adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

NECƏ YAŞAYIRSINIZ, ARiF BABAYEV? - 2

TOFİQ ABDİN
30295 | 2008-11-01 01:06
ÖNCƏ BİR XƏBƏR: Kinorejissor Arif Babayevin xatirəsi anılıb.
   
   Muzey Mərkəzində Azərbaycanın əməkdar incəsənət xadimi, KİNOREJİSSOR ARİF BABAYEVİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN XATİRƏ GECƏSİ KEÇİRİLİB. Tədbir kinorejissorun yaradıcılığına həsr olunan videosüjetlə başlayıb. Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə rejissorun dostları və sənət yoldaşları iştirak ediblər. Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxışında tanınmış kinorejissorun həyat və yaradıcılığından söz açıb. C. Quliyev A.Babayevin 10-dan artıq sənədli filmə, tamaşaçıların maraqla baxdıqları "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Birisi gün gecəyarısı" bədii filmlərinə, "Zirvə" kino-novellasına quruluş verdiyini bildirib. Çıxış edənlər A.Babayevin Azərbaycan milli kinematoqrafiyasının inkişafında silinməz izlər qoyduğunu, onun filmlərinin gənc rejissorlar üçün təcrübə məktəbi olduğunu vurğulayıblar.
   
   
   
   S.YUSİFOVA
   
   "525-ci qəzet", 14 oktyabr 2008-ci il
   
   
   
   Kino sənətimizin Ümumittifaqda tanınmasında Arif Babayevin əməyi danılmazdır. O, Teatr İnstitutunu qurtardıqdan sonra Azərbaycan televiziyasında işə başlayıb. Bir neçə il telefilmlər çəkib. İlk işi Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilən respublikamız haqqında hekayədir. Sonra o, gənclərimizin həyatından, fabriklərdə işləyən neçə-neçə gənclər briqadasının işindən qısametrajlı filmlər çəkib. Gənc rejissorun televiziya yaradıcılığı haqqında onu deyə bilərəm ki, Arif bu lentlərdə təbiiliyə daha çox fikir verib. Telekameranın qabağında dayanan gənc fəhlələr nə vaxt çəkildiklərini belə duymayıblar.
   
   - Arif, nə üçün televiziyadan əl çəkdiniz?
   
   - Bunu gec-tez eləməliydim. Televiziya verilişləri ilə mən istədiyimi ifadə edə bilmirdim. Ümumiyyətlə, hələlik televiziyanın imkanları azdır. Televiziya verilişlərində sxematik baxımlardan yaxa qurtara bilmirik. Mənə elə gəlir ki, adamlara demək lazım deyil belə dur, belə danış.
   
   - Yaxşı, siz, ümumiyyətlə, kino ilə nə demək istəyirsiniz?
   
   - Bu yaxınlarda Moskva festivalında tanınmış Amerika rejissoru Stenli Kreymer sorğulara cavab verərkən deyib: Bir az böyük çıxmasın, mən bütün filmlərimi özüm üçün çəkirəm. Tamaşaçılar mənim üçün əsas deyil. Məncə, bu fikir bizim yaradıcı mühitə yaddır. Biz hər şeydə, həmişə ümumiliyin xatirinə işləyirik və yaradırıq. Bütün sənətkarlarımız deyir ki, onların yaratdığı xalq üçündür. Uzağa getməyək, elə kinodan misallar gətirək. Beş-altı il bundan qabaq "Sovetski ekran" jurnalında kino və tamaşaçı məsələsinə həsr olunmuş bir məqalə çap olunmuşdu. Orada bu məsələyə münasibət düzgün qoyulmuşdu. Vittorio De Sikanın "Umberto D" adlı bir filmi haqqında mübahisə gedirdi. Sizi inandırıram ki, çox gözəl filmdir. Ağıllı çəkilişi var. Bütün kino biliciləri də bu fikirdədir. Ancaq nə Moskva tamaşaçıları, nə də bizim kinosevərlər həmin filmə axıra qədər baxmağa hövsələ tapa bilmədilər.Sualınızın qoyuluşu bir az da dəqiq deyil. Bəlkə "nə demək arzusundayam?". Mən kino ilə özümü ifadə etmək fikrindəyəm. Özümü, deməli, çoxlarını. Mənim kimi düşünən, mənim kimi yaşayan adamlar az deyil. Deməli, deyəcəyim şeylər, göstərəcəyim kadrlar təkcə mənim olmayacaq. Çoxu elə fikirləşir ki, özünüifadə sənət yolu deyil. Yox, belələri ilə razı deyiləm. Bir şeyi yaddan çıxarmayaq ki, bu, "sənət sənət üçündür" nəzəriyyəsinə gətirib çıxarmamalıdır.
   
