üzünə qovuşduran əlvan rəngli göy qurşağı da beyqafılca nazil oldu. Dizi üstəcə dualarını sona yetirdi, göylərə uzanan qolları boşalıb yavaş-yavaş yanına düşdü Hürmələk nənənin. Zülmət pərdəsi bağlandı, illərlə qəfəsə salınıb göylərə can atan, dərhaldaca qəfəsinə dönən sonuncu nəfəs beyqafıl uçub getdi, geri dönmədi. İllərlə "Allah, Allah" deyib döyünən ürəyi beyqafılca dayandı. Beyqafıl yağan yağışdan sonra yaranan qövsi-quzehin üstündən adlayıb üzünə açılan nur pədəsinin işıqlarına qərq oldu. Həqiqətə uçunan ruhu Üfiqi-Əlaya qovuşdu Hürmələk nənənin.

Yağışın göz yaşlarıydı taxıl zəmilərinin ətəyini bəzəyən al qırnızı lalələrin yanaqlarında titrəşən şəbnəmlər. Yer ilə göy arasında beyqafilca peyda olan yeddi rəngli göyqurşağı bəzəkli körpü kimi beyqafılca da yoxa çıxdı.

Bu bahar bir çiçəkli,

Narıydı, yoxa çıxdı.

Çiçəkləyən iydələr,

Sarıydı, yoxa çıxdı.



Gülüm soldu budaqda,

Sözüm dondu dodaqda.

O ucalıq o dağda,

Qarıydı, yoxa çıxdı.



Ay laləyə xal çəkən,

Söz yüküdü lal çəkən.

Çiçəklərdən bal çəkən,

Arıydı, yoxa çıxdı.



Heçə döndü neçə say,

Keçən ömrü heçə say.

Gündüz günəş, gecə ay,

Varıydı, yoxa çəxdı.

Balaca Nəsib taxıl zəmisinə adlamış quzuları, cilovu qolundan aralanmış sarı üryəsini belə unudaraq heyranlıqla Hürmələk nənənin sehrli hərəkətlərinin cezvinə düşmüşdü. O, gözləyirdi ki, elə bu andaca bu mehriban nənə ayağa durub onu yanına çağıracaq, üzundən, alnından öpüb bağlı boxçasına əl atacaq, rəngbərəng şirnilərlə ciblərini dolduracaq. Amma indi tamam başqa bir mənzərəni görüb cəld ayağa qalxdı. Qaça-qaça gəlib üzüstə yıxılmış Hürmələk nənəyə yaxınlaşdı. Dizləri üstə çökərək qarının başını yerdən qaldırıb dizləri üstünə qoydu. Hürmələk nənənin balaca Nəsibə baxan gözləri gülümsəsə də bir nöqdədəcə donub qalmışdı. Azacıq aralanmış dodaqları sanki, Nəsibi öpmək istəyirdi.

Həyəcandan bədəni uçunan Nəsib qarının başını ehmallıca yerə qoyub sarı üryəyə tərəf qaçdı...

Hacı Mahmud Əfəndi boğazını qara əsgi parçasıyla bağladığı balaca Pərinin başını ülgüclə təraş edirdi. O toy, Sadıxlıdan ona pənah gətirmiş bu balaca qızcığazın hər iki gözü kor idi. Kor olmasına baxmayaraq bəsirət gözləri hamınınkından daha çox açıq olan bu qızcığazı Hacı Əfəndi baba öz balası kimi sevib, qayğısına qalırdı. Balaca olsa da, elə kiçik yaşlarından kəramət sahibi kimi tanınırdı.Bir dəfə məclislərinə gəlmiş pisniyyətli adamın üzünü görməsə də, "buradan pis qoxu gəlir"- deməklə bədniyyət adamın gəlişini anlatmış, hamını öz kəramətinə inandırmışdı. Qəribəliklərindən biri də o idi ki, saçlərı bir barmaq enindən artıq böyümürdü. Ona görə də Hacı Mahmud Əfəndi vaxtı çatanda saçlarını ülgüclə təraş edərdi. (Haqqında söhbət açdığımız kor Pəri sonralar kəramətli təriqət sahiblərindən olmuş, son nəfəsinə qədər İncə dərəsinə gəlib, Hacı Mahmud əfəndinin müqəddəs türbəsini ziyarət edər, mövlüd məclisləri qurub, mürşüdi-Kamilihə ilahi nəğmələrlə laylalar oxuyardı.)

Müdhiş xəbəri İncəliyə çatdıran balaca Həsib özünü Nacı Mahmud Əfəndinin evinə yetirib, qığılcım kimi atından yerə sıçradı. Balaca Həsib (sonralar Qorğa Həsib kimi tanınıb və həmin ocağın müqəddəs amallarının ləyaqətli daşıyıcılarından biri olub) Pir baba deyə çağırdığı Haçı Mahmud əfəndinin doğmaca əmisi nəvəsi idi. O, özünü Pir babasının üstünə salıb gördüklərini olduğu kimi ona söylədi. Bu xəbərdən pərişan olan Hacı Mahnud əfəndi sevimli dostu, ləyaqətli şagirdi olan Seyid Yasin Əfəndiyə üz tütaraq belə söylədi:

-Seyid Yasin Əfəndi, Hürməlk xanım Haqqın dəgahna qovuşdu. O, bizim təriqət qardaşımız, ləyadət və paklıq aynamız idi. Biz onu ləyaqətlə dəfn edib, vəsiyyətinə əməl etməliyik. Söz arasında bir dəfə vurğulamışdi ki, o zaman özümü arzu-kamıma yetmiş sanardım ki, sən özün məni öz əllərinlə həmişə namaz qildığım o təpənin üstündə dəfn edəsən, cənazə namazımı da özün qılasan. Allahın əmriylə o məqam yetişdi. İndi bizim də öz börcumuza əməl etməyimizin zamanıdı.

Salahlı tərəfdən bir bölük, İncəli istiqamətdən də bir bölük camaat üz-üzə gəlib, eyni zamanda Hürmələk təpəsinə çatdılar...

Uzun illər ötüşdü, tək məzar adlanan həmin yer ocaq yerinə cevrildi. Kimi ehsanat kimi həmin məzarın ətrafını hördurdü, kimi başdaşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin üstünə qədər pilləkən saldırdı.

Allan sənə Rəhmət eləsin Hürmələk nənə. Könül sevdalarımla cilalayıb, söz kərpicləriylə horməyə çalışdığım bu balaca abidəni də məndən bir ehsan kimi qəbul elə.

(ardı var)

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV