adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

TANIŞ VADiYƏ DÖNüŞüN BƏLALARI

TOFİQ ABDİN
26325 | 2008-10-18 03:12
Birbaşa Azər Abdulla (hələlik yazıçısız və şairsiz) yeni şeirlərini "525-ci qəzet"ə verir. Nədən, niyə bunu bilmirəm? Nədən məhz istəyir ki, şeirlər "525-ci qəzet"də çap olunsun? Halbuki, lap yaxınlığında Yazarlar Birliyinin bir qəzeti var: ƏDƏBİYYAT qəzeti. Bəs nədən Azər şeirlərini ora vermir? Məncə ona görə ki, ƏDƏBİYYAT qəzeti Azər Abdullanın şeirlərini öz səhifəsində heç vaxt bu sayda verməz. Yəni, bu qədər gen-bol verməz. Bunun da səbəbi aydındır. Azər pis şair-yaxşı şair olduğu üçün deyil. ƏDƏBİYYAT qəzetinin belə bir ənənəsi yoxdur və bunu da onlar inadla davam etdirirlər. Öz işləridir. Bəlkə bu yoruma görə, bəlkə də özünün düşündüyü bir başqa səbəbdən "525-ci qəzeti" seçir və şerlərini bura təqdim edir. Təqdim edir etməyinə və bir yandan da bu şeirlərin çapı üçün çalışır, çox istəyir ki, şeirlər çap olunsun. Bu inadı da mən başa düşmürəm. Azər Abdulla bir neçə şeir kitabının müəllifidir. Ancaq son vaxtlar onun haqqında daha çox nasir kimi yazırlar və danışırlar. Bunu xüsusilə vurğulayım ki, ədəbi zövqü Əli Kərim və ya Ramiz Rövşən kimi şairlərin yaradıcılığı üstündə köklənən, çox çağdaş bir düşüncə və zövqə sahib tənqidçi Cavanşir Yusiflinin Azər Abdullanın nəsri haqqındakı yazını yada salaq. Hər yazar bu tənqidçinin ab-havasına uymaz və hər yazar haqqında da bu tənqidçi yazı yazmaz. İçimizin xıltını kənara atıb bunu etiraf edək. Amma Azər şair olaraq da maraqlı şeirlər yazarıdır. Azər çox istəyir ki, şeirləri çıxsın, mən də onun bu istəyinin ardınca düşüb yaxın olduğum qəzetin yaradıcılarına xatırladıram. Hər dəfəsində də daha məşhur bir şair aralığa girir və nəhayət, Azər bəyin şeirləri "525-ci qəzet"in şənbə nömrələrindən birində çap olunur.
   
   Şeirlər çap olunmazdan qabaq mən Azərin bu təlaşının nədən olduğunu və şeirlərin nədən çap edilməsini istədiyini öyrənmək istəyirəm və zarafatla: "Azər, bu yaşda nə şeirbazlıqdır" deyirəm, sən artıq bir nasir kimi çox sevilirsən, nasirliyin ortada. Yox, Azər şeirlərini çap etdirmək istəyir.
   
   Mənim şeirə olan münasibətim 10-15 il bundan qabaqkı deyil. Heç deyil. Şeir artıq məni çəkmir, bunun səbəbini də araşdırmaq istəmirəm. Araşdırsam özümün şəxsi düşüncələrimin mübahisəli qarşılanacağını da bilirəm. Dünyanın və ədəbiyyatın artıq başqa bir məcrada gedişi ilə bağlayıram şeirin tənəzzülünü. Şeir artıq bizim içimizin səsi olmaqdan çıxıb, yəni içimizin kasadlığı artıq şeirin nəhayətsiz vadisində özünə yer tapmır və şeir artıq mənim üçün yadlaşır. Mızıldanmayın ki, yəqin şeir yaza bilmir. Yox, sadəcə abrım və namusum bunu şəxsən mənə diqtə edir. Olan bu. Və bunun səbəblərindən biri də güman ki, yaşın ortada olmasıdır ki, mən bir dəfə də bu barədə yazmışam. Heç zaman mütəfəkkir və fəlsəfi şeirlər yazmağa meyl etmədim. Həyatımın axarı da elədir ki, heç mütəfəkkir olmağa da yaramır və buna görə də iki qəsəbə arasında keçən ömrümün (8-ci km və Montin, ay maşallah, adlara bax e) sıxıntısı o qədər adi ki, artıq bunlar heç şeir üçün də yaramır. Bu sıxıntını mən hələ çox-çox illər öncəsi bir şeirimdə ifadə etmişdim.
   