   Arif Babayevlə söhbətin şirin yerində tanışlardan kimsə ona yanaşdı. Onar bir neçə dəqiqə nə haqdasa danışdılar. Mən Arif Babayevlə üz-üzə oturduğumdan o, söhbət etdiyi adama tərəf çevrildi. Onlara qulaq asa-asa mən Arifə profildən diqqət yetirdim. Necə odusa o, bir anlığa mənə İsveç rejissor və aktyoru Viktor Şestermi xatırlatdı. Rejissor İnqmar Berqmanın çəkdiyi "Çiyələk talası" kinofilmindəki Şestermin sifət cizgiləri, əlinin hərəkətləri, danışıq tərzi Arif Babayevin həmin andakı görümü ilə olduqca yaxın idi. Mən bu oxşarlığı ona dedim. O ki var güldü. Əlbəttə, zarafat saydı. Ancaq mən ciddi deyərdim. Bu oxşarlıq belə bir sualı yada saldı.
   
   - Arif, ssenarisi özünüzün olan bir film çəkmək istərdinizmi? Həm də orada baş rolda oynayırsınız.
   
   - Ssenarisi özümün olan bir film çəkmək arzulayıram. Ancaq baş rolda oynamaq mənim işim deyil. Mənə elə gəlir ki, rejissor aktyor kimi çıxış edəndə çəkilişə tam fikir verə bilmir. O biri aktyorlar gözdən yayınır. Sergey Bondarçukun "Hərb və Sülh" filmini xatırlayın. O yerdə ki Bondarçukun özü oynayır, başqa aktyorların ifasında nəsə itirilir.
   
   - Dünyanın öncül kino sənətçiləri klassik ədəbiyyata tez-tez müraciət edirlər. Məgər bizim rejissorlar Azərbaycan klassik ədəbiyyatına müraciət edə bilməzlərmi?
   
   Bilirsinizmi, mən Mirzə Cəlili çox sevirəm. Mənə elə gəlir ki, onun hekayələrindən çoxu ekrana layiqdir. Ancaq açığını deyim ki, müasir Azərbaycan kinosu Mirzə Cəlilin əsərlərini, xüsusilə, onun "Ölülər"ini ekranlaşdırmaq imkanına malik deyil. Biz Mirzə Cəlil səviyyəsinə qalxa bilməmişik. Elə Nizaminin "İsgəndərnaməsi"ni götürək. Bu əsərdən maraqlı bir film yaratmaq olar. Arif Babayev "Azərbaycanfilm"də yaradıcılığa başlayan gündən dörd bədii film çəkib. Dördü də gənclərin həyatındandır. "İnsan məskən salır" filmində Neft Daşlarında yaşayan, ömrünü Xəzərin sularında keçirən, bəzən günlərlə ailəsinə baş çəkə bilməyən gənclərimizin həyatı lentə alınıb. Bu adamlar bizim yaşıdlarımızdır. Biz onların hörgüngü qayğıları, istəkləri ilə tanış oluruq.
   
   Arif Babayevin sonrakı filmi "Uşaqlığın son gecəsi" olub. Bu kinoşəkil də gənclərimizin həyatından bəhs edir. Rejissor Arif Babayevin hər üç film haqqında respublikanın müxtəlif qəzet və jurnallarında fikirlər, rəylər verilib. Əlbəttə, bu məqalələrdə Arif Babayev təriflənib. Mən bu tərifləri yazan müəlliflərlə polemikaya girmək fikrində deyiləm. Onun çəkdiyi hər üç film yaradıcılıq imkanından aşağıdır. Mən yaradıcılıq imkanı deyəndə hər şeydən əvvəl Arifin şəxsi keyfiyyətlərini nəzərdə tuturam. Şübhəsiz, Arif geniş dünyagörüşünə malikdir. Savadlı rejissordur. Söhbətlərdə, mühakimələrdə əsl sənətin araşdırılmasında həmişə üstündür. O, mücərrəd (əgər varsa) sənət tərəfdarıdır. Ümumiyyətlə, söhbətində Arif mücərrəd sənətin olmadığını sübut etməyə çalışır və tez-tez xatırladır: Mücərrəd sənət, ümumiyyətlə, yoxdur. Mən ingilis dilini bilmirəm, bu o demək deyil ki, ingilis dili, ümumiyyətlə, yoxdur. Tez də əlavə edir, sonuncu fikirlər mənim deyil ha, dövrümüzün böyük sənətkarı Pikassonun fikridir. Mən Arif Babayevin filmləri haqqında resenziya yazmaq məqsədində deyildim. Əgər belə olsaydı, onda ayrı-ayrı uğurlu kadrları, yaxşı çəkilişləri xatırladardım. Bütün bunlar bir yana. Artıq bu gün kinomuzda öz yaradıcılıq dəsti-xətti olan, özünü ifadə edən, sənət baxımından seçilən film çəkən bir rejissorumuz var: Arif Babayev. Onun filmləri ilə liriklik gəlib kinomuza. Bakının gözəl çəkilişi, onun gənclərinin ömür-günü gəlib kino sənətimizə. Gəlin həqiqəti danmayaq: Arif Babayevə qədər heç kəs Bakını bu qədər gözəl, bu qədər geniş lentə ala bilməyib. "Uşaqlığın son gecəsi" filmindəki ilk uğurlu kadrları bizə təqdim edən də Arif Babayev olub, "Gün keçdi" filmində ən kiçik kadrlarda belə təkrara yol verməyən, Bakını yeni baxımla lentə alan da Arif Babayev olub. Həmin kadrlar hadisələrin axınına kömək edir. Aktyorlar özlərini belə yerlərdə daha yaxşı hiss edirlər. "Gün keçdi" filmində Bakı səhəri, Bakının küçələri o qədər təmizdir ki, az qalır ki, inanmayasan. İllah da ki, ağ atlar küçələri sakit-sakit keçir. "Gün keçdi" filmi elə bil ki, rejissora xəbərdarlıqdır. Ömür keçir, gün keçir. Səndən hesabat istəyirlər. Nə etmisən?
   
   - Hansı rejissoru daha çox sevirsən?
   
   - Sovet kino rejissoru Marlen Xutsiyevi və əlbəttə, dünya kino sənətinin öncül sənətkarı Antonionini. Birinci rejissorun filmlərindəki həyat problemləri, onların qoyuluşu, həlli çox xoşuma gəlir. Xutsiyevin "Mənim 20 yaşım var", "İyul yağışı" filmlərini xatırlamaq kifayətdir. Bu filmlərdəki çəkilişlər adamı valeh edir. Onun lentlərindəki acı həyat həqiqətləri lirik hisslə elə bağlı, elə əlaqəli, ilişkili verilir ki, bir sənətkar baxımının şahidi olursan. Antonioni! İtalyan rejissoru Valerio Deurlini deyir ki, Antonioni nə çəkirsə-çəksin, özü olaraq qalır. Bakıda göstərilən "Alatoranlıq" kinosunu yadınıza salın. Vitorio ilə Rikardonun ayrılıq səhnəsi nə qədər əzablıdır. İşgəncəlidir. Adam fikirləşir. Nə üçün rejissor bu ayrılıq səhnəsini uzadıb? Uzadıb demək düzgün deyil. Bu ayrılıq adamı çərlədir, təngə gətirir. Sənətkarlıq o yerdən başlayır ki, kiçik bir anın ağrı-acısının bir ömrə bərabər olduğunu göstərə biləsən. Antonioni belə sənətkardır.
   