   Və bütün bu dar məkanda və dəyişim olmayan cəmiyyətdə yeni bir şeylər yaratmağın çətin olduğunu bildiyim üçün Azər Abdulla da eynən mənim kimi bir həyat sürməsindən qaynaqlanaraq onun da şeirlərinin nədən bəhs edəcəyi, onun nədən yazacığı da məni son dərəcə maraqlandırır və güman ki, elə bu marağın ucbatından da Azərin şeirlərinin çap olunmasını mən də istəyirdim. Və həmin şeirləri bir dəfə oxuyub qoymuşam qırağa ki, bir də təkrar oxuyum. Bu dəfə nəsə qeydlər eləyə-eləyə oxuyum, çünki indiki məqamda mən həmin şeirlərdən heç nəyi xatırlamıram (doğrusu, bu da heç şərt deyil, bir şeirin yaxşı və pis olduğunu yaşamaq üçün yaddaşı zorlamaq və onu yaddaşa almaq da bir qədər vacib deyil).
   
   Doğrudur Azərin şeirlərində patetika yox, şablonçuluq yox. Deyim ki, trafaret şeylər də yox, amma niyə bu şeirlər insanın içini oynatmır, niyə insanın içinə işləmir? Deyim ki, məsələn, Yəhya Kamal Bayatlının SƏSSİZ GƏMİ şeiri kimi. Niyə? Bəlkə Azərdən bunu ummaq doğru deyil.
   
   Baxın, mənim son illərdə şeir yazmamağımın ən vacib amillərindən biri də Yəhya Kamalın SƏSSİZ GƏMİ şeirinin basqısıdır ki, mən bu şeirdən sonra bir türlü daha şeir yazmaq zülmünü yaşamaq istəmirəm və düşünürəm ki, artıq şeirin yolu məndən keçmir və mən də ondan keçə bilmirəm, çünki hər dəfə qələmə baxanda (mən bütün yazılarımı kompüterdə yazsam da, şeirlərimi hər zaman qələmlə yazmışam) içimi bir qorxu bürüyür. Azərin də həyatına bu türdən şeir qorxusuyla baxdığımda onun şeirlərində bu ucalığı axtarmaq da bəlkə haqsızlıqdır. Amma, şayət, Azər bu qorxunu adlayıb şeir yazmaq kimi bir zor işə yenidən başlayırsa, bu da səbəbsiz deyil. Mən bilən Azər Abdulla da bu qorxu hissini yaşayır, amma yazmaya bilmir, necə ki mən də nə zamansa yenidən şeir yaza bilərəm.
   
   Azərin şeirlərini bir neçə dəfə oxuduğumu, hər dəfə nə isə yaddaşıma almaq istədiyimi,amma ala bilmədiyimi və bunun həmin şeirlərin pis və ya yaxşı olmasına dəlalət etmədiyini öncə də dedim. Amma şeirlərin iç ifadələrinə və anatomiyasına baxdığımda mənim diqqətimi bir neçə şey çəkdi: birincisi, Azər yenidən hardasa artıq yaddan çıxmış və unudulmağa doğru gedən bir vadiyə qayıdır, yəni heca şeiri və ya qoşma, gəraylı, nə bilim daha nə kimi şeirlərin axdığı bir vadiyə dönür. Halbuki, Azər Abdulla bu vadidən çoxdan uzaqlaşmışdı və ilk şeirlərində məhz bu vadinin sahilində oturub tamam ayrı bir dünyadan şeirlər yazmışdı və nədən həmin vadiyə təzədən dönür? Bu vadidə onun bir uğur qazanacağını düşünmürəm, çünki bu vadiyə o qədər çör-çop dolmuş ki, artıq onu təmizləmək qeyri-mümkündür. İllər öncəsi bəlkə də bu vadidə bir şeylər tapmaq mümkün idi. Amma indi heç mümkün deyil və bu anlamda Azərin də şeirləri insanın içində onu son dərəcə rahatsız edəcək bir şeylər yaratmır məncə.Və hətta həmin vadinin qurbanı olaraq bəzən də dil xətalarına yol verir:
   
   
   
   Dolanar başdan keçər
   
   İtidir daşdan keçər
   
   Sözün biri gülüşdən
   
   Biri göz yaşdan keçər
   
   Lailahəilləllah
   
   
   
   ("İnsan ölməz söz imiş" şeirindən)
   
   
   
   Buradakı BİRİ GÖZ YAŞDAN KEÇƏR ifadəsi məncə azəri tükcəsində BİRİ GÖZ YAŞINDAN KEÇƏR olmalıdır ki, belə olmadıqda ritm və bölgü pozulur. Bunu qəbul edə bilmədim.
   
   və ya
   
   
   
   Qaşqabaqlı bir gözəl
   
   Əlində gül satırdı (?)
   
   Dedim gül istəmirəm
   
   Satsan, qadanı allam
   
   
   
   "ƏLİNDƏ GÜL SATIRDI! -vallah, nədənsə mənə çox qəribə gəldi və ya
   
   "QADANIN SATILMASI" da eləcə. Bəlkə elə söz oyunu budur.
   