   - Ssenariçilərlə münasibətiniz?
   
   - Bu vaxtadək çəkdiyim istər bədii filmlər, istərsə də televiziya filmləri arasında təkcə Anarın "Gün keçdi" ssenarisi xoşuma gəlir. Mənə elə gəlir ki, çox vaxt daxili danışıqlar əsasında qurulan bu ssenaridə bu gün üçün gərəkli məsələlər çoxdur.
   
   - Oqtay ilə Əsmərin münasibəti xoşuna gəlirmi?
   
   - Olduqca. Düzdür, bu münasibətlər sənət süzgəcindən keçirilib göstərilir. Yəqin çoxlarına elə gələ bilər ki, azərbaycanlı oğlanlar arasında belələri tək-tək olur. Sənətin də gözəlliyi ondadır ki, bu təkləri göstərməyə qadirdir. Oqtay başqa cür edə bilməzdi. İçindəki hansı duyğusa onu məhz belə hərəkət etməyə məcbur edir. Adətən belə münasibətlərdə kişilərin çoxu nəsə umur. Yəni qadının gəlişini, ona müraciətini ancaq özlərinin başa düşdükləri şeylərdə görürlər. Ancaq Oqtay bu adamlardan, belə kişilərdən fərqlənir. O anatək ki, axırda təngə gəlib Əsməri arxadan qucaqlamaq istəyir.
   
   - Onu deyim ki, Arif, bu səhnə mənim çox xoşuma gəlir. Bəlkə də bu səhnə olmasaydı adam Oqtayın hərəkətlərinə şübhə edərdi.
   
   - Bəlkə də. Ancaq mənə görə də bu səhnə pis deyil. Bilirsənmi, biz azərbaycanlı oğlanlarını belə görmək istəyirik. Axı, bizdə belələri az deyil.
   
   - Arif, təsəvvür edin ki, rejissorluq etməyi sizə qadağan ediblər, onda nə işlə məşğul olardınız?
   
   - Allah eləməsin. Bir də ki, bir başımdır, bir əlim. Yaşamaq üçün adamlar həmişə çıxış yolu tapıblar. Bu çıxış yolunu keçənədək bəziləri ikili yaşamağa məcbur olur. Nəyinsə xatirinə güzəştə gedir. Elə lap sənətdə də belədir. Ancaq güzəştdən qorxulu bir şey yoxdur. Başqa əlac tapmaq çətindir. Bəziləri adamı başa düşür. Onda təsəlli tapırsan. Yaşamağa dəyər deyirsən.
   
   ***
   
   
   
   Kinorejissor, respublikanın əməkdar incəsənət xadimi Arif Babayevlə söhbətimiz çona çatdı. Kafedən çıxanda onu maşın gözləyirdi. Arif avtomat telefona yaxınlaşıb dostu, operator Rasim İsmayılova zəng etdi. Yeni filmin kadrlarını saf-çürük etmək fikrindəydilər. Deməli, onlar istirahət günü də işləyirlər.
   
   Gərək Arifdən soruşaydım: şəxsi işlərinizlə məşğul olmağa vaxtınız olurmu?
   
   1971-ci il
   
   Arif Babayev kimdir?
   
   Azərbaycan kino rejissoru. 1928-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbi Bakıda oxuyub. 132 nömrəli şəhər məktəbində. Orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumunda təhsil alıb, sonra Bakı Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İnstitutdan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna göndərilib. Lakin orada təhsilini başa vura bilməyib. İkinci kursdan sonra Bakıya qayıdıb. Kinostudiyada işləyib. Bir müddətdən sonra keçib televiziyaya. Sonra yenə də "Azərbaycanfilm"ə qayıdıb, orada kino əsərləri çəkməyə başlayıb. Filmləri: "Zirvə", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Bizi bağışlayın" və sairə.
   
   1983-cü ildə vəfat edib.
   
   
   
   ***
   
   Not: Fotolar Tofiq Abdinin arxivindəndir
   
   İzahat: Sorğuda unudulmaz rejissora birbaşa adıyla müraciət onun özünün şəxsi xahişidir.

TƏQVİM / ARXİV