   Bu halın bir çox şeirində olduğunu vurğulayaraq deyim: Azər professional yazardır, bunları bilərəkdənmi eləyib, yoxsa başqa bir məqsədi var, mənə aydın deyil.
   
   Və ya heca vəznində yazılan çox təmiz və ruhi bir dördlük olan
   
   
   
   Bilmədik bu dünya görüş yeriymiş
   
   Bu şansı Tanrımız veribmiş bizə.
   
   Sənin qum saatın nə çox geriymiş
   
   Mən səni gözlədim bir ömür boyu
   
   
   
   şeirindəki İKİNCİ VƏ DÖRDÜNCÜ MİSRANIN ortaq bir qafiyəyə tuş gəlməməsi açıq-aydın görünməkdədir.
   
   Mən şübhə etmirəm ki, özüylə danışsaq mütləq bir nədən tapacaq və haqq qazanmağa çalışacaq. Bu da onun doğal haqqıdır, mən də buna etiraz etməyəcəm.
   
   Elə buradaca Azər Abdullanın şeirlərindəki ikinci məqama diqqət edək: bu da onun şeirlərindəki dini ovqatın daha çox önə çıxmasıdır. Şeirlərin bir neçəsində üstünlük təşkil eləyən dini məqamlar mənə görə daha üst qatdan olduğu üçün (bunu mən təbii hesab edirəm) və mənim də Azəri yaxından tanıdığım kimi bir məqamı da bura əlavə etsək, birtəhər səslənməkdir. Hər hansı bir şeirdə Allah və ya Tanrı sözünü işlətmək haqq yoluna qayıtmağın sübutudursa, bunu mən təbii hesab etmirəm və Azərlə bir çox söhbətlərimizdə onun tez-tez "Quran"a və ya başqa dini literatura, məxəzlərə müraciəti məndə bir az qeyri- səmimilik (yalnız mənə görə) yaradır. Yox, Azər həqiqətən saf və təmiz bir həyat sürmüş insan və yaradıcıdır, amma indiki məqamda hacılar və kərbəlayıların kommunist partiyası sıraları artırmış kimi artdığı çağında bu yola baş vuranların çoxunun bu yoldan tamam xəbərsiz olduğu ortada. Şükür ki, Azər belə deyil. Azər bu ovqatında da səmimidir. Amma gecdir. Deyirlər haqq yoluna qayıtmaq heç zaman gec deyil. Amma Azər heç zaman haqq yolundan çıxmamış bir insan və yaradıcıdır. Deyim ki, necə olmasa da hər dörd misranın sonunda LAİLAHƏİLLƏL-LAH demək məncə, bir məntiqin sonu olmasına dəlalət etməlidir. İNSAN ÖLMƏZ SÖZ İMİŞ kimi şeirdə dini məqamın ifadəsi məncə, içli ifadədən çox, üst qat deyilən bir məqamın yazılışıdır. Azər üçün bunu qəbul etmək mümkündür, amma mən içimin səsini eşidib bu dediklərimi yazmasam özümə xəyanət etmiş olaram.
   
   İnsanın içini ovan misraları ustalıqla seçən şair Azər Abdulladan təbii ki,
   
   
   
   Qəbrimin üstünə su
   
   çiləməyin
   
   Sevdalı könlümü
   
   sular söndürməz.
   
   Tələdən qurtulmuş ruhumu
   
   göydən
   
   Yaradan inşallah, yerə endirməz
   
   
   
   misraları və ya BU QAPI NİYƏ AÇILMIR rədifli şeiri Azərin o çör-çöplü vadidə axtarıb tapa bildiyi məqamlardır ki, bu məqamlar şeirlərinin çoxuna səpələndiyindən bunları seçib ayırmaq və oxuculara təqdim etmək üçün çox zaman və yer tələb edir. Buna görə də şair Azər Abdullanın şeirlərindəki həmin məqamları yaşamaqdan ötrü 525-Cİ QƏZETİN 4 OKTYABR 2008-Cİ İL ŞƏNBƏ NÖMRƏSİNİ tapıb oxumaq imkanı əldə edin.
   
   Mən içinizin etirazını da qəbul etmək durumundayam.
   
   Not: Bütün bu yazdıqlarımı çap etməzdən öncə baxmaq üçün Azərə təklif etdim və iddialarımı ona şifahi bildirdim. Azər Abdulla heç bir şeyi qəbul etmədi və yazını oxumaqdan da imtina etdi. Dedi: nə dəyişəcək ki...
   
   
   
   BÜTÜN BUNLARA BAXMAYARAQ, SEVİNDİRİCİ BİR NOT:
   
   Böyük xeyirxah işlər sahibi, VEKTOR nəşriyyatının sahibi şair Elçin İsgəndərzadə Azərin məhz bu şeirlərini oxumuş və ona demiş: Təbrik edirəm, şeirlər kitabını hazırla çap edək. Təbii ki, xeyriyyəçi olaraq.

TƏQVİM / ARXİV